Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev ilə müsahibə EKSKLUZİV - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev ilə müsahibə EKSKLUZİV
Tarih: 10.10.2010 > Kaç kez okundu? 4359

Paylaş


Mayın 31-də ölkədə keçirilən yerli seçkiləri Gürcüstan Azərbaycanlıları Konqresi necə qiymətləndirir? Azərbaycanlıların yaşadığı bölgələrdə seçki prosesi necə keçdi?



─ Seçkidən qabaq səsvermənin nəticələrinin necə olacağı bizə məlum idi. Çünki hakim partiya azərbaycanlıların yaşadığı bölgələrdə seçkiyə ciddi hazırlıq görmüşdü. Həmin regionlardakı bütün dövlət məmurları seçkinin nəticələrini saxtalaşdırmaq üzrə peşəkardırlar. Hazırlıq prosesinə hökumət idarələri ilə yanaşı, bütün kommersiya strukturları, məktəb və mədəniyyət evləri də cəlb olunmuşdu. Onlara səsvermə günündə yerinə yetirəcəkləri funksiyalar barədə göstəriş verilmişdi. Lakin buna baxmayaraq, Konqres seçki öncəsi qəzet vasitəsilə azərbaycanlılara müraciət edərək, onları seçkilərdə fəal iştiraka çağırdı ki, onların səsləri saxtalaşdırılmasın. Bu müraciətlə yanaşı, biz regionlarda keçirilən müxtəlif görüşlərdə də azərbaycanlıları səsvermə günündə fəal olmağa çağırmışdıq. Lakin, Gürcüstan azərbaycanlıları səsvermə günü çox passiv oldular, demək olar ki, seçkidə heç iştirak etmədilər. Məlumdur ki, ölkədə ağır sosial-iqtisadi vəziyyətlə əlaqədar azərbaycanlıların əksəriyyəti ölkəni tərk edib. Bizdə olan məlumata əsasən, bir kənddə 300 nəfərin səsvermə hüququna malik olduğu halda, həmin kənddə keçirilən səsvermənin nəticəsinə əsasən isə seçkidə 1000 nəfər iştirak edib. 17 saniyə ərzində səs verənin olması isə dünya rekordudur. Bundan başqa, səsvermədə "karusel" əməliyyatından istifadə olunub. Kvemo-Kartli bölgəsində səsvermənin nəticəsi həm hakim partiyanın aktiv fəaliyyətinin, həm də müxalifət partiyalarının zəifliyinin nəticəsi oldu. Müxalifət partiyaları seçki prosesində seçicilərlə görüşlər keçirmədi və onlar tərəfindən heç bir təbliğat aparılmadı. Bir çox seçki məntəqələrində komissiya üzvləri hakim partiyanın nümayəndələri olsalar da, müxalifət partiyalarının təmsilçiləri kimi qeydiyyatdan keçmişdilər. Konqresin monitorinq qrupu səsvermə prosesinin müşahidəsini həyata keçirirdi. Mən özüm də bir neçə seçki məntəqəsində oldum və şahidi olduğum proseslər göstərdi ki, bu seçki əvvəlki seçkilərdən daha pis keçir. Beynəlxalq təşkilatların Gürcüstanda keçirilən bu seçkilərin şəffaf və demokratik keçirildiyini bəyan etməsi isə təəccüb doğurur. Bu, həmin təşkilatların öz siyasətidir. Beynəlxalq təşkilatların nümayəndələri səsvermə günü Kvemo-Kartlinin heç bir kəndində olmadılar. Yalnız Marneulidə bir-iki beynəlxalq müşahidəçi seçki məntəqələrinə baş çəkdi. Yerli müşahidə qrupları da bölgələrdə olmadılar. Onların az qismi mənqətələrə baş çəksələr də, bu, çox qısa müddətli oldu. Bölgədə səsvermə prosesi əvvəldən sona qədər müşahidə olunmadı. Bölgədəki səsvermənin nəticəsinə əsasən, elə namizədlər seçildilər ki, həmin insanlar demək olar ki, öz millətinə müxalifətdədirlər. Onlar illər boyu öz xalqı, həmyerliləri üçün heç bir faydalı iş görməyiblər. Onların azərbaycanlıların sosial-iqtisadi problemlərinin həllinə köməklik göstərəcəklərinə heç bir ümid bağlamırıq. Həmin namizədlər hətta təbliğat kampaniyası çərçivəsində seçicilərlə görüşməkdən utanırdı. Kvemo-Kartli regionunda heç bir namizədin təbliğat plakatı yox idi. Yalnız prezidentin plakatı var idi ki, yerli camaat da hesab edirdi ki, yenidən prezident seçkisidi. Gürcüstanda keçirilən bu son seçkiləri demokratiyadan uzaq hesab edirik.



Seçki ilə əlaqədar Azərbaycan dilində çap olunmuş səsvermə bülletenlərinin keyfiyyəti barədə nə deyərdiz?



─ Tərcümə Mərkəzi yaratmışıq. Lakin hökumət strukturlarında elə adamlar var ki, rəsmi sənədləri gürcü-Azərbaycan, Azərbaycan-gürcü tərcüməsini həyata keçirsələr də, gürcü dilində 1-2 söz gürcü dilində bilirlər. Onlar hesab edirlər ki, tərcümə məsələsini çox ideal səviyyədə bilirlər. Bülletenlər çox keyfiyyətsiz tərcümə olunmuşdu. Bülletenlərdən daha çox bizi başqa məsələ daha çox ciddi narahat edir. Azərbaycanlı seçicilərin adından istifadə edərək hakim partiyanın lehinə səs verən Kvemo-Kartli bölgəsi olub. Hakim partiyaya inanırlarsa qoy səs versinlər, amma bunun nəticəsi nə olacaq. Bu partiya azərbaycanlılardan ötrü hansı işlər həyata keçirib? Bizim üçün ən vacibi real işlərin görülməsidir.



Gürcüstan azərbaycanlılarının ölkənin vətəndaş cəmiyyətinə inteqrasiyası prosesi hazırda necə gedir?



─ Gürcüstanda keçirilən son yerli seçkilərin fonunda azərbaycanlıların ölkənin vətəndaş cəmiyyətinə inteqrasiyası prosesi bizi çox narahat edir. Biz həqiqətən də bütün beynəlxalq normalara əsaslanaraq vətəndaş cəmiyyətinə inteqrasiyanın tərəfdarıyıq. Bölgədə rəhbər vəzifələrdə elə insanlar təmsil olunmalıdırlar ki, onlar azərbaycanlıların hüquqlarını qorusun, mədəniyyətini, dinini, dilini müdafiə etsin. Onlar çəkinmədən mövcud sosial-iqtisadi problemlər barədə ictimaiyyəti məlumatlandırsınlar. Hazırda azərbaycanlıların ən kəskin problemi işsizlikdir. Kvemo-Kartli bölgəsində son 20 il ərzində problemlərin həlli istiqamətində hansı işlər görülüb ki, qarşıdakı illərdə nəsə həyata keçirilsin. Seçkidən sonra bölgədəki mövcud problemlərin həllinə heç bir ümid bəsləmirik. Necə deyərlər "həmin hamam, həmin kisəçi". Kvemo-Kartlinin deputatlarına nəzər salsaq, heç bir dəyişiklik olmadığını görərik. Bundan başqa Kartli, Tsexatiyanidə gürcü dilini mükəmməl bilən azərbaycanlı namizədlər olsalar da, onların seçilməsinə imkan verilmədi. Regionda rəhbər vəzifələrdə heç bir azərbaycanlı təmsil olunmur. Hökumət təmsilçiləri bunu azərbaycanlıların dövlət dilini bilməmələri ilə əlaqələndirilər. Bəs gürcü dilini mükəmməl bilən azərbaycanlılar niyə rəhbər vəzifələrə təyin olunmurlar? Bizim üçün böyük ürək ağrısıdır ki, Tbilisi kimi böyük şəhər üzrə 50 deputatın siyahısında bir azərbaycanlı üçün belə yer tapılmadı. Tbilisi meriyasının heç bir strukturunda bir azərbaycanlı belə olsun təmsil olunmur. Azərbaycanlıları yalnız süpürgəçi, yaşıllaşdırma idarələrində fəhlə kimi işə götürürlər. Bu suallarımız seçki prosesində namizədlərlə görüşlərimizdə onlara ünvanlanmışdı. Gürcüstanda gürcü dilini mükəmməl bilən, vətəndaş cəmiyyətinə inteqrasiya olunmuş kifayət qədər azərbaycanlı var.



Bu yaxınlarda müəllimlərin kütləvi şəkildə işdən azad olunmaları gözlənilir. Bu da bizi çox narahat edir. Azərbaycanlı müəllimlərin onsuz da çətin vəziyyəti bir qədər də ağırlaşacaq.



Bütün bunlara baxmayaraq, Tbilisi meri, bələdiyyə sədrləri ilə görüşlər nəzərdə tuturuq. Seçki kampaniyası dövründə bütün namizədlər azərbaycanlıların problemlərinin həlli ilə bağlı böyük vədlər veriblər. Bu vədlərin yerinə yetirilməsi üçün mübarizə aparacayıq.



Azərbaycanlı ziyalılarımız da Gürcüstan azərbaycanlılarının tarixini diriltməlidirlər. Azərbaycanlıların, Borçalının böyük tarixini yenidən bərpa etmək lazımdır. Gürcüstan azərbaycanlılarının ölkədə qonaq olmaları stereotipini dağıtmaq lazımdır. Biz burada qonaq deyilik, Grücüstan torpağı mövcud olandan biz də bu torpaqlarda yaşamışıq.



Bilirm ki, Gürcüstan Prezidenti, parlament sədri, baş nazirin Borçalıda mövcud problemlər barədə məlumatları yoxdur. Çünki yerli hakimiyyət orqanları bölgədə heç bir problemin olmadığını bildirib, dezinformasiyalar verilir. Hesab edirəm ki, problemlərimizi ölkə rəhbərliyinə özümüz çatdırmalıyıq.



Kvemo-Kartli bölgəsində ABŞ-dan gətiriləcək yeni buğda növləri ilə bağlı müəyyən narahatçılıqlar var...



─ Gürcüstanin kənd təsərrüfatı naziri Bakur Kvezereli və Kvemo-Kartlinin qubernatoru David Kirkitadze regionda yerli fermerlerlə görüş keçirib. Kənd təsərrüfatı naziri fermerlerə bildirib ki, yaxın gələcəkdə ABŞ-dan Gürcüstana yeni buğda növləri gətiriləcək. Həmin növlər gen cəhətdən dəyişdirilib. Regionun onsuz da çox olan problemlərini bu problemlə artırmaq olmaz. Maraqlıdır ki, həmin görüşdə hansı azərbaycanlı fermerlər iştirak edib? Torpaqlar kimin əlindədir? Bütün Borçalı üzrə yalnız üç-dörd azərbaycanlı fermer var. Əksər torpaqlar istifadəsiz olaraq qalıb, sahibi olan torpaqlar da elə insanların əlindədir ki, torpağın qədrini bilmirlər. Nazir və qubernator ilk öncə bu məsələ ilə maraqlanmalıdırlar. Torpaqlar onun qədrini bilənlərə qaytarılmalıdır. Torpaq sahibləri torpaq sahəsini azərbaycanlılara kirayəyə verir, sahənin kirayə haqqını vaxtlı-vaxtında ödəyə bilməyən azərbaycanlılar isə çıxış yolunu yalnız Azərbaycana, ya da Türkiyəyə qaçmaqda görürlər. Gürcüstan azərbaycanlıları layiqli fermer, biznesmen olmağa çalışır.



Ölkədə azərbaycanlı iş adamların fəaliyyətlətinə yaradılan bir sıra maneələrin olduğu bildirilir. Bunlar əssən hansı problemlərdir?



─ Gürcüstandakı azərbaycanlı iş adamları illərdir ki, sıxışdırılır. Ona görə də azərbaycanlı iş adamları ölkə istiqsadiyyatına investisiya qoymaqdan çəkinirlər. Bilmirəm, bu ölkə rəhbərliyinin siyasətidir, yoxsa yerlərdə olan hakimiyyət nümayəndələrinin siyasətidir. Azərbaycanlı iş adamlarının saxışdırılması bütün Gürcüstan üzrə müşahidə olunur. Marneuli, Qardabanidə hətta kiçik ticarət obyektlərinin azərbaycanlı sahiblərindən vergi inspektorları heç bir əsas olmadan 5 min-10 min lari vergi ödəmələrini tələb edirlər. Gündəlik 5-10 lari gəliri olmayan həmin sahibkar bu məbləğdə vergini necə ödəyə bilərlər? Marneulinin bazarında da, Lilo bazarında da çalışan azərbaycanlı sahibkarlara eyni münasibət müşahidə olunur.



Məsələn, Yormuğanlı kəndinin Qaraçöp məntəqəsində bir azərbaycanlı iş adamı 1995-ci ildən qanun çərçivəsində əldə etdiyi torpaq sahəsində müəyyən iş qurmuşdu. 2009-cu ildə yerli hakimiyyət orqanları ona bildiriblər ki, bu torpaq sahəsi ona məxsus deyil və sənədləri saxtadır. Prokurorluqda iş qaldırıldı və həmin şəxs 100 min lari məbləğində cərimə olunduqdan sonra rahat buraxıldı. Özünü də həbs etmək istəyirdilər. Necə olur ki, həmin sahibkar vergi ödəyəndə, əhalini işlə təmin edəndə onun sənədlərinin qanunsuz olduğu aşkarlanmır?



Gürcüstandakı ağır sosial-iqtisadi vəziyyətlə əlaqədar ölkəni tərk etmiş soydaşlarımıza, xarici ölkələrdə yaşayan əslən gürcüstanlı olan azərbaycanlılara dəfələrlə müraciət edərək onları öz ölkələrinə qayıdıb sahibkarlıq fəaliyyətilə, zavod, fabrik, torpaq sahələri alıb öz soydaşlarını işlə təmin etmələrinə çağırmışam. Görünür ki, buradakı mövcud vəziyyətdən xəbərdar olan soydaşlarımız Gürcüstan iqtisadiyyatına investisiya qoynaq istəmirlər.



Fikrinizcə, Gürcüstan azərbaycanlılarının həyat şəraitinin yaxşılaşdırılması üçün hansı yollardan istifadə etmək olar?



─ Fikrimcə, bunun bir yolu var. Bu yol bizim birləşərək hüquqlarımızın təmin olunmasını tələb etməkdir. Azərbaycanlılar arasında elələri var ki, öz şəxsi maraqları naminə ona-buna yaltaqlıq edirlər. Onlara problemlərilə bağlı müraciət edən soydaşlarımızın üzünə heç qapı açmırlar. Hər gün Konqresə, təşkilatda təmsil olunan QHT-lərə soydaşlarımız problemləri ilə bağlı müraciət edirlər. Biz problemlərin həllinə nail olmaq üçün ölkə prezidentinə, dövlət strukturlarına, nazirliklərə müraciətlər edirik. Deyə bilərəm ki, Konqresin fəaliyyətinin bir iatiqaməti də Gürcüstan azərbaycanlılarının birliyinə mane olanlara qarşı mübarizə aparmaqdır.



Soydaşlarımızım problemlərinin həllinə nail olmaq üçün Konqres əlindən gələni əsirgəmir və imkanı daxilində soydaşlarımıza kömək edir. Bəzi müraciətlərimiz müsbət cavablandırılsa da, bəzilərinə heç cavab gəlmir.



Azərbaycanlıların təmsil olunduğu bəzi qeyri-hökumət təşkilatları Konqresin fəaliyyəti və bəzən də Sizinlə bağlı böhtan xarakterli məlumatlar yayırlar. Bu cür məlumatlara reaksiyanız necədir?



─ "Gürcüstan - mənim vətənimdir" təşkilatını yaradanda bir çoxları deyirdilər ki, Əli Babayev kimdir ki, Gürcüstanın onun vətəni olduğunu bildirir. Kimlərsə yazdı, "Əli Babayev iranlı ola-ola Gürcüstan azərbaycanlılarını necə müdafiə edir". Soçidə keçirilən konfransda Gürcüstanın ərazi bütövlüyünu müdafiə etdiyim çıxışımdan sonra mənim "Rusiyanın agenti" olduğumu da deyənlər oldu. Qəribədir ki, ünvanıma atılan böhtanlar elə insanlar tərəfindən atılır ki, onların ölkə cəmiyyətində nüfüzları sıfıra bərabərdir. Həmin böhtanları üzümə deməyə cəsarətləri belə çatmır. Açığını deyim ki, həmin şəxslər də hansısa orqanların agentləridirlər. Onlar illərdir ki, soydaşlarımıza böyük zərbələr vurur, onların hüquqlarını tapdalayır. Bu cür böhtanlara cavab verməyə heç fikrim də yoxdu. Onları öz vicdanlarının öhdəsinə buraxmışam. Böhtanlar davam edəcək, amma biz öz işimizlə məşğuluq. Vaxtımızı və enerjimizi fəaliyyətimizə yönəltmişik. Konqresi bir sıra diaspor təşkilatları tanıyır, onlarla əməkdaşlıq edirik. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın QHT-ləri ilə də yaxşı münasibətlərimiz mövcuddur. Gürcüstanın 360-dan çox QHT-nin təmsil olunduğu Assosiasiyasının, Ombudsman Aparatının Milli azlıqlarla bağlı şurasının aktiv üzvüyük. Gürcüstanın bütün siyasi partiyaları ilə əlaqələrimiz var. İrəlidə görüləcək bir sıra layihələrimiz var.



Gürcüstanın azərbaycanlı gənclərinin hansı problemləri mövcuddur və onların həlli üçün GAK hansı işləri görür?



─ Azərbaycanlı gənclərlə bağlı fəaliyyətimizi gücləndirmişik. Onların gürcü dilini öyrənmələrinə şərait yaradırıq, Gürcüstanın vətəndaş cəmiyyətinə inteqrasiya olunmaları üçün çalışırıq. Azərbaycanlı gənclərimizə böyük ümidlər bağlayıram. Onlar vtənpərvər, məqsədyönlüdürlər, Gürcüstanın layiqli vətəndaşları olmağı arzu edirlər. Onlarla fəxr edirəm. Bir il bundan öncə gürcü dilini bilməyən gənclər indi müxtəlif tədbirlərdə gürcü dilində çıxış edirlər. Gənclər gələcəyimizdir, gələcəkdə onlar bizim gördüyümüz işlərimizi davam etdiricəklər. Gənclərin birliyinə nail olmaq üçün Konqresin nəzdində Azərbaycanlı Gənclər Forumu yaradılıb. Hazırda forum Azərbaycanın və xarici ölkələrin gənclər təşkilatları ilə əlaqələr yaradır, müxtəlif layihələr üzərində işləyir.



Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdaram ki, hər il yüzə qədər azərbaycanlı gəncin Bakıda yay istirahətini təmin edir. Həmin istirahət zamanı bir çox gənclər daha yaxından tanış olur, yeni tanışlar əldə edirlər, dost olurlar.



Konqres üç azərbaycanlı tələbənin təhsilini maliyyələşdirir. Qafqaz Humanitar Universitetinin rəhbərliyinə də minnətdalığımızı bildiririk ki, bəzi azərbaycanlı tələbələrin tədris haqqına müəyyən güzəştlər edir.



Bir məsələ ilə bağlı da narahatlığımı bildirmək istərdim. Türkiyənin Gürcüstandakı səfirliyi hər il ayrı-ayrı millətlərin nümayəndələrini Türkiyəyə təhsil almağa göndərsələr də, bir nəfər də olsun azərbaycanlı göndərməyiblər. Türkiyə səfirliyinin bu mövqeyi anlaşılan deyil. Konqres qondarma "erməni soyqırımı" ilə bağlı səfirliyin qarşısında Türkiyə xalqına dəstək aksiyası keçirdi, Cemal Paşanın barilyefinin götürülməsinə ilk etiraz edən oldu.



Nə qədər gənc nəslimiz ölkəni tərk edəcək, o qədər də çətin problemlərimiz olacaq. Nə qədər ki, onlar ölkədə qalıb çətin də olsa, prinsipial mövqedə olacaq, öz sözünü deyə biləcək, peşəkar olacaq gələcəyimiz o zaman işıqlı ola bilər.



Gürcüstanda rəhbər vəzifələrdə azərbaycanlılrın təmsil olunmamaları onların gürcü dilini bilməmələri ilə izah olunur...



─ Azərbaycanlıların rəhbər vəzifələrə təyin olunmasında çətinliklər var. Saçkeridən gəlib qamgebi olmaq olar, Tiflisdən gürcü dilli azərbaycanlı qamgebi niyə ola bilməz? Bu suallarımızı cavablandıran yoxdur. Gürcüstanı gürcülər kimi sevdiyimiz halda, niyə ölkənin vətəndaş cəmiyyətinə inteqrasiyada çətinliklərlə üzləşirik? Öz dinimi sevməsəm, gürcülərin dinini sevmərəm, öz mədəniyyətimi sevməsəm, gürcü mədəniyyətini sevmərəm, Rəşid Behbudovu sevməsəm, Sot Gelavanı sevmərəm, böyük Nizami Gəncəvinin yaradıcılığını sevməsəm, Şota Rustavelinin yaradığılığını sevmərəm. Vətənə sevgi hər bir insanın qanıda, canında olmalıdır.



Gürcüstanın azərbaycanlı məktəblərində kadr çatışmamazlığı mövcuddur, müəllim kollektivini əsasən yaşlılar təşkil edir. Onlar cavan müəllimlərlə əvəz olunmasalar, məktəblər bağlanmaq təhlükəsi ilə üz-üzə qalacaqlar. Mədəniyyət evlərimizin isə heç biri fəaliyyət göstərmir. Səbəb kimi kadr çatışmamazlığı göstərilir. Marneulidə 18 ildir ki, mədəniyyət evinin rəhbəri Tbilisidən təyin olunur. Məgər Marneulidə bir nəfər də olsun mədəniyyət işçisi yoxdur? Qardabanidə Gürcüstan-Azərbaycan mədəniyyət evi var. Həmin evdə hazırda hakim partiyanın nümayəndəliyi və mojaritar deputatın ofisi fəaliyyət göstərir. Azərbaycan teatrının bədii rəhbəri gürcüdür. Teatrın iki rejissoru Bakıda ixtisaslarını artırdılar. Onlar dörd tamaşa qoyublar. Hesab edirəm ki, Azərbaycan hökuməti Gürcüstan azərbaycanlılarına siyasətini dəyişməlidir. Gürcüstan Azərbaycanın ən böyük strateji tərəfdarı olsa da, Azərbaycanın Gürcüstanda investisiya qoyduğu layihələrdə azərbaycanlıların təmsilçik səviyyəsi çox aşağıdır. Həmin şirkətlərin heç birində rəhbər vəzifələrdə azərbaycanlı təmsil olunmur. Məsələn, "SOCAR" şirkətində 660-dan çox işçi var ki, onun da yalnız 130-u azərbaycanlıdır. Niyə həmin şirkətdə heç olmasa ümumi işçilərdən 300-400-ü azərbaycanlı olmasın? Azərbaycanın ümummilli lideri Heydər Əliyev bəyan etmişdi ki, itqisadi layihələrin, yeni boru kəmərlərinin çəkilməsinin məqsədlərindən biri də Gürcüstan azərbaycanlılarının işlə təmin olunmasıdır. Gürcüstanda 45-ə qədər Azərbaycan şirkəti fəaliyyət göstərir. Bütün şirkətlər azərbaycanlıları işlə təmin etməmələrini dövlət dilini bilməmələri ilə əlaqələndirsələr də, onlar araında gürcü dilini mükəmməl bilən kifayət qədər kadr var. "SOCAR" və digər şirkətlər Gürcüstan azərbaycanlılarını Azərbaycana göndərib, ixtisaslarını artırmağa dəstək verə bilərlər. Gürcüstandakı digər milli azlıqların nümayəndələri ixtisaslarını məhz öz tarixi vətənlərində artırırlar. Bizim həkim, müəllimlər Azərbaycana, Türkiyəyə ixtisas artımına göndərilə bilərlər.



Abidələrimizin vəziyyəti necədir?



─ Gürcüstanda 57 məscid var ki, onların heç bir statusu yoxdur. Bu problemlə bağlı Mədəniyyət Nazirliyinə müraciət etmişik. Çox narahatam ki, gələcəkdə Gürcüstan azərbaycanlıların da statusu olmasın. Yəhudilərin sinaqoqu, erməni kilsələrinin statusu olduğu halda, bizimkilərin niyə olmasın? Qeyd etmək istəyirəm ki, gürcü pravoslav kilsəsinin mövqeyi anlaşılmazdır. Faxralı məscidinin bərpasına mane olan yepiskopu mükafatla təltif edib.



Konqresin gələcək planları barədə də məlumat verərdiz?



─ Konqresin monitorinq qrupu Gürcüstanın azərbaycanlılar yaşadığı regionlarda onların həyat şəraitlərinin vəziyyətinin öyrənlməsi məqsədilə araşdıma aparır. Bu yaxınlarda Konqresin internet saytı fəaliyyətə başlayacaq. Payız aylarında inteqrasiya ilə bağlı konfrans keçirməyi nəzərdə tuturuq. Konqres nəzdində qadınlar, hüquqşünaslar, müəllimlər, həkimlər forumu yaratmaq niyyətindədir.



QAYNAQ: http://borchali.net/?cat=ekskluzivler&id=195





Yorumlar









Aktif Ziyaretçi 41
Dün Tekil 1097
Bugün Tekil 452
Toplam Tekil 4072380
IP 3.145.60.166






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























14 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


K peklerin dudaklar de di diye deniz kirlenmez.
(MEVLANA)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.215 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu