Türk Dünyasında Yeni Millətçilik Dalğası başlamalıdır - Göylü ATALI - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Türk Dünyasında Yeni Millətçilik Dalğası başlamalıdır - Göylü ATALI
Tarih: 21.06.2011 > Kaç kez okundu? 3429

Paylaş


Xeyli vaxtdır diqqətlər Türkiyə Cümhuriyyətini izləməkdə idi. Gərgin əhvallar, gərgin münasibətlər və gərgin mübarizələr Türkiyənin son xarakterik halına çevrilmişdi. Seçkilər keçirildi, nəticə bəlli oldu. Sanki bir sakitlik yarandı. Bəs bu sakitliyin arxasınca nə gələcək, nələr gözlənilir? Bu məsələyə aydınlıq gətirmək üçün Milli Qurtuluş Partiyasının başqanı Vüqar Bəyturanın və Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalının mövqelərini dinlədik. Onu oxuculara da təqdim eləmək istəyirik.



Hesab edirik ki, indiki vaxtda Vətənçilik və Millətçilik yönündən sağlam axtarışlar və sağlam mövqelər ortaya gəlməlidir.



İlk sualımı Vüqar bəyə yönəltmək istəyirəm.







– Vüqar bəy, ötən ay Türkiyədə oldunuz. Bizim üçün təəssüratlarınız maraqlıdır. Orada millətçilərlə görüşdünüzmü? Ümumiyyətlə Türkiyədə millətçilik sizi qane edirmi?







Vüqar Bəyturan: Təşəkkür edirəm, ilk növbədə bu söhbəti təşkil etdiyinizə görə. Həqiqətən də qoyduğunuz mövzu çox aktualdır. Bu mövzu vasitəsiylə həm Türkiyədə, həm Azərbaycanda və bütünlüklə Türk Dünyasında olan problemlərə ekskurs etmək imkanı əldə edəcəyik. Çünki seçki bir millətin iradəsinin ortaya qoyulmasıdır. Seçkidə həmin millətin seçki gününə qədər keçdiyi həm tarixi yol, həm ictimai inkişaf, həm siyasi inkişaf öz səviyyəsini göstərir. Bilirsiz ki, Azərbaycan türkləri ilə Türkiyə türkləri bir kökdən gələn millətdir. Düzdür, müəyyən fərqlər var, - həm sosial-iqtisadi struktur baxımından, həm dünyagörüş baxımından, həm də tarixi baxımdan. Amma hər halda kökümüz eynidir. Bu baxımdan da problemlərimiz də oxşardır. Bir çox məsələlərdə biz hansı problemlərdən əziyyət çəkiriksə, məhz Türkiyə cəmiyyəti də o problemlərdən əziyyət çəkir. Mən bu qədər bizim problemlərimizin oxşar olduğu qənaətində deyildim. Səfər məndə o qənaəti gücləndirdi. Mən gördüm ki, istər Türkiyə cəmiyyəti olsun, istərsə də Azərbaycan cəmiyyəti müəyyən alternativ axtarışındadır. Bu da onu göstərir ki, siyasi, ideoloji, ruhani yönlərdən təqdim olunan dəyərlər ictimai fikri, yəni xalqı o qədər də maraqlandırmır, bunun nəticəsində xalq düzgün seçim etmək imkanlarından məhrum olur. Yəni xalq əgər ona lazım olanı əldə edə bilmirsə, məcbur olur ki, ona lazım olmayan, onun keçmişinə bağlı olmayan dəyərlərə səs versin. Burada təbii şəkildə yanlışlıq meydana çıxır. Mən ordakı görüşlərimdə bunu hiss etdim. Türkiyə cəmiyyətində ideoloji əsaslara uyğun olaraq konkret siyasi təşkilatlanma bir az fərqlidir. Yəni baxmayaraq ki, onların dövlətçiliyi bizdən daha qədimdir, söhbət Türkiyə Cümhuriyyəti ilə indi bizim yaşadığımız Azərbaycan Respublikasının müqayisəsindən gedir. Onlar bizdən daha çox oturuşmuş bir dövlətçiliyə malikdirlər. Amma problemlərin eyni olması onu göstərir ki, siyasi xadimlərin, ayrı-ayrı ideoloqların, o cümlədən cəmiyyətin ruhani müəssisələrinin başında duranların səviyyələri elə də fərqli inkişaf etməyib. Açığı mən bunu qabartmaq istəyərdim ki, milliyyətçi tam milliyyətçi deyil, islamçı tam islamçı deyil, sosial-demokrat tam sosial-demokrat deyil. Yəni hər birində ideoloji dayaqlardan sapma müşahidə etdim. Bax, bu da onu göstərir ki, cəmiyyətdə bir ideoloji boşluq var. Yəni artıq ayrı-ayrı ideologiyalar arasında fərqlər itməkdədir. Tutaq ki, islamçı Türkiyədə bu gün millətçi ilə çox da fərqlənmir. Demək olar ki, müxtəlif məsələlərə eyni prizmadan yanaşılır. Yaxud layiqlik tərəfdarı olan Cümhuriyyət Xalq Partiyasının tərəfdarı MHP-dən, yaxud da digərindən fərqlənmir. Bu onu göstərir ki, cəmiyyətdə ideoloji məsələlərə münasibətdə yeni yanaşma və yeni qüvvələr ortaya çıxmalıdır. Bu fikir Azərbaycan üçün də keçərlidir.



Mən hesab edirəm ki, müəyyən bir dövrdən sonra həmin yeni qüvvələr ortaya çıxacaq, həm Türkiyədə, həm Azərbaycanda. İlk çağlar mümkündür ki, həmin qüvvələr cəmiyyət tərəfindən qəbul edilməsin. Çünki tarixən bütün yeniliklərə bu cür təpkilər olub. O baxımdan ümid edirəm ki, Türkiyədə də müəyyən keyfiyyət dəyişiklikləri olacaq. Müsbət amillər də var təbii ki. Bayaq qeyd etdiyim kimi, Türkiyə cəmiyyətində bir oturuşma var. Dövlətçilik ənənələrinin formalaşması prosesi bizdən daha əsaslı surətdə baş verib. Bu prosesdə, düzdür, bəzi çatışmazlıqlar da var, amma hər halda bizdən bir neçə addım irəlidədirlər. Bayrağa münasibətdə, dövlətçiliyə münasibətdə, millətə münasibətdə müəyyən bir əsaslar mövcuddur ki, bu əsaslar dövlətin hələ də qorunub saxlanılmasına stimul verir. Bu gün eynilə Azərbaycan dövləti kimi Türkiyə dövləti də xaricdən və daxildən çox ciddi təsirlərə məruz qalır, həm Qərb Türkiyə dövlətinə təsir göstərir, həm AKP hakimiyəti vasitəsiylə bir ideoloji-dini təsir mövcuddur, bu təsirlərin qarşılığında eyni zamanda daxildə seperatçılıq meyilləri var. Məsələn, kürd seperatçı hərəkatı, onların fəaliyyəti müxtəlif mərkəzlər tərəfindən etnik qrupların öz haqqını əldə etmək uğrunda mübarizələri kimi təqdim olunur. Amma əslində bu tip fəaliyyətlər Türkiyə dövlətinin çökdürülməsinə hesablanmış hərəkətlərdir. Bütün bunlar Türkiyəyə müəyyən problemlər yaradır. Ancaq bununla belə, hələ ki, Türkiyə cəmiyyətinin müqaviməti tamamilə sıradan çıxarılmayıb, Türkiyə dövlətçiliyinin əsasları sıradan çıxarılmayıb.







– Soylu bəy, çağdaş dönəmdə hesab olunur ki, artıq millətçiliyin vaxtı keçibdir, indi başqa dəyərlər lazımdır. Əsil həqiqətdə necə olmalıdır?







Soylu Atalı: Ürəyinizdə Günəş olsun, istəkli yurddaşlarımız, istəkli oxucularımız!



Əslində biz bu fikrin çoxdan əleyhinə gedirik. Yəni “millətçilik bir proses olaraq başa çatıbdır” deyimi hesab edirik kökündən yanlışdır. Sadəcə olaraq bu gün dünyanın düzəni elə bir biçim alıb ki, bu biçimin başında duran və bu biçimi qoruyan qüvvələrin idarəçiliyinə mane olan, ağalıqlarını rədd eləyən əsas hadisələrdən biri məhz elə Millətçilikdir. Ona görə də millətçiliyi nəyin bahasına olursa-olsun, arxaik hadisəyə çevirməyə, gözdən salmağa çalışırlar. Və ona müxtəlif damğalar vurur, müxtəlif adlar qoyurlar. Bu haqda biz kifayət qədər mətbuatda çıxışlar etmişik, vurğu eləmişik. Təəssüf ki, millətçiliyin gözdən salınmasına çox mənada nail olunub. Millətçi olanlara şovinist deyirlər, ekstremist deyirlər, faşist deyirlər, daha nələr deyirlər. Bunu da bugünkü siyasi dünyanın özünün yaradıb ortaya qoyduğu hadisələrlə müqayisə edirlər. Terrorçuluqla müqayisə edirlər, etnik bölücülüklə müqayisə edirlər və s. və i.a. Ancaq biz deyirik ki, bəşəriyyət millətçilik prosesi ilə var ola bilər. Biz deyirik ki, millətçilik elə bir hadisədir ki, əslində bir xalqın, bir millətin bəşər olmasını təmin edir. Hər bir millətin özünün ümdə, xarakterik keyfiyyətləri var. Bu keyfiyyətlər əsasında millət dəyər yaradıb ortaya gətirirsə, bu dəyər ümumbəşər hadisəsinə çevrilir və bəşəriliyə xidmət eləyir. Millətin özü də millət olaraq öz kimliyini qoruyub saxlayır. Onun dəyər yaratmaq imkanlarını məhdudlaşdırmaq, aradan qaldırmaq bahasına millətçiliyə damğalar vurulur və aradan qaldırılır, gözdən salınır. Biz düşünürük ki, Türk millətçiliyi xüsusi bir hadisə kimi başlamalıdır. Hələ o başlamayıb. Nə Türkiyə, nə Azərbaycan əsil, həqiqi millətçilik mərhələsini keçməyib. Qarışıb hamısı bir-birinə. Türkiyənin özündə belə, qarışıb hər şey bir-birinə. Bu da nə deməkdir? Əlbəttə, ziddiyyətli fikirlər ortaya çıxarda bilər bu deyim. Biz dünyanın hansısa bir dəyərinə qarşı deyilik. Demokratiya deyirlər. Demokratiyada müəyyən azadlıqlar var, insan haqları deyirlər, biz bunu qəbul eləyirik. Amma bunlar əsil mənada öz həqiqi ifadəsini tapmır. Bu, oyuna çevrilib. Azadlıq adına oyunlar var. İnsan haqları adına oyunlar var. O, yoxdur əsil mənada. Söz mənasından tamamilə ayrılıb, tamamilə ayrı bir şeyi ifadə eləyir. Ayrı bir məzmunda hadisəyə çevrilir. Bu mənada da biz hesab eləyirik ki, başqa dəyərlərin bir xalqın içində oturuşması, başqa mədəniyyətlərin bir xalqa ciddi təsir eləməsi həmin xalqı bəşərilik səviyyəsindən məhrum eləyir. Xalq necə deyərlər, kölgəyə çevrilir bütövlükdə. Mədəniyyətlərin bir-birinə təsirini inkar eləmirik. Hər dəfə biz bunu deyirik. Ancaq bütövlükdə bir xalqın içərisində başqa mədəniyyətin oturuşmasını ölüm hesab eləyirik. Necə xalqsan ki, sən heç nə yaradıb ortaya qoymursan, ancaq təqlid eləyisən. Təqlid elədiyin bir vəziyyətdə sən necə bəşər ola bilərsən? Sən təqlidçilikdən çıxmaq üçün Millətçiliyə başlamalısan. Millətçilik – millətin ülvi mahiyyətini dəyərə çevirərək onu bəşər səviyyəsinə qaldırmaq və özünün kimliyini qorumaqdır. Millətçilik ayrı şey deyil. Başqa xalqları inkar əsasında millətçilik olmur. Biz elə millətçiliyi millətçilik saymırıq. O ayrı bir şeydir. İnam Türkçülüyü olmalıdır. Və onun əsasında türkçülüyün ideoloji əsasları öz həllini tapmalıdır. Eyni zamanda hesab eləyirik ki, bütün xalqlar sağlam, doğru millətçilik mərhələsi keçməlidirlər. Asif Ata deyir, Millətçilik əbədi prosesdir. O dayanmayacaq. Milləti var eləyən dəyər, milləti var eləyən keyfiyyət, milləti var eləyən mübarizə və inkişaf heç bir vaxt dayanmayacaq. Kim nə istəyir desin. Kim nə eləyir-eləsin. Bu gün onun qarşısını alırlar, amma bunun əbədi olaraq qarşısını ala bilməyəcəklər. Bu, sabah olacaq. Elə Türk olaraq bizim də xilasımız, Böyük Türk Dünyası yaratmağımız, böyük vəhdətə nail olmağımız məhz Millətçilikdən keçir. Türkçülük odur. Türkçülük müasir rusçuluq demək deyil, müasir ingilisçilik demək deyil. Qan-qada, başqa mədəniyyətlərin yerini dar eləmək, sıxışdırmaq, məhv eləmək, bölmək, parçalamaq, içəridən dağıtmaq, bu deyil! Biz türkçülüyü belə görmürük.







– Vüqar bəy, Türkiyədə keçirilən 12 iyun seçkiləri Türkiyə dövlətinə nə vəd edir?







Vüqar Bəyturan: Mən onu bilirəm ki, son seçki Türkiyədə yeni bir mərhələnin başlanğıcını qoyan bir hadisə oldu. Uzun illərdir ki, Ədalət və Qalxınma Partiyasının ətrafında olan siyasi və ideoloji dayaqlar, eyni zamanda “ruhani” güc aldığı Fətullah Gülən birlikdə təşkilatlanaraq bu seçkinin nəticəsində Türkiyənin siyasi spektrini dəyişdirdilər. Artıq əvvəlki seçkilərdən fərqli olaraq, indi Ərdoğan çox asanlıqla, ürəklə deyir ki, Adnan Menderesin davamçısıdır. Adnan Menderesi az qala Atatürk səviyyəsində lider kimi Türkiyə cəmiyyətinə təqdim etməyə başlayıb. Bu onu göstərir ki, Atatürk cumhuriyyətindən fərqli bir cumhuriyyətin qurulmasına start verildi bu seçkilərdən sonra. Ərdoğan öz istədiyi cümhuriyyəti qurmağa meyillidir və bura qədərki addımları da məqsədinə doğru inadla getdiyini göstərir. Amma bir məsələ burda maraqlıdır ki, Türkiyə cəmiyyətinin buna təpkisi, etirazı necə olacaq? Türkiyədə bu mövqeni bölüşməyənlərin bundan sonrakı davranışları necə olacaq? Təbii ki, Atatürkçülüyə qarşı mübarizədə Ərdoğan daha güclü görünür. Çünki onun yanında Qərb var. İlk növbədə Anayasanın dəyişilməsini irəli sürən Avropa Birliyi yalnız bu variantda Türkiyənin bu quruma qəbul olunmasını məqbul sayır. Çünki Türkiyə konstitusiyasında elə maddələr var ki, türk milli kimliyini qoruyur. Atatürk o maddələri Türkiyə Cümhuriyyətinin Anayasasına ona görə salıb. Bu gün Avropa Birliyinin fikri ilə Ərdoğan komandasının fikri üst-üstə düşür ki, həmin maddələr qaldırılmalıdır və yeni anayasa hazırlanmalıdır. Həmin anayasaya görə artıq türk milli kimliyi Türkiyə milli kimliyi ilə əvəz olunmalıdır. Bu da artıq o deməkdir ki, necə ki, bizdə 1993-cü ildən etibarən Azərbaycanlaşdırma siyasəti yeridildi və türkçülüyün sıradan çıxarılmasına cəhd olundu, eləcə də Türkiyədə həmin siyasətin inkişafı üçün bu seçkidən sonra ciddi stimul yarandı. Təbii ki, burada məsuliyyət həm də müxalifət partiyalarının üzərinə düşür. Əgər onlar bugünə qədərki yararsız və nəticə verməyən fəaliyyətlərini davam etdirsələr, təbii ki, Ərdoğan üçün öz ideyalarını gerçəkləşdirmək asanlaşacaq. Nəticədə Türkiyə bundan sonra görmək istədiyimiz Türkiyədən daha çox AKP hakimiyyətinin qurmaq istədiyi Türkiyəyə çevriləcək. Bu baxımdan hesab edirəm ki, Türkiyədə müxalif qüvvələr içərisində çox ciddi təmərküzləşmə, yeniləşmə, hədəfləri müəyyənləşdirmə istiqamətində addımlar olmalıdır. Hansısa liderin, hansısa siyasi partiyanın irəli və yaxud geri çəkilməsi deyil, keyfiyyət dəyişilməsi baş verməlidir. Düşünürəm ki, 12 iyundan sonrakı dönəm Türkiyə xalqı üçün bir sınaq dövrü olacaq. Bu xalq nə qədər Atatürk prinsiplərinə sadiqdir, məhz bu dönəmdə müəyyənləşəcəkdir. Çünki 9 illik AKP iqtidarının bütün zərbələrinin məntiqi nəticəsi məhz 12 iyundan sonrakı dövrə hesablanıb. Bu günə qədərki keçilən yol yalnız böyük dəyişikliklərə hazırlıq mərhələsini xarakterizə edir. Bundan sonrakı proseslər isə məhz həmin məqsədin yerinə yetirilməsinə hesablanıb. Bilirsiz ki, AKP hakimiyyətinin mənəvi-ruhani dayağı olan Nurçuluq və onun lideri Fətullah Gülən Amerika Birləşmiş Ştatlarında sığınacaq tapıb. Pensilvaniya ştatında Amerika Birləşmiş Ştatlarının hərbi, hüquqi müdafiə gücləri onu müdafiə edir, təhlükəsizliyini təmin edirlər. Hətta Ərdoğan onu dəfələrlə Türkiyəyə dəvət etsə də, onun təhlükəsizliyinə təminat versə də, ABŞ onu Türkiyəyə verməyib. Bu onu göstərir ki, Türkiyə ilə bağlı planların ilk həlqəsi məhz Fətullah Güləndir. Şəxsiyyəti, onun ortaya atdığı Nurçuluq ideyasıdır. AKP-nin özünə gəlincə, bu partiya artıq bizim “Yeni Azərbaycan” Partiyasına oxşayır. Nə baxımdan? Artıq Türkiyənin həm maddi resurslarına, həm ayrı-ayrı mətbuat vasitələrinə nəzarəti bu partiya öz əlinə alıb. Türkiyədə totalitar və diktator rejim qurulub. Türkiyədə bu gün demokratiyadan söhbət gedə bilməz. 2011-ci il 12 iyun seçkilərini AKP və Ərdoğan udmayıb, qorxu, hədə, maddi resurslar, beynəlxalq dəstək udub. Türkiyə xalqı burada ən axırıncı sırada gəlir. Yəni verilən səslər buraya qədər də həlledici rol oynamayıb. Seçkiyə üç gün qalmış Fransada, yaxud Amerikada olan sosioloji mərkəzlər bəyan eləyirlər ki, Ərdoğan 50 faizdən yuxarı səs yığacaq, Millətçi Hərəkat Partiyası parlamentə düşməyəcək, Cümhuriyyət Xalq Partiyası çox az səs yığacaq və sair. Bu onu göstərir ki, həmin dairələr Türkiyədə seçkinin nəticələrini planlaşdıran güclərdir. Yəni onlar istəyirlər ki, AKP hakimiyyətdə qalsın. Eyni zamanda seçkiyə bir gün qalmış Amerika Birləşmiş Ştatlarının Departamenti bəyanat verir ki, biz çox istəyərdik ki, AKP ilə əməkdaşlığımız bundan sonra da davam etsin. Bu artıq seçkinin nəticəsinə təsir yox, ondan da bir az irəli, kiminsə hansısa bir ölkəyə baş nazir təyin etməsi deməkdir. Təəssüf ki, Atatürk Türkiyəsində xalq buna hələ ki, dözümlü yanaşır. Bir millətin daxili işlərinə bu qədər müdaxilə etmək doğrudan da siyasi etikaya uyğun bir hərəkət deyil. Mən hesab eləyirəm ki, Türkiyə cəmiyyəti gec-tez öz müvazinətini və müqavimətini bərpa eləyib ciddi şəkildə bu proseslərə etirazını bildirəcək. Bu etirazlar Ərdoğanın və onun partiyasının taleyini Adnan Menderesin taleyinə bənzədəcək. Mən buna inanıram. İnamım ondan irəli gəlir ki, Türkiyə cəmiyyətində ciddi dövlətçilik ənənələri var. Xalqın içərisində bu ənənələr güclü təməllərini qoruyur. İnanmıram ki, Türkiyə xalqı razı olsun ki, bu günə qədər qazandığı uğurları tarixin bir dönəmində, on il müddətində bir siyasətçi və yaxud bir partiya silməyə nail olsun.







– Soylu bəy, bu suala sənin də cavab verməyini istəyərdim. Türkiyənin hakim partiyası AKP-nin üçüncü dəfə hakimiyyətə gəlməsi Türk dünyası üçün nə deməkdir?







Soylu Atalı: Doğrudan da biz hamımız gözümüzü Türkiyəyə dikmişik siyasi mənada. Çünki Türkiyə başqa türk dövlətlərindən fərqli olaraq, son dövrləri, sonuncu əsri götürsək dövlətçilik xassələrini özündə daha çox möhkəmlətdi. Bu cəhətdən başqa türk dövlətlərinin siyasi güvənc yeri kimi Türkiyəyə üz tutması təbii olaraq qəbul olunmalıdır. Bəli, ona görə də Türkiyədə baş verən olaylar, seçkilər, xarici-daxili siyasətin kurslaşdırılması, yönləndirilməsi doğrudan da bütövlükdə Türk Dünyası üçün həm maraqlıdır, həm də münasibətlərə, əlaqələrə, sonrakı birgə qənaətlərə birbaşa təsir göstərir. Buna görə də hesab edirik ki, məsələ olduqca düşündürücüdür. Konkret AKP məsələsinə gəlincə, Ərdoğan hakimiyyətinin qurulmasından üzü bu yana, əgər siz diqqətlə izləsəniz, mən əvvəldən mətbuatda ona qarşı tənqidi mövqe sərgiləmişəm. Ona görə ki, Ərdoğanın yürütdüyü siyasət, ortaya qoyduğu mövqe çox çılpaq özünü göstərir. Bu da, Türkiyənin və bütövlükdə türkçülüyün əleyhinədir. Birinci növbədə, AKP hakimiyyəti Türkiyə xalqının ruhuna hakim kəsildi. Xalqın ən incə, həssas yeri dini hisslərdir. Osmanlı dövrü başa çatanda, türklüyün ləğv olunduğu böyük bir imperiyada Atatürk dəyişikliklər elədi. Türkçülüyü qabartdı, türklüyü hər mənada dövlətin aparıcı amilinə çevirdi, gücünə çevirdi, yəni Türk dövləti yaratdı. Burada çatışmayan məsələlər vardı. Əlbəttə, Atatürk ifart ateist mövqe tutmadı, amma eyni zamanda dinçi mövqe də tutmadı. Aralıq bir vəziyyət. Nə idi bu? Olsun, olmasın? İnsanların şüuruna, varlığına hakim kəsilmiş bir dinçilik gedişi olub, yüzillərlə. Bunu birdən-birə doğrudan da ləğv eləmək mümükün deyil. Və qıraqda saxlamaq da mümkün deyil.



Mən burda əlavə eləmək istəyirəm. Asif Ata ona görə Mütləqə İnam Dünyabaxışı yaradıb.



Atatürkdən asılı olmayan bir boşluq yarandı. Həmin boşluqdan sui-istifadə elədi Ərdoğan hakimiyyəti, onun komandası. Onun ilk müdaxiləsi xalqın dini hissləri oldu. Xalqın dini hisslərinə müdaxilə eləməklə, tamamilə yeni bir hal yaratdı. İşin ən pis cəhəti ondadır ki, Ərdoğan bu dini xətlə Türkiyədə Atatürkün başqa prinsiplərinin də üstündən xətt çəkməyə girişdi. İndi orduda islahatlara girişiblər. Hələ, üçüncü dəfə seçiləndən sonra, biz bilmirik ki, daha hansı islahatlara gedəcəklər.



Bəli, Ərdoğanın hakimiyyətə üçüncü dəfə yiyələnməsində xarici qüvvələrin xüsusi rolu oldu. Burda əcayib maraq ortaya çıxır. Necə olur, Qərb həm İslamdan qorxur, həm də İslamı bayrağına çevirən belə bir partiyanı dəstəkləyir. Bu nə oyundur? Ad qoya bilərlər ki, bu vaxta qədər ərəb dünyasında İslam terrorçuluqla müqayisə edilir. İndi Türkiyə sivil, demokratik dövlətdir, İslamı da demokratik dövlətin inhisarına verirlər ki, o nizamlasın. Ona görə Qərb bunu dəstəkləyə bilər. Belə bir oyun ortaya ata bilərlər. Mən heç yerdə eşitməmişəm, sadəcə olaraq öz qənaətimi deyirəm. Ancaq olsun, tutalım ki, bu belədir. Ədoğan da bəyan eləyir ki, biz Ortadoğu Projesinin eş başkanıyıq. Və belə bir görüntü yaradırlar ki, guya Ortadoğu Projesinin əsas hədəfi Ortadoğuda, yəni Yaxın Şərqdə demokartik islahatlar aparmaqdır, demokratik quruluşlar, demokratik dövlətlər yaratmaqdır. İnsan haqlarını qorumaqdır. Çünki Orta Doğuda, əsasən müsəlman dövlətlərində əski baxışlardan xilas olmaq yoxdur, çox qapalıdır hər şey, və s. və i.a. Yəni bu cür adlar qoya bilərlər. Axı, bunu artıq bu gün sıradan bir adam da görür və bilir ki, Orta Doğu projesinin bu məntiqi zahiri oyundur. Əslində isə Orta Doğu Projesinin hədəfi yeni bölünmələr yaratmaqdır. O cümlədən Türkiyənin özünü bölmək qəsd olunur. Kürdüstan Dövlətinin yaranması ideyası aydınca ortalıqdadır. Bu Kürdüstan dövlətinin xəritəsi ortalıqdadır. O xəritə İran, İraq və Türkiyə sərhədlərini əhatə eləyir. İranda da ərazi İranın ərazisi deyil, Güney Azərbaycanın ərazisidir. İraqda da həmçinin, Kərkük, Mosul türklərin bölgələridir. Yəni Orta Doğu Projesinin əsas hədəfi budur, – Türkiyənin parçalanması, oyuncaq Kürdüstan dövləti yaratmaq. 40-cı illərdə yaratdıqları Yəhudi dövlətinə, keçən əsrin əvvəllərində yaratdıqları Ermənistan dövlətinə yeni bir dəstək yaradırlar. Üçüncü bir dövlət – Kürdüstan dövləti. Çünki türk dünyasını parçalanmış vəziyyətdə artıq Ermənistan dövləti vasitəsiylə saxlaya bilmirlər. Və hesab eləyirlər ki, bilməyəcəklər. Ərəb dünyasını nəzarətdə saxlamağın da sanki öhdəsindən gəlmək çətinləşir. Bu üçüncü bölücü dövlət vasitəsiylə də farsların, ərəblərin, türklərin idarə olunması həyata keçirilir. Onların nəzarətə götürülməsi, onların ələbaxan bir duruma salınması prosesi gedir. Ərdoğan da bunun eş başkanlığını edir. Bax, proses budur. Bunu bilə-bilə AKP hakimiyyətinin seçkidə udmasından Türk Dünyası nə gözləyə bilər? Və Türkiyənin parçalanması labüd şəkildə bütün türklərin əlaqələrinin daha da zəifləməsinə gətirib çıxaracaq. Bu gün Türk Dünyasının ayrı-ayrı dövlətləri türkçülük yönündən uyğunlaşdırılmış xarici siyasət yürütmürlər. Hərəsi özünə görədir. Və hər biri bu və ya digər şəkildə xarici qüvvələrin təsirinə məruz qalır. Hər biri bu və ya digər şəkildə idarə olunur. Bunların vəhdəti yaranarsa idarə olunmazlar. Mən əvvəldə təsadüfi demədim ki, bu gün Türk Dünyasının siyasi mənada gözü Türkiyədədir. Yəni güvənc yeridir Türkiyə. Türkiyənin də gözümüzün qabağında başına bu oyunlar açılır. Türkiyə addımbaaddım bölünməyə doğru çəkilir. Buna qarşı Müqavimət Hərəkatı yaratmaq əvəzinə, tamamilə başqatmalarla məşğul olurlar. Demokartik açılım bir oyundur, Erməni açılımı başqa bir oyundur. Kürdüstan dövlətinin yaranması üçün vaxt qazanılır burda. O proses gedir. Keçən əsrdə başlayıbdır bu proses. O gedir. Bizdə isə sanki heç nə yoxdur, seyirçi münasibətlər var. Bu gün ayrı-ayrı türk dövlətləri, Mərkəzi Asiya, Azərbaycan ayağa durmalıdır. Prosesi görürlər axı. Onlar dövlət idarə eləyirlər, bunu görmürlər? Görürlər! Niyə səsini çıxarmırlar ki, bu proses sabah nə ilə nəticələnəcək? Sən, Türk Dünyası seyirçi mövqedə dayandın, göz yumdun, sənin ortanda Ermənistan Respublikası yaratdılar. Seyrçi oldun, göz yumdun, torpağını yenidən parçaladılar, Qarabağ hadisəsi törətdilər. Seyrçi oldun, göz yumursan, Qarabağ sabah rəsmən olacaq Ermənistan Respublikasının tərkibi. Yəni gec-tez bir də görəcəksən ki, “həll olunmayan prosesləri dondurulmuş vəziyyətdə saxlamaq olmaz, bunu udanın xeyirinə həll eləmək lazımdır” deyəcəklər. Bir də gördün BMT buna qərar verdi, nə edəcəksən qərar verəndən sonra? Heç nə eləyə bilməyəcəksən! Seyrçi mövqedə dayandın, Kipr məsələsi gözümüzün qabağındadır. Seyrçi oldun, göz yumdun, Mosul-Kərkük taleyi gözümüzün qabağındadır. Seyrçi oldun, gözünü yumdun, Ahıska türklərinin taleyi gözümüzün qabağındadır. Seyrçi oldun, gözünü yumdun, Dağıstan türklərinin taleyi, seyrçi oldun, gözünü yumdun, Uyğurustan əriyib gedir və s. və i.a. Yəni sən seyirçi olursan, başının altına yastıq qoyursan, səni məhv eləməyə köklənmiş qüvvələr öz işini görür. O, layihə həyata keçirir, hər an. Bu mənada, AKP-nin yenidən Türkiyə hakimiyyətinə gəlməsi doğrudan da Türk dünyası üçün xoşagəlməz bir gələcək vəd eləyir. Ona görə yox ki, saydığım problemlər onun hakimiyyəti dönəmində baş verib, ona görə ki, AKP bu problemlərin daha da dərinləşməsinə zəmin yaradır. Mən hesab eləyirəm ki, bu gedişat Türkiyəni çox çətin bir duruma salacaq. Biz süni bir nikbinlik nümayiş etdirə bilmərik, bu gün vəziyyət çox mürəkkəbdir. Süni şəkildə biz deyə bilmərik ki, hər şey yaxşı olacaq. Ancaq elə bizim bu ağrımızın özü nikbinlikdir. Ağrının özüdür nikbinlik. Dərdimizin özü nikbinlikdir. Əgər bu vəziyyətdən ağrıyanlarımız varsa, bu elə ümiddir. Yəni fəlakətdən dərs götürmək məsələsi var. Fəlakətdən dərs götürmək və mübarizəyə başlamaq lazımdır. Nə qədər ki, mübarizəyə başlamamısan, süni bir nikbinlik nümayiş etdirə bilmərik. Mübarizəyə başlamalısan. Böyük Müqavimət Hərəkatı başlamalıdır. Türkiyədə başlamalıdır, Azərbaycanda da başlamalıdır. Başqa türklərdə də başlamalıdır. Bu söhbətimizin də adını istəyirəm qoyasan: “Türkiyədə yeni millətçilik dalğası başlamalıdır”.







– Vüqar bəy, Türkiyə-Azərbaycan münasibətləri sizi qane eləyirmi?



Vüqar Bəyturan: Bilirsiz, ilk növbədə, Türkiyə-Azərbaycan münasibətlərinə iki türk dövlətinin münasibətləri kimi baxılmalıdır. Amma təəssüf ki, tam mənada biz deyə bilmərik ki, Azərbaycan dövləti türk dövlətidir, çünki türk dövlətinin dəyərləri türkə məxsus olmalıdır, türk dövlətinin yeritdiyi xarici siyasət türk milli maraqlarına uyğun olmalıdır. Nə də ki, Türkiyə dövlətini tam mənada türk dövləti kimi qəbul eləyə bilmərik. Hələ ki, bu dövlətlərin adı, və yaxud da ki, təsviri türk dövləti kimi xarakterizə olunur, amma mahiyyəti türk dövlətləri deyil. Çünki bu dövlətlərin başında duranlar türk millətçiliyinə, türk dünyagörüşünə, türk təfəkkürünə əsaslanan siyasi qüvvələr deyil. Və onların bu gün yürütdüyü siyasət də Türk millətinin maraqlarından kənara yönəlib. Yəni özləri də bunu bəyan eləyiblər ki, biz Avropaya inteqrasiya yönündə siyasət yeridirik, biz qloballaşma tərəfdarıyıq və s. və i.a. Yəni bunu onlar özləri də inkar etmirlər. Əslində bizim istədiyimiz odur ki, türk dövlətləri ilk növbədə öz milli kimliyinə qayıtsın. Milli kimliyinə qayıtma məsələsində dövlətlərin yeritdiyi siyasətin müəyyənləşməsi problemi var. Milli siyasət yürüdülməlidir ki, Türk Birliyi yaransın, – türkün siyasi, hərbi, iqtisadi birliyi formalaşdırılsın. Amma görürsünüz ki, məsələn, Azərbaycan dövləti bunu eləmir. Əksinə, Azərbaycanın da, Türkiyənin də, digər türk dövlətlərinin də türk birliyi adına oyuncaq, qurama, aldadıcı jestləri var. Həqiqətdə isə Qərbin, yaxud da başqa bir beynəlxalq güclərin əlində oyuncağa çevrilmiş, siyasi çəkisi olmayan Turan nəzərdə tuturlar. Yəni onların istədikləri ilə bizim təsəvvür elədiklərimiz üst-üstə düşmür. 92-də də belə bir şey olmuşdu, sonrakı illərdə Heydər Əliyev dövründə də, İlham Əliyev dövründə də bu proseslər getdi – türk dövlətlərinin birliyi və əməkdaşlığı toplantıları keçirildı. Bu toplantılarda söhbət ancaq iqtisadi əməkdaşlıqdan və yaxud siyasi bəyanatların imzalanmasından gedir. Müstəqil Dövlətlər Birliyi kimi oyuncaq bir qurum, yarımqurum kimi toplaşmaqdan irəli addım atılmır. Bizim istədiyimiz bu deyil. Biz deyirik ki, türk dövlətləri digər birliklərdə iştirak etmək şərtilə, daha doğrusu, onlarla əməkdaşlıq etmək şərtilə öz aralarında hərbi-iqtisadi, mənəvi-mədəni bir birliyə nail olmalıdırlar. Qoy inteqrasiya ilk növbədə məhz bu dövlətlərin içərisində getsin. Qloballaşma deyirlər, qloballaşma ilk növbədə türk dövlətləri içərisində aparılmalıdır. Sonra dünyaya çıxaq. Yoxsa bizim 9 milyonluq Quzey Azərbayacanın dünyaya çıxaracağı mədəniyyət dünyanın digər xalqlarının ortaya çıxaracağı mədəniyyətlə qarşı-qarşıya gəlsə, biz o qədər də uduşlu mövqedə dayana bilməyəcəyik. Yalnız və yalnız belə mövqedə dura biləcək qüvvə və mədəniyyət türkün ümumi mədəniyyəti ola bilər.



Burda ideoloji problemlər də var, ruhani problemlər də. Mən diqqəti buna cəlb etmək istəyirəm. Ola bilsin ki, bir az sualdan yayınıram. Amma onu deməyə məcburam. Bizim ən böyük problemimiz türk millətinin öz İnamının (dininin) olmamasıdır. Türk millətçiliyi sözünün etimologiyasına fikir verək. Türk və millətçilikdən söhbət gedirsə, burada milətə bağlılıq, onu sevmək, onu ucaltmaq və s. və i.a. olmalıdır. Türk adı altında təkcə bioloji varlıq nəzərdə tutulmur. Türkün düşüncəsi türk düşüncəsi olmalıdır, yaşantısı türk yaşam tərzi olmalıdır. Türkün geyimindən, adət-ənənələrindən tutmuş hamısı milli kimliyinə, xarakterinə uyğun formalaşdırılmalıdır. Əgər bizim millətçiliyin alt bazasında başqa bir millətin ortaya gətirdiyi və onun üçün ən yaxşı özünü sırıma vasitəsi hesab olunan din dayanırsa, bizim millətçilik hansı nəticələr verə bilər? Türkiyədəki təcrübəni görürük. Türkiyədə türk millətçiliyinin alt bazasında islam dini dayandı və bu gün müxtəlif küçədə iki tədbir keçirilirsə, hər ikisindən eyni səda gəlir. Biri AKP-nin tədbiridir, digəri də MHP-nin. Hər ikisində “Ya allah, bismillah, allahü-əkbər” sədaları eşidilir. Bunların arasında heç bir fərq yoxdur. Baxmayaraq ki, biri özünü dinçi siyasi qüvvə elan eləyib, o biri millətçi. Yəni bizim də perspektivimizdə bu var. İlkin işartılarını da görürük. Burda çox incə bir məsələ var. O məsələ nədən ibarətdir? Bütün millətçi xətlər ilkin başlanğıcda dinə qarşı etirazını ortaya qoyur. Türkiyədə də bu olub. Azərbaycanda da olub. Sonradan yavaş-yavaş dinlə hesablaşmağa məcbur olublar, daha sonra dinin təsirinə düşürlər və özlərini millətçi-islamçı elan edirlər. Sonra bir az da keçir özlərinə islamçı-millətçi deyirlər. Bu nə ilə bağlıdır? Bayaq Soylu bəyin qeyd elədiyi məsələylə. Boşluq var. Atatürkün qurduğu cümhuriyyətdə də, düzdür milli cümhuriyyət idi, həqiqətən də türk ruhu orda özünü göstərirdi. Amma millət ruhani həyat olmadan yaşaya bilməz. Mən elə hesab edirəm ki, hökmən türk millətinin öz milli ruhunu ifadə eləyən, milli dəyərlərini ortaya qoyan sistem bütün millətin içərisində yayılmalıdır. Bir məsələni qeyd eləmək istəyərdim. Biz uzun müddət, “Türk Millətçi Gənclər Təşkilatı” olan dövrdə, Türk Millətçi Partiyası olan dövrdə islama yaxın getmirdik. Deyirdik ki, dini biz fərdin yaşayış tərzi kimi qəbul eləyirik. Onu ideologiyaya qatmırıq. Deyirdik ki, kim istəyir islama qulluq eləyə bilər, kim istəyir etməz. Yəni bu problemdən özümüzü yan tuturduq. Amma zaman keçdikcə gördük ki, bu problemdən yaxa qurtarmaq mümkün deyil. Yəni sən ondan qaçsan da, o səndən qaçmayacaq. Bu gün xoşbəxt millətlərdən biri yəhudi millətidir ki, onların millətçiliyi İudaizmə dayanır. Yəni onların milli dini var. Almanlar xristian dini içərisində öz cərəyanlarını formalaşdırıblar. Ermənilər Qriqoryanlığı bir milli dini cərəyan səviyyəsinə gətiriblər. Baxın, görün o millətlərin milli inkişafı hansı səviyyədədir, bizim milli inkişafımız, Türkiyənin milli inkişafı hansı səviyyədədir?! İstər-istəməz, hansı millət inkişaf eləmək istəyirsə, onun hökmən öz milli inamı olmalıdır.



Yenidən sizin sualınıza qayıdım ki, Türkiyə və Azərbaycan münasibətləri bayağı, qeyri-səmimi, şüarçı səviyyədə qurulmuş münasibətlərdir. Zorən xalqlararası münasibətə dayanan münasibətdir. Xalqlarımız bir-birini sevir, bir-birinə yaxındır, bir-birinə doğmadır deyə, rəhbərlik bunu nəzərə almağa məcbur olub. Şüarçılıqdan istifadə edilir və son nəticədə bu, inkişafa gətirib çıxartmır. Gərək xalqlarımız arasındakı münasibət bir-birini tanımaq səviyyəsində inkişaf eləsin. Ortaq Türk tarixini biz bilmiriksə, hansı dövlətlərlərarası münasibətlərdən söhbət gedə bilər? Mən hesab edirəm ki, hakimiyyəti idarə edənlər bu iki dövlətin bir-birinə yaxın olmasını arzulamırlar. Müttəfiqləri kənarda axtarırlar. Türkiyə, son zamanlar, fikir verirsinizmi, İranla, ərəb dövlətləri ilə daha çox yaxınlaşır, Qərbin birbaşa tapşırıqlarını yerinə yetirir. Arada da bir qeyri-səmimi, oyunçu xarakterli bəyanatlar verir. Bu, Türkiyənin, daha doğrusu AKP-nin siyasəti. Azərbaycan türk millətinin marağı bu siyasətdə yer tutmayıbdır. Bu siyasətdə ermənilər Azərbaycandan çox yer tutub. Ermənilərlə dostluq, qardaşlıq münasibətlərindən danışırlar. Ərdoğan bu yaxınlarda min erməni uşağını himayəyə götürdü, bu qədər Azərbaycanın qaçqın uşaqları ola-ola. Hətta Türkiyənin özündə belə maddi çətinliklər içərisində inildəyən insanlar, körpələr var. Onlar qala-qala dünya güclərinə xoş gəlsin deyə, min nəfər ermənini himayəyə götürür. Mən insanların üzərində dayanmaq istəmirəm, söhbətimiz Ərdoğanı, yaxud kimsəni müzakirə etmək deyil, biz daha qlobal yanaşmalıyıq məsələlərə. Amma bir şeyi deyim ki, bu adam hakimiyyətə gəldiyinin ikinci ilində dedi ki: “mən anamdan soruşdum, biz kimik? Dedi, əlhəmdullah, müsəlmanıq. Atamın yanına getdim, soruşdum, biz kimik? Dedi, Əlhəmdullah, müsəlmanıq. Mən də deyirəm ki, Əlhəmdullah, müsəlmanıq”. Bu, onun öz millətinə açıqlamasıdır. Gürcüstanda səfər zamanı isə dedi ki, mən gürcüyəm. Yəni demək istəyirəm ki, Türkiyə və Azərbaycan arasındakı münasibətlərin qurulmasından, inkişafından tutmuş, Türkiyənin normal məcrada inkişafına qədər bütün hədəfləri ancaq o adam yerinə yetirə bilər ki, o, ilk növbədə öz türk milli kimliyini dərk etsin və yaxud türk milli kimliyinə sahib olsun. Bu sahiblikdən kənarda olan adam türk millətinə, türk dünyasına heç bir xeyir verə bilməz.







– Soylu bəy, son sualımı sənə ünvanlamaq istəyirəm. Ümumiyyətlə seçki mexanizmi özünü doğruldurmu? Demokratik seçkiyə alternativ olan hansısa bir mexanizm ola bilərmi?







Soylu Atalı: Seçki məsələsi Demokratik Quruluşun ortaya gətirdiyi bir mexanizmdir. Təbiidir ki, başqa variantlardan bu üstün olub. Ancaq bütövlükdə insanlıq baxımından götürəndə bu seçki də özünü doğrultmur və əsasən dediyimiz kimi, oyun xarakterinə çevrilir. Niyə özünü doğrultmur? Gəlin görək hakimiyyətə gələnlər kimlərdir? Hakimiyyət istəyənlərin hamısı pulçudur. Pulçu və pulu olandır. Pulu olmayan hakimiyyətə gələ bimir. Pulu olmayan hakimiyyətə gələ bilmirsə, seçki marafonu deyirlər, seçki marafonuna da çıxa bilmir. Seçki marafonuna çıxa bilmirsə, onu kim seçəcək?! Kim çıxırsa, onu seçirlər də. Yəni pulçuların arasından seçdirilir. Pulçuların arasından seçir xalq. Pulçular isə heç bir milli keyfiyyətlərə xas olan adamlar deyillər. Milli keyfiyyət daşıyıcıları deyillər. Bir adamın ki, bütün şüurlu həyatı pulçuluğa həsr olunsun, qazanca həsr olunsun, onun beyni, düşüncəsi, fikri pulla əlləşsin, o, millət üçün, millətçilik üçün hansı uğurlu addım ata bilər və hansı uğurlu düşüncələrə gəlib çıxa bilər? Heç bir. Bu gün bütün dünya təcrübəsində belədi, seçkiyə gedən seçilmək, özünü seçdirmək üçün yalnız şüarlardan və vədlərdən istifadə eləyir. Başqa sözlə, xalqı aldadır. Seçilən hər kəs xalqı aldadır. Vəd verir. Guya ədaləti bərqərar eləyəcək, tutalım ki, sənə firavan güzaran gətirəcək, tutalım ki, hakimiyyət doğrudan da sənin hakimiyyətin olacaq, yəni demokratiya deyilən bir şey öz məntiqi nəticəsini göstərəcək və s. Necə göstərəcək? Bəzən deyirlər ki, Qərb Azərbaycana demokartiya gətirir, Azərbaycana təsir göstərir. Azad dünya, demokratik dünya ayrı şey fikirlərşir, ayrı şey istəyir. Nə istəyir? Nəyi aradan qaldıracaq? Hamı da deyir ki, korrupsiyanı istəmir Qərb. Azərbaycanda korrupsiya var. Məgər Qərbdə yoxdur korrupsiya?! Bir dünya ki, pulçuluğa əsaslansın. Pulçuluq nə deməkdir? Rüşvət və korrupsiya deməkdir də. Pul nəyin hesabına yığılır? Rüşvətin, korrupsiyanın. Yeyintilərin hesabına yığılır da bu pul. Xalqı soyub, talamağın, mənimsəməyin hesabına yığılır da bu pul. Yəni bu ola-ola, necə ola bilər ki, durub deyəsən pulçular gəlib hansısa ciddi dəyişikliklər eləyəcək? Bu mümkün deyil. Ona görə də “demokratik seçki” deyilən bir şey görürük ki, özünü doğrultmur. Adı çox yaxşı səslənir. Seçki, xalq seçməlidir. Bu xalqı bunlar uçururlar. Milli şüurunu məhv eləyirlər. Onun güzəranını məhv eləyirlər. Onu bu problemlərin içərisinə atırlar. Sonra da durub ona şirin vəd verirlər, aldatmaqla özlərini seçdirirlər. Proses budur. Ayrı proses yoxdur dünyada. Biz Türkiyəyə baxırıq, Amerikaya baxırıq, deyirlər Qərbdə, Avropa ölkələrində hər şey əladır. Elə deyil. Azərbaycanla müqayisədə elədir. Ümumiyyətlə, Qərb ölkələrinin, Avropa ölkələrinin yaxşı olmasının fərqi nədədir? Onlar Azərbaycan kimi dövlətlərin üzərində ağalıq eləyir, onlara basqı edib demokartiya dərsi keçə-keçə istədiklərini qoparırlar, sərvətlərini daşıyırlar. Həmin sərvətlərin müəyyən hissəsini öz dövlətində bir sıra sosial problemlərin həllinə yönəldirlər, ölkəsindən götürdüyünü isə öz bazalarına yığırlar. Bizimkilər isə bir qismini qurban verirlər o tərəfə, bir qismini də xalqdan sorub, öz bazalarını yaradırlar. Bəli, fərq budur. Ayrı fərq yoxdur.



Adətən yeni bir təklif, yeni bir şey idealist bir baxış kimi qəbul olunur. Hamı ifrat realistlik eləyir. Realistlik də nədir? Olanı görmək, olanla hesablaşmaq, olanla kifayətlənmək. İdealizmi xəyalpərəst, xülyapərəst olmaq mənasında demirəm, idealist olmaq realistliyin özünü də müəyyən bir inkişafa yönəldir də. Çünki olmalını təklif eləyir. Ona doğru getmək lazımdır. Olan azdır, olan doğru deyil. Olan yanlışdır. Olan ədalətsizlikdir. Ancaq əksəriyyət buna mücərrəd baxır, xəyali bir şey kimi yanaşırlar və qəbul eləmirlər. Nəzərə almaq lazımdır ki, hər bir quruluş da, mexanizm də ideya da əvvəl nəzəri şəkildə olur, söz şəklində olur. Sonra o gerçəkləşir. Ona görə də biz heab eləyirik ki, xalq adına yaranan bütün oyunlar gec-tez ləğv olunacaq. Ləğv olunmasa bəşər yaranmayacaq. Bu oyunlar aradan getməlidir.



Asif Atanın “Ruhani Dövlət” ideyası var. Ruhani Dövlət dini dövlət anlamına gəlmir. Yəni İnsani dövlət. “İnsanilik” qanunlarıyla idarə olunan dövlət. İnsanilik qanunları ilə idarə olunan dövlət tamam başqa bir şey olacaq.



Bir vaxtlar inanmazdılar ki, sosializm olacaq, yaxud sonradan ləğv olunacaq. Buna da inanmazlar. Amma bəşəriyyətin yönü onadır. Ayrı çıxış yolu yoxdur. Dövlətin başına gələn adam pul xərcləyib ora getməməlidir. Pulçuluq aradan qalxmalıdır. Əgər bu olacaqsa, onda dövlətin yükünün altına girən insanı xalq xahiş eləyib gətirəcək. O, özü məsuliyyətin ağırlığını hiss eləyib gələcək. Daha ora milyonlar xərcləməyəcək, ora yüyürməyəcək. Ora niyə yüyürür, niyə seçilirlər? Deyirlər, mən xalqın güzəranını düzəldəcəm, dövləti inkişaf etdirəcəm. Yalan deyir. “Mən xalqı soyacam, mən varidat toplayacam. Mən öz güzəranımı yaxşılaşdıracam. Mən özümü tarixə salacam”. Budur! Buna çalışır. Qalan hamısı boş vəddir. Necə sən xalqı xilas eləməyə gəlirsən ki, sənin milyonunu balta kəsmir. O, milyonunu qorumaq üçün gəlir. Milyonunu artırmaq üçün gəlir. Müasir dövr budur. Biz hesab eləyirik ki, gec-tez Ruhani Dövlət idealı gündəmə gələcək. Lazım gəlsə ayrı bir mövzuda aça bilərik, Asif Atanın Ruhani Dövlət idealını. İnsani qanunlar əsasında yaranan dövlətçilik. İnsani quruluşdur. O quruluşun bütün atributları, hamısı işlənilib, var, - Asif Atanın Xəlqi Birlik – Ruhani Cəmiyyət idealında.







Vüqar Bəyturan: Mən icazənizlə, bir əlavə eləyim. Demokratiya ilə bağlı fikirlərimi bildirmək istəyirəm. Bunu iki cür xarakterizə eləyirlər. Bir deyirlər ki, hakimiyyət gücdür. Hakimiyyət gücdürsə, bunu xalqa təqdim eləmək lazımdır. Ona görə də bu gücü maskalamaq üçün, bu gücü xalqa təqdim eləmək üçün demokartiya düşünülüb. Yəni sən guya məni hakimiyyətə gətirirsən. Amma əslində o, demokratik yolla seçilmir. Bu, partiyamı deyək, şəxsiyyətmi deyək, o sadəcə bunun bir görüntüsünü yaradır ki, guya demokratik seçki oldu. Guya kimsə kiməsə səs verdi. Bununla da hakimiyyət formalaşdırıldı. Əslində bu, gücün maslkalanmış formada təcəssümüdür. Həmin demokratiya məsələsinə ikinci bir baxış var ki, guya güc hakimiyyətdir, zəif olanlar birləşirlər, yığışırlar, müqavimət göstərirlər, gücə təzyiq edirlər və yavaş-yavaş istəklərinə nail olurlar və demokratiya qurulur. Bu da zəiflərin hakimiyyətidir. Yəni o baxımdan bu da bizə lazım deyil. Cəmiyyətdə nə zəiflərin hakimiyyəti bərqərar olmalıdır, nə də güclülərin hakimiyyəti. Demokratiya vasitəsilə çoxluğun da hakimiyyəti ola bilər, azlığın da. Amma tamın hakimiyyəti deyil. Xalqın milli dəyərləri həmin hakimiyyətdə öz əksini tapmır. Yarımçıqlıq var demokratiyada. Müəmmər Qəddafinin bir “Yaşıl kitab”ı var. Orda çox açıq-aydın demokratiyanın çatışmazlıqlarını göstərib. Amma təklif elədikləri ondan daha eybəcərdir. Nəyə gətirirəm sözümü? Demokratiyanı tam müdafiə edənlərin özləri də qəbul ediblər ki, demokratiya çox iyrənc bir şeydir. Amma bəşəriyyət ondan yaxşısını hələ ki, icad eləməyib. Amma mən hesab edirəm ki, demokratik sistemdə yaşamağı xalq arzulasa belə, mütləq ona hər hansı dəyişikliklər olmalıdır. O dəyişikliklər nədən ibarətdir? İlk növbədə, milli məsələlər burda nəzərə alınmalıdır. Liberal demokratiya ola bilməz. İnsan hər cəhətdən azad olsa... Elə şeylər var ki, o sərhədlər mövcud olmalıdır. O sərhədləri keçmək olmaz. Əgər insan bütün sərhədləri özündən arxada qoysa, o zaman insan olmayacaq. O zaman yırtıcı ilə onun arasında heç bir fərq olmayacaq. Bu baxımdan mən hesab edirəm ki, sədlər mütləq olmalıdır. İkinci, müdriklik səddi olmalıdır. Asif Atadan Soylu bəy misal gətirdi, Ruhani Dövlət məsələsi. Düzdür, mənim o barədə tam açıqlığı ilə təsəvvürüm yoxdur, çox azdır təsəvvürüm. Amma mənim də fikirlərim o sahəyə yönəlir. Yəni elə bir şeylər olmalıdır ki, cəmiyyətdə, yaxud dövlətdə, onlar toxunulmaz olsun. Elə şeylər olmalıdır ki, xalq onlara müqəddəs kimi baxsın. İdarəetmədə də əsas şərt ondan ibarətdir. Konfutsinin də əsərində bunu görmüşük, başqa filosofların da əsərində görünübdür bu. Hakimiyyətin ən böyük gücü onun müqəddəs qanunlarla qorumasındadır. Onun pulunda, yaxud zorunda deyil. Ruhani dövlət ideyası öyrənilməlidir. Əgər ehtiyac varsa, müzakirə də oluna bilər, təkmilləşmə ilə bağlı fikirlər də ola bilər. Amma Azərbaycan cəmiyyətinə yeni milli dəyərlər təqdim olunmalıdır.







Soylu Atalı: Mən də bir-iki əlavə eləyim. Vacib bir məsələdir, yaxşı bir mövzudur özü də. Mən də hesab eləyirəm ki, doğrudan da qoy dünyada Türk İdarəetmə sistemi yaransın. Niyə biz Qərb idarəetmə sistemi ilə yetərlənirik? Türk İdarəetmə sisteminin də əsasları qoyulsun. Axtarılsın, mütəxəssislər işləsin üzərində, ciddi şəkildə. Biz hesab eləyirik, Mütləqə İnam Ocağı olaraq, birinci növbədə xalqın ləyaqətini yaratmaq lazımdır, milli kimliyini yaratmaq lazımdır ki, xalq özünə lazım olanı seçsin. Seçki onda özünü doğruldar. Yoxsa xalqı uçurub məhv eləyirsən, sonra xalqa deyirsən gəl seç. Xalq kimi seçəcək? Yenə deyirəm, pulçu ortaya çıxır, onu seçir. Xalq ona yanan, ona ağrıyan kənarda qalanı tanımır, görmür, bilmir. Və seçmir də. Məsələ bundadır. Ona görə də bəli, düşünülməli və işlənilməli bir mövzudur. Zaman-zaman bunu gündəliyə gətirək. Zaman-zaman bunu müzakirələrə verək. Qoy bizi tənqid eləsinlər. Amma biz bilək, görək onlar nə deyirlər? Sağlam tənqidə də çox sayğıyla yanaşırıq.







– Cavablarınıza görə çox sağ olun, təşəkkür eləyirəm.



















Söhbəti apardı: Asif Ata Ocağının Evladı



Göylü Atalı







Yorumlar









Aktif Ziyaretçi 53
Dün Tekil 2050
Bugün Tekil 832
Toplam Tekil 4079610
IP 18.118.1.232






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























18 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Hepiniz birer T rk Bayra s n z. Bayra lekelemeyin, kirletmeyin yere d rmeyin.
(Alpaslan T RKE )


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 6.914 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu