Türk tarixinin yorulmaz tədqiqatçısı Zeki Velidi TOQAN Haqqında me'lumat - Gövhər BAXŞƏLİYEVA - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Türk tarixinin yorulmaz tədqiqatçısı Zeki Velidi TOQAN Haqqında me'lumat - Gövhər BAXŞƏLİYEVA
Tarih: 25.11.2010 > Kaç kez okundu? 4059

Paylaş






XX əsrdə türk xalqlarının istər qədim və orta əsrlər, istərsə də müasir tarixinin öyrənilməsində dünyanın aparıcı elmi mərkəzlərində və təhsil müəssisələrində çalışan görkəmli tədqiqatçı-alimlərlə bərabər, Türkiyədə müasir türk tarixşünaslığının banilərindən biri sayılan professor Əhməd Zəki Vəlidi Toqanın özünəməxsus rolu olmuşdur. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra şərqşünaslıq elminin bir sahəsi olan türkologiyanın inkişafına dövlət səviyyəsində diqqət yetirilməyə başlandı. M.K.Atatürkün təşəbbüsü ilə Türk Dil Qurumu və Türk Tarix Qurumu kimi elmi mərkəzlər təsis edildi.



Yeni hökumət gənc alimləri Avropanın nüfuzlu universitetlərinə və elmi-tədqiqat mərkəzlərinə göndərərək onların yüksək səviyyəli mütəxəssis olmalarına xüsusi qayğı göstərməyə başladı. Nəticədə 1920-1940-cı illərdə Türkiyə Cümhuriyyətində xaricdə təhsil alıb qayıtmış gənc alimlərin türk xalqlarının tarixinə və mədəniyyətinə aid apardıqları tədqiqatların nəticələri olan sanballı əsərlər ortaya çıxdı.



Avropada təhsil alıb Türkiyəyə qayıdaraq fəaliyyət göstərən tədqiqatçı-alimlərlə yanaşı, Rusiyada 1917-ci ildə baş vermiş bolşevik çevrilişindən sonra Azərbaycandan, Şimali Qafqazdan, İtil-Uraldan, Krımdan, Türküstandan və Rusiyanın başqa bölgələrindən də Türkiyəyə çoxlu sayda ziyalıların da bu işdə xidmətləri var. Belə ziyalılardan biri Əhməd Zəki Vəlidi Toqandır.



Ə.Z.Vəlidi Toqan 1890-cı il dekabrın 10-da Başqırdıstanın Sterlitamak mahalının Küzən kəndində anadan olmuşdur. Ata nəsli bu kəndin qədim sakinlərindən olub böyük nüfuz sahibi idi. Əhməd Zəki böyüdükdən sonra atasından gələn Vəlidi soyadını seçmişdir (1935-ci ildə Toqan soyadını da qəbul etmişdir). Onun ana tərəfi də oxumuş ziyalı nəsli idi. Ə.Z.Vəlidinin bir şəxsiyyət kimi formalaşmasında ana tərəfinin də təsiri böyük olmuşdur. O, ilk və orta təhsilini əvvəl atasının Küzəndəki, dayısının Ütəkdəki mədrəsələrində almış, ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Sonra ali təhsil üçün Kazana gəlsə də, ali təhsilini uzun müddətdən sonra, 1932-1935-ci illərdə Vyanada tamamlayıb. Hələ Kazanda olan vaxtlar məşhur şərqşünaslar M.Aşmarin və N.Katanovla yaxından tanış olan Zəki Vəlidi onların təşəbbüsü ilə elmi axtarışlara başlayır və nəticədə “Türk və tatar tarixi"nin ilk cildini 1912-ci ildə Kazanda nəşr etdirir. Bu əsərə görə Kazan Universiteti Tarix və Arxeologiya Cəmiyyətinin üzvlüyünə qəbul edilir və 1913-cü ildə Kazan Universiteti, 1914-cü ildə isə Rusiya EA tərəfindən Fərqanə və Buxara bölgələrinə elmi ezamiyyətlərə göndərilir. Burada dəyərli materiallar toplayan, elmi jurnallarda məqalələr çap etdirən Ə.Z. Vəlidi 1912-1913-cü illərdən etibarən “Manas” dastanını və XIV əsrdə yaşamış ərəb tarixçisi və filosofu İbn Xaldunun həyat və fəaliyyətini öyrənməklə məşğul olur.



1914-cü ildə Birinci Dünya müharibəsi başladıqdan sonra siyasi fəaliyyət də göstərən Ə.Z.Vəlidi 1917-ci ildə qurulan Milli Başqırd hökumətinin müdafiə və daxili işlər naziri olur, bolşeviklərlə mübarizədə iştirak edir. Sonralar bu mübarizəni Türküstanda davam etdirir. Onun bolşeviklərə qarşı Türküstandakı mübarizəsi üç ilə qədər davam edir.



Zəki Vəlidi Türküstanda Basmaçılıq hərəkatının rəhbərlərindən biri kimi bolşeviklərə qarşı silahlı mübarizə aparmaqla yanaşı, gəzdiyi yerlərdə elmi-tədqiqat işləri ilə məşğul olmağa da vaxt tapırdı. Onun bu dövrdə topladığı qiymətli əlyazmalar və apardığı araşdırmalar sonralar Avropada və Türkiyədə yazıb nəşr etdirdiyi kitab və məqalələrin əsasını təşkil edir.



1923-cü ildə Avropaya gələn Ə.Z.Vəlidi əvvəl Parisdə, sonra Berlində yaşayır. 1925-ci ildə Türkiyənin maarif naziri, doktor Rza Nur Berlində olarkən Zəki Vəlidi ilə görüşür və onu Türkiyəyə dəvət edir. Bu dəvəti qəbul edən Zəki Vəlidi və dostu Əbdülqədir İnan həmin il Ankaraya gəlirlər.



Onun həyatında dərin iz buraxmış hadisələrdən biri 1932-ci ilin iyulunda Ankarada keçirilən Türk Tarix Qurumunun birinci qurultayı olmuşdur. Baxışlarına görə onu burada tənqid etsələr də, fikirlərinin üstündə möhkəm dayanır. Hətta ona burada ali universitet təhsili olmadığına görə “cahil” damğası vuranlar da tapılır. Bütün bu haqsız tənqidlərə dözə bilməyən Zəki Vəlidi 1932-ci il iyulun 8-də İstanbul Universitetində tutduğu vəzifədən istefaya çıxdığını bildirir və ləngimədən ali təhsilini tamamlamaq və doktorluq mövzusu müdafiə etmək üçün Vyanaya gedir. O, Vyana Universitetində həm universitet təhsilini tamamlayır, həm də 1935-ci il iyunun 7-də “İbn Fədlanın səyahətnaməsi” mövzusunda doktorluq işini müdafiə edir. Ə.Z. Vəlidinin müdafiə etdiyi doktorluq işi o dövrdə öz dəst-xətti ilə seçilən məşhur şərqşünaslar tərəfindən yüksək qiymətləndirilir.



Doktor Zəki Vəlidi əvvəl Bonn, sonra Qettinqen Universitetində “Orta Asiya tarixi və islamiyyət” mövzusunda mühazirələr oxuyur. Artıq 1939-cu ildə onun “İbn Fədlanın səyahətnaməsi” əsəri alman dilində Leypsiqdə çapdan çıxır. “Əl-Biruni” əsəri isə ingilislər tərəfindən nəşrə hazırlanır. O, eyni zamanda türk və alman dillərində nəşr olunan elmi jurnallarda bir neçə məqalə də çap etdirir. Ə.Z.Vəlidi bu illərdə Türkiyədə qəbul olunmuş yeni soyad qanununa görə özünə Toqan soyadını seçir.



1939-cu ildə Türkiyəyə qayıdan Ə. Z. Vəlidi Toqan İstanbul Universitetinin ədəbiyyat fakültəsində türk tarixi üzrə professor təyin edilir. Bu illərdə onun Əlişir Nəvai haqqında əsəri, “Türk metodologiyası”, “Ümumtürk tarixinə giriş” kitabları nəşr olunur. “Bu günkü Türküstan və yaxın keçmişi” əsəri əvvəl Misirdə ərəb əlifbası ilə türk dilində, 1940-cı ildə isə latın əlifbası ilə yenə də türk dilində çap olunur.



İkinci Dünya müharibəsi zamanı Türkiyə ilə SSRİ arasında vəziyyət gərginləşərkən Ə. Zəki Vəlidi Toqan 1944-cü il mayın 15-də bir neçə millətçi ilə birlikdə “turançılıq” təbliğatı ilə Türkiyədə SSRİ əleyhinə fəaliyyət göstərməsi ittihamı üzrə həbs edilərək 10 il müddətinə azadlıqdan məhrum olunur. Ancaq bir müddətdən sonra, yəni 1945-ci ilin oktyabrında bəraət alır.



1932-ci ildəki Türk Tarix Qurumu və 1944-cü ildəki irqçilik-turançılıq hadisələri Ə.Zəki Vəlidi Toqanın elmi fəaliyyətinə çox böyük ziyan vurur. O, 1948-ci ildə yenidən İstanbul Universitetinə işə qəbul olunur və məhsuldar elmi fəaliyyətə başlayır. Ə.Zəki Vəlidi Toqan “Tarixdə üsul” əsərini yenidən nəşrə hazırlayır və 1950-ci ildə çap etdirir. 1953-cü ildə özünün təşəbbüsü ilə yaradılan İslam Tədqiqi İnstitutuna müdir təyin olunur.



Ə.Zəki Vəlidi Toqanın adını dünyada məşhurlaşdıran hadisələrdən biri də 1951-ci ildə İstanbulda keçirilən XXII Şərqşünaslar konqresi olmuşdur. O, bu konqresin təşkilatçılarından və onun keçirilməsinə məsul olan şəxslərdən biri kimi yaddaşlarda xoş iz qoymuşdur. Sonrakı illərdə Ə.Zəki Vəlidi Toqan dünyanın bir çox ölkələrinin ali təhsil müəssisələrində və elmi mərkəzlərində mühazirələr oxuyur və elmi toplantılarda iştirak edir. Onun 1960-cı illərin axırı, 1970-ci illərin əvvəllərində “Xatirələr”, “Tarixdə üsul”, “Ümumtürk tarixinə giriş”, “Türkün müqəddəratı”, “Quran və türklər” və “Oğuz dastanı” əsərləri nəşr edilir.



Ə.Zəki Vəlidi Toqanın elmi fəaliyyətinin əsas istiqamətlərindən biri və ən əhəmiyyətlisi ümumtürk tarixini geniş şəkildə, ilkin mənbələr əsasında işləyib ortaya qoyması olmuşdur. O, bu tədqiqatlarını iki cilddə cəmləşdirsə də, ancaq birinci cildini “Ümumtürk tarixinə giriş” adı ilə nəşr etdirmişdir. Əsər türklərin miladdan öncəki dövrlərdən XVI əsrə qədər olan tarixini əhatə edir. O, bu irihəcmli tədqiqatında türk tarixinin əski dövrlərini (Türküstanın əsl sakinləri və türklər, Cənubi Türküstanın qədim sakinləri və onların qonşuları, Sakların türklüyü və Əfrasiyab (Alp Ər Tunqa), “türk” və “turan” sözlərinin əsli və “türk” adını daşıyan ilk qövm, əski dövrün, xüsusilə də ana yurdda baş vermiş hadisələrin ümumi təsviri, türk tarixinin islam çağında yüksəliş dövrü, türklərin fəthləri və yayılmaları, türk fəthlərinin ənənələri, Türk və monqol fəthinin dünya tarixindəki əhəmiyyəti, türklərin yayılma formaları və buna səbəb olan amillər, türklərin və turanlıların Şərqi və Cənubi Asiya, Şərqi və Orta Avropaya, həmçinin Ön Asiya və Şimali Afrikaya yayılmalarını təsvir etməyə çalışmışdır. Müəllif bu tədqiqatında həmçinin səlcuqların və oğuzların Mavəraünnəhrdə həyatları, Azərbaycan və Anadoluda yerləşmələri, İlxanlılar, Osmanlılar və XIV-XVI əsrlərdə Azərbaycanda və Osmanlı imperiyasında baş vermiş siyasi, iqtisadi və mədəni sahədə gedən dəyişikliklər haqqında da ilkin mənbələrə əsaslanmaqla elmi və həqiqətə uyğun fikirlər irəli sürməyə çalışmışdır. Alim ümumtürk tarixini araşdırarkən İlxanlı hökmdarlarının türk tarixindəki yerini, ulus sisteminin türk tarixindəki əhəmiyyəti məsələsini, qanun və din münasibətlərini özünəməxsus üsullarla şərh edib göstərə bilmişdir.



Ə.Zəki Vəlidi Toqan ümumtürk tarixini öyrənərkən dastanlardan və rəvayətlərdən də istifadə etmişdir. O, hələ 1912-13-cü illərdən etibarən “Manas” dastanı ilə maraqlanmaqla bərabər, sonralar “Oğuz dastanı"nı da nəşrə hazırlamışdır. Bu əsər əsasən Rəşidəddin Fəzlullahın “Cami ət-Təvarix” adlı əsərindəki “Oğuzların və türklərin tarixi” hissəsinin tərcüməsidir.



Onun elmi tədqiqatlarında İtil-Uralda, Türküstanda və Qafqazda yaşayan türklərin tarixi də xüsusi yer tutmaqdadır. 1969-cu ildə İstanbulda nəşr olunmuş “Xatirələr” əsəri XX əsrin birinci rübündə adı çəkilən ərazilərdə ictimai-siyasi və mədəni sahələrdə baş vermiş hadisələrin əksidir. Bütün bu hadisələrdə müəllif şəxsən özü iştirak etmişdir. Onun “Türk və tatar tarixi” kitabı bir çox mənbələrdən yararlanaraq yazılmışdır. Burada da İtil-Uralda yaşayan türklərin milli istiqlal mübarizəsindən bəhs olunur.



Ə.Zəki Vəlidi Toqan elmi fəaliyyəti zamanı Azərbaycanın tarixinə çox böyük əhəmiyyət vermişdir. O, Azərbaycan türklərinin tarixinə, etnoqrafiyasına, ictimai-siyasi, iqtisadi və mədəni vəziyyətlərinə dair çoxlu sayda elmi məqalələr yazıb müxtəlif illərdə və müxtəlif dillərdə buraxılan elmi, elmi-kütləvi jurnallarda və ensiklopediyalarda çap etdirmişdir. Tədqiqatlarında Azərbaycan tarixinin qədim və orta əsrlər dövrünün müxtəlif problemləri xüsusi yer tutur. Alim öz araşdırmalarında tarixi etnoqrafiyaya xüsusi yer verdiyi üçün bu sahəni daha geniş, ətraflı tədqiqata cəlb etmişdir. Onun bu sahəyə xüsusi meyil göstərməsi heç də təsadüfi deyildir. Məlumdur ki, ötən əsrin 20-ci illərinin əvvəllərində Azərbaycanın tarixi etnoqrafiyasının obyektiv şəkildə öyrənilməsi cəhdləri Məhəmməd Həsən Baharlı tərəfindən edilmişdir. Bu problemi Azərbaycandan kənarda ilk tədqiq edənlərdən biri məhz Ə.Zəki Vəlidi Toqan olmuşdur. O, 1927-ci ildə “Azərbaycan etnoqrafiyasına dair” adlı məşhur tədqiqatını işləyib nəşr etdirmişdir. Mövzunun aktuallığını dərk etdiyinə görə problemin dərindən tədqiqində ilk qaynaqlara daha çox əhəmiyyət vermişdir.



Ə.Zəki Vəlidi Toqan bu tədqiqatında miladdan sonra Azərbaycana şimaldan daxil olan türk tayfalarının mənşəyi məsələsinə və onların Azərbaycan toponimikasında qalan izlərinə xüsusi diqqət yetirmişdir. “Azərbaycan Yurd Bilgisi” dərgisində nəşr etdirdiyi “Azərbaycanın tarixi coğrafiyası” məqaləsi bu problemin öyrənilməsi istiqamətində mühüm addım idi.



Alimin “Ümumtürk tarixinə giriş” əsərində Azərbaycan tarixinin qədim və orta əsrlər dövrünə geniş yer verilmişdir. O bu əsərində Azərbaycan tarixinin müxtəlif məsələlərini (Azərbaycanın miladdan öncə də türklərin vətəni olduğunu, miladdan sonra başqa türk tayfalarının həm şimaldan, həm də şərqdən Azərbaycana axınını, oğuzların yürüşlərini, monqol işğalı zamanı Azərbaycanın ictimai-iqtisadi vəziyyətini, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin yaranması və fəaliyyətləri) işıqlandırmağa cəhd göstərmiş və buna müəyyən mənada nail ola bilmişdir.



Ə.Zəki Vəlidi Toqanın Azərbaycana aid əsərlərindən biri də Türkiyədə nəşr olunmuş “İslam Ensiklopediyası"nda çap etdirdiyi “Azərbaycan” məqaləsidir. Müəllif burada Azərbaycan tarixinin mükəmməl icmalını özündə əks etdirmiş və məqalənin daxilində mövzuya uyğun olaraq mötərizədə mənbənin adını göstərməklə yanaşı, sonda müxtəlif dillərdə yazılmış əsərlərin biblioqrafiyasını da vermişdir. Onun 1969-cu ildə İstanbulda nəşr olunmuş irihəcmli “Xatirələr” kitabında ünsiyyət saxladığı Azərbaycan türkləri haqqında maraqlı məlumatlar vardır.



Uzun illər Ə.Zəki Vəlidi Toqan və başqa mühacir alimlərin əsərləri Avropa və dünyanın başqa ölkələrinin elmi ictimaiyyətinə məlum olduğu halda, öz vətəni Başqırdıstan da daxil olmaqla, keçmiş SSRİ ərazisində istifadə və nəşr olunması qadağan edilmişdir. Bu əsərlərə pantürkist və panislamist damğası vurulmuşdur. Yalnız sosialist sisteminin süqutundan sonra adıçəkilən ərazilərdə Ə. Zəki Vəlidi Toqanın əsərləri də araşdırılmağa və tədqiq edilməyə başladı.



Ə.Zəki Vəlidi Toqan tədqiqatlarında türk tarixinin əski dövrləri, islam dövründə yüksəliş mərhələləri, türklərin qələbələri və yayılmaları, Ağ dənizlə Qara dənizə hakim olan böyük türk dövlətinin meydana gəlməsi mövzularına aid Çin, ərəb, fars, latın, alman, fransız, ingilis, rus və başqa dillərdə olan mənbələri və yazılmış əsərləri müqayisəli şəkildə dərindən təhlil etmişdir. O bu araşdırmaları zamanı müasir türk tarixşünaslığının qarşısında duran vacib problemlərin həll olunmasına çalışmışdır. Tədqiqat obyektləri arasında Azərbaycanın qədim və orta əsrlərinə dair məlumatların olması, türkdilli tayfaların burada hələ eramızdan əvvəl yaşamaları barədə faktlar xüsusi əhəmiyyət kəsb edir.



Əhməd Zəki Vəlidi Toqan 1970-ci il iyulun 26-da İstanbulda vəfat etmişdir. Onun uzun illərdən bəri tədqiq etdikdən və araşdırdıqdan sonra türk tarixşünaslığında irəli sürdüyü fikirlər aktuallığını öz nəzəri və təcrübi əhəmiyyətini bu gün də saxlamaqdadır.



Gövhər BAXŞƏLİYEVA, Milli Məclisin deputatı, AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor



"Azərbaycan" qəzeti, 13 may 2010-cu il





Yorumlar









Aktif Ziyaretçi 16
Dün Tekil 952
Bugün Tekil 380
Toplam Tekil 4090224
IP 3.144.28.50






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























29 Sevval 1445
May s 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Benim Hayatta yegane fahrim, servetim T rkl kten ba ka bir ey de ildir.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.287 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu