QÜDRƏTLİ ALİM, BÖYÜK VƏTƏNDAŞ - Prof. Dr. Bəhmən Yunus SULTANLI - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









QÜDRƏTLİ ALİM, BÖYÜK VƏTƏNDAŞ - Prof. Dr. Bəhmən Yunus SULTANLI
Tarih: 09.02.2016 > Kaç kez okundu? 937

Paylaş


1957-ci ildə Azərbaycan Dövlət Universiteti fizika-riyaziyyat fakultəsinin birinci kurs tələbəsi idim. Tələbələrin çoxu rayon yerlərindən, kəndlərdən gəlmiş uşaqqlar idi. Alim haqqında yalnız bədii surətlər vasitəsi ilə bilgi almışdıq. Ona görə də alimi uzaqdan-uzağa da olsa görmək bizim üçün sevinc doğuran iş idi. Onun dərsində oturmaqdan, onun mühazirəsinə qulaq asmaqdan şərəf duyurduq. Dərs zamanı dediyi sözləri, öyüdləri, elədiyi zarafatları çox maraqla dinləyirdik, yataqxana yoldaşlarınıza, evə gedəndə ailə üzvlərimizə danışırdıq. Məqbuatda alimlərimiz, ziyalılarımız barəsində bir yazı ilə rastlaşdıqda, söhbətləri dinlədikdə, ya da olnarın yazısını oxuduqda sevincimiz hüdudsuz olurdu. O çağlar Xudu Məmmədov barəsində qəzetlərdə məqalələr dərc olunurdu, radioda verilişlər verilirdi. Kristallokimya sahəsində uzun illər həll olunmamış məsələləri həll etməsindən, elm üçün aktual olan böyük elmi kəşfindən söz açılırdı. Dünyanın ən böyük mükafatlarına layiq olan bu kəşf təkcə o dönəmdəki SSRİ məkanında deyil, ümumilikdə elm aləmində güclü rezonans doğurmuşdu. Vətənsevərliyi, millət, din təəssübçüsü olması barədə də geniş söz açılırdı. Hamı onunla maraqlanırdı, üzünü belə görməyənlər xalqımızın böyük istedad sahibi olan bu oğlu ilə fəxr edirdi. ADU-nun, eləcə də başqa ali məktəblərin tələbələri onu əlçatmaz bir insan, millətimizin fəxri olan bir alim kimi təsəvvür edirdilər, barəsində hər yerdə söz açırdılar. Belə tələbələrdən biri də mən idim. Başqa tələbələr kimi mən də onu görmək, dinləmək istəyində idim.

Kimya fakultasinin əslən kumık türklərindən olan Xuseyin (Hüseyin) adlı bir tələbəsi ilə ikinci kursda oxuyarkən tanış olmuşdum (yanlışlıq etmirəmsə soyadı Əbdürrəhmanov idi). Xuseyin çox istiqanlı, məlumatlı, mütaliəçi bir gənc idi. Universitetimizdə, Azərbaycan Elmlər Akademiyası sistemində çoxlu tanışları vardı. Türk milliyyətçisi, İslam təəssübçüsü idi. Məni millətçi kimi tanıyırdı, həmişə milli, dini düşüncələrini mənimlə bölüşürdü. Xudu Məmmədovun adını tez-tez çəkirdi, onunla yaxın münasibətlərindən danışırdı, ona ara-sıra pul da verdiyini deyirdi. Illər illər bir-birini əvəzlədi, 1961 il gəlib çatdı. Onda artıq 4-cü kurs tələbəsi idim. Sentyabr ayının sonları idi. Bir gün Xuseyin məni Xudu Məmmədovla tanış etmək istədiyini bildirdi. Belə bir təklifin gerçəkləşə biləcəyinə sevinsəm də, ilk öncə onun baş tutacağına inanmadım. Bu baş tutacağı halda çox sevinərdim, bununla fəxr edərdim. Bir gün gəlib Xudu müəllimin bizi gözləyəcəyini bildirdi. Dediyi vaxt getdik. Bizi çox səmimi qarşıladı. Bizimlə elm haqda, milli təəssübçülük barədə xeyli söhbət etdi. Mənim barəmdə də müəyyən məlumatlar soruşdu. Ayrılanda əlaqə saxlamağımı tapşırdı. Bundan sonra onun yanına tez-tez gedirdim. Bir gün laboratoriyasında işləmək istəyib-istəmədiyimi soruşdu. Belə bir təklifi eşidəndə sevincimin hüdudu olmadı, özümü çox xoşbəxt sandım. “Siz necə məsləhət bilsəniz, elə olsun” dedim. Bu sözü eşidən kimi məni llaboratoriya müdiri işlədiyi Azərbaycan Elmlər Akademiyası Qeyri-Üzvi Kimya (Üzvi Olmayan Kimya) İnstitutunun direktoru, ADU-da müəllimi olmuş professor Heydər Əfəndiyevin yanına apardı, məni öz laboratoriysında işə götürmək istədiyini bildirdi. Direktor kağız-qələm verib işə götürülməyim haqda ərizə yazmağı tapşırdı, ərizənin məzmununu söz-söz özü dedi, yazdım. O gündən əmrim verildi, laborant vəzifəsində işləməli oldum. Özüm tələbə ola-ola Elmlər Akademiyasında, həm də o cür alimlərin yanında işləməli olduğumdan sonsuz qürur duyurdum. Burada aldığım 45 rubl mənə xeyli dərəcədə maddi dayaq idi. İş Yoldaşlarım Hüsü Abdullayev, Ağəli Talıbov, Rəhim Həmidov, Kamal Məmmədov, Qəhrəman Hüseyinov, Qəhrəman Ağayev, Nəriman Mustafayev,Tahirə Quliyeva, Yaqut Salahova, Məmməd Çıraqov, Məsim İsmayılov idi. Xudu müəllim mənə rentgenstruktur qurğularını, rentgenstruktur incələmə metodikasını öyrətməyi öncə Baş Elmi İşçilər, geologiya-mineralogiya elmləri namizədləri Hüsü Abdullayevlə Rəhim Həmidova tapşırdı. Bir müddətdən sonra elektronoqrafiya sahəsinə, professor Vaynşteyinin aspirantı olmuş fizika-riyaziyyat elmləri namizədi Ağəli Talıbovun rəhbərliyi altında elektronoqrafiya sahəsində çalışmağımı lazım bildi.

Universiteti bitirdikdən sonra, 1962 ilində AEA-nın Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun fiziki tədqiqat üsulları laboratoriyasına kiçik elmi işçi vəzifəsinə dəvət etdilər. O çağlar bu instituta Akademik Nağıyev rəhbərlik edirdi. Verilən təklifi Xudu müəllimə bildirdim. Rentgenquruluş incələmə üsulu ilə alınmış nəticələrin izahında spektral incələmə üsullarının mühüm rol oynadığını nəzərə alaraq gələcəkdə birgə işləməyimiz üçün bu təkliflə o da razılaşdı, həm də dedi, rentgenstruktur incələmə laboratoriyamız artıq var, spektral incələmə sahəsinə böyük ehtiyac olduğu halda bu sahədə mütəxəssis yoxdur. Burada aylıq iki dəfə yüksək, vəzifə də laborant yox, kiçik elmi işçi idi. Buna görə maddi çətinliyim xeyli azalmışdı. Həmişə işlərimlə maraqlanırdı, istəyirdi, tezlikcə dissertasiya müdafiə edim, onun laboratoriyasında quruluşu öyrənilən kristalların spektral yolla araşdırılması ilə məşğul olum. Ancaq işlədiyim laboratoriyada dissertasiya işi ilə məşğul olmağa nə maddi-texniki baza, nə də yetərli şərait, yeri düşdükcə, elmi məsləhət almaq üçün mütəxəssis yox idi. Laboratoriya rəhbəri elmi iş işləyənlərə qısqanclıqla yanaşırdı. Ona görə də işləmək üçün şərait yaratmaq marağında deyildi, əksinə, buna müxtəlif yollarla ciddi əngəl törədirdi. Yalnız başqa yerdə, ya da başqa elmi rəhbər yanında işləyə bilərdim. Bu fikrimi laboratoriyanın rəhbərinə deyəndə, aspiranturaya girib başqa elmi rəhbər yanında işləməyimi ciddi şəkildə əngəlləməyə çalışırdı. Az keçmiş Neft-Kimya Prosesləri institutu saxlanmaqla, onun bazasında əlavə iki institut yaradıldı: Aşqarlar kimyası inatitutu (direktoru Akaaademik, iki dəfə SSRİ Dövlət Mükafatı laureatı Əli Musa oğlu Quliyev), bir də Kimya Texnologiyasının Nəzəri Problemləri institutu (direktoru Akademik Murtuza Fətulla oğlu Nağıyev). Məni Aşqarlar Kimyası institutuna keçirtdilər. Bölgü zamanı işlədiyim fiziki araşdırma laboratoriyası Aşqarlar Kimyası institutuna verildi. Xudu müəllimin məsləhəti ilə laboratoriyada infraqırmızı spektroskopiya sahəsini seçdim, bu sahədə elmi iş yerinə yetirməyə başladım. İlk elmi məqaləm 1965-ci ildə institutun elmi əsərlərində dərc olundu. Bu işin mövzusunu institutun direktoru Akademik Ə.Quliyev müəyyənləşdirmişdi, məqalənin müəlliflərindən biri də o özü, ikincisi isə işlədiyim laboratoriyanın rəhbəri idi. Dərc olunmaq üçün elmi topluya məqalə təqdim etdiyimi biləndə çox sevindi, dedi: “Deməli, elmi qabiliyyətini göstərə bildin, aspiranturaya gir, işini məsuliyyətlə davam elətdir. Müdafiə eləsən, maddi vəziyyətin də bir qədər yaxşılaşar, ev alarsan”. Doğrusu, laboratoriya rəhbəri məni dilə tutub deyirdi, elmi mövzu təsdiq elətdirək, dissertant kimi işləyim. Bunu Xudu müəllimlə məsləhətləşəndə, o, razı olmadı, dedi, özü Əli müəllimlə danışar, aspiranturaya onun razılığını alar. Bir neçə günə akademik Ə.Quliyevlə danışdı, onun razılığını aldı, özümü də onun yanına aparıb elmi işimi Moskvada yerinə yetirməyimi məsləhət bildilər. Moskvada işlərim yaxşı gedirdi, Xudu müəllimlə də müntəzəm əlaqə saxlayırdım, onun məsləhətlərini alırdım. Bakıya dönəndə gördüyüm işlər barədə ona hesabat verirdim, Moskvadakı siyasi durum haqqında müşahidələrimi bildirirdim. O, özü oraya getmədən oradakı durumu dəqiqliklə dəyərləndirirdi, deyirdi, bu imperiyanın ğır aqibət yaşayacağı onun çovinist təbiətindən asılı olaraq qaçılmazdır. Xalqların azadlıqlarını məhdudlaşdırmağın yanlış yol olduğunu, ağılsızlıqdan irəli gəldiyini həmişə, dönə-dönə vurğulayırdı. Öz nailiyyətlərini öz xalqının ona göstərdiyi etimadla bağlayırdı, deyirdi, Moskvadan qayıdandan sonra xalq məni uca tutdu, aldığım elmi sonuclara görə həmişə məni əzizlədi. Bunu özü xalqın ona böyük etimadı, inamı adlandırırdı, bundan ruhlandığını, bir daha çalışmağa, xalqın etimadını doğrultmağa sövq olunduğunu, bu etimad qarşısında böyük məsuliyyət daşıdığını, bir daha öz üzərində çalışdığını xalqına minnətliliklə xatırladırdı, həyatını da xalqına borclu olduğunu xüsusi vurğulayırdı. İnsana etimad göstərməyi insanın məsuliyyətinin artırılması kimi dəyərləndirirdi, bunun vacibliyini həmişə nəzərə çatdırırdı, deyirdi, etimad göstərilən adamlar sırasında bu etimadı doğrultmağa çalışanlar daha çox olur. Özü də təbiətcə etimad göstərən, insanlara inanan adam idi. Xalq haqqında mənfi fikirlər söyləyənləri, xalqın işıqlı cəhətlərini görməməyi qəbul etmirdi, deyirdi, xalqı başıqapazlı eləmək olmaz, onu ruhlandırmaq lazımdır. Səhvi demək ayrı şeydir, düzü görməmək ayrı şey. İnsanın boynuna səhvləri qoymaq ayrı tərbiyə yoludur, düzləri qoymaq ayrı. Həmişə xalqın içində olurdu, insanlarla maraqlı, özünəuyar, tərbiyəyə, mənəvi anlamlara, düzə yönəldici söhbətlər edirdi. Heç zaman özünü çəkməzdi, özünü heç kimdən üstün tutmazdı. İnsanlar arasında olanda yandan baxanlar onu adi adamlardan seçimləməzdilər. Geyimi də sadə olardı, ancaq səliqəli geyinərdi. Onun danışıqları sadə dildə, anlaşıqlı, müdrik, ləhcəsi şirin, ağlı iti, dünyagörüşü yüksək, mənəviyyatı əlçatmaz idi. Söhbətlərində elə sadə, o dərəcə səmimi danışardı, onun sözləri dildən-ağızdan düşməzdi. Azərbaycanın bölgələrini, kəndlərini gəzməkdən, insanları ilə söhbət etməkdən doymazdı, yorulmazdı. Onunla, Ağdamda, Naxçıvanda, Yardımlıda bir yerdə olduğumdan həmişə fəxr duyardım, söhbətlərini dinləyərdim, dediklərinə müdaxilə etməzdim, düşünərdim, mən nə deyə bilərəm onun dediyindən ağıllı, təsirli olsun! Onun qanında Vətən qeyrətinin, insanlarla olan yüzlərlə söhbətinin şahidi olmuşam, sözlərini, ürəyini dinləmişəm. Xudu müəllimi dinlədikcə onun böyüklüyünü, əzəmətli bir insan olduğunu duyduqca vüqarlanardım, həyata marağım, xalqıma inamım artıb, onun yolunda ölümə belə, getməyin şərəfli olduğunu dərk edərdim. Təkcə məndə yox, onunla görüşən, onu dinləyən hər bir kəsdə belə hisslər baş qaldırardı. Bu, onun görüşləri, söhbətləri barədə təkcə mənim təəssüratlarım deyil, onu dinləyənlər indi də onunla bağlı təəssüratlarını sevə-sevə qoruyub saxlayırlar, fəxrlə danışırlar, onunla görüşdükləri ilə, onu dinlədikləri ilə fəxr edirlər. Millətinə aid sözləri o, elə belə demirdi, onu öz işlərində, əməllərində göstərirdi, qanında daşıyırdı. Bu, millətinə səmimi olduğunun göstəricisi idi. Sözü ilə işi bir-birini tamamlayan nadir, əlçatmaz dərəcədə bütöv şəxslərdən idi. Bu cəhətdən onunla müqayisə edilə bilən az adam tapılar. Dəfələrlə “Xudu Məmmədov bu imiş? O boyda adam necə də sadədir!” deyimlərinin şahidi olmuşam. Xudu müəllim isə, “mən millətimin adi övladlarından biriyəm, millətimdən üstün tutula bilən heç bir cəhətim yoxdur” deyirdi. Onunla görüşməyə, onun söhbərlərini dinləməyə can atan insanlar çox olurdu. Dönə-dönə onunla olan görüşlərin, ona olan ümidlərin, ehtiramların, etimadların şahidi olmuşam. Bunlar içərisində sadə kənd adamlarından tutmuş, görkəmli elm-mədəniyyət adamlarına, sənət, peşə sahiblərinədək olanlar olurdu. Bəxtiyar Vahabzadə, Xəlil Eza Ulutürk, Əbülfəz Hüseyni, Qafar Kəndli, Mirzə Abbaslı, Firudin Köçərli, Teymur Bünyadov, Yəhya Məmmədov, Nurəddin Rza, İsrafil Hüseyinov, Cəfər Qiyasi, Məhəmməd Hatəmi, Vəli Məmmədov onunla tez-tez ünsiyyət saxlayan, fikir bölüşən elm, mədəniyyət adamları, işıqlı ziyalılar idilər. Bu adamlar onun söhbətləridən doymurdular, unu dinləməkdən usanmırdılar. Fəlsəfə elmləri namizədi, Azərbaycan EA Fəlsəfə İnstitutunun baş elmi işçisi, vətənsevər alim Mirzağa Rüstəmov “Azərbaycan Sovet ziyalılarının formalaşması və inkişafı” adlı monoqrafiyasını əsasən Xudu Məmmədova həsr etmişdi. Mirzağa onu Moskvadan, aspirant çağlarından tanıyırdı, ona böyük hörməti vardı, bir dönəmdə aspirant olmuşdular. Hər dəfə görüşəndə mütləq onun haqqında söz açırdı, böyük ehtiramla danışırdı. Monoqrafiyada Xudu Məmmədov, onun elmi uğurları, elmi görüşləri, dünya miqyasında tutduğu mövqeyi geniş, əhatəli şərh olunmuşdu. Söhbətlərində elmin, dilin, ədəbiyyatın, fəlsəfənin, tarixin, sənətin, mənəviyyatın, mədəniyyətin elə sahələrinə toxunurdu, bu sahələrə aid elə mühakimələr yürüdürdü, elə sözlər deyirdi, bu mühakimələrə, bu sözlərə inanmamaq mümkünsüz idi. Bununla yanaşı, dedikləri anlaşıqlı idi, deyənin özünün öz dediyinə inandığını ifadə edirdi. Çünki o, hər fikrində elmə söykənirdi, elmə, klassiklərimizə, bədii deyim tərzimizə, xalq yaradıcılığına, elmi təfəkkürümüzə, elmi düşüncəmizə istinad edirdi. Dediklərində səhv arayan, onun dediklərinə yanda da olsa, irad bildirən adamla heç yerdə rastlaşmamışam. Yüksək musiqi duyumu vardı. Rəssamlıqdan, heykəltaraşlıqdan mütəxəssis qədər baş açırdı. Bu sənət sahələrinin problemlərini, onların aradan qaldırılması yollarını yaxşı mütəxəssis səviyyəsində bilirdi, inkişaf istiqamətlərini yüksək dərəcə səriştə ilə müəyyənləşdirə bilirdi, onların milli cəhətlərinə xüsusi diqqət yönəldirdi. Özü də rəsm çəkirdi, rəsm nümunələrini, musiqi əsərlərini incələməyə çalışırdı. Üzeyir bəy Hacıbəylinin musiqisini, publisistikasını, şəxsini elə incələyirdi, onun milli cəhətlərini elə incə yorumlarla vurğulayırdı, düşüncə qüdrəti adamda heyrət hissi yaradırdı. Rəssamlıq əsərlərində, memarlıqda, xalçaçılıqda, musiqidə milliliyi maddələrin kristal quruluşunun dili ilə çox asanca tapa bilirdi. Bu cəhətdən musiqidə, bədii əsərlərdə, xalçaçılıqda, rəsm əsərlərində, memarlıqda gördüklərini vəhdətdə götürürdü, bunlar arasında gördüyü milliliyi tutuşdurub elmi sonuclara gəlirdi. Milli təfəkkürlə ortaya gətirilmiş sənət əsərlərinin başlıca məziyyətlərini təbiət elmlərinin, ümdəsi, məşğul olduğu elm sahəsinin dili iə anladırdı. Molekulların rəqs spektrləri vasitəsilə araşdırılması sahəsində çalışırdım. Musiqidə olan səslərin enib qalxmasını eşitdikcə həyəcanlaşdırılmış molekullar rəqslərinin verdiyi spektr zolaqlarının enib-qalxması gözlərim önünə gəlirdi. Bu hal elmdə məşğul olduğum sahəyə uyğun sonuc idi. Səslərin enib-qalxması ilə molekul rəqslərinin enib-qalxması arasında bir oxşarlıq duyğularımı məşğul edirdi. Uzun müddət bu olay diqqətimi çəkdi, fikrimdə dolaşdı, marağıma səbəb oldu, müşahidələrimin predmetinə çevrildi. Bir dəfə musiqi dinləyə-dinləyə müxtəlif musiqi ritmlərinə uyğun zolaqlar çəkib ayrı-ayrı maddə molekullarının rəqs spektrləri ilə tutuşdurdum. Çox maraqlı bir mənzərə alındı. Muğamat üçün aldığım mənzərə ilə çoxmolekullu (polimer) maddə molekullarının rəqs spektrləri arasında gözə çarpan oxşarlıq müşahidə olunurdu. Bununla, benzolun, başqa sadə (monomer) molekulların rəqsləri aşıq musiqisinin zolaqlarına yaxın mənzərə yaradırdı. Bu müşahidələrimi ona bildirdim, onun fikrini öyrənmək istədim. Tutuşdurma üçün seçdiyim mənzərəni ona göstərdim. Bu sonucla maraqlandı, o, ortaya çıxan məsələnin araşdırılmasının böyük bir elmi sonuca gətirəcəyinə inamını bildirdi, araşdırmaların müntəzəm davam etdirilməsini, incələmələrin aparılmasını vacib saydı. Bu, səksəninci illərdə baş verdi. Ancaq bir çox məsələlər, sonakı illərdə isə, ictimai-siyasi proseslərin qabarıq şəkil alması istədiyimiz işə daha ciddi girişməyimizin ön plana çəkilməsində əngələ çevrildi. Spektroskopiya sahəsində müəyyən işlər görmüşdüm, bu sahənin maddə quruluşuna tətbiqi ilə bağlı bir sıra elmi, elmi-kütləvi məqalələr dərc etdirmişdim. Xudu müəllim bu işlərimlə daim maraqlanırdı, məşğul olduğum sahəni gələcəkdə onun laboratoriyasında yaratmaq, inkişaf elətdirmək fikrində idi. Mən Moskvada qabaqcıl laboratoriyalarda görkəmli alimlərin yanında üzvi maddələrin molekul quruluşu, onlarda hidrogen rabitəsi sahəsində təcrübə toplamışdım. Xudu müəllim isə, rəqsi spektroskopiyadan istifadə yolu ilə mineralların, kompleks birləşmələrin quruluşunu, kristalların fiziki, kimyəvi, bioloji xassələrini öyrənmək üçün həllini gözləyən çoxsaylı məsələlər, elmi istiqamətlər müəyyənləşdirmişdi. Mən həmişə mayelərlərin (məhlullar nəzərdə tutulur – B.S.) spektrlərini araşdırmaq istiqamətində işləmişdim. Kristal maddələrin molekulyar rəqslərini (spektrlərini) öyrənmək istəyirdi. Bunun üçün o, mənim bu sahədə ixtisaslaşan elm ocaqlarında təkmilləşməyimi lazım bilirdi. Bu məqsədlə 1969-cu ildə Leninqrad şəhərinə SSRİ EA İ.V.Qrebeşnikov adına Silikatlar Kimyası İnstitutuna elmi yollanışımı lazım bildi. O çağlar Bakı Dövlət universitetində işləyirdim, 1968-ci ilin noyabr ayında Bakıda yağan güclü yağışın yaratdığı sel dissertasiyamı aparmışdı, bunu bərpa etmək üçün işdən sonra Leninqrad kitabxanalarında işləməyimə də şərait yaranacağını nəzərdə tutub Leninqrada getməyə həvəsləndim, çünki bu, çox yaxşı fürsət idi. Çətinliklə də olsa, bu məsələni Xudu müəllim universitetin Elmi İşlər prorektoru professor Yəhya Məmmədov vasitəsi ilə həll etdi. Qısa müddətə işlərim yoluna düşdü, Leninqrad şəhərinə yuxarıda adı çəkilən instituta yollanışla getdim. Xudu müəllim xüsusi məktub verərək məni Moskvada Akademik Nikolay Vasilyeviç Belovun laboratoriyasında aspirant ikən aspirant yoldaşı olmuş Aleksandra İvanovna Baykovanın yanına göndərdi. Aleksandra İvanovna Silikatlar Kimyası institutunun Elmi Katibi idi, özü tanınmış kübar ulusdan idi, institutda böyük hörməti vardı. Xudu müəllimin məktubunu ona çatdırdım. O, məni çox sayqı bəslədiyi aspirant yoldaşının göndərdiyindən xoşlandı, ona zəng vurub mənim Silikatlar Kimyası İnstitutuna gələcəyimi bildirdiyini dedi, dərhal professor Yakov İsaakoviç Rıskinin rəhbərlik etdiyi rəqsi spektroskopiya laboratoriyasına apardı, Xudu Məmmədovun göndərdiyi adamın mən olduğumu dedi. Yakov İsaakoviç məni sayqı ilə qarşıladı, görüləcək işlərin planından, araşdırılacaq obyektlərdən məlumat verdi, səhəri gün işə başladıq. Mən baş elmi işçi fizika-riyaziyyat elmləri namizədi Qalina Pavlovna Stavitskaya ilə işləməli oldum. Qalina Pavlovna həm də Rıskinin həyat yoldaşı idi. Onlar hər ikisi Xudu Məmmədovu şəxsən tanımasalar da, elmi məqalələrinə görə ona qiyabi olaraq dərin rəğbət bəsləyirdilər. Bir gün işə gələndə institutun elanlar lövhəsində 1969-cu il oktyabr ayının səhv etmirəmsə, 11-də, saat 1200-da Xudu Məmmədovun doktorluq dissertasiyasının müzakirəsi keçiriləcəyi barədə elan asıldığını gördüm. İnstitutda xüsusi bir canlanma yarandığı duyulmaqda idi. Burada hamı dissertasiya müdafiə edəcək şəxs, onun elmi nailiyyətləri barədə danışırdı, hamı oonun gələcəyi günü həyəcanla gözləyirdi. Heç vaxt belə hallarla rastlaşmamışdim, hansısa bir alimlə görüşə bu qədər maraqla hazırlaşma anını müşahidə etməmişdim. Onun qarşılanması, doktorluq dissertasiyasının müzakirəsi üçün institut səviyyəsində ciddi hazırlıq getdiyi gözlərim önündə baş verib, yaddaşımda həkk olunub. Bu hazırlıq işləri o, gələn anadək davam etdi. Leninqrad şəhərindəki aspirantlarımız bunu eşidəndə təbii olaraq özlərində qürur duyurdular, bu haqda aspirant olduqları institutda, yaşadıqları yataqxanada vüqarla danışırdılar. Bir gün işdən qayıdanda yaşadğım aspirant yataqxanasında (Parxomenko küçəsi 45) Xudu müəllimdən teleqram aldım. Təyyarə ilə gələcəyini yazırdı, qarşılanmasını istəyirdi. Bunu o zaman Leninqrad Fizika-Texnika İnstitutunda aspirant olan dostum Tofiq Qasımova bildirdim. O, hələ tələbə ikən Xudu müəllimi tanıyırdı, onunla həmişə əlaqə saxlayırdı. Vaxtında onu qarşılamağa Leninqrad aeroportuna getdik. Biz aeroporta çatanda o, artıq, burada idi. Nədənsə o, teleqramda yazdığı vaxtdan tez gəlmişdi. Bunun səbəblərini özü dedi. Dostu Bəxtiyar Vahabzadəyə bir teleqram da göndərmişdi. Teleqramın məzmunu belə idi: “Gəldim çıxdım “İnqilab Beşiyi”ndəyəm, başım üstdə tavan yox, şeylərimin keşiyindəyəm”... Mən “Sputnik” otelində onun üçün yer sifariş vermişdim. Aeroportdan gələndə dedi, o, Leninqradda olan müddətdə yataqxanadan çıxıb onunla birgə qalım, sonra yenə yataqxanaya qayıdaram. Təbii, onun bu səmimi istəyi gözlənilməz olsa da, buna tərəddüdsüz razı oldum. Bir neçə gün oteldə birgə qaldıq. Oktyabrın 3–də saat 1900-da Xudu müəllim Aleksandra İvanovnanı M.Qorki adına Leninqrad Akademik Böyük Dram Teatrına Artur Millerin “Tsena” adlı iki hissəli dram əsərinin (Baş rejissor Lenin və Dövlət Mükafatları laueratı, SSRİ Xalq Artisti G.A.Tolstonoqov) tamaşasına baxmağa dəvət etdi. Aleksandra İvanovna da yaxın rəfiqəsi lyusya ilə gələcəyinə söz verdi. Məni də özü ilə teatra apardı. Tənəffüslərdə böyük alim ədəbiyyatdan, incəsənətdən elə söhbətlər eləyirdi, hər iki xanım çaşıb qalmışdılar. Dünya ədəbiyyatının inkişafından, XIX yüzil rus ədəbiyyatından danışırdı, onların suallarına cavablar verirdi. Azərbaycan ədəbiyyatının keçmişindən, bu günündən, Azərbaycanın teatr tarixindən elə faktlarla danışırdı, onlar bu ədəbiyyatın dünyada olan aparıcı ədəbiyyatlar sırasında gördüklərini deyirdilər, Bakıya gəlmək arzusuna düşdüklərini bildirirdilər. Oktyabrın 11-də institutun əməkdaşları ilə birlikdə başqa elmi müəssisələrdən gələnlər də zalda bir saat öncə toplaşıb Xudu Məmmədovun gəlişini gözləyirdilər. Tofiq Qasımovla mən də zalda idik, Xudu müəllimə bəslənilən bu ehtiramı fərəhlə seyr edirdik, bundan sonsuz qürur duyurduq. Zalda elə sakitlik idi, “milçək uçsaydı, səsi eşidilərdi”. O, içəri girdi, kürsüyə qalxdı, təqdim olundu. Ad-sanına, elm aləmində olan nüfuzuna görə ucaboy, enlikürək, cüssəli bir dissertantı gözləyənlər çaşıb qaldılar. Zalda öncə bir qədər səs-küy qalxdı, qarışıqlıq yarandı. İnstitutun direktoru onu təqdim etdi, elmi əsərlərinə istinad edərək onun barəsində böyük ehtiramla, sonsuz hörmətlə danışdı, Akademik Nikolay Belov məktəbinin ən layiqli yetirmələrindən olduğunu vurğuladı. Söz Xudu ona verildi. O, çıxışa başlayandan sonra zalda çox qəribə bir mənzərə yaranmışdı. Hər kəs əlində dəftər-qələm qeydlər aparırdı. Hamı - institutun direktoru, onun müavinləri, elmi katib, tanınmış alimlər Frank-Kamenetski, G.S.Jdanov, A.N.Lazaryev, N.M.Bajenov, Y.İ.Rıskin, N.A.Mitropolskiy və Leninqrad Dövlət universitetindən, Yüksək Molekullu Birləşmələr Kimyası institutundan, başqa elm ocaqlarından Belov məktəbinin yetirmələri, adlarını unutduğum bir çox tanınmış kristalloqraflar, kristallokimyaçılar çıxışdan qeydlər aparırdılar. Müdafiə bitirəndən sonra çıxışlar başladı. Çıxışçılar bu dissertasiya işini elmdə edilmiş adiliksiz (adi olmayan) dissertasiya müdafiəsi adlandırırdılar. Həm çıxış, həm də suallara verilən cavablar heyrət doğurmuşdu. Hərə əlində kağız-qələm sualların cavablarını yazırdılar. Tribunaya qalxıb Xudu müəllimi əhatəyə alanlar da, Tofiqlə məni onun barəsində sorğu-suala tutanlar da çox idi. İnstitutun Elmi Katibi Aleksandra İvanovna Xudu Məmmədovun əhatəli biliyi, işgüzarlığı, çalışqanlığı, aspirantura illəri, Belov məktəbində tutduğu mövqe, elmi rəhbərinin ona münasibti, göstərdiyi qayğı barədə geniş, ətraflı çıxış etdi, aspirant Xududan kristalloqraf alimlərin elmi məsləhət alması barədə geniş söz açdı. Professor Frank-Kamenetski, professor İ.V.Qessen, professor G.S.Jdanov, fizika-riyaziyyat elmləri doktoru Y.İ.Rıskin, bir çox başqaları dissertasiya işini yüksək dəyərləndirdilər, onun elmi fəaliyyətini yetərincə incələdilər. Professor Frank-Kamenetski onu silikatların kristallokimyası sahəsinin klassiki adlandırdı. Müzakirədən sonra tanınmış alimlərdən onu evlərinə qonaq çağıranlar oldu. Vaxtı olmadığından, o, bunlardan yalnız birinin – mənim işlədiyim laboratoriyanın rəhbəri Yakov İsaakoviç Rıskinin evinə getməyə razılıq verdi. Rıskin məni də bu qonaqlığa çağırdı, oraya Xudu müəllimlə birlikdə getdik. Qonağlıq təmtaraqlı deyildi, çox sadə təşkil olunmuşdu. Ancaq elmə aid aparılan söhbətlər, siyasətə aid mühakimələr bu qonaqlığın məzmununu dəyişmişdi. Həm Yakov İsaakoviç, həm də Qalina Pavlovna Xudu müəllimə onun özünün aldığı elmi sonuclara aid, eləcə də kristallokimya sahəsinə aid qarşılarına çıxan sualları veirirdilər, cavabları dəftərə qeyd edirdilər. Onlar çoxlu suallarına cavab aldıqlarını bildirdilər, ona səmimi təşəkkür etdilər. Sonra dünyada baş verən olayları birgə incələdilər, onlara aid öncəgörümlər irəli sürdülər. İsrail-Fələstin müharibəsi başlıca mövzulardan idi. Yakov İsakoviç özü yəhudi olduğundan, bu müharibənin nə ilə başa çata biləcəyi onu düşündürürdü. O, İsrailin qələbəsinin müvəqqəti səciyyə daşıdığını, sonda İsrail üçün ciddi problemlər yaradacağını vurğulayırdı, bundan ciddi təşviş, böyük nigarançılıq duyumu keçirirdi. Xudu müəllim özü də İsrail-Fələstin müharibəsinin sonunun İsrailin ziyanına olacağunu elmi dəlillərlə, tarixi faktlarla əsaslandırırdı. Hər ikisi İsrailin fələstin ərəblərini kütləvi şəkildə qırdığından, sağ qalanlarını ev-eşiklərindən didərgin salıb səhralara tökdüyündən dəhşətə gəlirdi, bunun yerdə qalmayacağını deyirdi. Hər ikisi İsrailin ortaya atılmış olduğunu, fələstin müsəlmanlarına qarşı soyqırım törətdiklərini, Yaxın Şərqdə marağı olan dövlətlərin bu məsələni qızışdırdığını təəssüflə vurğulayırdı. Onlara görə, vaxt gələcək, İsrail özü Yaxın Şərqdən köçüb getməli olacaq. Bu da yəhudilərin bir millət olaraq sıradan çıxacağına səbəb olacaq...

Davami var



Prof. Dr. Bəhmən SULTANLI

Adres: Azərbaycan Respublikası, 1130 Bakı çəhəri,

Binəqədi rayonu, Azadlıq prospekti, 189-53;

***

QÜDRƏTLİ ALİM, BÖYÜK VƏTƏNDAŞ II BÖLÜM

(Sonu)

Səhəri gün aspirant yataqxanalarında yaşayan azərbaycanlı aspirantlarla “Sputnik” restoranında görüş keçirtdi. Burada aspirantlar Azərbaycan elmi, onun gələcəyi, Azərbaycanın gələcək taleyi, eləcə də maraqlandıqları başqa məsələlərə aid suallar verirdilər. Verilən cavablar buradakı aspirantlarda böyük maraq, böyük ümidlər doğurmuşdu. Aspirantlar da öz fikirlərini deyirdilər, cürbəcür təkliflər irəli sürürdülər. Tofiq Qasımov isə, sanki proqram hazırlamışdı. O, Azərbaycanın rus-sovet imperiyasındakı yerini göstərməklə fərqli yolla getməyin vacibliyi fikrini irəli sürürdü, rus-sovet imperiyası tərkibində deyil, onunla konfederasiyada olmağı təklif edirdi. Bu fikir çox düşündürücü fikir olmaqla yanaşı, həm də o zaman üçün cəsarətli, risqli idi. Fizikaya, kimyaya, riaziyyata, biologiyaya, ədəbiyyat, incəsənət, mədəniyyət sahələrinə, fəlsəfəyə, tarixə, dilçiliyə, mənəviyyata aid elə fikirlər söyləyərdi o, həmin sahələrin aspirantları belə, heyrət hissi keçirərdilər. 70-ci illərin başlanğıcı idi. Bir gün laboratoriyasına gedəndə onun tələsik Elmlər Akademiyası tərəfə getdiyini gördüm, çox tələsirdi, dedi, Ədəbiyyat İnstitutuna gedirəm, bayatılarımıza aid çıxışım olacaq, vaxtın varsa, gedək. Onunla Hizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna getdim. Ədəbiyyat İnstitutunun işçiləri zala toplaşmışdılar, Xudu Məmmədovun gəlişini gözləyirdilər. O zaman institutun direktoru işləyən professor Mirzağa Quluzadə yığıncağı acdı, onun barəsində yığcam, həm də əhatəli arayış verəndən sonra sözü ona verdi. O, “Bayatılarımızda elmi fikirlər” mövzusunda iki saata yaxın çıxış elədi. Bir bayatımızda deyilən “Su gələr, lilləndirər, bağçanı gülləndirər” deyimini ağrotexnika baxımından incələdi, lillənmiş suyun tərkibi haqda mülahizələrini irəli sürdü, suyun yuyub gətirdiyi maddələrin tərkibinin zəngin olduğunu, “bağçanı”, sahələri gülləndirdiyi”ni iştirakçıları inandıra, həm də onları heyrətləndirə biləcək elmi fikirlərlə əsaslandırdı. Bu, yadımda qalan bayatılardan biridir. Onun bayatılarımızla bağlı olan çoxsaylı elmi incələmələri zalda həyəcan yaratmışdı. Çıxışçılar oçağadək elə bir mövzuda çıxış, mülahizə belə, eşitmədiklərini bildirdilər, bu mövzuda dissertasiya işi yerinə yetirməyin vacibliyini nəzərə çatdırdılar, ona bu cür dissertasiyalara elmi rəhbərlik təklif etdilər. Eyni zamanda, folklorumuzun digər sahələrinə aid uyğun mövzuları işləmək üçün onun məsləhətlərinə böyük ehtiyac olduğuna diqqət çəkdilər. Siyasətçi deyildi, ancaq cəmiyyətdə baş verən ictimai olaylara da biganə qalmırdı. O, rayonlarımıza, kəndlərimizə tez-tez gedərdi, buralarda olarkən adamlar onun ətrafına toplaşıb söhbətlərinə böyük maraqla qulaq asardılar, o da sovet ictimai quruluşu haqqında yumorla yoğrulmuş istehzalı, etirazedici fikirlər irəli sürürdü, fikrini bu yolla yığcam şəkildə, elmi əsaslarla, xalq deyim tərzində deyərdi. Xalq şairi Bəxtiyar Vahabzadəyə göndərdiyi teleqramda da “İnqilab Beşiyi” deyimi ilə bu o çağlar çox işlənən “İnqilab Beşiyi” deyiminə iztehza ilə yanaşırdı. O, nə Oktyabr İnqilabına, nə də onun sonuclarına rəğbət bəsləmirdi, həmişə onu öz kəskin yumorunun hədəfinə çevirirdi. Oktyabr İnqilabı ideyasının yalana, çürük iddialara söykəndiyini, çox da uzun sürmədən dağılacağını elmi dəlillərlə əsaslandırırdı. Xalqların istibdad altında yaşadığını, şovinizmin, millətlərə, xalqlara qarşı ədalətsizliklərin, milli ayrıseçkiliyin, milli istismarın hökm sürdüyünü, başqa dinlərə qarşı amansız rəftarın mövcudluğunu, insan azadlıqlarının tam şəkildə məhdudlaşdırıldığını, insanların yaltağa, məddaha, qula, köləyə çevrildiyini qəbul edə bilmirdi. Xudu müəllimə görə, səhvi demək hüququ olmayan, səhvə, zülmə, istismara boyun əyməyə məhkum edilən cəmiyyət aşınar, çürüyər, dağılar, onun yaşamaq qabiliyyətli ola bilməz. O, sovet cəmiyyətində müəyyən müsbət cəhətlər də görürdü. Pulsuz icbari təhsili, pulsuz səhiyyə xidmətini, elmin inkişafına fikir verməyi, lazımınca vəsait ayırmağı... bu kimi cəhətləri mütərəqqi sayırdı. Ancaq bu cəhətlərin cəmiyyətin uzunömürlü olması üçün cüziliyini, yetərli olmadığını da dönə-dönə önə çəkirdi. O, rus-sovet imperiyasının zülm özülündə yarandığını, öz işlərini də zülm özülündə qurduğunu, insanı kölələşdirmək prinsiplərinə əsaslandığını vurğulamaqdan yan keçmirdi. O, deyirdi hər rayonda bir-iki kolxozu irəli çıxardırlar, başqa kolxozlara nümunə göstərirlər, çalışırdılar başqa rayonlar, təsərrüfatlar da onlara baxsın, daha çox “fədakar” olsun, daha çox işləsin, daha çox məhsul toplayıb dövlətə təhvil versin, “mərkəzə” göndərsin. Onun dediyinə görə, bu, istismarın, insanları qula, köləyə döndərməyin ən əzazil yollarından biridir. Çox işləyən, çox xeyir verən təsərrüfatlara, ayrı-ayrı şəxslərə orden-medal paylamaqla insanları şirnikləndirir, bir daha onların imkanlarını səfərbər edib işləməyə təhrik edir. Leninin bütləşdirildiyinin həmin kölələşdirmək məqsədinə xidmət etdiyini vurğulayırdı, deyirdi, bir insana nə qədər heykəllər, büstlər qoymaq olar, bir adamın adına nə qədər küçə, təsərrüfat sahəsi, təhsil müəssisəsi, fabrik-zavod vermək, onun portretlərini nə qədər belə müəssisələrdə, yol qıraqlarında, az qala həyət-bacalarda asmaq olar, nə qədər məntiqsiz, anlamsız şüarlar yazıb onun adına çıxmaq olar!.. Onunla oteldə bir otaqda qaldığımız vaxt müxtəlif mövzuda maraqlı söhbətlər edirdi. Əlbəttə, insanı zənginləşdirən bu söhbətləri dinləmək mənim üçün olduqca xoş, olduqca maraqlı idi, olduqca gərəkli idi. Bunları dinləməkdə özümü çox bəxtiyar sayırdım. Suallar da verirdim. Suallarımın biri xalq şairi Rəsul Rza, onun yaradıcılığı barədə oldu. O zamanlar Rəsul Rza barədə ara-sıra ədalətsiz, qərəzli fikirlər söyləyənlər olurdu. Böyük şair barədə haqsız tənqidlər, yersiz ittihamlar irəli sürürdülər. Onun bu barədə fikirlərini bilmək istədim. Rəsul Rza barədə olan hücumları, onun yaradıcılığı barədə mübahisələri şairin yeni, cəsarətli fikirləri ilə bağladı. O, deyirdi, anlamsız yaradıcılıq bu qədər səs-küy yarada bilməz. Bu mühakimələri sonralar öz təsdiqini tapdı. Bir kərə ermənilərin bizlərə, xüsusilə, ev sahibi olan türklərə qarşı amansız olduqları, gələcəkdə baş verə biləcək hadisələr barədə sual verdim. Tarixi faktlar gətirərək onların bizlərə qarşı həmişə o cür mövqedə olduqlarını, ancaq sonda özlərinin ziyan çəkdiklərini dedi, həm də, özlərinin bizə lazım olduqları fikrini də öz dediklərinə əlavə etdi. Qəribəsi o idi, böyük alim erməni xalqının yazıqlığını, onun alətə çevrilmiş olduğunu, heç vaxt heç nəyə nail olmadığını bildirirdi, gələcəkdə də nail ola bilməyəcəklərini öncədən söylədi. O, maraqlı bir misalla fikrinə aydınlıq gətirdi. O, dedi: “vaxtilə dənizdən, çaydan balıq tutub arabaya yığarmışlar, diri aparmaq üçün onların üstünə pişik atarmışlar, balıqlar atılıb-düşdükcə pişik onları cırmaqlayarmış, balıqlar diri qalarmış, onları istədikləri yerə diri-diri aparıb çatdırarmışlar. İndi erməniləri də Allah bizə qonşu verib, bizi cırmaqlasın, ölməyək, tarixdə mənzil başına diri-diri gedib çata bilək”. Ermənilərin bizim milli “türk” adımızı saxladıqlarını da misal çəkdi, dedi, biz türkdən azərbaycanlıya dəyişdirilmiş saxta “azərbaycanlı” adımızı deyirik, ermənilər isə, həmişə bizə “türk” deyirlər, milli adımızı yaddan çıxmağa qoymurlar. Bu böyük məntiq qarşısında nə demək olardı!?... Dinə olan münasibəti də mənim üçün maraqlı idi. Doğrudur, özü dindar deyildi, ancaq dinimizə rəğbət bəsləyirdi, inanırdı, onu inkar etmirdi. Ateizm söhbətinə həmişə iztehza edərdi, deyərdi, onlar Allahı inkar etməklə, başda Leninin olmaqla, özlərinin “Allah olduqlarını” təqdim etmək istəyirlər. O, bu ideyaya acıyardı, bunu iztehza hədəfinə çevirib acı-acı gülümsəyərdi. Mənim sualıma cavabı isə, qısa oldu: “Elm durmadan inkişaf edir, yeni-yeni nəzəriyələr meydana gəlir. Ancaq bir müddətdən sonra bu nəzəriyələrin nələri isə izah edə bilmədiyi ortaya çıxırlar. Onlar nəzəriyədə nəyin isə çatmadığını müəyyənləşdirirlər, buna düzəliş edirlər, nəzəriyə güclənir, ortaya çıxan mövcud müşkülləri həll etmək imkanı qazanır. Yenidən anlaşılmazlıq yaranır, yenidən bu anlaşılmazlığa cavab tələb olunur, yenidən düzəlişlər edilir. Bu hal periodik olaraq davam edir. Dində də belədir. İnsanlar dinlə bağlı hər şeyi araşdırıb tapmaq gücündə deyillər. Ona görə dinlə bağlı hər şeyi mükəmməl öyrənə bilməmişlər. Odur, müxtəlif sorular ortaya çıxmışdır. Zaman gələcək, bir çox məsələlər öz həllini tapacaq, bilgilər genişlənəcək, elmi faktlar çoxalacaq, ateistlərin uydurmaları ifşa olunacaq”... Akademik N.V.Belov Xudunun elmi rəhbəri olmuşdu, professor Con Bernal isə ona sementin uzun illərdən bəri özünün də aça bilmədiyi kristal quruluşunu ilkin olaraq açdığına görə ona böyük rəğbət, tükənməz ümid bəsləyən alim idi. Kristallokimya sahəsində etdiyi yeniliklər dünya kristalloqraflarının diqqətindən yanda qalmırdı. Aparıcı kristalloqraflar, görkəmli fiziklər, kimyaçılar, bioloqlar... onun elmi işlərini həmişə yüksək dəyərləndirmiş, bu işlərə yeri gəldikcə, öz araşdırmalarında istinad etmişlər. Onun kəşfindən sonra sementin tətbiq sahələri olduqca genişləndi, sement, sement məhsulları tibbdə, sənayenin, tikintinin bir çox istiqamətlərində geniş tətbiq sahəsi tapdı. Hər şeyi elmin gözü ilə görürdü, dəyərləndirirdi, hər şeyə açıq gözlə baxırdı, hər şeydə anlam axtarırdı. Barəsində hansısa xarici alimin sözünün deyilməsindən xoşlanmazdı, verdiyi dəyərin təsirinə düşməzdi. Çox zaman barəsində Akademik N.V.Belovun, elm aləmində yaxşı tanınan professor Con Bernalın, başqa əcnəbi alimlərin dediyi dəyərli sözlərdən qürrələnməzdi, deyərdi: “İgilislərin, rusların, almanların... öz alimləri haqqında türk alimlərinin, müsəlman araşdırıcıların dediyi sözlərdən fəxr duymasını eşitsəm, bundan qürur hissi keçirərəm. Bizlər də onların alimləri haqda fikir bildiririk, həmişə öz alimlərimizə deyil, onların alimlərinə istinad edirik, onları öyürük, onlarla fəxr edirik. Ancaq onlar bunu təbii sayırlar, düşünürlər, onlar “əlçatmaz”dırlar, bizlər isə bu “əlçatmaz”lığa həsəd aparırıq, həsəd aparmağa məhkumuq, bu fikirlərdən özlərində heç də qürur duymurlar”. Con Bernal ona bağışladığı kitaba avtoqraf yazmışdı; “O kəsə ki, ilkin olaraq canlı aləmlə cansız aləm arasında körpü yaratmışdır”. Bu, onun vətəndaşlıq mövqeyi, insanın qüsurlu düşüncəsinin dəyərləndirilməsidir. Bu avtoqrafdan onun qürur duyduğunu heç zaman görmədim... Doğma Vətəni çox sevirdi. Azərbaycanı rayon-rayon, kənd-kənd gəzirdi, gəzdikcə gəzmək istəyirdi. Elə zaman olurdu, gedib kənddə yaşamaq barədə düşünürdü. Həmişə deyirdi: “Azərbaycanın bütün rayonlarında, kəndlərində olmuşam, təkcə Yardımlıda olmamışam”. Ona görə də həmişə Yardımlıya getməyin marağında idi, ancaq münasib zaman tapa bilmirdi. Deyirdi, bir gün imkan tapıb Yardımlıya da gedərik, oranın təbiətini, adamlarını çox tərifləyirlər. Mənim onunla olan münasibətlərimi Yardımlıda da bilirdilər, həmişə onu oraya aparmağımı istəyirdilər. 1972-ci il aprel günlərinin birində onunla Elmlər Akademiyası binasının qarşısında rastlaşdım. O, dedi, belə getsə, Yardımlıya getməyə heç zaman imkan tapa bilməyəcəyik. Bəlkə elə, günü sabah məni aparasan? Dedim, getsəniz, mən də sizə qoşulub gedərəm. Orada görəcəksiniz, hamı sizi yaxşı tanıyır, çox istəyir. Yardımlıda özünüzü ev yiyəsi kimi duyacaqsınız. Dedi, danışdıq, gedib Sabiri də Yardımlıya dəvət edək, günü sabah yola düşək. Gedib Sabiri iş yerində - “Ədəbiyyat və İncəsənət” qəzeti redaksiyasında tapdıq. O, Sabiri Yardımlıya dəvət etdi. Sabir ailəsi ilə birlikdə axşam Bakı-Astara qatarı ilə yola düşdü, biz isə səhər Yardımlı avtobusu ilə. O dönəmdə Biləsuvar yaxınlığında buraxılış-keçid məntəqəsi var idi. Məntəqədə gedib-gələnlərin sənədlərini başlıca olaraq rus millətindən olan əsgərlər yerinə yetirirdi. Buradan nə o tərəfə, nə də bu tərəfə buraxılış vərəqəsi, bir də rayondan razılıq arayışı olmadan buraxmırdılar. Məntəqəyə çatanda avtobusumuzu saxladılar, sənədləri yoxlamağa başladılar. Biz ön oturacaqda əyləşmişdik. Əsgərlər sənəd istəyəndə o da əsgərlərdən sənədlərini istədi, öz dillərində onlara dedi: “Baxın, görün burada sizə oxşayan adam var? Adlarını, soyadlarını soruşdu, dedi: “Görün, sizin adınıza, soyadınıza oxşar ada, soyada rast gəlirsiniz? Bura bizim vətənimizdir, siz burada nə gəzirsiniz, nə axtarırsınız, sizə kim icazə verib buraya gəlmişsiniz...? Əsgərlər çaşdılar, bilmədilər nə eləsinlər, nə cavab venrsinlər!? Avtobusda gedənlərin sənədlərini yoxlamadan maşını buraxdılar. Geri dönəndə ayrı əsgərlər yoxlama aparırdılar. Yenə də həmin hal təkrar olundu. Yardımlıya çatandan sonra dağlara qalxdıq, atamın ulu babasının adını daşıyan məhşur Alı Bulağına, səhərisi Deman kəndinin yaxınlığında başqa adda olan bulaq başına getdik. Yaxınlıqda sərhəd məntəqəsi yerləşirdi, bir az aralıda da 53-cü ildə zorla köçürülmüş Deman kəndinin uçuq evləri görünürdü. Sabir kənd haqqında məlumat verərək həmin kəndin evlərinin bir tavanı olduğunu dedi. Kəndin köçürülməsi Xudu müəllimi xeyli təsirləndirdi. Üzünü bizə tutub “zaman gələcək, burada rus sərhədçiləri dayanıb bizi öz kəndlərimizə buraxmırdı deyəcəksiniz” deyib köks ötürdü. Kiçik fasilədən sonra dedi: “bir işə bax, insanları zorla öz ata-baba ev-eşiklərindən çıxardıb qovurlar, sərhəd çəkib adamları öz qardaş-bacıları ilə görüşməyə qoymurlar. Bundan da artıq quldurluq, fironluq olar?”. Zaman yetişdi, böyük alimin rus sərhədçiləri barədə dedikləri 1991-ci ildə öz təsdiqini tapdı. O cür dahiliklə dediyi sözlər sayagəlməz idi. İndi kəndlərimizə gedən zaman onu tanıyanlarla, söhbətlərini dinləyənlərlə görüşəndə onun dahiliklə dediyi sözləri yada salırlar. Xudu müəllimlə ən çox kitabxanalarda, kitab dükanlarında, öz iş yerlərində rastlaşmaq mümkün olardı. Onun özünün də evində minlərlə kitabı olan şəxsi kitabxanası vardı. Bu kitabxana ikiotaqlı mənzilinin bir otağını tutmuşdu. Kitabxanada fizikaya, riyaziyyata, kibernetikaya, kimyaya, biologiyaya, kristallokimyaya, geologiyaya, mineralogiyaya, fəlsəfəyə, tarixə, ədəbiyyata bə bir sıra başqa sahələrə aid seçmə ədəbiyyatlar toplanmışdı. Laboratoriyanın elmi istiqamətlərinə aid olan kitabları kitabxanasından gətirərdi, işçilər bu kitablardan yararlanardılar, anlamaqda kimin çətinliyi olardısa, onu başa salardı. Həftədə bir kərə seminar təşkil edərdi, laboratoriyada alınan sonuclar, ədəbiiyyatda olan ən yeni elmi fikirlər burada müzakirəyə çıxarılardı. Böyük bir çətinliklə üzləşmişdim. Yuxusuz, dincliksiz, maddi çətinliklərlə üz-üzə qala-qala başa çatdırdığım dissertasiyamı 1968-ci ilin noyabrında yağan güclü yağışın yaratdığı sel aparmışdı. Sonsuz çətinliyə tab gətirərək az müddətə dissertasiya işimi bərpa edə bilmişdim. Müdafiə üçün yer lazım idi. Bunu Xudu müəllim bilirdi, mənə xüsusi münasibət bəsləyən Akademik Əli Quliyevə də bildirdim. Əli Quliyev Aşqarlar Kimyası institutunun direktoru idi, SSRİ məkanında yaxşı tanınırdı. Onlar hər ikisi dissertasiya işimin müdafiəsi üçün məni Tiflisə Gürcüstan Elmlər Akademiyasının Akademiki, institut direktoru Tsitişvilinin yanına göndərdilər, onun mənə yardımçı olmaq üçün öncədən razılığını da aldılar. Akademik Tsitişvili məni çox yaxşı qarşıladı, mənə yardımçı olmaq üçün imkanlarını işə saldı. Orada müdafiə etməyimə Bakıdan müəyyən əngəllər törədildiyindən, müdafiəm baş tutmamışdı. Sonradan dissertasiyanı Xudu müəllimlə Anatoli Şnulinin rəhbərliyi altında Azərbaycan Dövlət Universitetində müdafiə etdim. İnfarkt keçirən zaman dostumuz, mətnşünas alim, vətənsevər şair Əbülfəz Hüseyni ilə onun yanına getdik. İçəri girəndə Xudu müəllim əski əlifbada sıx yerləşmə (rusaca: “plotnaya upakovka”) üsulu ilə “Təbriz” sözünün üzərində işlədiyini gördük. Ə.Hüseyini özü əslən Təbrizli idi, 1946-cı ildə Məşrutə Hərəkatı süquta uğrayanda vətənin bu tayaına keçib gəlmişdi. Böyük vətənsevər alim yenicə infarkt keçirmiş olduğu, müalicə aldığı durumda ayağa qalxıb “Təbriz” sözünün sıx yerləşdirilməsi işi ilə məşğul idi. Bunu görən Təbriz həsrətli Əbülfəzin sevincini, necə də heyrətləndiyini, kövrəldiyini təsəvvür etmək çətin deyil. Yanında olduğumuz müddətdə Xudu müəllim Vətənin problemləri haqda düşündürücü, birləşdirici, azadlıqçı mühakimələri ilə bizi heyrətə salmışdı. O, eyni zamanda müsəlman aləmində, o sıradan da Fələstində baş verən olayları ürək ağrısı ilə incələyirdi, sonuc çıxardırdı, təkliflər ortaya atırdı. Söhbətlərində elmdən də yan keçmirdi, xalqımızın elmi təfəkkürünü, elmi qabiliyyətini yüksək dəyərləndirirdi, inkişafımız üçün boyunduruqdan qurtulmağımızı vacib sayırdı. “Arxalı” ermənilərin iddiaları onu dəhşətə gətirirdi, deyirdi, onlar dünyanı qarışdırmaq məqsədi daşıyırlar, istəyirlər, dünyanın başı özünə qarışsın, torpaq əldə etsinlər. Xudu müəllim aspirant illərindən başlayaraq həmişə Azərbaycan mətbuatının, bütövlükdə xalqımızın diqqətində olmuşdur. Onu sevən, təbliğ edən insanlar az deyildi. Xudu müəllimlə fəxr edən, onu söhbətlərinin mayasına çevirən insanlardan biri də fəlsəfə elmləri namizədi Mirzağa Rüstəmov idi. O, hələ 60-cı illərdə buraxdığı “Azərbaycan Sovet Ziyalılarının Formalaşması və İnkişafı” adlı monoqrafiyasında Xudu şəxsi, Xudu elmi yaradıcılığı, elmi tapıntıları, elmi dünyagörüşü, Xudu Məmmədov milli düşüncəsi, Xudu müəllim vətənsevərliyi əhatəli araşdırmış, geniş işıqlandırılmışdı. Mirzağa Rüstəmov dünyanın nəhəng kristalloqraflarının Xudu barədə dediklərinə də diqqət yönəltmişdir. O çağlar Xudunun yaşı 40 ətrafında idi. Ömrünün sonrakı 20-25 ilində daha böyük elmi uğurlar qazandı, öz əzəmətli məktəbini yaratdı, onu istər elm aləmində, istərsə də ictimai mühitdə daha geniş tanıtdı. “Bahar” adlı təşkilat 1972-ci il fevralın 17-də yaradıldı. Məramı milli oyanışa xidmət etmək olan bu təşkilatın yaradılmasına Xudu müəllim xeyir-dua verdi, onun ideoloji rəhbəri də özü oldu. “Bahar” az zaman içində respublikamızda yaxşı tanındı, rəğbət qazandı. Sonralar “Çənlibel” təşkilatı “Bahar”ın özülündə yarandı, onun aparıcı şəxsləri də “Bahar”da aktiv olanlar idi. “Bahar” müstəqillik ideyasını ortaya atdı, Milli Azadlıq hərəkatına aparan yolda çox mühüm, lazımlı xidmətlər göstərdi. 1988-ci il oktyabr ayının 15-də Elmlər Akademiyasının həyətində onunla rastlaşdım. O, saat 1900-da Azərbaycan Politexnik institutunun yataqxanasına “Cəngi” cəmiyyətinin tədbirinə çağırıldığını dedi, mənim də çağırılıb-çağırılmadığımı soruşdu. Çağırıldığımı bildirdim. Saat 1800-da görüşüb birlikdə getmək üçün Politexnik institutunun qarşısında görüş təyin etdik. Vaxtından da 15-20 dəqiqə tez gəlib bir saatadək onu gözləşdim, Xudu müəllim gəlib çıxmadı. Düşündüm, yəqin işi oldu, gələ bilmədi. Gec idi. Ona görə də evə getməli oldum. Oktyabrın 16-da səhər saat 800-da dostumuz İsmayıl Təriqpeyma zəng vurub Xudu müəllimin dünyasını dəyişdiyini bildirdi. Bu xəbər mənim üçün ağır xəbər idi, dəhşətli xəbər idi. Evinə yollandım. Yaşadığı binanın yörəsində yüzlərlə insan toplaşmışdı, hamı yasa batmışdı, hamı böyük bir dostunu, böyük alimini, böyük soydaşını itirmişdi. Özü buna cəhd etmədi, səlahiyyətlilər onun 50-illiyini keçirtməyin lazım olduğunu yada salmadı, buna maraq göstərmədi. Dostları da bu cür təklif verərkən o, deyirdi: “xalqımın mənə etimadı, inamı bəsdir, bundan artıq heç nə ola bilməz”. Xudu müəllimin 50 yaşı tamam olarkən şair Sabir Rüstəmxanlı ilə birgə evinə gedib onu təbrik etmək istədik. Hədiyyə barədə çox götür-qoy etdik, kiçik bir xalça toxudub hədiyyə etmək qərarına gəldik. Əlbəttə, xalçanın üzərində Xudu müəllimlə bağlı bir əlamət olmalı idi. Şəkilinin həkk olunması fikrini də müzakirə etdik. Mən başqa bir təklif irəli sürdüm, dedim, onu tanıdan sementin kristal quruluşu ilə bağlı işləridir. Ona görə də həmin quruluşlardan bir fraqmenti xalçaya toxudsaq, orijinal bir hədiyyə olar. O çağlar Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil almış Şahsuvar adlı bir yaxın tanışımız Yardımlı Xalçaçılıq Fabrikində işləyirdi. Şahsuvarla əlaqə saxladıq, fikrimizi ona bildirdik, razılığını aldıq. Adı çəkilən fraqmenti ortaya çıxartmaq mənə tapşırıldı. Silikatlara aid lentəbənzər quruluş fraqmentləri seçdim. Şahsuvar öz çəkdiyi eskiz özülündə xalçanı öz iş yerində toxutdurdu, birlikdə gedib 50 yaşlı Xudu müəllimi evində təbrik etdik. Yazıdan göründüyü kimi, burada böyük alimin elmi işləri ilə bağlı geniş söz açılmamışdır. Bunun səbəbi onun tələbəsi prof. Məmməd Çıraq müəlliminə “Zirvə” adlı kitab həsr etmişdir (Çaşıoğlu, Bakı-2001). Bu kitabda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar Elm Xadimi, böyük ziyalı Xudu Məmmədovun elmi çalışmaları, elmi fəaliyyəti, elmi əlaqələri geniş, əhatəli şəkildə, bəzən detallarına qədər öz əksini tapmışdır. Mənə belə gəlir, X.Məmmədovla bağlı olan həmin məsələləri prof. M.Çıraqın yazdığı səviyyədə yazmaq heç kimə müəssər olmayacaq. Çünki X.Məmmədovla elm yolunda M.Çıraq qədər müşaiyət eləyən az adam tapmaq çətindir. Ona görə də hazırkı yazıda böyük alimimizin, öz xalqına, onun mənəvi dünyasına, dilinə ürəkdən bağlı olan qüdrətli insanın elmi yaradıcılığını geniş işıqlandırmağı yersiz saydım. Tutduğum uzun yola, iradəmə, düşüncələrimə, Xudu müəllimə sevgimə, səmimiliyimə sadiq qalaraq bu yazını yazarkən də yalnız faktlara söykəndim, olmuşların yadımda qalanlarının bir qisminə istinad etdim.

Prof. Dr. Bəhmən Yunus SULTANLI

Adres: Azərbaycan Respublikası, 1130 Bakı çəhəri,





Yorumlar










Aktif Ziyaretçi 21
Dün Tekil 876
Bugün Tekil 354
Toplam Tekil 1934502
IP 54.224.155.169






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































30 Muharrem 1439
Ekim 2017
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Vatan ne Türkiyedir Türklere ne Türkistan,
Vatan büyük ve müebbet bir ülkedir: TURAN
(Ziya GÖKALP)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.597 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu