TÜRK BİRLİYİ PROJESİ: GEOPOLİTİK ƏHƏMİYYƏTİ VƏ BAŞLICA PROBLEMLƏRİ - Əhməd Şahidov - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









TÜRK BİRLİYİ PROJESİ: GEOPOLİTİK ƏHƏMİYYƏTİ VƏ BAŞLICA PROBLEMLƏRİ - Əhməd Şahidov
Tarih: 19.12.2010 > Kaç kez okundu? 2451

Paylaş


Türk Dünyasının geopolitik əhəmiyyəti

Dünya hakimiyyət nəzəriyyələri və Türk dünyası

Yer üzünün çox istiqamətli araşdırılması sayılan geopolitika eyni zamanda siyasi coğrafiya ilə də oxşar cəhətlərə malikdir. Geopolitikanın qurucusu sayılan professor Fridrix Ratzel (1844-1904) Münhen və Leypsiq universitetlərində Siyasi Coğrafiya dərsləri tədris etmiş bir alman elm adamıdır. Ratzel deyir ki, “Dövlət – bir hüceyrədən meydana gələn bir orqanizmdir. Dövlət inkişaf və yayılmağı arzu edir. Dövlətin genişlənmə siyasəti primitiv və kiçik dövlətləri kənardan zəbt yolu ilə mümkün olur.”



Hətta Ratzel daha da irəli gedərək “Bu kiçik planetdə yalnız bir böyük dövlət üçün lazımlı şərait mövcuddur” deyərək, genişlənmə və müstəmləkəçilik ruhunu açıqca ortaya qoymuşdur. Bu fikir əvvəlcə, Almaniyada mənimsənilmiş və daha sonra bütün Avropa ölkələrində qəbul olunmuşdur. Müstəmləkəçilik ruhunun kuliminasiya nöqtəsinə çatdığı o zamanın Avropası Birinci Dünya Müharibəsini yaşamışdır. Nəticədə, sənaye inqilabını da həyata keçirən Avropanın dünya hakimiyyətinə qucaq açdığının şahidi oluruq.



Ratzelin fikirləri özündən sonra gələnlərə böyük ölçüdə təsir etmiş və müxtəlif geopolitik görüşlərin ortaya çıxmasına səbəb olmuşdur. Bunların başında Münhen Universitetində Siyasi Coğrafiya və Hərbi Tarix dərsləri tədris edən Karl Haushofer (1869-1946) gəlir. 1924-cü ildə “Zeitscrift Für Geopolitik” jurnalını çıxaran Haushofer dövlətin mövqe sahəsini ən əhəmiyyətli güc amili olaraq görürdü. Onun fikirləri II Dünya Müharibəsində Hitlerin siyasətində öz əksini tapmışdır.



Haushoferin müasiri Halford Mackinder (1861-1947) London Universitetində Coğrafiya professoru və İngilis Kral Coğrafiya Cəmiyyəti İkinci Başçısı vəzifələrini icra edərkən, eyni zamanda dünya müharibəsinə gətirib çıxaran və təxminən 12 milyondan çox insanın ölümünə səbəb olan “Qara Hakimiyyət Nəzəriyyəsi”ni ortaya qoymuşdur. Mackinder öz fikirlərini 1919-cu ildə nəşr etdirdiyi “Demokratik İdeallar və Gerçək” adlı əsərində ifadə etmişdir. Həmin fikirləri bu şəkildə təsnifatlandırmaq olar: “Şərqi Avropa ilə Sibir bölgəsi dünyanın “Heartlandı”nı (Ürək Sahəsi) yaradır. Heartlandın ətrafındakı Balkanlardan Çinə qədər uzanan sahə isə “İç və ya Kənar Aypara”, ya da “Rimland” qurşağıdır. Bunun xaricində qalan Amerika-Afrika-Avstraliya-Yaponiya xətti isə “Xarici və ya Kənar Aypara”, ya da “Dünya Adasının Peykləri” olaraq qəbul edilir”. Mackinder dünyanı bu şəkildə təsnifatlandırdıqdan sonra, nəzəriyyə kimi formalaşmış fikrini bu şəkildə inkişaf etdirmişdir: “Şərqi Avropaya hökm edən bir dövlət Heartlanda hakim olar. Heartlanda hökm edən isə əvvəlcə “İç və ya Kənar Aypara”, ya da “Rimland”a hökm edər. Sonra da “Xarici və ya Kənar Aypara”ya, yəni bütün dünyaya hakim olar.”



“Quru Hakimiyyət Nəzəriyyəsi” kimi tanınan bu fikirdə müsəlman Türk dünyasının yeri “Daxili və ya Kənar Aypara” qurşağı içindədir. Haushofer və Mackinderin fikirləri xüsusilə Hitler tərəfindən qəbul olunmuş və II Dünya müharibəsi zamanı tətbiq mərhələsinə qədəm qoymuşdur. Daha sonra Sovet Rusiyası bu fikri reallaşdırmaq üçün 70 il boyunca Avrasiyanı qan gölünə çevirmişdir.



Mackinderin bu fikrinə zidd fikirlər inkişaf etdirilmiş və bu mövzuda Amerika Birləşmiş Ştatları (ABŞ), xüsusilə “Kənar Qurşaq Nəzəriyyəsi”, “Dəniz Hakimiyyət Nəzəriyyəsi” və “Hava Hakimiyyət Nəzəriyyəsi”ni ortaya atmışdır. ABŞ-ın Yale Universitetində beynəlxalq münasibətlər üzrə professor Nicholas J. Spykman (1893-1943) Mackinderin fikirlərinə qarşı bir başqa fikir inkişaf etdirmiş və “Kənar Qurşaq Nəzəriyyəsi”ni irəli sürmüşdür. Bu fikirlə hakim güc Heartland deyil, Xarici-Kənar Aypara üzərindəki ölkələrdir. Bunların başında ABŞ gəlir. Ancaq Heartlanda çatmaq üçün Daxili-Kənar Ayparanın, yəni müsəlman Türk dünyasının ələ keçirilməsi şərtdir.



Spykmandan başqa, ABŞ-da yaşayan Admiral Alfred Mahan (1840-1914) “Dəniz Hakimiyyət Nəzəriyyəsi”ni, polkovnik Hausy Scitaklian və bir çox amerikalı hava mütəxəssisləri isə “Hava Hakimiyyət Nəzəriyyəsi”ni inkişaf etdirmişlər. Ümumiyyətlə, bəşəri güc mənbəyinə əsaslanan Dəniz və Hava Hakimiyyət nəzəriyyələri ABŞ və İngiltərə tərəfindən mənimsənmiş və tətbiq edilmişdir. Tətbiq, xüsusilə II Dünya müharibəsi ilə birlikdə başlamış və hal-hazırda davam edən və III Dünya Müharibəsi deyə biləcəyimiz regional döyüşlərdə hələ də qüvvədədir.



Şübhəsiz ki, dünyaya hakim olmaq üçün əvvəl Müsəlman Türk Dünyasını (Daxili-Kənar Ayparanı) işğal etmək gərəkdir. Birinci və İkinci Dünya Müharibələrindən sonra Türk Dünyasına olan hücumlar və işğallarda, şübhəsiz ki, bu fikirlərin təsiri böyükdür.



Ortaya atılan bu nəzəriyyələrin istiqamətində dünya fəthinə ilk olaraq Almaniya atılmışdır. Ancaq hər iki dünya müharibələrində məğlub olmuş və xəyalları suya düşmüşdür. Daha sonra quru hakimiyyətinə Sovet Rusiyası sahib çıxmışdır. O da ki, 70 il keçmədən dağılmağa labüd olmuşdur. Digər üç nəzəriyyəyə isə ABŞ sahib çıxır. Ancaq bu ölkə hələlik müvəffəqiyyətli kimi görünsə də, daxilən çökməkdədir. Çünki dünya hakimiyyətinə atalıq etmək ABŞ-ın özünə, həqiqətən çox baha başa gəlməkdədir.



Mərkəzi Türk Hakimiyyət nəzəriyyəsi



Halbuki bütün bu görüşlər təməldə əsassızdır. Çünki, Şərqi Avropa da Sibir Heartland (Dünyanın ürəyi) ola bilməz. Hər şeydən əvvəl ürək mərkəzdə və ətrafı bütün təhlükələrə qarşı qorunmuş bir mövqedə olmalıdır. Halbuki, bu bölgə Şimal Qütbünə olduqca yaxın, iqlim şərtləri baxımından insan yaşamasına uyğun olmayan bir bölgədir. İnsansız bir qala, əlbəttə ki, heç bir məna ifadə etməz.



O halda yer üzündə coğrafiyanın və geopolitikanın cızdığı anlayış və ölçülər çərçivəsində möhkəm bir qala, yəni dünyanın ürəyini axtarmaq lazımdır. Mövzu tamamilə ələ alınıb araşdırıldığında, “Anadolu yarımadası” bütün ölçülərə uyğun gəlməkdədir. Çünki Anadolu Asiya, Avropa və Afrika qədim quru kütlələrinin bitişmə nöqtəsində yer almaqdadır. Yarımadanın üç tərəfi dənizlərlə əhatə olunub. Yüksəklik baxımından qitələrin ən ucası olan Asiyadan (orta hesabla 1010 m.) də xeyli yüksək (Türkiyənin orta yüksəkliyi 1132 m.) bir quru hissəsini təşkil edir. Asiya və Afrikaya bitişik olduğu seqmentlərdə keçilməsi çətin sıra dağlar yer almaqdadır.



Bütün bu ümumi xüsusiyyətləriylə Anadolu tam bir qalanı xatırladır. Qalanın Asiyaya açılan bürcü Malazgirt, Avropaya açılan bürcü isə İstanbuldur. “Mərkəzi Hakimiyyət Nəzəriyyəsi” adını verə biləcəyimiz bu fikrə görə, “Anadolu yarımadası Heartland, Heartlandı əhatə edən Balkan yarımadası, Qafqaz, İran, Ərəbistan və Şimali Afrika, qısası Balkanlar və Yaxın Şərq bu dünya qalasını əhatə edən daxili çevrəni meydana gətirir. Bunun xaricindəki quru parçaları isə xarici çevrəni, ya da dünya adasını təşkil edir. “Bu fikir çərçivəsində belə bir nəticəyə gələ bilərik: “Dünya qalasını (Anadolunu) əlində tutan bir millət daxili çevrəyə hökm edər. İç çevrəyə hökm edən bir millət isə xarici çevrəyə, yəni dünyaya hakim olar.”



Şübhəsiz, bir nəzəriyyənin doğruluğu isbat olunmaqla mümkün olacaq. Məhz bu nəzəriyyə tarix boyunca üç dəfə isbat edilmişdir. Qərbə açılan bürcü İstanbul ilə birlikdə Anadolu e.ə. II əsrin ortalarından eramızın 395-ci ilinə qədər Roma, 395-1453-cü illər arası Şərqi Roma və 1453-1923-cü illər ərzində isə Osmanlı İmperatorluqlarının (Hərçənd Anadoluda Türk hakimiyyəti 1071-ci il Malazgirt zəfəri ilə başlayır) hakimiyyətlərində əsas nüvəni yaratmış və qala vəzifəsini yerinə yetirmişdir. Söz mövzusu olan bu qala 1923-cü ildən bugünə qədər də Türkiyə Respublikası sərhədləri içində yer almaqdadır.



Fateh Sultan Məhəmməd İstanbulu fəth etdiyi zaman Georgios Trapezuntios belə demişdir: “Roma İmperatorluğunun paytaxtı Konstantinopolisdir… Dolaysıyla, siz romalıların qanuni imperatorusunuz… Və kim ki, romalıların imparatorudur və elə olaraq da qalır, o, eyni zamanda bütün dünyanın imparatorudur.”



Və tarixçi-yazıçı Filip Mansel belə deyirdi: “Vyanalılar öz şəhərlərinin tək “Kaiserstadt” (İmperiya şəhəri) olduğunu və Avropanın paytaxtı olmağa layiq olduğunu düşünürdülər. İsfahan xalqı öz şəhərlərinin “Dünyanın yarısı” olduğunu iddia edirdilər. Konstantinopolis (İstanbul) vətəndaşları isə şəhərlərinin “Kainatın mərkəzi” olduğunu bilirdilər”



Mansel belə davam edir: “Şəhərlərin şahzadəsində doxsan iki imperator hökm sürdü. Dünyanın başqa heç bir şəhərində bu qədər uzun müddətli bir imperiya yoxdur… Dünyanın gözünü dikdiyi şəhər olan Konstantinopolis qala divarları ilə hörülmüştü. Heç bir şəhər bu qədər hücuma və mühasirəyə məruz qalmamışdı. Döyüşdə şeytan və barışda mələk adlana biləcək şəkildə, eyni ölçüdə qəhrəman və insancıl olan Türklər dünyanı idarə etmək üçün doğulmuşdular…”



Millətlər döyüşlərdən doğular və fəthlər onları ucaldar. Osmanlı İmperiyası da elə olmuşdur. Osman Qazi, Orxan Qazi, I Murad, İldırım Bəyazid və II Murad ilə davam edən döyüşlər nəticəsində Osmanlı dövləti doğulmuş və İstanbulun fəthi ilə yüksələrək dünya imperatorluğu adını almışdır.



Görünür, Anadolu yarımadasında yaşayan dövlətlər, həqiqətən uzun ömürlü bir imperatorluqdurlar. Belə ki, hər bir imperatorluğun öz dövründə bütün dünyaya hökm etdikləri də bilinən bir həqiqətdir. Dünya qalasının digər bir xüsusiyyəti də, şübhəsiz ki, bu olmalıdır.



Dünyanın qalası sayılan Anadoluda isə bugün Türklər yaşamaqdadır. Dünya Qalasının ətrafını təşkil edən daxili çevrələr olsa da, yenə Türklər çoxluq təşkil edirlər. Mövqe olaraq, müsəlman Türk Dünyası Avropa ölkələri və Rusiyaya qarşı böyük bir aypara şəklində ətrafa yayılıb. Bu böyük aypara eyni zamanda, digər İslam ölkələrinin şimalında Qərbi Avropa və Rusiyadan gələ biləcək hər cür təhlükəyə qarşı bir qalxan vəzifəsini oynamaqdadır. Bu baxımdan, Türk dünyasının geosiyasi əhəmiyyəti çox böyükdür. XX əsrdə dünyamızda çoxlu sayda regional döyüşlərin yaşanması dünya qalası və daxili çevrədə birliyin qorunub saxlanılmaması səbəbindən baş vermişdir. Bəlkə də XXI əsrdə Müsəlman Türk Dünyası bu geopolitik üstünlüyündən istifadə edərək, yenidən dünya sülhünü təmin edəcək.



Türk Dünyasının başlıca problemləri



Türk Dünyasının gələcəyi haqqında bəzi düşüncələr və arzular mövcuddur. Şübhəsiz ki, bu düşüncə və istəklərin başında sülh, birlik və bərabərlik gəlir. Bununla belə, gələcəkdə yaranacaq Türk Dünyası üçün bəzi keçilməsi labüd olan maneələrə nəzər yetirək:



1. Bugün dünyada 250 milyondan çox Türk vardır. Bunlar dünya coğrafiyasına geniş bir ölçüdə yayılmışdır. Türk qrupları öz aralarında dil baxımından bir az çətin anlaşırlar. Ləhcələr bir-birindən fərqlidir. Bundan başqa, Türk dünyasının danışdığı Türk dilinə olduqca çoxlu sayda xarici söz və kəlmələr daxil olmuşdur. Türkiyə Türkcəsinə ingilis, fransız, alman, ərəb, Sovet Türk Ölkələri dillərinə rus, Şərqi Türküstan dilinə çin dilindən sözlər daxil olmuşdur. Əgər bugün Türk Dünyası insanları bir-birilə anlaşmaqda çətinlik çəkirlərsə, bu, keçmişdə yaşanan dil korlanmasından qaynaqlanır. Bu qarışıqlığı aradan qaldırmaq üçün “Türk Dünyası Dil Təşkilatı” qurulmalıdır və ortaq bir dil lüğəti ortaya çıxarılmalıdır.



2. Həm birbaşa və həm də dolayı yolla istismar edilən Türk Dünyası mədəniyyət baxımından da zəiflədilməkdədir. Bugün Türk İnsanının ən çox narahat olduğu mövzu mədəniyyətin korlanmasıdır. İngilis, amerikan, rus və çin mədəniyyətlərinin təsirləri altında inim-inim inləyən Türk Dünyası heç cür öz mədəniyyətinə qayıda bilməmişdir. Mədəniyyət korlanmasının qarşısı alınmalıdır. Bunun üçün də Türk ölkələri öz arasında ortaq mədəniyyət anlaşmaları imzalamalı və mədəniyyət alış-verişini təmin etməlidir.



3. Türk ölkələrinin əkinçiliyi, heyvandarlığı, mədən və sənayesi fərqli şəkildə inkişaf etməkdədirlər. Ölkələr bir-birlərinə dəstək verdiyi halda, iqtisadi bir bütünlük müşahidə olunacaq. Hərçənd ki, bu bütövlüyü pozmaq üçün bugün ABŞ, İngiltərə, Fransa, Almaniya, Rusiya və Çin kimi müstəmləkəçi ölkələr var gücləriylə çalışırlar. Türk Dünyasının iqtisadi cəhətdən məsimsənilməsinə qarşı bütün Türk dünyasının xalqları həmrəylik nümayiş etdirməlidir. Bu səbəblə ən qısa müddətdə “Türk Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatı” (TÖİƏT) qurulmalıdır.



4. Bugün ABŞ, İngiltərə, Fransa, Almaniya, Rusiya, Çin kimi inkişaf etmiş ölkələrin inkişafında Türk Dünyası xalqlarının əməyi böyükdür. Bu ölkələrin elm və texniki işlərində Türk elm adamlarının fəaliyyətləri danılmazdır. Ancaq bu töhfələrin Türk Dünyasına hər hansı bir faydası dəymir. Kobud bir ifadəylə desək, bugün Türk dünyasında beyin istismarı son həddə çatmışdır. Türk ölkələri elm və texniki cəhətdən bir-birinin əksiklərini tamamlaya bilərlər. Bu məqsədlə “Türk Dünyası Elm və Texniki Qurultayı” yaradılmalıdır.



5. Bugün Birləşmiş Millətlər Təşkilatında Türk dili rəsmi dil mahiyyətini qazana bilməmişdir. Halbuki, çox az əhalisi olan ölkələrin dilləri rəsmi dil kimi qəbul edilmişdir. 250 milyon adamın danışdığı Türkcə rəsmiləşdirilməlidir.



6. Birləşmiş Millətlər Təşkilatına üzv olan ölkələrdən beş daimi üzv (ABŞ, İngiltərə, Fransa, SSRİ (varisi Rusiyadır) və Çin) “veto hüququ”na malik idi. Bu ölkələrdən SSRİ dağılmış, yerinə müstəqil dövlətlər yaranmışdır. Çində isə Şərqi Türküstan Muxtar Respublikası var və bu ölkənin problemləri BMT-də veto edilməkdədir. Artıq 250 milyon bir insan kütləsini təşkil edən Türk Dünyasına Birləşmiş Millətlər tərəfindən “veto hüququ” tanınmalı, ya da beş ölkənin “veto hüququ” bərabərlik prinsipinə zidd olduğundan qaldırılmalıdır.



7. Dünya müharibələrində görülüb ki, döyüşlərin nəticələrini ittifaqlar təyin edirlər. Bundan başqa, döyüş əsnasında təsis edilən ittifaqlar ölkələrin müdafiə gücünü əhəmiyyətli dərəcədə artırmışdır. Ancaq dil və mədəniyyət birliyi olmayınca, ittifaqlar uzun müddətli və qalıcı olmamışdır. Varşava Paktının dağılmasında dil və mədəniyyət fərqliliyi əhəmiyyətli rol oynamışdır. Digər tərəfdən, NATO-dakı, etnik, dil və mədəniyyət fərqlilikləri bu ittifaqın sanksiya gücünü yaxşıca zəiflətmişdir. NATO və Varşava Müqaviləsi Təşkilatı kimi süni meydana gəlmələr deyil, qalıcı və uzun ömürlü Türk Dünyası Müdafiə Paktı qurulmalıdır.



8. Türklərin tarixdə digər dövlətlərə olan məğlubiyyətləri həmişə qardaş savaşları üzündən olmuşdur. XX əsrdə də istər Rusiya, istərsə də Çin Xalq Respublikası əsarətində qalan Türk ölkələrində davamlı olaraq qardaş qırğını tezisi işlənmişdir. Hər ölkədə, ya da bölgədə Türklər müxtəlif adlar altında (Tatar, Qazax, Özbək, Uyğur, Karakalpak, Qırğız, Azəri, Yörük, Türkmən kimi…) təsnif edilməyə başlanmış və Türk adı unutdurularaq, bu Türk tayfaları bir-birinə düşmən vəziyyətinə gətirilmişdir. Beləcə, müstəmləkəçilərin “dəyirmanına su süzülmüşdür”. Əgər Türk insanı dünyada acı çəkmək istəmirsə, artıq boy ayırmaya son verməli və qardaşlıq idealını həyata keçirməlidir. Çünki, “birlikdən qüvvət doğar”.



9. Keçmiş Sovetlər Birliyi içində olan Türk Respublikalarının bugünkü sərhədləri 1924 və 1936-cı illərdə aparılan tənzimləmələrlə ruslar tərəfindən çəkilmişdir. Ruslar Orta Asiyada çəkmiş olduğu sərhədlərdə mərkəzi hökumətin, yəni Moskvanın mənfəətini düşünmüş və davamlı bağlılığı əsas götürmüşlər. Bunun nəticəsi olaraq, 1986-1990-cı illər arasında Orta Asiya Türk ölkələrində müxtəlif qarşıdurmalar yaşanmışdır. Almatıda ruslarla kazaklar, Düşənbədə özbəklərlə taciklər, Fərqanədə özbəklərlə Ahıska Türkləri, Oşda qırğızlarla özbəklər qarşı-qarşıya gəlmişlər. Dağlıq Qarabağda ermənilərlə Azəri Türkləri arasında qızışdırılan etnik qarşıdurma isə müharibə səviyyəsinə qədər böyümüş və Rusiyanın dəstəyi ilə Ermənistan ordusu hələ də Azərbaycan Respublikasının 20% torpaqlarını işğal altında saxlamaqdadır. Bu kompleksliyi Sovet rejimi hazırlamışdır. Məsələn, Fərqanə vadisi mişar ilə hissələrə ayrılmış formada bir tapmaca və labirint şəklində Özbək, Türkmən, Tacik və Qırğız hissələrinə ayrılmışdır. Beləcə, Tacik və Qırğız tortunun içinə bir az quşüzümü, Özbəkistan tortunun içinə bir az Tacik quru üzümü qoyulmuşdur. Vadi içində yerləşən suvarma kanallarının bir qismi bir ölkədə, digər qismi isə başqa ölkədə buraxılmışdır. Bütün bunlar gələcəkdə yarana biləcək bir müstəqilliyi qeyri-mümkün etmək və mərkəzi hökumətə bağlılığı təmin etmək üçün edilmişdir.



Sərhədlərin çəkilməsində tarixi, coğrafi və sosial xüsusiyyətlər nəzərə alınmadığı üçün problemlər mövcuddur. Bu problemlər zaman-zaman daxili qarışıqlıqlara gətirib çıxara bilər. Problemlərin həlli də olduqca çətindir. Çünki, etno-coğrafi komplekslik hakimdir. Bu komplekslik zaman-zaman dərinləşməkdədir. Məsələn, 1990-cı ildə Oş və ətrafında qırğızlarla özbəklər arasında çıxan qarşıdurmalarda çoxlu sayda özbək və qırğız ölmüşdür. Bunun səbəbi olaraq, Oş və ətrafının 1936-cı ildə Stalin tərəfindən Qırğızıstana verildiyi göstərilir. Buna bənzər qarşıdurma digər Türk Respublikalarında da yaşanmaqdadır. Əgər bucür münaqişələrin ölçüləri genişlənərsə, Orta Asiya Türk Respublikaları arasında sərhəd qarşıdurmaları və döyüşlər çıxa bilər. Belə bir müharibə isə müstəmləkəçi ölkələrin birbaşa maraqlarına işləmiş olur. Müharibənin pis nəticələrini isə yenə bölgə xalqı yaşayır. Bu səbəbdən, bugün üçün Türk Cümhuriyyətlərindəki mövcud sərhədlər qorunmalıdır. Bundan sonra çıxa biləcək problemlər isə yaradılacaq Türk Ölkələri Üst Qurultayında həll edilməlidir.



Addım-addım Türk Birliyinə doğru…



Ümumiyyətlə, bugün bütün dünyadakı Türklərin vahid idarəetmə altında birləşməsi günün tələbidir. Türklərin saysız-hesabsız problemlərinin, məhdudiyyətlərinin, itkilərinin aradan qaldırılması və bərpa olunması üçün bu birlik bizə lazımdır. Amma təbii ki, bu birlik asan başa gəlməyəcək. Adətən, Türk Birliyi və ya Turan barədə söz düşəndə bəzi xalqların nümayəndələri şübhələrə qapılırlar. “Böyük Turan bizləri assimlyasiya edəcək bir qurummu olacaq?” kimi suallar verirlər. Əslində, Turan bir assimlyasiya nöqtəsi olmamalıdır. Əgər bu baş verərsə, onda bu, heç Turan olmazdı.



Turan bir birlik olmalıdır, həm də qardaşlıq üzərində qurulan bir birlik. Bir qədər qəribə də olsa, qeyd etməliyik ki, Türk Birliyinin yaradılması çox həssas və mürəkkəb bir prosesdir. Bugün bütün dünyadakı Türklərə müraicət edib bildirsək ki, “Hamımız Türkük, gəlin Turan Birliyi yaradaq”, bu birliyə Türkiyədə yaşayan Anadolu türkləri, Azərbaycanda yaşayan Azəri türkləri və Uyğur türklərinin bir qismi qoşular. Qalanlar bu birliyə tərəddüd edər. Əksinə, “Hamımız Tatarıq, gəlin Turan Birliyi yaradaq” desək, onda Kazan, Krım, Nogay, Altay Sibir Tatarları bu birliyə qoşular, qalanlar isə müsbət cavab verməz. Yox, “Hamımız Qazaxıq, gəlin Turan Birliyi quraq” desək, onda da Qazaxıstan qazaxlarından başqa kimsə səsimizə səs verməz. “Hamımız müsəlmanıq desək”, şaman və Tengri dininə ibadət edən Altay, Sibir və Tuva tatarları bu birlikdən kənarda qalarlar, həm də ki, bu birliyə ərəblərin də qoşulması lazım olacaq, çünki onlar da ən azından müsəlmandırlar. Nəzərə alaq ki, Tengri, şaman bir Türkmən və ya Xakas hansısa müsəlman ərəbdən daha yaxındır bizə. Odur ki, bucür bölgüyə varsaq, onda Turan Birliyinin reallaşdırılmasına nail ola bilməyəcəyik.



Türk dünyasının ortaq düşmənləri var. Onlar başda Rusiya olmaqla, Çin və ABŞ-ın rəhbərlik etdiyi imperialist güclərdir. Tarix boyu bu güclər Türkləri bir-birinə qırdırmağa çalışıblar. Hətta Tatarlar da Nogay, Krım, Kazan, Sibir və Altay kimi müxtəlif təsnifatlara bölünüb, bir-birinin qanını töküblər. Birlik məsələsində həlli mümkünsüz görünən problemləri qabardıb, Türk xalqları arasında uçurumu dərinləşdirməkdənsə, məsələyə baxış bucağımızı dəyişməmiz daha məqsədəuyğun olardı.



Hələ qədimlərdən xalq, millət fərqliyi məsələsi yox idi. Hamımız Türk sayılırdıq, düşmənlər də, dostlar da bizə Türk deyərdilər. Bir idik, adımız da bir idi – Türk! Necə deyərlər, “Tüfəng icad oldu, mərdlik pozuldu, Xalqlar icad oldu, Birlik pozuldu”.



Əvvəllər, insanların milləti yox idi, onlar sadəcə tayfa, nəsil şəklində tanınırdılar. Qədim Türklər yaşadıqları regionun adına uyğun adlandırılmırdı. Bu, mümkün ola bilməzdi. Çünki, yeni-yeni ölkələr fəth edən, daima köçəri həyat sürən və ömürləri savaşlarda, at üstündə keçən bir milləti necə yer, məkan adı ilə adlandırmaq olar axı?! Onda gərək, Türklərin milləti dünya olsun!



Sadəcə Türklərin düşmənləri öz alimlərinin uydurduğu müxtəlif məkan adlarını Türklərə vermişlər ki, gələcəkdə Türk Birliyi alınmasın və münaqişələr biz türklərin üstündən əksik olmasın. Odur ki, ad, məkan adlarını bir kənara atmalı və Turan Birliyi haqda fikirləşməliyik.



Din məsələsində isə insanlara müstəqillik verilməlidir. Hansı dinə qulluq etməsindən asılı olmayaraq, Türk elə Türkdür! Yetər ki, Allah düşmənliyi olmasın, yetər ki, atesitlik, materialistlik, kommunizm və ya ərəblərin istifadə etdiyi din pərdəsi ilə təzyiqlər metodu olmasın. İnsanlar din seçimində müstəqil olsun, Böyük Turanda heç bir din digərindən üstün tutulmasın, bütün dinlər bərabər olsun, bərabər şəkildə qorunsun və hörmət edilsin. Çingiz xanın və onun nəvələri XIII əsrdən XIX əsrə qədər məhz bu formuladan istifadə edərək Türk birliyini ayaqda saxlaya bilmişlır.



Şanlı Türk tarixində sülh, sevgi, qardaşlıq, birlik və bərabərlik rəmzi olan Türk Dünyası Coğrafyasını inşa etmək Türk Dünyası gəncliyinin ən böyük qayəsi olmalıdır.



Bakı Slavyan Universitetinin “Diplomatiya və xarici siyasət” kafedrasının dosenti, fəlsəfə doktoru Əhməd Şahidov





Yorumlar








Aktif Ziyaretçi 16
Dün Tekil 880
Bugün Tekil 226
Toplam Tekil 1641461
IP 54.158.92.239






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































10 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Yüksel Türk; senin için Yüksekliğin Hududu Yoktur. (Mustafa Kemal ATATÜRK)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 2.288 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu