ABŞ-ın İpək Yolu Strategiyasının Siyasi Aspektləri və Qarabağ Problemi - Habil Ağanemət Oğlu Həmidov - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









ABŞ-ın İpək Yolu Strategiyasının Siyasi Aspektləri və Qarabağ Problemi - Habil Ağanemət Oğlu Həmidov
Tarih: 26.12.2008 > Kaç kez okundu? 3322

Paylaş


İpək Yolunun bərpası perspektivlərini görən Avropa, Asiya, Şərq ölkələrindən başqa dünyanın super güc mərkəzlərindən sayılan Amerika Birləşmiş Ştatları da bu yolu ölkələr arasında iqtisadi tərəqqinin, sülhün və əminamanlığın inkişafında mühüm amillərdən hesab edir. Qeyd olunduğu kimi ABŞ – ın 106 – cı konqresinin 1 – ci sessiyasında İpək Yolu Qanunu Strategiyasında əsas məqsədlərdən biri kimi «1961 – ci ildə qəbul olunmuş xarici kömək barədə Akta düzəliş göstərilir» [1] ki, o da «Cənubi Qafqazın Azərbaycan, Gürcüstan, Ermənistan və mərkəzi Asiyanın beş dövlətinə, yəni yenicə siyasi müstəqillik qazandıqlarını nəzərə alaraq iqtisadi kömək göstərməkdir» [1]. Həmin Qanunun qəbulu zamanı iclasın birinci bölməsində həm siyasi, həm də iqtisadi baxımdan çox əhəmiyyətli qeydlər öz əksini tapmışdır ki, bunların da mühüm strateji əhəmiyyəti vardır. Yeddi maddədən ibarət həmin qərarda deyilir:

«- qədim ipək yolu iqtisadi əhəmiyyətli yol kimi əvvəllər Orta Asiyadan aə Cənubi Qafqazdan keçdiyi halda hazırda Ermənistanın, Azərbaycanın, Gürcüstanın, Qazaxıstanın, Qırğızıstanın, Tacikistanın, Türkmənistanın və Özbəkistanın sərhədlərindən kənar keçməsi önəmli deyildir;

- bu yolun bərpası ipək yolu xalqları arasında iqtisadi əlaqələrin genişlənməsinə, qarşılıqlı münasibətlərin formalaşmasında mühüm rol oynaya bilər, xalqların suverenliyinin təminatına, bazar iqtisadiyyatının islahatlarınıa təkan verə bilər;

- Cənubi Qafqazda və Mərkəzi Asiya dövlətlərində siyasi, iqtisadi əlaqələrin inkişafı bu region dövlətlərinin təhlükəsizliyini, stabilliyini təmin etməklə həmin ölkələri eyni zamanda şimaldan, cənubdan və Şərqdən bəzi təsirlərdən qoruyar;

- Açıq bazar iqtisadiyyatının inkişafı və açıq demokratik sistem Cənubi Qafqaz və Mərkəzi Asiya və Qərblə münasibətlərdə məqsədyönlü stimul verməklə beynəlxalq investisiyaların cəlbinə, ticarətin güclənməsinə və digər kommersiya qarşılıqlı əlaqələrinin gücləndirəcəkdir;

- Cənubi Qafqazın ölkələrində müsəlman dövlətləri var ki, onlar daha çox ABŞ – la yaxın münasibət qurmağa çalışırlar ki, bu da İsraillə diplomatik və kommersiya əlaqələrinin qurulmasında faydalıdır;

- Cənubi Qafqaz və Orta Asiya bölgəsində kifayət qədər neft, qaz ehtiyyatı vardır ki, bunların əldə edilməsi və nəqli Birləşmiş Ştatları fars körfəzinin enerji daşyıcılarının asılılığından azad edə bilər;

- Birləşmiş Ştatların xarici siyasəti və kömək prosesi elə həyata keçirilməlidir ki, o, Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətlərində siyasi müstəqilliyi, demokratiyanı, azad bazar iqtisadiyyatını, regional iqtisadi inteqrasiyanı reallaşdırmaq mümkün olsun» [1]. Maddələrin hər birində ayrı – ayrılıqda müxtəlif fərqlər olsa da, 7-ci müddəada Amerikanın enerji təhlükəsizliyi ilə bağlı strateji maraqları çox aydın tərzdə ehtiva olunur. Yəqin ki, bu da ABŞ – İran münasibətlərindən doğan bir amildir.

Həqiqətən də ipək yolunun bərpasına və dirçəldilməsinə ABŞ – da böyük diqqət yetirilir. Bu amil Heydər Əliyevin 2000-ci il ABŞ – a işgüzar səfərizamanı qeyd olunmuşdur: «Senator Sem Braunbək bu barədə Konqresə böyük bir layihə təqdim etmişdir. Keçən ayın aprel ayında biz burada, Senatın binasında bir konfransda iştirak etdik. Senat üzvləri, hökumət nümayəndəsi Semüel Berger, böyük siyasi xadimlər Beyker, Bjezinski və başqaları bu barədə çox müsbət fikirlər söylədilər. Bu konfransdə Türkiyə, Rumıniya ilə birlikdə Asiya və Qafqaz ölkələrinin doqquz prezidenti nitq soylədilər və onların hamısı Böyük İpək yolunun bərpa edilməsinin lazım olduğunu bildirdilər. Təəssüf ki, Konqres Sem Braumbəkin qanun layihəsini təsdiq etmədi. Amma bunun bizim üçün o qədər də əhəmiyyəti yoxdur, biz bu proqramı həyata keçiririk və keçirəcəyik» [2;1-2]. Beləliklə, «İndi Qafqaz və Mərkəzi Asiya çox maraqlı regiondur. Burada yeni müstəqil dbvlətlər var. Müstəqilliyini möhkəmləndirmək və proqramlarını həyata keçirmək üçün onların hamısına kömək etmək lazımdır» [2;2] deyən Heydər Əliyev bir növ ABŞ – ın İpək Yolu strategiyasının bəzi məqsədlərinə tərəfdar olduğunu bildirir. Qeyd etməliyik ki, Amerikanın ipək yolu layihəsini qəbul etmək təşəbbüsü Ermənistanda - bütün daşnakları əhatə edən qatı millətçilik mühitindən kənarda, bu ölkənin dövlət məmurlarının əməkdaşlıq haqqında üstüörtülü, ehtiyatlı bəyanat verməyə girişdikləri məqamda ABŞ-da ermənilər üçün gözlənilməz bir hadisə baş verdi. Yəni ABŞ senatoru S.Braunbekin «İpək Yolu» strategiyası haqqında hazırlanan qanun layihəsinin ABŞ senatının xarici işlər komitəsinə təqdim edilməsi və on üç senatorun qanun layihəsinin şərikli sponsorları kimi çıxış etməsi erməni daşnakları və onların tərəfdarlarına tutralı zərbə oldu. Martın 24-də komitənin iclasında qanun layihəsi müzakirə olunarkən senatorlar qeyd etdilər ki, 18 000 km-lik yol üstündə milyonlarla əhalinin yaşadığı çoxsaylı TRASEKA çərçivəsindəki əməkdaşlıqda özlərinin gələcək inkişaf perspektivlərini görürlər. Sənəddə göstərilirdi ki, qanun layihəsi vasitəsilə bu yolda birləşən ölkələrə göstərilən təzyiqləri zərərsizləşdirmək üçün onların ABŞ-ın dəstəyinə böyük ehtiyacı vardır. Qəbul edilən İpək Yolu qanun layihəsi təkcə iqtisadi cəhətdən deyil, eyni zamanda böyük siyasi əhəmiyət kəsb etdiyini senator S.Braunbekin dediklərindən duymamaq olmur. Senator deyir: «Ermənistan belə hesab edir ki, qanun layihəsi Azərbaycanın bu ölkə ilə münasibətlərində ona üstünlük verəcəkdir».

O bu mövqeyə cavab olaraq bildirmişdir ki, ermənilərin təzyiqi ilə qəbul edilmiş 907-ci düzəlişin neçə illərdir ki, qüvvədə qalması Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə xidmət etməmişdir. Əksinə, Azərbaycanı ona çatacaq yüz milyonlarla humanitar dövlət yardımlarından məhrum etmiş, onun sosial-iqtisadi problemlərinin həllini xeyli çətinləşdirmişdir.

ABŞ – ın İpək yolu strategiyası qanununa çox obyektiv mövqedən yanaşan Heydər Əliyevin müxtəlif kontekstlərdə yanaşmaları çox ədalətlidir. Onun 907-ci düzəlişlə əlaqədar problemə yanaşmə tərzində Azərbaycanın daxili, xarici regional siyasətinin, beynəlxalq münasibətlər istiqamətinin dünyəvi, bəşəri xarakteri çox aydın görünür. O müraciətlərinin birində vurğulayır: «Mən dəfələrlə Vaşinqtonda, Konqresdə olmuşam. Senatorların, Nümayəndələr Palatasının üzvlərinin çoxları Azərbaycanı ziyarət ediblər, onlarla çox danışıqlar aparmışam. Onların içərisində çox adam bu fikirdədir ki, 907-ci maddə ədalətsizdir və onun aradan götürülməsi üçün təşəbbüs göstərirlər. Məsələn, konqresmen Kinq, yaxud senator Sem Braunbək təkcə söz demir, konkret proqramlar meydana çıxarıblar» [3].

Məsələn, «Keçən ilin aprel ayında biz burada olanda Sem Braunbək İpək yolu haqqında Senatda böyük bir konfrans təşkil etdi. Orada 9 prezident iştirak elədi: Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, Rumıniya, Semüel Berker nitq söylədi, Bjezinski nitq söylədi, bütün prezidentlər nitq söylədilər. Hamı hesab etdi ki, İpək yolu layihəsi, Sem Braunbəkin layihəsi Amerika üçün çox əhəmiyyətlidir. Bu layihə həyata keçirilsə, təbiidir ki, 907-ci maddə götürülməsə də, onun bir çox bəndləri zəifləyəcəkdi. Amma Amerika üçün belə faydalı olan bir layihəni də Konqres qəbul etmədi» [2].

Burada xüsusi olaraq bir məqama, yəni İpək Yolu qanun layihəsi müzakirəsi və 907-ci düzəlişin müzakirə gündəliyinə salınmasına tərəfdar olmayan ermənipərəst senatorların mövqeyinə diqqət yetirməyi də vacib hesab edirik.

Problemin müsbət həllinə yönəldilmiş xoşməramlı müzakirə zamanı qərəzli mövqedən çıxış edən demokrat senator Sarbanes qeyd edir ki, 907-ci düzəlişi sanksiya adlandırmaq çətindir, çünki bu ABŞ-ın xarici ticarətini məhdudlaşdırmır, Azərbaycana yardımı qadağan etmir, ABŞ firmalarının investisiya siyasətini dayandırmır, onlar hər il Azərbaycana yüz milyon dollar məbləğində yardım göstərmişlər.

Ermənipərəst senator onu da qeyd edir ki, 907-ci düzəlişi qəbul edərkən bəzi səbəblər var idi, təəssüf ki, onlar bu gün də davam edir. Ermənilərin əziyyətinə baxmayaraq Azərbaycan təxminən 10 ildir ki, Ermənistana və Dağlıq Qarabağa ərzaq, yanacaq və dava-dərman buraxmır, onu İranla əməkdaşlığa vadar edir. Qərəzli fikirlərini davam etdirən senator daha sonra təkrarən anti Azərbaycan fikirlərini səsləndirərək qeyd edir ki, Azərbaycan Ermənistanı bütün Şərq – Qərb nəqliyyat dəhlizlərindən kənar edir, onu nəqliyyat blokadasında saxlamağa səy göstərir.

Riyakar erməni siyasətinin qurbanına çevrilmiş senatorlar daha sonra Ermənistan – Azərbaycan münaqişəsinin sülh yolu ilə tənzimlənməsi sahəsində ATƏT-in MİNSK qrupunun son təklifindən danışarkən Azərbaycanın axırıncı variantı qəbul etmədiyini bildirərək Erəmənistan və Dağlıq Qarabağın onunlu razılaşıb kompromisə getdiklərini deyərək çıxışlarının sonunda bildirirlər ki, Ermənistan və Dağlıq Qarabağa qarşı blokada yaratmış Azərbaycanın mövqeyini bağışlanmaz hesab edirlər və elə bu səbəbdən də layihənin əleyhinə səs verəcəklər. ABŞ – ın İpək yolu strategiyası qanunun müzakirəsi zamanı ermənipərəst konqresmen Sarbanesin Ermənistanın Azərbaycan tərəfindən blokadaya salınması kimi uydurma fikirlərinə milli lider Heydər Əliyevin haqlı və tutarlı cavabına diqqət yetirək: «Kim – kimi blokadaya alıbdır – Azərbaycan Ermənistanı, yoxsa Ermənistan Azərbaycanı? Bakıdan Ermənistana gedən dəmiryolu var – o, Naxçıvandan keçib Yerevana gedir. Bu dəmir yolu bizim üçün də, Ermənistan yçün də əhəmiyyətlidir. Amma Ermənistan Azərbaycan torpaqlarını işğal edərək bizim dəmir yollunu, İranla sərhəddin 130 kilomeriniiələ keçiribdir. Ona görə biz bu dəmir yolunu işlədə bilmirik. Əgər işğal edilən torpaqlar azad olunsa, dəmir yolu işləməyə başlayacaq, Ermənistanla Azərbaycan arasında dəmir yolu xətti olacaqdır. Ona görə deyirəm – blokadaya alınan da Azərbaycandı və 907-ci maddə ilə cəzalanan da Azərbaycandır» [5]. Həqiqətən də «Amerika hökuməti 907-ci maddənin Azərbaycana qarşı ədalətsiz olduğunu dəfələrlə bəyan ediblər, onun ləğv olunması haqqında fikirlərini söyləyibdir. Ancaq bu ləğv olunmayıbdır. Mən bununla onu demək istəyirəm ki, son beş – altı il içərisində Azərbaycan Amerika Birləşmiş Ştatları ilə çox böyük müttəfiqlik, tərəfdaşlıq» [5] qursada həmin məsələ həll olunmamışdır.

Qeyd etmək lazımdır ki, senator Sarbanisin iftira dolu bu çıxışı ötən ildəkindən fərqli olaraq yeni bir sensasiya yarada bilmədi, əksinə 1 milyondan çox azərbaycanlıları neçə illərdir ki, yurdundan, yuvasından didərgin salıb qaçqın vəziyyətində saxlayan və xalqa min cür əzab-əziyyətlər verən dırnaqarası «yazıq erməni» obrazını çox məharətlə yaratmağa çalışan ermənilərin senator dayılarının məsələyə münasibətdə qərəzliliyi və ermənipərəstliliyi aşkar olundu.

Ümumilikdə problemə yanaşmaqla qətiyyətlə deyə bilərik ki, bu münaqişə bütün Qafqazda vəziyyəti gərginləşdiribdir. Məhz bu münaqişədən dörd il sonra Gürcüstanda Abxaziya, Osetiya münaqişələri başlayıbdır. Ondan sonra Moldovada Dinestryanı, Çeçenstanda isə Çeçenstan münaqişəsi başlayıbdır. Beləliklə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün postsovet məkanında münaqişələrin meydana çıxmasının əsasını qoymuşdur.

ABŞ – ın İpək yolu strategiyası qanunu qəbul edilərkən enerji resurslarının nəqli ilə bağlı Xəzəryanı dövlətlərin pay bölgüsüylə ilgili dəqiq sərhədlərin hansı qanuni çərçivəyə malik olması da vacib amillərdən sayılmalıdır. Qeyd etmək lazımdır ki, Xəzərdə əvvəlki illərdə geofizika işləri getmiş və Azərbaycan bilirdi ki, orada çoxlu enerji resursları vardır. Doğrudur Əsrin Müqaviləsinin imzalanmasına hazırlıq dövründə bu işə çox maneçilik törətmək istəyənlər oldu. Yəni Xəzərin statusu məsələsi ortaya atıldı. Qərb ölkələrinin – Amerikanın, Avropa ölkələrinin Xəzər dənizinə gəlməsinə etirazlar oldu. Azərbaycan çoxlu təzyiqlərə məruz qalmasına baxmayaraq bu müqaviləni imzaladı. Bundan sonra təzyiqlər daha da artdı. Bu isə tərəfdaş dövlətlərin bəzilərində tərəddüdlər yaratdı. Məsələn, tərəfdaşlarımızdan biri, İngiltərənin bir naziri Azərbaycanın dövlət rəsmiləri ilə danışıqları zamanı demişdir ki, biz nə edəcəyik ? Dövlət başçımız inamlı şəkildə bildirib ki, «Narahat olmayın, kim tanıyır – tanısın, kim tanımır – tanımasın. Bu yataqlar Xəzər dənizinin Azərbaycan sektorundadır və bu sektor da Azərbaycana məxsusdur. Ona görə də biz müstəqil dövlət kimi öz təbii sərvətlərimizdən istifadə etmək hüququna malikik» [6].

ABŞ-ın İpək Yolu Strategiyası layihəsi müzakirə edilərkən günümüzün reallıqlarını nəzərə alan müasir təfəkkürlü insanların olduğunu inkar etmək ədalətsizlik olardı. Çünki, müqayisə etsək görərik ki, onların bəzilərinin fikir və mülahizələrində insan hüquqlarının qorunması kimi humanist hisslər daha güclüdür. Problemə yanaşmada bu adamlar açıq-açığına işğalçı və təcavüzkarı mıdafiə etmirlər, ərazisi zəbt edilmiş Azərbaycanın qanuni hüquqlarına qarşı çıxmırlar.

Məsələyə daha diqqətlə yanaşsaq, coğrafi baxımdan və digər amilləri də nəzərə alsaq görərik ki, Azərbaycanla Ermənistanın mövqeləri müqayisəedilməz dərəcədə fərqlidir. İpək Yolu strategiyası materiallarının araşdırılması zamanı da bu yanaşmalar üstünlük təşkil edir. Yəni, həqiqətən də Azərbaycan strateji mövqeyinə görə İpək Yolunun mərkəzində və bilavasitə üstündədir. Ermənistan isə ərazi cəhətdən bu qədim yoldan xeyli uzaqdadır. Ona görə də Ermənistan bu proqramda dolayı yolla iştirak edə bilər. Lakin onun əsas mərkəzi dövlətinə çevrilə bilməz. Bu barədə professor İ.Cəfərzadə haqlı olaraq yazır: «Bu real vəziyyətdir. Ermənipərəst qüvvələr yaxşı bilməlidirlər ki, Azərbaycan hökuməti Ermənistanın İpək Yolu strateji proqramında iştirakını təmin etmək üçün real müharibə vəziyyətini nəzərə almadan təşəbbüs göstərib iki il əvvəl sentyabrın 7-8-də Bakıda keçirilən beynəlxalq konfransa Ermənistanın rəhbərliyini dəvət etmişdi. Görüşdə iştirak edən Ermənistanın keçmiş baş nazari A.Darbinyan utanıb-çəkinmədən öz ölkəsinin təcavüzkar siyasətinə məhəl qoymadan İpək Yolu proqramında iştirak etmək üçün çoxsaylı, külli miqdarda vəsait tələb edən qeyri-real təkliflər irəli sürdü və fəal əməkdaşlığa hazır olduğunu bəyan etdi» [4].

Sözün həqiqi mənasında Ermənistanın İpək Yolu proqramında iştirakına etiraz etməməsi Azərbaycan tərəfindən əsl humanist bir addım idi. Lakin mövcud vəziyyəti obyektiv qiymətləndirənlərdən fərqli olaraq yanlış yolda olanlar da dərk etməlidirlər ki, Ermənistan Rusiyanın yardımı ilə Azərbaycanın ərazisinin 20%-dən çoxunu işğal etmiş, 30 mindən çox adamı qətlə yetirmiş, şikəst etmiş, 1 milyon dinc əhalini didərgin salmış, onların əmlakını talan etmiş, tarixi abidələri, məscidləri, məktəbləri, xəstəxanaları, mədəniyyət ocaqlarını xarabazara çevir¬mişlər. Ona görə də belə məsələlərin həllində ehtiyatlılıq göstərmək, yüz ölçüb, bir bicmək və tarixdən ibrət dərsi götürmək tələb olunur ki, Respublika¬mı¬zın rəsmiləri dünya səviyyəli, regional əhəmiyyətli problemlərin həllində beynəlxalq hüquq normalarını əsas götürərək məsələlərə Azərbaycanın strateji maraqları kontekstində yanaşmağı zəruri hesab edir.

ABŞ – ın İpək yolu strategiyası qanununun «Birləşmiş Ştatların siyasəti» [5] adlı bölməsindəki ifadə olunan xoş məramlar kimi Azərbaycanın xarici siyasətində də təbii olaraq həmin motivlər əksini tapmışdır.

Lakin bu müddəalarda əks olunanlar eyni zamanda İpək yolu kontekstində qanuni təyinatı olan maddələrdir. Məsələn, Birləşmiş Ştatların siyasəti bölməsində qətii şəkildə bildirilir ki, «Bu Birləşmiş Ştatların Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətlərində siyasəti olmalıdır» [6]:

- müstəqilliyi, suverenliyi, demokratik hakimiyyəti və insan hüquqlarına hörmət prosesini gücləndirmək və irəli aparmaq;

- dözümlülük, plüralizm və qarşılıqlı anlaşmanı gücləndirmək;

- regional konfliktlərin həllinə və beynəlxalq ticarətdə mövcud maneələrin yüngülləşdirilməsinə nail olmaq;

- dostluq münasibətlərinin və iqtisadi əməkdaşlığı inkişaf etdirmək

- bazar münasibətlərinin prinsip və metodlarının irəliləməsinə kömək etmək;

- Şərq – Qərb oxundan istifadə edərək infrastrukturlara, kommunika¬siya¬lara, transportirovkalara, təhsilə, səhiyyəyə kömək göstərməklə Avroatlantika dövlətləri ilə güclü beynəlxalq münasibətlər qurmaq;

- Birləşmiş Ştatların biznesin maraqlı dövlətlərdə sərmayə yönümündə dəstəkləmək;

Sadalanan müddəalarda ABŞ – ın strateji maraqları ipək yolu kontekstində konfliktlərin nizamlanmasını geniş şəkildə ehtiva etsə də, bunlar sətiraltı mənada verilsə də, zənnimizcə sadalananlarda açıq – aydın bu dövlətin xarici siyasətinin çoxşaxəli olduğunu göstərir.

Hesab edirik ki, Azərbaycan dövləti də ABŞ kimi inkişaf etmiş güc döv¬lətinin xarici siyasət konsepsiyalarından yararlanar və bu Dağlıq Qarabağ probleminin müsbət həllində mühüm amillərdən biri kimi strateji mahiyyət daşıya bilər.

ƏDƏBİYYAT:

1. Шелковый Дорожной Закон о Стратегии 1999 обсуж. В Сенате США 10 марта 1999. 106 конгресс 1-ая сессия.

2. Aslanov A. Azərbaycan – ABŞ: strateji tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirən tarixi səfər, Azərbaycan qəz., 20.02.00.

3. Azərbaycan prezidenti Heydər Əliyevin «Nyu – york Tayms» qəz. Əməkdaşları ilə görüşü. Azərbaycan qəz., 20.02.2000.

4. Cəfərzadə İ. «İpək Yolu». İpək yolu qəzeti, №21, 1999-cu il.

5. Xalq qəz., 20.02.2000.

6. Respublika qəz., 19.02.2000.

Резюме: «Политические аспекти Шелковый Дорожный Закон о Стратегии США и Карабахскй проблем » В статье «Политические аспекти Шелковый Дорожный Закон о Стратегии США и Карабахский проблем» исследуются вопросу Шелковый Путь в контексте економической, коммерческой, енергетической, геополтической безопасности как один важнейших факторов в формировании межгосударственных отношений и ее сушность полтический аспекты. Автор приходит к выводу, что решение этого вопроса имеет стратегическое значение для каждого государства и превратился в важный фактор международных отношений. В этом смысле, тех вопросы составляют приоритет в отношениях Азербайджана и США. Все эти вопросы связи Карабахского проблеме автор комплексно привлекает к исследованию в политическом и экономическом контекста

Resume: In the article its’ role become apparent from the point of view of antiquity and actuality in consolidating intergovernmental relationships between a number of countries in the world. Being situated in a very important geopolitical region, during mentioned period Azerbaijan established foreign relations with many countries in different directions.

One of the factors which contributes to formation and consolidation of these relationships is the “ The Silk Way”.

MÜƏLLİF HAQQINDA: Habil Ağanemət oğlu Həmidov ali təhsil almış, 1992-1994-cü illərdə Azərbaycan Dövlət Xarici Dillər Universitetinin dissertantı olmuş və həmin ildə pedaqogikanın tarixi və nəzəriyyəsi ixtisası üzrə müdafiə işini başa çatdıraraq pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. O, «Sağlamlıq və iradi-fiziki keyfiyyətlərin formalaşdırılmasında Azərbaycan milli oyunlarının potensial imkanları»(5ç/v), «Azərbaycan milli oyunlarının sosial-pedaqoji-psixoloji mahiyyəti və tərbiyə işində onlardan istifadə»(8,5 ç/v), «İdman pedaqogikası»(12,5 ç/v), «Azərbaycan musiqisi şifahi və yazılı mənbələrdə»(8 ç/v) dərs vəsaitlərinin, siyasi mövzuda yazılmış «Azərbaycanın Asiya ölkələri ilə beynəlxalq münasibətləri»(7 ç/v), «Böyük İpək Yolu Azərbaycanın beynəlxalq münasibətlərində»(7 ç/v), «Azərbaycanın xarici əlaqələrində İpək Yolunun rolu»(11 ç/v), «Azərbaycanın xarici əlaqələrində sosial-siyasi münasibətlər»(15 ç/v- A. Bəşirovla həmmüəllif), «Helkovıy putğ v kontekste Vostok-Zapad»(9 ç/v), «Heydər Əliyev və Azərbaycanda təhsil siyasəti»(9 ç/v), «İpək Yolu və Azərbaycanın strateji maraqları»(9 ç/v) adlı kitabların, iki yüzdən artıq siyasi-elmi, publisistik qəzet və jurnal məqalələrinin müəllifidir.

Hazırda Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aparıcı elmi işçisidir.