DAVUDOĞLU İZZƏT və ŞƏRƏF HAQQINDA NƏ QƏDƏR ÇOX ŞEY BİLİRMİŞ - Dr. Elnur Nəsirov - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









DAVUDOĞLU İZZƏT və ŞƏRƏF HAQQINDA NƏ QƏDƏR ÇOX ŞEY BİLİRMİŞ - Dr. Elnur Nəsirov
Tarih: 21.10.2009 > Kaç kez okundu? 3559

Paylaş


Susacaqdım, amma Əhməd Davudoğlu imkan vermədi. Susacaqdım ona görə ki, kimin nə qədər qüsuru olduğunu düşünəndə qüsur içində itib-batdığımızı bilirəm. Necə deyərlər öz eyibimizə kor olmaq istəyirdim. Lakin 14 oktyabrda Azərbaycan bayraqlarının üzərində “WC” yazılmış qutulara doldurulması, 19 oktyarbrda isə Türkiyənin Xİ naziri Əhməd Davudoğlunun “Bakıdakı Şəhidlər məscidi və türk bayraqları azərilərin izzətinə və onuruna (qürur, şərəf) əmanətdir” sözlərindən sonra əlimin dinc durmayacağına qənaət gətirdim. Əhməd Davudoğlunun bu sözlərinə münasibət qalsın ən sona.

Deməli belə, İslam tarixi ilə, daha dəqiq desək onun ilk dövrü ilə maraqlananlara Abdullah ibn Səbə obrazı tanışdır yəqin ki. Bu şəxs yəhudi idi, sonra İslamı qəbul etmişdi. Amma əqidəsi saf deyildi, fitnəkar insan kimi tanınmışdı. Əli ibn Əbu Talib ilə Müaviyə ibn Əbu Süfyan arasındakı münaqişədə fitnəkarlığı ilə daha da məşhurlaşmışdı. Bundan sonra bütün tarix yazanlar nə baş versə Abdullah ibn Səbəni təqsirləndirirdilər. Yəni yazdıqlarından “nə danışırsan, heç biz bir-birimizi öldürərdik, bu Abdullah ibn Səbə olmasaydı” nəticəsi çıxır. Qısacası buraxdıqları səhvlərdən, etdikləri yanlışlardan ötrü pis vəzziyətə düşən bütün insanların öz vicdanlarını rahatlata bilmələri üçün mütləq bir “günah keçisi”nə ehtiyac var. İndi də bizim mətbuat təzə bir şey icad edib: “ermənipərəst qüvvələr”. Yəni bütün bu baş verənlərin, Azərbaycanla Türkiyənin əlaqələrinin belə vəziyyətə düşməsinin əsas səbəbkarı həmin bu “ermənipərəst qüvvələr” imiş. Kimdir bu ermənipərəst qüvvələr? Konkret olaraq hələ ki, heç kimin nə adı şəkilib, nə də üzü görülüb. Mən Türkiyədə, eləcə də Azərbaycanda ermənipərət şəxslərin olduğunu istisna etmirəm. Lakin belə bir metodla insanın öz səhvlərinə qarşı özünü görəməməzliyə qoyması nəticədə həmin şəxsin kütləşməsinə gətirib çıxarar. Təsadüfi deyil ki, həm bizim, həm də Türkiyənin, eləcə də bütün müsəlman xalqların tarixi belə səhvlərlə doludur. Ağıllı insanlar isə geri baxıb “harada səhv buraxdım” sualını verir özünə. Bir daha eyni səhvi buraxıb, eyni vəziyyətə düşməmək üçün. İndi gəlin bir az geri baxaq.

Heydər Əliyevin dünyasını dəyişməsi və Süleyman Dəmirəlin təqaüdə çıxması ilə Azərbaycan-Türkiyə əlaqələrində “əziz dostum, qardaşım” dövrü də bitmiş oldu. Münasibətlər İlham Əliyevin perzidentliyi dövründə də bu müstəvidə davam edə bilərdi. Lakin 2002-ci ildə Türkiyədə AKP-nin hakimiyyətə gəlməsi ilə bu imkan aradan qalxmış oldu. AKP Türkiyəki “milli görüş” ənənəsindən doğmuş bir siyasi partiyadır. R.T. Ərdoğan artıq milli görüşlə yollarının ayrıldığını desə də hər halda bu ənənənin yetişdirdiyi bir siyasətçidir. Bu ənənə eyni zamanda “Osmanlıçı”dır. Yəni müasir Türkiyə respublikasının Osmanlı imperatorluğunun bir davamı olduğu, daha doğrusu olmalı olduğu fikrini daşıyır. Türqut Özal da eyni ənənənin yetişdirdiyi siyasətçi idi. Nəcməddin Ərbakan və ətrafı, Turqut Özal və ətrafı, eləcə də Ərdoğan və ətrafı nəqşibəndi təriqətinin ocaqlarında mənəvi tərbiyə almış şəxslərdir. Yəqin ki, bir çoxumuz xatırlayırıq 1990-cı il 20 yanvar qətliamından sonra Turqut Özal belə bir fikir bəyan etmişdi: “azərilər şiədirlər, İrandan mədəd umsunlar”. Bu bəlkə də ehtiyatsızlıq ucbatından ağızdan qaçırılmış bir söz idi. Amma sahibinin zehniyyətini təbəyyün edirdi.

Beləcə AKP-nin Türkiyədə hakimiyyətə gəlməsi və iqtidarda möhkəmlənməsi bir çox qonşu dövləti, o cümlədən Rusiyanı da möhkəm narahat etdi. Rusiya bir müddət sonra Türkiyə mənşəli dini təriqətləri və camaataları, xüsusilə də Fətullah Gülən camaatına aid müəssisələri sıxışdırmağa başladı. Rusiyadakı Türkiyə mənşəli bütün dini təriqət və camaatlar qadağan olundu. Rusiyanın narahat edən Türkiyədə olduğu kimi Rusiyada da bu qruplara bağlı kadrların yetişərək gələcəkdə mühüm vəzifələrə yerləşə bilməsi qorxusu idi. Bu eyni zamanda Azərbaycan iqtidarına da tövsiyə edildi; “bax ha, sonra gec ola bilər, indidən tədbirini gör”. Bu Azərbaycan iqtidarını narahat etməyə bilməzdi. Çünki ölkədə siyasi müxalifət “ölmüşdü”. Müxalifət, iqtidarın da ciddi cəhdləri ilə, özü-özünü tükətmiş, etibarını və ağırlığını itirmişdi. Mitinqlərə 3-5 min adam yığılmazkən, cümə günləri və dini bayramlarda məscidlər dolub daşırdı. Azərbaycanda gənclərin İslama üz tutmasında ciddi artış var idi. Bu gənclərin böyük əksəriyyəti ali təhsil alanlar idi. Bu iqtidarın arzu edə biləcəyi ən son şey idi. Və “çarə” tapıldı, məscidləri bağlamaq. Bu əlbəttə ki, böyük bir səhv idi. Çünki İslam, xaçpərəstlik deyil, onu sadəcə monastırda yaşamırlar. İslam bütün yer üzünü məscid, yəni səcdə edilə biləcək yer elan etmiş bir dindir.

Burada müxalifət mətbuatının da rolunu qeyd etmək yerinə düşəcəkdir. Bir neçə il bundan əvvələ qədər bəzi qəzetlərdə belə yazılara rast gəlmək olurdu: “Gənclər məscidlərə üz tutur, əgər qərb demokratik müxalifəti dəstəkləməsə onda Azərbaycanda dini müxalifət yaranacaq”. Ümid edirəm ki, belə qorxusu olanların indi heç bir ürküsü qalmayıb və rahatlıq tapıblar.

İşin qəribə tərəfi Azərbaycanda bu “tədbir”in sünni məscidlərinə tətbiq edilməsi idi. Hətta ramazan ayında Gəncədə məscidin qapısına kilid vuruldu. Sünni ənənəyə mənsub dini camaatlar və təriqətlərə təzyiqlərin olduğu isə açıq və aşkar idi. Niyə görə isə bəzi insanlar bizim 21-ci əsrdə, informasiya çağında yaşadığımızı unudaraq, özünü korlar aləmində hesab edirlər. Bütün bunlar əlbəttə ki, Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan kimi dövlətləri narahat etməyə bilməzdi. Üstəlik məhz bu dövlətlər indiyə qədər Azərbaycana qarşı təcavüzkar siyasətinə görə Ermənistanla siyasi əlaqələr qurmamışdılar. Türkiyənin bu addımından sonra artıq digərlərinin də Ermənistanla öz arasına məsafə qoymağa davam edəcəyini zənn etmirəm. Bu məsələyə ilk münasibət bildirməli olan idarənin başı indulgensiya satmağa qarışdığı üçün bu kimi işlərlə çox məşğul ola bilmir. “Həcc ziyarətinə sadəcə bizim xətlə gedilməlidir, yoxsa ziyarətiniz qəbul olmaz” bəyanatları verməklə məşğuldur.

Bundan başqa Türiyədə məlum “Ergenekon” məsələsi ilə bağlı sadəcə iki ölkədə etiraz səsi yüksəldi, Rusiya və Azərbaycan. Rusiyada Dugin ara-bir bu prosesin əleyhinə bəyanatlar verirdi. Amma Azərbaycandakı kimi heç bir yerdə imza kampaniyası, mətbuat konfransları keçirilmədi. Bu təbii ki, Türkiyə iqtidarının nəzərindən yayınmadı. Hətta Ərdoğan belə Ergenekonun Azərbaycandakı “dərin əlaqələr”idən danışdı.

Ən əsası isə Azərbaycanın iflas etmiş xarici siyasi kursu işin bu yerə qədər gəlib çıxmasına səbəb oldu. “Vaxt bizə işləyir” ifadəsini hamımız xatırlayırıq. Lakin məlum oldu ki, vaxt bizə yamanca işləyib, indi görək onun yarasını necə sağaldacağıq. Azərbaycan beynəlxalq siyasi vəziyyəti düzgün oxuya bilmədi, buna görə də istiqaməti də düzgün müəyyən edə bilmədi. ABŞ-ın “Genişləndirilmiş Orta Şərq Siyasəti”nə uyğun olaraq xarici siyasət strategiyası müəyyənləşdirilmədi. Corc Buş və yeni mühafizəkar (neo-con.s) cərəyanın layihənin gerçəkləşdirilməsindəki uğursuzluqlarından sonra Barak Obama adminstrasiyasının mənimsədiyi “Rusiyanı küncə sıxışdırıb, siyasi bazarlığa məcbur etmək” strategiyasına uyğun addımlar atılmadı. Gürcüstan müharibəsindən düzgün nəticələr çıxarılmadı. Rusiya iflas etmiş maliyyə sistemi və iqtisadiyyatı ilə ABŞ-a qarşı çox ayaq dirədə bilməzdi. Belə də oldu. Qaradəniz hövzəsindən, cənubi Qafqazdakı tək dayaq nöqtəsi olan Ermənistandan və İranı dəstəkləməkdən əl çəkəcəkdi. Əvəzində şimali Qafqaz əlində qalacaq və neftin qiyməti yenidən bahalaşmağa başlayacaqdı. Diqqət yetirin neft bir neçə həftədən bəri bahalaşır və artıq 80 $-ı haqlayıb. Rusiya maliyyə çətinliklərini nisbətən aradan qaldıra biləcək. Şimali Qafqazda isə rus imperyalizminə qarşı əməliyyatlar, lazımi dəstək verilməməsi səbəbiylə, nisbətən səngiyib, inşaallah tamamən bitməz.

Qısacası Azərbaycanın xarici siyasət idarəsi lazımi tədbirləri vaxtında həyata keçirə bilmədi. Hər dəfə cənab Məmmədyarovu ekranda görəndə fikirləşirəm ki, mən şəxsən düşmən təmsilçisi olsam onun üzündəki mağmın ifadəni görəndən sonra nəinki 20%, hətta ölkənin 100%-ni işğal etmək həvəsinə düşərdim. Allah xətrinə Lavrova baxın, adamın sifəti məhkəmə divarına oxşayır, soyuq, sərt, kəskin.

Bundan başqa, Azərbaycan rəsmiləri Türkiyə-Azərbaycan siyasi əlaqələrinin tarixini görünür yaxşı bilmirmişlər. 1722-ci ildə I Pyotr Azərbaycanın Xəzərsahili vilayətlərini işğal etmişdi. Osmanlı dövləti Rusiya ilə münasibətlərini korlamağa cəsarət etməyərək bu vəziyyətlə barışmışdı. 1724-cü il iyunun 12-də İstanbulda Rusiya-Osmanlı müqaviləsi imzalanmışdı. Bu müqavilə Dərbənd, Bakı, Salyan, Lənkəran, Rəşt və Ənzəlinin Rusiyaya keçməsini təsdiq edirdi. Əvəzində isə Xəzəryanı bölgələr istisna olmaqla bütün Azərbaycan Osmanlılara keçirdi. O vaxt Azərbaycanın bəxti onda gətirdi ki, hakimiyyətə Nadir xan Əfşar kimi bir şəxs gəldi. Nadir xan Əfşar tezliklə, MÜHARİBƏ YOLU İLƏ, Azərbaycanın bütün işğal altındakı torpaqlarını azad etmiş, rus və osmanlı qüvvələri Azərbaycan ərazisindən çıxarılmışdı.

Gülüstan müqaviləsindən 1 il əvvəl, 16 may 1812-ci ildə Osmanlı dövləti ilə Rusiya arasında Buxarest müqaviləsi imzalanmış və bu müqaviləyə əsasən Osmanlı dövləti cənubi Qafqazın böyük bir hissəsinin Rusiya tərəfindən işğal olunmasını təsdiq etmişdi.

Türkmənçay müqaviləsindən bir il sonra 2 sentyabr 1829-cu ildə bağlanmış Ədirnə müqaviləsi ilə Osmanlı dövləti bütün cənubi Qafqazın Rusiya tərəfindən işğal edilməsini tanımışdı.

1918-ci ildə bağlanmış Batum müqaviləsi ilə Osmanlı dövləti Azərbaycana hərbi yardım göstərməli idi. Bundan əvvəl Azərbaycan hökumət nümayəndələri ilə bu haqda danışıqlar aparılmışdı. Lakin erməni milli şurasının müvəqqəti də olsa Osmanlı dövlətinə qarşı torpaq iddialarından əl çəkməsi üçün Osmanlı dövləti İrəvan və ətrafının ermənilərə dövlət qurmaları üçün verilməsini istəmişdi. Çünki Osmanlı qüvvələri Aleksandropolu tutandan sonra ermənilərin dövlət qura biləcəkləri başqa bir yer qalmamışdı. Beləcə İrəvan ermənilərə verilmişdi. İrəvan Ermənistana veriləndən sonra Ermənistanın sərhəddi İrəvan şəhərinin yaxınlığından keçirdi. Batum müqaviləsinin şərtlərinə görə Ermənistan respublikası cənubi Qafqazda 10 min km² ərazisi olan dövlət idi.

30 oktyabr 1918-ci ildə Osmanlı dövləti ilə İngiltərə və müttəfiqləri arasında Mudros atəşkəs sazişi imzalanmışdı. Sazişin şərtlərindən birinə görə Azərbaycandakı bütün Osmanlı əsgər və zabitləri ölkələrinə qayıdacaqdılar. Azərbaycan hökumətinin “zabitlər Azərbaycan vətəndaşlığını qəbul edib qalsınlar, ordu quruculuğunda kömək etsinlər” təklifi Osmanlı dövləti tərəfindən qəbul edilmədi.

19 may 1919-cu ildə Samsuna gələn Mustafa Kamal Atatürk bir neçə gün sonra Hövzə adlanan yerdə bolşevik-rus heyəti ilə görüşmüşdü. Bu görşdə Azərbaycanla bağlı nə danışılmışdı deyə bilmərəm, amma 26 aprel 1920-ci ildə Mustafa Kamal Leninə aşağıdakı məzmunda bir məktub yazmışdı:

“Sayın Başkan ...........rus bolşevikleriyle bütün çalışmalarımızı ve askeri harekâtımızı birleştirme zorunluğunu kabul etmekteyiz............... bize ilk önce 5 milyon altın ruble vermesini, yapılacak görüşmelerde tutar sayısı kararlaştırılacak silah ve cephane, bunlardan başka askeri teknik malzeme ve tıbbi malzeme, birliklerimizin ihtiyacını karşılayacak gıda maddesi sağlamasını istemekteyiz”.

Bu məktubdan iki gün sonra Azərbaycanın istiqlaliyyətinə son qoyulmuşdu. 1920-ci ilin sentyabrında Lenin Mustafa Kamala 200 kq qızıl külçə göndərmişdi. 1922-ci ilə qədər Rusiyadan Mustafa Kamala 30 min ədəddən çox tüfəng, 300 milyona yaxın patron göndərilmişdi. Leninin ölümündən sonra Mustafa Kamalın silahdaşı Rza Nur Stalinlə görüşüb 30 milyon qızıl rubl istəmiş, amma uzun çənə-boğazdan sonra Stalindən cəmi 1 milyon qızıl pul qopara bilmişdi.

Məlum olduğu kimi M. Ə. Rəsulzadə 1922-ci ildə İstanbula gəlmiş və mühacirətdə siyasi fəaliyyətini davam etdirmişdi. Onun fəaliyyətinin SSRİ ilə Türkiyə cumhuriyyətinin əlaqələrinə xələl gətirəcəyi əndişəsiylə Rəsulzadə, yumuşaq desək, Türkiyədən çıxarılmış və o, mühacirət həyatını Avropada davam etdirmək məcburiyyətində qalmışdı. Rəsulzadə yalnız 1947-ci ildən, İsmət İnönünün öz istiqamətini qəti olaraq qərbə çevirməsindən sonra, Türkiyəyə qayıda bilmişdi.

Əlbəttə ki, su meymunun boğazına çatanda, balasın da ayağı altına atır. Lakin bir çox məcburiyyətlərinə rəğmən Azərbaycan heç vaxt Türkiyəni qumar masasında kart kimi istifadə etməyib. Türkiyəyə indi nə vəd veriblər? PKK bitəcək, terrorçular dağdan enməyə başlayıblar, soyqırım məsələsi bitir, Türkiyə orta şərqdə lider dövlətə çevrilir, yeni osmanlı filan deyə deyə, söz yerində isə, Türkiyənin qoltuğuna qarpız verirlər. Bu qədər şey “alıb” nə isə vermək lazımdır ya yox? Veriləcək şey isə çox kiçik bir şeydir, Ermənistanla əlaqələrin normallaşdırılmasında Qarabağ şərtindən vazkeçmək, vəssalam. Rusiya cənubi Qafqazdan ABŞ lehinə vazkeçməyə razıdır, bir şərtlə ki, Ermənistan Qarabağı itirməsin. ABŞ da buna razıdır. Çünki bu onlara gələcək planlarında lazım olacaq. Zaqafqaziyada xristian ünsürün yayılma sahəsini mümkün qədər geniş tutmaq vacibdir. PKK-nın aradan qaldırılasının əvəzində İraqın şimalındakı Kürd dövlətini Türkiyə tanıyacaq. İndi Süleymaniyyədə Türk konsulluğunun açılması üçün müzakirələr gedir. Beləcə İraqın şimalındakı Kürd dövlətinin təhlükəsizliyi zəmanət altına alınacaq. Ən azından Türkiyə buna zəmanət verəcək. Türkiyədəki kürdlərin bu dövlətə birləşmələri isə gələcəyin işidir, Türkiyə “çoxlu-çoxlu” açılımlar edib, çox demokratik ölkə olanda bunun üçün bir referendum kifayət edəcək. Elə zənn etməyin ki, bu ərazilər kürdlər üçündür, xeyir. Buralar “tarixi böyük Ermənistanın” əraziləridir. Ermənilərin ifadəsi ilə desək “qərbi Ermənistan”. Maraqlananlar bu sayta baş çəkə bilərlər (www.western-armenia.org). İsrailə Yəhova tərəfindən “vəd edilmiş” torpaqlar da ayrı məsələdir təbii ki.

Mən Rusiyanın Qaradəniz yolundan istifadə ilə Türkiyə ərazisindən keçib Ermənistana çıxış əldə etmək istəyində olduğu fikri ilə də razı deyiləm. Çünki belə bir yolu Xəzərdən keçib İran vasitəsi ilə də təmin etmək olardı. Bunun üçün Türkiyəyə ehtiyac yox idi.

Diqqət yetirmisinizsə son vaxtlar İsraillə Türkiyə arasında da əlaqələr xeyli gərgin davam edir. Bu heç şübhəsiz müəyyən bir məqsədə xidmət edən danışıqlı döyüşdür. Hətta BMT-də də İsraili 2009-cu ilin yanvarında Qəzzədə hərbi cinayət törətməklə ittiham edən sənəd qəbul edildi. İraq və Əfqanıstan müharibələri orta şərq regionunda, eləcə də bütün müsəlman aləmində ABŞ-ın imicinə ciddi zərbə vurmuşdu. Müsəlman aləmində anti-amerikan əhval ruhiyyəsi ən yüksək həddədir. Radikal dini cərəyanlara rəğbət də bunun paralelində artırdı. Bunun qarşısını almaq üçün İsraliə bir az “qulaqburması” vermək yerinə düşəcəkdi. Beləcə müsəlman aləmində ABŞ və onun rəhbərlik etdiyi dünya nizamının ədalətsizliyinə dair fikirlər müəyyən qədər aradan qaldırılacaq, radikal qrupların yerinə isə “light İslamın” bariz təmsilçisi AKP-nin prestiji artacaqdı. Bununla da iqtisadi problemlər, işsizlik, “kürd açılımı”, “erməni açılımı” kimi məsələlərlə xal itirən AKP-nin türk seçicisi nəzdində reytinqi artacaqdı. Çünki 2011-ci il seçkilərinə elə də çox vaxt qalmayıb və AKP hələ ki, qərb imperyalizminə lazımdır. Onu da deyim ki, Muhsin Yazıçıoğlunun niyə həyatda olmadığı indi daha yaxşı anlaşılır. AKP-li millətvəkilləri arasında Yazıçıoğlunun bir dediyini iki etməyəcək bir çox insan var. Yazıçıoğlu çətin ki, bu açılım-maçılım oyununa aldanaydı.

Türkiyədəki ermənilərin baş yepskopu Mesrop Mutafyan bir müsahibəsində “Türkiyədə nə qədər erməni yaşayır” sualına belə cavab vermişdi: “Türkiyədə 160 minə yaxın erməni yaşayır, bunların 100 mindən artığı müsəlman ermənilərdir”. Bu bir çoxumuza qəribə gələ bilər. Amma Türkiyədə nə qədər erməninin yaşadığını ən yaxşı bilən şəxslərdən biri Mutafyan olduğuna görə şübhə doğurmamalıdır. Məsələ burasındadır ki, 1915-ci ildə ermənilərin Anadoludan sürgünü vaxtı (ermənilərin soyqırım dedikləri hadisə) ermənilərə sadəcə bir şərtlə Anadoluda qalmaq icazəsi verilə biləcəyi bildirilmişdi, İslamı qəbul etmək. Bu vaxt bir çox erməni kəndi bütünlüklə və ya qismən İslamı qəbul etmişdilər. Məsələn Türkiyənin Rizə vilayətinə bağlı Həmşin, Çamlıhəmşin, Çayeli, Hopa, Fındıklı kimi qəsəbələrdə yaşayan əhalinin böyük hissəsinin əslən erməni olduğu Türkiyədə bir çoxları tərəfindən bilinir. Bunlar özlərinə məxsus “homşetsi” adlanan erməni dilinin bir ləcəsində danışılar. Həmşinilər səmimi müsəlmandırlar, amma milliyətcə ermənidirlər. Eləcə də Türkiyənin Kayseri, Tokat, Sivas, Elazığ, Muş, Bitlis, Ərzurum kimi mərkəzi və şərqi vilayətlərində belə kəndlər və ailələr kifayət qədərdir. Mən bu insanları suçlamıram və onların İslamı qəbul etmələrindəki səmimiyyətlərinə də heç bir şübhəm yoxdur. Buna baxmayaraq əslən Kayseridən olan Abdullah Gülün bu gün Guroymaq adlanan qəsəbəyə gəlib buranın kürd millətindən olan sakinləri ilə görüşərkən qəsəbəni köhnə ermənicə adı ilə “Norşen” adlandırılmasını izah etmək xeyli çətindir. Niyə Norşen? Əgər Abdullah Gül Tunceli vilayətinə gedib buranı Dersim adlandırsaydı bunu başa düşmək olardı. Çünki burada əhalinin böyük əksəriyyəti kürddür və vilayətin kürdcə adı da Dersimdir. Amma Guroymaqda heç erməni yoxdur. Buradan köçürülmüş ermənilərin yerinə kürdlər məskunlaşıb və onlar üçün o qəsəbənin adı Guroymaqdır. Norşen vəya Noraşen erməni dilində “yeni kənd, yeni qəsəbə” deməkdir. Bu gün Ermənistanın Berd rayonunda Noraşen kəndi var, bir başqa Noraşen kəndi Qarabağdadır. Bir Norşen qəsəbəsi də Gürcüstanın Axaltsxi rayonundadır ki, əhalisinin əksəriyyəti ermənidir. Abdullah Gülün ermənilərdən soyqırıma görj üzr istəmə kampaniyasına da münasibəti qəribə olmuşdu, o, bunu “fikir azadlığı” kimi dəyərləndirmişdi.

Bütün bunların hamısına bir don geydirmək, bir qılıf uydurmaq olardı. Amma 14 oktyabrda Azərbaycan bayraqlarını Bursa stadionunun girişində zibil qablarına doldurulmasını heç bir şəkildə izah etmək olmur. Polisin bir azarkeşə “ver şunu be” deyərək Azərbaycan bayrağını alıb zibil qutusuna atmasını ümumiyyətlə izah etmək mümkün deyil. O bayraq bəsit bir “şu” deyil. Ona görə də azərbaycanlılara izzət və şərəf dərsi vermək Əhməd Davudoğlunun həddinə düşməyib. Çünki bu ölkənin, bu xalqın rəmzi olan bayraq da Türkiyə hökumətinin izzət və şərəfinə əmanət idi. Onlar o bayrağı öz izzət və şərəfləri ilə birliktə üzərində “wc” yazılmış zibil qutusuna atdılar.

Ümumiyyətlə bu adamı üfləmə Qasım kimi çox üfürüb şişirtdilər. Bir kitab da yazıbmış “Strateji Dərinlik” deyə. Oxumamışam, bir şey deyə bilmərəm. Amma bir neçə ay bundan əvvəl bir müsahibəsində dediyi sözlər bu adamın heç də strateji və siyasi cəhətdən dərin olmadığını ortaya qoydu. Cənab nazir deyirdi ki, əgər Qarabağ məsələsi həll olsa onda Bakıdan başlayan quru yolu Qarabağ və Ermənistandan keçərək Türkiyəyə daxil olacaq və Avropaya açılacaq və.s. Düzü bu səfehlikdən başqa bir şey deyil. Bakıdan başlayan yol düz davam edib Gürcüstana daxil olub, oradan Qaradənizin sahili boyunca düz yolla gedib Avropaya çıxarkən kim və niyə Qarabağın və Ermənistanın dağına-daşına dırmansın? “Kürd açılımı”, “erməni açılımı” kimi addımların qərbin diqtəsi ilə atıldığı ifadə edəlində bəzi Türkiyəli mütəxəssislər belə deyirər: “Artıq əvvəlki dövr deyil, Türkiyənin xarici siyasəti başqalarının mətbəxində bişmir”. Tamamilə doğrudur, buna ehtiyac qalmayıb, çünki başqa ölkələrin yetişdirdiyi aşpazlar indi artıq Türkiyənin mətbəxində qərbin reseptlərinə əsasən siyasət “bişirirlər”.

Azərbaycan bayraq məsələsinə adekvat cavab verməkdə tamamilə haqlıdır. Çünki heç bir təhqir cavabsız qalmamalıdır. Orada Türkiyənin bayrağı dalğalanmırsa bu şəhidlərə hörmətsizlik deyil. O şəhdilərə Azərbaycan xalqının hörmət və ehtiramı daimdir. Bu ölkə üçün axıtdıqları qanları da bizim üçün hər zaman əziz olacaq. Bununla yanaşı, Azərbaycan heç kimə öz mövcudiyyətini borclu deyil. Azərbaycanda şəhid olmuş türk əsgərlərinin 10 qatı qədər azərbaycan gənci bu ölkənin istiqlaliyyəti uğrunda canından keçmişdir. Onları nə yada salan, nə də onlar üçün abidə ucaldan var.

Lakin Azərbaycan məscidlərin qapısına kilid vurulan ölkə olmamalıdır. Bakını İslam mədəniyyətinin bu ilki mərkəzi elan etmək kimi tədbirlərlə bu böyük eyibin və günahın üstünü örtmək olmaz. Üstəlik Qafqazdakı ən böyük katolik kilsəsinin Bakıda açılmasından sonra. Eşidən də Bakıda katolik əlindən tərpənmək olmur fikirləşər, o qədər çoxdurlar ki, ibadət etmələri üçün bu boyda bir kilsə lazım imiş. Bakıda günün müəyyən vaxtlarında, müəyyən yerlərdə kilsə zənglərinin səsindən qulaq tutulur. Hal belə ikən əzan səsindən narahat olmaq üçün sadəcə iblisin nökəri olmaq lazımdır. Azərbaycanda İslam peyğəmbərinin vəfatından cəmi 6 il sonra 638-ci ildən əzan oxunmağa başlanıb. Bu ölkə İslamı qəbul etmiş ilk məmləkətlərdən biridir. Əgər mütləq bir tədbir görüləcəksə bu edilsin; Nazirlər kabinetinin qərarı ilə Azərbaycanın təhsil sistemində işləyən bütün əcnəbi vətəndaşlara Azərbaycan dilindən imtahan məcburiyyəti gətirilsin. Testdə qrammatikaya dair suallara üstünlük verilsin. İmtahandan keçə bilən əcnəbilərin diplomaları AAK-ə təqdim edilib, araşdırılsın, sonra orada müzakirə edilib işləyib işləyə bilməyəcəyinə dair qərar çıxarılsın. Yoxsa məscid bağlamaq tədbir deyil. Madam xaricdə dini təhsil almaq bu qədər “təhlüləlidir” Azərbaycanda ilahiyyat məzunu olan çox sayda Azərbaycan vətəndaşı gənc var. Hər hansı birini bağlanmış məscidə təyin edib ibadətə açmaq olar. Əslində əgər belə bir təhlükə varsa onda cənab Paşazadəyə də dini mərasimləri idarə etmək qadağan olunmalıdır, hətta istefaya getməlidir. Çünki o, da dini təhsilini Özbəkistanın Buxara şəhərində alıb və Özbəkistan məlum olduğu kimi Azərbaycanın rayonlarından biri deyil. Bizim üçün xarici dövlətdir.

Azərbaycan həqiqətlərini “dünya ictimaiyyətinə çatdırmaqdan” da hər halda artıq vaz keçərik. Çünki dünya ictimaiyyəti dediyimiz imperyalist qərbin heç vaxt Ermənistanı işğalçı kimi tanımayacağını yəqin ki, artıq hamı bilir. Tanıya da bilməz, buna mənəvi haqqı da yoxdur. Məsələn Ermənistan ABŞ-a deməzmi işğalçılıq belə pis şeydirsə sən niyə İraqla Əfqanıstanı işğal etmisən. Üstəlik 20 yox 100%-ni. Burada bir xristian həmrəyliyinin olduğunu artıq ölkədəki rəsmi ağızladan da eşidirik. Erməni kilsəki apostolik (yəni güya İsanın (ə.s) həvarilərinin tələbələri tərəfindən qurulmuş) kilsə hesab olunur. Dünyada cəmi bir neçə apostolik kilsə (Qüds, Roma, Antakiya) mövcuddur. Belə bir kilsənin qərb dünyasında sözünün yerə salınacağını düşünməməliyik. Onların siyasi xadimlərində bu şüur və məfkurə, bizimkilərdən fərqli olaraq, mövcuddur. 11 dekabr 1917-ci ildə ingilis qoşunları Dəməşqi işğal edəndə general Edmund Henry Allenby ilk olaraq bu şəhərdəki Sultan Səlahəddin Əyyubinin türbəsinə gəlir və qəbir daşını təpikləyərək “Səlahəddin biz yenə gəldik, bacarırsansa qalx bizi qov” demişdi. Səlahəddin Əyyubi 1187-ci ildə xaçlı ordularını Xuttin döyüşündə tamamilə məhv edən, İngilis kralı çaqqalürəkli Riçardı (Richard the Lionheart) məğlubiyyətə uğradaraq yaxın şərqi səlibçilərdən təmizləyən hökmdar idi. General Allenby əcdadının 700 illik qisasının almışdı. (Yaxşı ki, Səlahəddin Əyyubi bizim dövrümüzdə yaşamayıb, yoxsa onu da 1 nömrəli terrorçu elan edərdilər).

Sonda bir şeyi də qeyd etmək istəyirəm. İranın ətrafındakı həlqə getdikcə daralır. Əsrimizin Metternixinin rəhbərlik etdiyi nazirlik heç olmasa burada baş verə biləcəklərə dair hazırlıqlı olmalıdır. Cənubi Azərbaycanın istiqlaliyyətinə qovuşmaq şansı yarana bilər. Belə şans hər gün yaranmır.

Türkiyə-Azərbaycan əlaqələrinin mümkün qədər zədələnməməsi üçün çalışmaq lazımdır. Çünki 2011-ci il seçgiləridə AKP-nin tək başına iqtidar ola bilməmə ehtimalı böyükdür. Hətta ola bilsin ki, 2010-cu ilin yayında erkən seçgilər keçirilsin. İnşaallah belə də olar. Buna görə də Azərbaycan Türk millətinin nəzdində öz nüfuzunu qoruyub saxlamağa çalışmalıdı.

Qarabağ və Türkiyə-Ermənistan əlaqələrinə gəldikdə bu planı pozmanın çox asan bir yolu var. Dərhal hərbi əməliyyatlara başlayaraq erməniləri Naxçıvana hərbi təcavüz etməyə təhrik etmək. Qars müqaviləsinə görə (13 oktyabr 1921) Türkiyə Naxçıvana üçüncü bir tərəfin hərbi təcavüzünün qarşısını hərbi yolla almağı öhdəliyinə götürmüşdür. Belə olan vəziyyətdə Türkiyə ilə Ermənistan müharibə vəziyyətinə düşəcəklər, heç bir siyasi əlaqələrin qurulmasından söhbət belə gedə bilməyəcək. Rusiya işə qarışsa, Türkiyə NATO-nun üzvüdür. Qoy ABŞ və müttəfiqləri arxasında dursun. Hər halda itirən biz olmayacağıq.





Yorumlar









Aktif Ziyaretçi 50
Dün Tekil 1505
Bugün Tekil 1784
Toplam Tekil 4076565
IP 3.16.83.150






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.311 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu