Türkiyənin fəlakəti Türklüyün fəlakətidir - Vüqar BEYTURAN - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Türkiyənin fəlakəti Türklüyün fəlakətidir - Vüqar BEYTURAN
Tarih: 17.08.2011 > Kaç kez okundu? 3178

Paylaş


“Fəlakətlərimizdən dərs götürək”







Türkiyənin fəlakəti Türklüyün fəlakətidir











Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!



Biz Mütləqə İnam Dünyabaxışına söykənərək, “Ata Bilənləri yetişməli, Ata Tədqiqat Evi yaranmalıdır” devizi altında maarifçilik işi həyata keçiririk. Bu vaxta qədərki söhbətlərimizdə Azərbaycanın köklü, prinsipial problemlərinə toxunmuşuq. Eləcə də Türk Dünyasının bir sıra köklü problemlərinə toxunmuşuq. Bu mövzuları işləmişik və yaymışıq. Bu gün də görüşlərimiz davam edir. Əlbəttə, bizim üçün bu yetərli deyil. Məqsədimiz odur ki, Azərbaycanda və ümumiyyətlə, Azərbaycandan kənarda, dünyada ayrı-ayrı türk aydınlarının, düşünərlərinin mövqelərini bir araya gətirək. Mən deyə bilmərəm bu nə vaxta başa gələcək, ancaq belə cəhdlər gərəkdir. Bu insanların bugünə qədər hansı mövqedə olmalarından asılı olmayaraq, onlarla düşüncələrimizi bölüşmək, böyük məsələlərə ciddi münasibət yaratmaq qərarındayıq. Hər şey sözdən başlayır. Söz əsil, həqiqi olanda onun yerişi də qəti olur. Ona görə də biz əsil sözü, həqiqi sözü tanıtmaq qərarındayıq. İnsanların yurdumuza, ulusumuza münasibətlərində böyük məsələlərə yönəlik zaman-zaman düşüncə fərqini aradan qaldırmaq düşüncəsindəyik. Heç olmazsa barmaq sayda insanları tapmaq, Azərbaycanda bir araya gətirmək və demokratik oyunlardan qıraqda bunların ülvi birliyini yaratmaq. İnsanlar heç bir məsələdə vahid mövqe sərgiləyə bilmirlər. Hətta bir təşkilatın içində belə insanlar vahid mövqe sərgiləyə bilmirlər. Kənar təsirləri təmsil eləməklə xalq yaranmaz. Öz milli yönünü təmsil eləmək və bu açıdan maarifçilik işini həyata keçirmək gərəkdir. Bu maarifçilik işinin sonucu hara gedib dayanacaqsa, ora qədər də getmək olar. Böyük Hərəkata qədər getmək gərəkdir. Vurğuladığımız kimi, bunun üçün insanların bir araya gəlməyi bacarması, böyük məsələlərdə fikir ayrılığının aradan qalxması lazımdır. Bu insanların bir-birinə inanması, bir-birini sevməsi lazımdır. Balaca niyyətlər tamamilə ürəkləri tərk eləməlidir. Mühiti tərk eləməlidir. Bunun üçün çox çalışmalıyıq. Olduqca çətindir. Hərə özü üçün sanki bir fikir daşıyıcısıdır. Olsun! Ancaq bu əsaslı olsun, doğru olsun. İnsanlar bir-birini doğrudan da tanısın. Və bu mühitin insanları, bunların arasında hansısa bir diplomatik jest, hansısa bir diplomatik münasibət olmasın. Qruplaşma olmasın. Aşağı-yuxarı olmasın, birinci-beşinci olmasın. Hər kəsin ləyaqətini ayağa qaldırmaq və bir araya gətirmək gərəkdir. Böyük birlik gərəkdir. Bunu bacarmalıyıq. Gec olacaq, olsun. Amma olsun! Böyük səbir lazımdır. Amma həm də böyük səy lazımdır. Gözləmirik, heç nə öz-özünə olmur. Gərək özümüz özümüzü yaxşı tanıyaq və dəyərləndirək. Həm də özümüz-özümüzü döyək. Özümüzü döyək ki, meydana çıxa bilək. Meydana çıxanda bizi döyməsinlər və sıradan çıxarmasınlar. Biz özümüz üçün çıxmayaq meydana, xalq üçün çıxaq. Əlbəttə, bu, Ocaq işi olmayacaq, Ocağın öz işi var, bu, əbədi davam eləyəcək. Ancaq Ocağın ruhani işlərindən başqa da işlər gərəkdir. Və o işlərdə də Ocaq ideyalarından bəhrələnmək gərəkdir. Bizim də istədiyimiz odur ki, insanlar bu meyar əsasında böyük işlər görsünlər.



Bizi qayğılandıran məsələlər var. O məsələlərdən birini bu gün müzakirə etmək istəyirik. Bu, Türkiyənin durumu ilə bağlıdır. Biz həmişə vurğulamışıq ki, bütün Türk Dünyası üçün bu gün Türkiyə çox önəm daşıyır. Həm gücünə görə, həm mövqeyinə görə, həm də dövlətçiliyi baxımından oturuşmuş olduğuna görə. Türkiyə dövlətinin Azərbaycanla, digər türk dövlətləri ilə əlaqələri, birliyi, yaxud ayrılığı əlbətttə, bir ziyalı olaraq bizi düşündürür.



Bu məsələlərdən biri Türkiyədə “demokratik açılım” layihəsidir ki, Türkiyə hökuməti onu gündəliyə gətirdi, uzun müddət bu layihənin önəmli olduğunu təbliğ elədi. Ancaq nəticə etibarilə bu layihə Türkiyənin özünə də, qurulmalı olan ulusal münasibətlərə də ziyan verdi və ziyan verməkdə davam eləyir. Elə söhbətimizi də mövzunun bu nöqtəsindən başlayırıq.







Vüqar Bəyturan: Mövzu çox ağır və dərindir. Bu mövzuya ötəri toxunmaq – məsələlərə tam aydınlıq gətirməyə bilər. Ancaq bir görüşün imkan verdiyi qədər fikir söyləmək zorundayıq. İlk sualı belə qoyuram ki, niyə məhz biz Türkiyədəki prosesləri müzakirə edirik?! Ona görə ki, Türkiyə Azərbaycan üçün çox önəmli bir dövlətdir. Söhbət təkcə onun qardaş dövlət olmasından getmir. Ondan gedir ki, Azərbaycanda baş verən siyasi proseslər, yenilənmələr həm tarixən, həm də günümüzdə, eyni zamanda da gələcəkdə məhz Türkiyə ilə bağlıdır. Eləcə də Türkiyədə baş verən proseslərin Azərbaycanla bağlı olduğunu söyləyə bilərik. Birincisi, ona görə ki, biz bir regionda yerləşirik. İkinci, nə qədər özümüzü ayrı-ayrı götürsək də rəqib qüvvələr, dövlətlər bizi bir millətin mənsubları olaraq götürürlər, bölmürlər. Strateji münasibətlərdə Azərbaycanla Türkiyə bir-birindən o qədər də fərqləndirilmir. O baxımdan hesab eləyirəm ki, Türkiyənin önəmi böyükdür. Yada salaq ki, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə Türkiyə olub. Azərbaycanla müstəqil dövlət kimi iqtisadi münasibətləri inkişaf etdirən dövlət də məhz Türkiyə dövləti olub. Bəli, Azərbaycanın keçmişdəki, həm də gələcəkdəki problemlərinə münasibətdə də Türkiyənin çox böyük önəmi var. Məsələn, burda qeyd olundu, Güney Azərbaycan məsələsi. Biz istəsək də, istəməsək də Türkiyənin Güney Azərbaycanla bağlı tutacağı mövqe bu məsələnin həllinə mühüm təsir göstərəcək. Türkiyə bu məsələdə bizimlə bir mövqedə olacaqsa, o zaman bu problemin həlli asanlaşacaq. Əksinə, Türkiyə “Güney Azərbaycanın müstəqilləşməsi və Azərbaycanın bütövləşməsi gələcəkdə Türkiyənin bütünlüyünə ziyan verə bilər” kimi yanlış mövqedən çıxış edərsə, təbii ki, bizim üçün çox böyük problemlər yaranacaq. Biz ilk növbədə ixtilaflardan qaçmalıyıq, istər Azərbaycan türkləri olaraq, istərsə də Türkiyə türkləri olaraq. İxtilaflarla hər iki Türk dövləti dünyada öz mövqelərini müdafiə etməkdə ciddi əngəllərlə qarşılaşmış olacaq.



“Demokartik açılım”ın elan olunması güya Ərdoğan hakimyyyətinə qədər kürd probleminin həll olunmamasının təsdiqi idi. Ərdoğan hakimiyyəti bunu etməklə Qərbə reverans etdi ki, həqiqətən də Türkiyədə kürd problemi var imiş, bu problemi ona qədərki hakimiyyətlər həll etməyib, amma o həll etmək üzrədir. Bunun göstərgisini etdilər və belə deyək ki, son nəticədə ciddi problemlərlə üzləşdilər. Gözlənilən nəticə alınmadı, əks effekt verdi. Kürd seperatçıları daha da təşkilatlanmağa başladılar, Türkiyə şəhidlərinin sayı artdı. Qərbin xeyir-duası, bu məsələdə AKP hakimiyyətini dəstəkləməsi onun mövqelərini gücləndirsə də, həm beynəlxalq arenada, həm də daxildə çox güclü təpkilərlə üzləşdi və son nəticədə Türkiyənin milli maraqlarının ciddi şəkildə zədələnməsi ilə sonuclandı. Bu da kürd probleminin həllinə yox, onun daha da dərinləşməsinə gətirib çıxartdı. Əks effekt deyəndə mən bunu nəzərdə tuturam.



Əslində bu düşünülməmiş bir addım deyildi. AKP hakimiyyətə gəlməmişdən qabaq onun xarici siyasətinin əsaslarını işləyən Əhməd Davudoğlu uzun müddət Ərdoğanın yanında danışman (məsləhətçi) qismində çalışıb. Hətta hakimiyyətdə təmsil olunmamışdan öncə də o, xarici siyasətin müəyyənləşməsində aparıcı rola malik olub. Davudoğlunun adı ilə bağlı olan xarici siyasət konsepsiyası isə məhz bu “açılımlar”la bağlı konsepsiyadır. Onun müəllifi Ərdoğan deyil, şəxsən Davudoğludur. Davudoğlu bu “açılımlar”la guya ki, Türkiyədə yeni bir düzən başlatmaq, yeni bir sistem qurmaq, yeni bir quruluş yaratmaq amacındaydı. Amma əslində bütün bunlar, həm AKP hakimiyyətinin siyasəti, həm Davudoğlunun xarici siyasət konsepsiyası bir şeyə yönəlib. Bu, Türkiyənin sistemini dəyişmək, Türkiyədə Atatürkçülüyü sıradan çıxartmaq, milli düşüncəni, milliyyətçiliyi sıfıra endirmək və milli-dini dünyagörüşün xoşgörülü olduğunu, guya ki, milli-dini tolerantlığın əsas götürüldüyünü həyata keçirmək idi. Əslində isə fundamental İslama dayanıqlı geridəqalmış, amma üzdə yenilikçi don geymiş sistem yaratmaq konsepsiyası idi. Təəssüflər olsun ki, AKP hakimiyyəti addımbaaddım öz məqsədlərinə çatmaq üzrədir.







Abil Ulusoy: Əslində Ərdoğanın hakimiyyətə gəlişi ilə Türkiyədə gedən proseslər ondan əvvəlki proseslərin məntiqi nəticəsi idi. Yadınıza salın, Türkiyənin siyasi səhnəsində baş verən olayları. Sakitləşmək bilməyən bir siyasi çalxantı var idi Tansu Çillərdən başlamış Bülənt Ecevitə qədər. Hakimiyyətdə çoxlu partiyaların təmsil olunması və anarxiya yaratması Türkiyədə təkhakimiyyətliliyə yaxın bir hakimiyyətin oluşmasını sürətləndirdi. Qərb də bunun üzərində işləyirdi ki, həmin qüvvə Türkiyədə yeganə söz yiyəsi olsun. Görünən bu idi ki, gələn hakimiyyət İslam yönümlü olacaq, demokratiyadan bolluca vəd verən olacaqdır. Türkiyənin kökünü saxlayan orduya və unitar dövlət prinsipinə qarşı demokratiyanın parçalama əməlinə doğru müəyyən hərəkətlər eləyəcəkdi. Bunun adını “demokratik açılım” da qoymaq olardı, başqa bir şey də. Ancaq uğurlusu “demokratik açılım” sözü oldu. Hesab olundu ki, güclü mərkəzi idarəçilik olacaq. Sadəcə müəyyən yumşalmalar baş verəcək. Amma Vüqar bəyin də qeyd elədiyi kimi, əslində görünənlər gözləntilərdən daha pis oldu. Aydın məsələdir, Ərdoğan bilməmiş deyildi ki, “demokratik açılım” işə düşəndə Türkiyədə kürdlər muxtariyyat istəyəcəklər. Dünyanın siyasi mətbəxlərində Türkiyənin parçalanması ilə bağlı xəritələr işlənilib, ortaya qoyulub. Zaman-zaman internetdə yerləşdirilir, qəzetlərdə yer alırdı. Artıq Türkiyənin özü üçün bir həyəcan təbili çalınırdı ki, səni nələr gözləyir. Amma bütün bunlara rəğmən Ərdoğan hadisələri guya qabaqlayır, özünün bir televiziya kanalında dediyi kimi “Türkiyədə vahid bir lider var, vahid bir partiya var, bu partiya Türkiyədə gedən bütün ictimai-siyasi proseslərə nəzarət eləyir”. Ancaq kürdlər ayrı istəkdə bulundular. Hakimiyyətə mesaj göndərdilər ki, biz başqa şeylər istəyirik. Əvvəl kürd dilində təhsil istədilər. Sonra siyasi təşkilatlarının sayını artırdılar. Türk ordusuna hücumlar, bu yandan da siyasi islahatlar tələb eləmək, Anayasaya dəyişikliklər istəmək, son vaxtlar Diyarbəkirdəki özgürlük istəkləri. Türkiyə siyasiləri isə əvvəlki qaydada mübarizə üsulunu seçdilər, – açıq-saçıq çıxış eləyənləri həbs eləmək və yaxud onlara Böyük Millət Məclisində yer verməmək... Artıq Türkiyənin unitar dövlət prinsipi təhlükə ilə üzləşir. “Demokratik açılım”ın arxasınca ermənilər də “erməni açılımı” məsələsi qaldırdılar. Sonra qaraçı açılımı məsələsi qalxdı. Dalınca lazlar da TRT6-dan sonra özlərinin bir televiziya kanalını açdılar, halay vurub oynadılar ki, artıq biz də istəyirik. Türkiyə əhalisinin təqribən üçdə biri qeyri millətlərdən olduğuna görə unitar sistemi qoruyub saxlamaq gözlənilirdi ki, demokratik idarəçilik səviyyəsində çətin olacaq. Türkiyə çox təəsüf ki, qapılarını bütün istiqamətlərdə açmağa başladı. Suriyayla sərhədlər açıldı, o da Türkiyəyə qarşı ərazi iddiası irəli sürdü. Suriyada olan kürd əhalisinin basqısı görünməyə başladı. Ermənistanla olan münasibətlərin yumşaldılması Azərbaycandan təpki görsə də, Qərbin və Ermənistanın Türkiyəyə qarşı basqısı daha artıq imkan əldə elədi. Ümumiyyətlə, 173 milyona yaxın insanı özündə birləşdirən 8-9 dövlətə Türkiyə qapı açdı. Bolqarıstan-Türkiyə münasibətləri yaxşı vəziyyətdə deyil. Yunanıstan-Türkiyə münasibətləri yaxşı vəziyyətdə deyil. İran-Türkiyə münasibətləri yaxşı vəziyyətdə deyil. Suriya-Türkiyə münasibətləri Türkiyənin əleyhinə. Ermənistan-Türkiyə münasibətləri Türkiyənin əleyhinə. Gürcüstan-Türkiyə münasibətləri, o da Türkiyənin əleyhinədir. Yeganə Azərbaycan-Türkiyə münasibətləridir ki, çox kiçik bir intervalda Türkiyənin xeyrinə işləyir. Həm “açılımlar”, həm qapı açmalar Türkiyəni pis vəziyyətə gətirib. Vəziyyəti yaxşı təhlil eləmirlər.







Soylu Atalı: Bu gün Türkiyədə cərəyan eləyən hadisələr ən çox gerçək fəlakətlərin hansı yöndə inkişaf eləməsi, aktivləşməsi baxımından qiymətləndirilir. Hökumətin yürütdüyü siyasət var və ona qarşı müxalif görünən mövqe var. Ancaq bu müxalif mövqe nədir? Nə istəyir o? Hər dəfə Türkiyə hökuməti addım atanda onda yanlış axtarırlar, filan şey doğru deyil. Ancaq nə doğrudur? Deyən yoxdur. Yaxşı, bu hökumət getdi, ehtiyatda olan qüvvə hakimiyyətə gəldi. Bu neyləyəcək? Ümumiyyətlə, Türkiyə dövlətinin idarəçiliyində nə müşahidə eləyirik uzun müddətdir?! Məsələn, solçuluq xətti yürüdənlər var, Demokratiya xətti yürüdənlər var, İslam xətti yürüdənlər var. Əslində hər üç xətt taktiki dəyişmələrlə daim idarəçiliyə qayıdır. Hər dəfə biri digərini əvəz edir. Yeni bir ideya ortaya gəlmir. Yeni bir ideya ortaya gəlmədiyinə görə də bəlli ideyalarla idarəçiliyi həyata keçirən qüvvələr o birisi tərəfindən tənqid olunur. Bunlardan hansı hakimiyyətə gəlirsə, olanlarda dəyişiklik aparır, səthi şəkildə. Yəni köhnəlik müəyyən səthi islahatlarla idarəçiliyə qayıdır. Yenilik gəlmir idarəçiliyə. Buna görə də çoxları düşünəndə ki, orduda islahat aparmaq lazımdır, türkçülüklə bağlı narahat olan insanlar da Türkiyə ordusuna yönəlik mühafizəkar mövqe sərgiləyirlər. Niyə? Çünki dediyimiz kimi, yeni bir model yoxdur. Yeni bir idarəçilik yoxdur. Yeni bir ideya yoxdur. Bəlli ideyalar əsasında səthi dəyişikliklərlə idarəetmə var. Bunların da heç biri Türkiyəni qoruyacaq gücə malik deyil – nə demokratiya, nə solçuluq, nə də İslam. Ona görə də ordunun qorunması gərəkdir. Çünki yeganə qüvvə ordudur ki, Türkiyəni ayaqda saxlayır.



Başqa bir məsələyə toxunmaq istəyirəm. Kürd məsələsiylə bağlı fikirlər deyilir, qınanılır, kürdlərə qarşı mövqelər sərgilənir və s. Axı bəs nə olmalıdır? Deyirik ki, kürdlər separatçılıqla məşğul olur, muxtariyyat istəyir, nə bilim dövlət istəyir. Arxasında duran qüvvələrin təhrikiylə istəyir, bu başqa məsələ. İstəyir! Türkiyə də deyir ki, olmaz. Biz də deyirik olmaz. Ancaq sabah Qərb Türkiyəni fakt qarşısında qoyacaq ki, sən də, mən də humanizmdən danışırıq. Hələlik Orta Doğu Projesinin başqa layihələri həyata keçirilir. Ancaq sabah deyəcək – “Kürdlər də bir millətdir, insandır də. Bəs niyə istəmirsiniz ki, onların da dövləti olsun, özgürlüyü olsun, azadlığı olsun, özlərinin idarəçiliyi olsun. Niyə istəmirsiniz? Sən ənənəvi prinsipdən çıxış edib deyə bilərsən ki, mən torpağımı vermirəm. Başqası da deyər ki, mən də torpağımı vermək istəmirəm. Bəs necə olsun? O desin vermirəm, sən de vermirəm. Kürdlər də artıb, xeyli saya malikdir. Sən vermirsən, o vermir, onda bunlar da daim separatçılıqla məşğul olacaq, terrorla məşğul olacaq. Bununla da dünyanın nizamı daim pozulacaq”. Qərb gec-tez humanizm oyununu işə salacaq Türkiyəyə qarşı. Türkiyə bu mənada məsələni, təəssüf ki, işləmir. Bu məsələ düşünülmür ki, sabah humanizm oyunları dünyanı Türkiyəyə qarşı qaldıracaq. Doğrudanmı Türkiyə, lap elə İraq, İran özünü qoruya-qoruya zamanı yola verməlidir. Qərb elə hal yaradır ki, bunlar yığılıb kürdə bir dövlət yaratmalıdırlar, hər şey də həllini tapsın. Bax, məsələnin əsas problemli nöqtəsi burdadır. Orta Doğu Projesinin əsas hədəflərindən biri kürdə dövlət yaratmaqdır. Bu istək zahirən çox humanist görünür. Belə çıxır ki, Amerika humanistdir, Türkiyə antihumanist. Sabah elə hal yaradacaqlar ki, Türkiyə haqları ayaqlayan, azadlıqları qəhr eləyən dövlətdir. Ona görə də Türkiyə oyun oynamamalıdır. Kürdlə cırmaqlaşa-cırmaqlaşa “biz torpaqlarımızı verməyəcəyik, biz şəhidlərimizin qanını alacağıq, türk milləti əmin olsun ki, onun bir qarışı da getməyəcək” şüarları ilə hara qədər gedəcəksən?! Məhz Türkiyə hakimiyyəti özündə güc tapıb Amerikanın bütün niyyətlərini faş edib ifşa eləməlidir. Başqa dövlətlər də buna qoşulmalıdır. Niyə Amerika, sən kürdə dövlət istəyirsən? Niyə dünyanın o başında oturub kürdə sən dövlət istəyirsən? Bax, sən, dünyaya ağalıq eləyən, dünyanı indiyə qədər qana qərq eləyən Amerika, kürdə dövlət istəyirsən, məni məhv eləmək üçün. Məsələnin kökü burdadır. Bax, burda da Amerika-Türkiyə münasibətləri işlənməlidir. Guya müttəfiqdirlər. Guya bunlar NATO deyilən qurumun əsas aparıcılarıdır. Axı bu qurumun içində siz düşmənsiniz. Kürddən böyük düşmənini sən Türkiyə ortaya çıxart, açıq şəkildə. Ona mövqe bildir. Mənə elə gəlir ki, bununla bağlı strategiya olmayıb. Ancaq artıq işlənməlidir. Əgər işlənərsə, əminliklə demək olar ki, kürd məsələsi də, qeyri məsələlər də həllini tapacaq. Niyə Türkiyə Ermənistanla sərhədləri bağlayıb? Niyə Ermənistana qapı açmağı, nəfəslik verməyi yenə Amerika istəyir?! Hələ hamısı da bilə-bilə ki, erməninin sahibi Rusiyadır. Niyə sən istəyirsən? Səbəblər ortadadır, bəllidir. Taktiki fəndlərlə böyük problemlərin üstünə örtük çəkmək lazım deyil. Mənə elə gəlir ki, bu cür məsələlər əsaslı şəkildə araşdırılıb gündəliyə gələrsə, ortaya qoyularsa, Türk Birliyinin inkişafı da fəallaşar. Görünən Böyük Təhlükə türkləri bir araya gətirər. Ən azı təhlükə onları düşünməyə məcbur edər. Bax, bu məsələ məncə qoyulmalıdır, işlənməlidr, açılmalıdır. Ermənistana qarşı Türkiyədən sıcaq münasibət tələb olunur. Bax, bu məsələ Türkiyə tərəfindən ortaya qoyulmalıdır ki, Azərbaycan türk dövəti olduğu halda və erməni türk dövlətinin birini işğal elədiyi halda digər bir türk dövlətindən buna nə üçün nəfəs vermək tələb olunur?! Bu o deməkdir ki, Türkiyəylə Azərbaycanın arasında əbədi sərhəd görmək istəyirlər. Onsuz da vaxtilə Türkiyəylə Azərbaycanın ortasına həm coğrafi cəhətdən, həm də ideoloji cəhətdən erməni adlı bir sərhəd çəkdilər. Bu gün bu sərhədin aradan qalxmasına doğru Azərbaycanda və Türkiyədə xalqların düşüncəsində iş getdiyi halda, təzədən məkrli güclər o sərhədi saxlamaq istəyirlər. Yenə burada Amerikanın mövqeyi mütləq açılmalıdır və Amerika qəti bilməlidir ki, Qarabağ məsələsi həllini tapmayınca, Ermənistanla sərhəd açılmayacaq. Qarabağın Türkiyə üçün önəmi əməli olaraq “Minsk Qrupu”na deyilməlidir. Əgər Qarabağ məsələsi həllini tapmazsa, Rusiya-Amerika gizli sövdələşməsi əsasında nə Türkiyədə türklük qalacaq, nə də ümumiyyətlə, Türk Dünyasından söhbət eləməyinə dəyməyəcək. Vaxtdır, Türkiyə özündə güc tapmalıdır ki, onu əymək istəyən, dağıtmaq istəyən, parçalamaq istəyən qüvvələrin mövqeyini ifşa eləsin. (Təbii ki, Azərbaycan yaxasını qıraqda tutmalı deyil). Qoy səni sıxsınlar, üstünə gəlsinlər. Onda gücün artacaq. Belə olan təqdirdə Türkiyə dövləti məcbur olar ki, onun içində oturuşmuş idarəçiliyi, Qərb modelini yavaş-yavaş özününküylə əvəz eləsin. İqtidar gərək hakimiyyətin itirilməsindən qorxmasın. Ərdoğan hakimiyyəti bu gün suyunu üfürüə-üfürə içir. Çünki o gözəl bilir ki, Amerika başda olmaqla Qərb istənilən vaxt hakimiyyət çevrilişi eləmək iqtidarındadır. O, öz idarəçilik modeli əsasında insanları necə ayağa qaldırsın, necə səni yıxsın, necə devirsin, onu bilir. Buna baxmayaraq, Türk Birliyinin düşüncələrə hakim kəsilməsi üçün, Türkiyənin Türk Dünyası üçün siyasi önəmini qorumaq baxımından addımlar atılmalıdır. Buna görə də hakimiyyət uğrunda döyüşlərin, nəhayət ki, böyük Türk Birliyi uğrunda döyüşə çevrilməsi üçün məsələləri köklü olaraq qoymağın vaxtıdır.







Vüqar Bəyturan: İlk növbədə bir məsələni qeyd etmək istəyərdim ki, açılımlar əslində Türkiyə hakimiyyətinin və ümumiyyətlə, Türkiyə dövlətinin məğlubiyyətləri və güzəştləri həzm edib onları bəzəkli-düzəkli şəkildə xalqa təqdim etməsi formasıdır. Yəni bu günə qədər əgər Türkiyə kürd və erməni məsələlərində geriyə addım atmırdısa, bu açılımlarla əslində bunu etmiş oldu. Bu addımları ilə xalqa anlatmağa çalışırlar ki, bəs biz bu güzəştləri edirik, Türkiyənin birliyi, bütövlüyü naminə. Mən o fikirdəyəm ki, AKP hakimiyyəti 30 ildə PKK-nın türk xalqına və Türkiyə dövlətinə edə bilmədiyini 9 il ərzində həyata keçirib. Bunu nə ilə izah edərdim? İlk növbədə AKP hakimiyyəti Türkiyə cəmiyyətinə uzun illərdən bəri hakim olmuş və Böyük Atatürkdən yadigar qalan, gəlişən milli ruhun hardasa sıradan çıxarılmasına nail olub. Bunu hansı yolla həyata keçirib? PKK-ya qarşı vuruşan, türk milli maraqlarını qoruyan insanların böyük əksəriyyəti bu saat həbsxanalardadır. Bununla da cəmiyyətə və gəncliyə mesaj verildi ki, milli maraqları müdafiə edənlərin, milləti, dövləti üçün mübarizə aparanların aqibəti heç də yaxşı olmur. Yəni bir növ pessimizm ruhu yarandı Türkiyə cəmiyyətində. Digər tərəfdən, əsas ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası sıradan çıxarıldı, lideri müxtəlif şantaj metodları ilə vuruldu, elə də bacarığı olmayan, bir çox önəmli məsələlərdə mövqeyi AKP ilə fərqlənməyən başqası ilə əvəzləndi. Təsadüfi deyil ki, ordu ilə bağlı yaşanmış son hadisələrdə Kılıcdaroğlu AKP hakimiyyətini müdafiə etdi. Bu onu göstərir ki, məhz həmin kaset qalmaqalı, sonradan Dəniz Baykalın Kılıcdaroğlu ilə əvəzlənməsi bu günlərə hesablanmış addım idi. Son nəticədə milli ruhun vurulması ilə bir çox kənar dövlətlərin və beynəlxalq güclərin Türkiyəyə təsiri artdı.



Deyirdilər ki, Türkiyədə şəhidlərin qarşısı alınacaq, Türkiyə verdiyi itkiləri bundan sonra verməyəcək. Bununla onlar “kürd açılımı” söhbətini ortaya atdılar, sonra Qrant Dink öldürüldü, böyük bir erməni hay-küyü başladı və bu da təbii ki, hazırlanmış bir proje idi. Bundan sonra da “erməni açılımı”nın gündəmə gəlməsi baş verdi və təbliğata start verildi ki, guya Türkiyə dövləti ermənilərlə uzun illərdən bəri qalmış problemlərini həll edəcək. Amma bu gün gördük ki, əgər Ermənistan prezidenti açıq şəkildə Ağrı dağına iddia edirsə, bu o deməkdir ki, problemlər həll olunmayıb. Yəni bu açılımların elan olunması, bəyan olunduğu kimi məhz “erməni və kürd xalqları ilə Türkiyə dövlətinin problemlərini həll edəcək” kimi təqdim olunması çox böyük yanlışlıq idi. Bu problemlər həll olunmayıb. Bu problemlərin həllində nə beynəlxalq güclər maraqlıdır, nə də bugünkü AKP hakimiyyəti. Əslində belə deyək ki, bu bölgədəki proseslərin idarəedicisi, yönəldicisi qismində çıxış eləyən dövlətlər var, onlar maraqlıdır ki, bu problemlər daim qalsın və münaqişə ocaqları kimi Türkiyənin idarə olunmasında istifadə olunsun. Necə ki bizdə Qarabağ problemini elə bu məqsədlə konservləşdirib saxlayırlar. Bayaq qeyd etdiniz ki, Qarabağ probleminin həllini Türkiyə hakimiyyəti şərt olaraq irəli sürür. Biz ilk növbədə baxmalıyıq ki, onlar “həll” deyəndə nəyi nəzərdə tutur? Yəni Azərbaycan türkünün, milli maraqların müdafiəçisi kimi çıxış edən insanların nəzərində həllin öz tövsifi var. Həll o deməkdir ki, Azərbaycanın işğal altında olan torpaqlarından erməni qoşunları çıxmalıdır, Dağlıq Qarabağ və ətrafdakı rayonlar işğaldan azad olunmalıdır. Bundan sonra digər məsələlər başlayır. Amma Türkiyə və Beynəlxalq birlik bunu belə qəbul eləmir. Hətta 3-4 kəndin azad olunmasını belə, bunlar Daqlıq Qarabağ probleminin həlli kimi qəbul edirlər. Beynəlxalq birlik bunun üzərində işləyir. Ətraf rayonlar Azərbaycana qaytarılsa, Dağlıq Qarabağ ermənilərə veriləcək. Hələ ermənilər razı deyil deyə bu plan gerçəkləşdirilmir. Əgər bu baş versə, Türkiyə hakimiyyəti o saat deyəcək ki, Azərbaycanın rayonları qaytarılıb, problem həll olunmaq üzrədir və mən ermənilərlə sərhədləri açıram. Yəni AKP-yə bir bəhanə lazımdır. Dünən də aça bilərdi, sadəcə o zaman Türkiyə cəmiyyətinin verəcəyi təpkidən və Azərbaycanla münasibətlərin gərginləşməsindən ehtiyat etdilər, geriyə addım atdılar. Amma bu o demək deyil ki, sərhədlərin açılması gündəmdən çıxıb və reallaşmayacaq. Belə davam edərsə, Davudoğlunun konsepsiyası və Ərdoğanın apardığı siyasət gec-tez gerçəkləşəcək və əgər AKP hakimiyyətdə qalarsa, Türkiyə ilə Ermənistan arasındakı sərhədlər açılacaq.



CHP-ni sıradan çıxarandan, milli ruhu demək olar ki, zəiflədəndən sonra fikir verdinizsə, Ərdoğan Menderesin müdafiəsinə qalxan bir siyasi lider obrazında özünü cəmiyyətə təqdim etdi. Növbəti addımı isə Türkiyə parlamentində vaxtilə söylədiyi üçün həbsinə səbəb olan şeiri, açıq-açığına deməsi oldu. Bu da Türkiyə dövlətçiliyini əsas götürən və onu həbsə alan qüvvələrə meydan oxumaq idi. Televiziyaları aldı, mətbuatı aldı. Türkiyənin aydınlarını həbsə saldı, ordusunu sıradan çıxartdı. Bunları etdi ki, ordu AKP-nin gerçəkləşdirmək istədiyi siyasi projelərin qarşısında əngələ çevrilməsin. Generalların qeyri-müəyyən şəkildə istefası baş verdi. Güya generallar AKP hakimiyyətinin orduya münasibətinə və mövcud duruma etiraz etdi. Amma əslində nə oldu? Ərdoğan hakimiyyətinin işi bir az da asanlaşdı. Bu gün artıq müzakirə gedir ki, Genelkurmaylıq (Ordu Baş Qərargahı) Müdafiə Nazirliyinin tabeliyinə verilsin. Bunu müxalifətdə olan CHP də dəstəkləyib. Bununla da Atatürk sistemi hətta konstitusiyada qalsa belə, reallıqda sıradan çıxarılmış olacaq. Bütün bunlar ona gətirir ki, AKP hakimiyyəti növbəti mərhələdə Anayasanın dəyişilməsinə nail olacaq, növbəti seçkilərdə bələdiyyələri yenidən nəzarətə alacaq və yenidən parlamentdə böyük səs çoxluğu ilə qələbənin qazanılması gerçəkləşdiriləcək. Güclənəndən sonra açılım məsələsinə Ərdoğan hakimiyyəti təbii ki qayıdacaq. AKP hakimiyyəti gec-tez bu açılımları gerçəkləşdirəcək. Mən hesab eləyirəm ki, son nəticədə AKP hakimiyyətinin məqsədi etnik muxtariyyatlar şəklində Türkiyəni qurmaqla demokratiya və barışın əsasını qoyan yenilikçi bir lider kimi Ərdoğanı tarixə sunmaqdır. Plana görə, etnik muxtariyyatların təşkil etdiyi Türkiyədə Atatürkün tənqid olunması mümkün olacaq, Atatürkçülük birdəfəlik sıradan çıxarılacaq. Eyni zamanda Konstitusiyada təsbit olunmuş türk milləti Türkiyə xalqı sözü ilə əvəz olunacaq. Mən bunu 1995-ci ildə Azərbaycanda Konstitusiya dəyişikliklərində gerçəkləşdirilən millətin adının dəyişdirilməsi ilə eyniləşdirirəm. O zaman da bilirsiniz ki, Konstitusiyada olan Türk dili Azərbaycan dili ilə əvəz olundu. Eyni zamanda bu proseslər Türkiyədə də hazırlanır. Narahatçılığımız odur ki, Güney Azərbaycanın müstəqilləşməsi və Bütöv Azərbaycanın qurulması işi də bu məsələlərin həlli ilə sıx şəkildə bağlıdır. Pessimist proqnozlar doğrularsa, bu cür məsələlərin həll edilməsi çox ciddi problemlərlə üzləşə bilər. Hətta Azərbaycanla bağlı məsələlərin qarşısında biz İranı, Qərbi və Rusiyanı deyil, məhz Türkiyəni görə bilərik ki, bu da gələcək Türk Birliyinin mənəvi ruhuna çox böyük zərbə ola bilər. Bütün məsələlər ona hazırlanır ki, Azərbaycanla Türkiyə arasında çox ciddi ixtilaflar yaradılsın. Bu həm Azərbaycandakı etnik separatçılar tərəfindən gerçəkləşən addımlar olur, həm Türkiyədəki etnik seperatçılar tərəfindən, həm də dünya birliyinin xüsusi çatısı altında olan qüvvələr vasitəsilə gerçəkləşdirilir. Təsəvvür edin ki, Azərbaycan bayrağının zibil qutusuna atılması, Türkiyənin 1918-ci ildə bizlər üçün verdiyi şəhidlərinə qoyulmuş abidədə türk bayraqlarının endirilməsi, türk dilinə Azərbaycan televiziyalarında yasaq qoyulması baş verdi. Bunlar hamısı məqsədli şəkildə həyata keçirilir. Gələcəkdə Türk Birliyinin yaranmaması üçün bu birliyin əsas iki nüvəsini üz-üzə qoymağa çalışırlar.







Abil Ulusoy: Bu gün Türkiyədə Ədalət və Qalxınma Partiyası antiordu mövqeyində tək deyil. CHP-nin lideri Kamal Kılıcdaroğlu özü dedi ki, ordudakı islahatlarla bağlı təklifinizi verin, dəstəkləyəcəyik. Artıq siyasi bir barış əldə eləyiblər orduya qarşı. Çox kiçik təsirə malik MHP belə çıxır ki, guya ordu tərəfindədir. Ancaq heç bir əməli tərəfdarlığı yoxdur. Ümumiyyətlə, Türkiyə cəmiyyətində ideya verən qüvvə kimi ortalıqda heç kim yoxdur. AKP meydanda təkdir. Nə istəyir onu da deyir. Nə istəyir onu da eləyir. Orduda olmuş ayrı-ayrı genarallar, albaylar siyasi şərhçilər kimi çıxış eləyirlər. Mən onların heç birinin çıxışlarında Türkiyənin bugünkü ordusunun əsaslandırılmış şəkildə müdafiəsini görmürəm. Yoxdur. Ordu özü də siyasətə qarışmır, hə, yaxşı qarışmır, qarışmasın. Bəs, yaxşı ordu da özünü müdafiə eləməlidir axı. Mən bunun kökünü nədə görürüəm? Bu gün orduda türk ruhu çökdürülüb. Çünki ordunun ayrı-ayrı yüksək rütbəli zabitləri Türkiyədən kənarda təhsil alırlar. NATO qərargahlarında onlar ödülləndirilirlər. Sonra Türkiyə ordusunun rəhbərliyinə göndərilirlər. Ona görə də ordunun özü də özünü müdafiə eləmir. Bu gün Türkiyənin ordusunu Müdafiə Sənayesi Nazirliyiylə birləşdirməkdən söhbət açırlar. Bu, türk ordusu üçün ağır bir zərbə olacaqdır. Türk ordusunda islahatların olmasını qəbul eləmək olar. Amma bu islahatlar türk ordusunun çevikləşməsinə, peşəkarlaşmasına, milli ruhun qaldırılmasına doğru aparılan islahatlar olmalıdır. Və ən önəmli məsələ Türkiyə cəmiyyətinin orduya olan münasibətidir. Artıq Türkiyə cəmiyyətinin özündə də orduya olan münasibət ordunun əleyhinə dəyişməyə başlayıbdır. Türkiyə cəmiyyəti orduda baş verən hadisələrin təftişinə göz yumur. Ordunun əleyhinə təbliğat aparılır, jurnalistlər səviyyəsində, özəl televiziyalarda, hətta dövlət kanallarında. Türkiyə ordusu artıq Türkiyə cəmiyyətinin bel sütunu kimi dərk olunmur. Sənin hakimiyyət olaraq marağın Türk millətinin bütövlüyü, tamlığı, azadlığı olmaldıır. Bu maraqlar qorunmur, arxa plana keçirilir, iqtisadi maraqlar isə ön plana. Ərəb dünyasıyla bağlı Türkiyə Orta Doğuda bir oyun oynamaq istəyir ki, ərəblərin hamisi kimi çıxış eləsin. Guya 21 ərəb dövləti Türkiyəni dəstəkləyəcəkdir. Türkiyə həmin dəstəyi nə qədər alırsa alsın, bu ərəbin dəstəyi olacaqdır. Türkiyəyə türk millətinin, türkün dəstəyi lazımdır. Türkiyə bu uğurun dalınca getməlidir. Güney Azərbaycanla münasibətlərində Türkiyə öz addımlarına korrektələr eləməlidir. Urmiyaya bir təyyarə reysinin açılması Güney Azərbaycan üçün heç nəyi həll eləmir. Çünki zaman-zaman Zəncana, Urmiyaya kürdləri daşımağa başlayırdılar. Atatürk Əfqanıstandan başlayırdı Türkiyənin sınırlarını. Bu günkü hakimiyyət də bilməlidir ki, Türkiyənin sınırları hardan başlayır. Güney Azərbaycan məsələsi Türk Dünyasının ən önəmli məsələsi kimi Türkiyə siyasilərinin də, Türkiyə cəmiyyətinin də ağlında oturmalıdır. Çünki Türkiyənin özünün unitar dövlət kimi qalmasında Güney Azərbaycan məsələsinin həlledici rolu var. Bu, açıq şəkildə deyilməsə də bu yöndə işlər getməlidir. Bu, qısa müddət ərzində həm də görünməlidir. Türkiyədə də, Güney Azərbaycanda da, Quzey Azərbaycanda da bu bilinməlidir.







Soylu Atalı: Ərdoğanın yürütdüyü siyasətə iki mövqedən yanaşmaq olar: Demokratiya tələbi ilə və Millətçilik tələbi ilə. Təbiidir ki, bunlar daban-dabana ziddir. Millətçilər, əlbəttə, onun siyasətinə qarşı kəskin şəkildə tənqidi mövqe seçər, qəbul eləməz və əsaslandırmağa çalışar. Demokratiya mövqeyindən danışanlar da əsaslandırarlar və onlar da bu mövqeni müdafiə eləyərlər. Əlbəttə biz milli mövqedən yanaşırıq. Əvvəla, Ərdoğan “kürd açılımı” layihəsini ortalığa gətirməklə nə istəyirdi? Görünən bu idi ki, guya terrorçuluğun qarşısını alacaq. Kürdləri terrorçuluqdan ayırıb siyasi fəaliyyətə qoşacaq. Bununla da bir çox məsələlər həllini tapacaq. Ancaq təəssüf, hər şey bu qədərmi asan idi?! Onlara verdiyin vəd nədir ki, siyasi mübarizəyə başlayacaq, terrorla məşğul olmayacaqlar?! Gərək sən onları qane edən, təmin edən bir şey verəsən ki, sənin dediyin həyata keçsin. Bunları təmin eləyən, qane eləyən vəd də nədən ibarətdir? Bu günə qədər onların ortaya gətirdiyi ideya – Dövlət yaratmaq. Sən bu dövləti yaradıb onlara verən deyilsən axı. Onlar da bu addımı dala qoyan deyillər. Deməli, özü bilə-bilə ki, o, kürdləri razı sala biləcək bir ideya verə bilməyəcək, buna gedir. Mənə elə gəlir ki, öz hakimiyyətinin oturuşması, möhkəmlənməsi üçün baş qatır. İkinci bir tərəfdən, axı “kürd açılımı” məsələsi Amerikadan gəlir. Burada Amerika özü də müəyyən məsələlərin hələlik gündəlikdən çıxarılmasını istəyir. Dünyada, ümumiyyətlə, Yaxın Şərqdə gedən proseslər onu diktə eləyir. Ki, bu proseslər Qərbin istəyinə uyğun bir nizam tapsın.



Ancaq baxın, məsələ hansı məcraya düşür?! Kürdlər yenə də orduya atəş açır. Nəticə etibarilə bu yandan da guya siyasi fəaliyyətə qoşulan həmin qrupun müəyyən bir kəsimi açıq şəkildə muxtariyyat elan eləyir. Muxtariyyat elan eləmək Türkiyənin parçalanmasına start verməkdir. Bəli, “açılımlar” Türkiyənin xeyrinə deyil, Qərbin xeyrinədir. Oyun oynayırlar ki, kürd dövlətinin yaranması prosesi Türkiyənin içində müəyyən bir mərhələyə gəlib çıxsın.



Eyni zamanda “erməni açılımı” məsələsi. “Erməni açılımı” məsələsində Türkiyənin udacağı nə ola bilər? – Ən yaxşı halda cəfəng erməni soyqırımı ideyası müvəqqəti qırağa qoyula bilər. Heç bir vaxt Türkiyənin zərərinə olan planlar qəti, biryolluq qırağa qoyulmur, uzaq başı müəyən dövr üçün qırağa qoyula bilər. “Erməni açılımı” söhbəti də Qərb və Rusiyanın apardıqları rəqabətin elementi kimi ortalığa gətirilir. Qərblə Rusiyanın arasında gedən rəqabət ondan ibarətdir ki, erməni hansının əlində olacaqsa, bölgədə onun nüfuzu və təsiri artacaq. Yenə də Türkiyə Qərb üçün addım atır.



İkinci, orduyla bağlı. Hesab edirlər ki, demokratik dövrdə ordunun dövlətə müdaxilə eləməsi doğru deyil. Biz də hesab edə bilərik ki, doğru deyil. Çünki siyasi hakimiyyət var və ordunun qoruyuculuq funksiyası var. Ordu dövləti kənar fiziki təcavüzdən qoruyur. Razı olmaq olar. Ancaq bir şərtlə razı olmaq olar ki, siyasi Türkiyədə idarəçilik Qərbin ideolojisi əsasında deyil, türkün özünün ideolojisi əsasında olsun. Demokratiya Türkiyəni balaca dövlətlərin sırasına qoyar. Demokratiyanın işi odur. Ona görə də Türkiyədə ordu dövlətin yeganə qarantıdır. Burada demokratiya oyunlarını tamamilə qırağa qoymaq lazımdır. Ordu məsələsində demokratiya işləmir. Orduda gedən islahatların hamısı oyuna xidmət eləyir.



Ərdoğan hakimiyyəti çox gözəl bilirdi ki, “demokratik açılım”, yaxud “erməni açılımı” məsələsində Türkiyədə olan millətçi kəsim mane olacaq. Ona görə də ehtiyatda olan zabitlərin Ergenekon adı altında hamısının həbsinə başladı. Yəni o “maneələri” aradan qaldırdı. Bu gün orduda gedən istefalar artıq həmin həbslərdən başlanan xof altında addımı dala qoymaqdır. Çünki bu gün ordunun dövlət çevrilişi eləməsi o qədər də asan görünmür. Artıq 70-ci illər deyil. Bütün dünya pis qarşılayır ordunun hakimiyyətə müdaxilə eləməsini. Ayrı ad qoyur. Nə bilim demokratiya məhv oldu, təzədən başqa bir şey yarandı, diktatura yarandı. Dövlətin üstünə yerimək var. Ordunun içində də bu kənar təsirləri dışlaya biləcək qüdrət yoxdur ki, istədiyi addımı ortaya qoya. Ona görə də özünü gücsüz sayır. Üstəlik xalqdan da dəstək görmür. Ordunun başında duranlar prosesin içinə girməyə qorxurlar artıq. Girib bacarmayacaqları təqdirdə həbs olunacaqlarından qorxurlar. Buna görə də bu xoflar istefalara və başqa şeylərə gətirib çıxarır.







Vüqar Bəyturan: Bəli, vurğulanan fikirlər bizi çox narahat edir. Amma durum çox da ümidsiz deyil. Çünki Türkiyə hakimiyyətində, Türkiyə müxalifətində və cəmiyyətində də, o cümlədən orduda millətçiliyə, türk milli düşüncəsinə bağlı insanlar mövcuddur və onlar təbii ki, mövcud durumla bağlı narahatdırlar. Əgər AKP-yə bu gün müxtəlif yollarla 50%-ə yaxın seçici səsini əldə edibsə də eyni zamanda bu o deməkdir ki, AKP-ni 50% -ə qədər seçici də istəmir. Amma təbii ki önərilərimizi və öz düşüncələrimizi bu məsələdə irəli sürmək şərtilə. Gördüyünüz kimi Türkiyədə, o cümlədən Azərbaycanda da bu vacibdir, birləşməyə və bütünləşməyə çox böyük ehtiyac var. Amma bu birləşmək və bütövləşmək nəyin üzərində olmalıdır? İlk növbədə Türkiyə cəmiyyətindəki siyasi qüvvələr, o cümlədən Azərbaycandakı siyasi qüvvələr özündə güc tapıb yad dəyərlərdən uzaqlaşmalıdır. Biz indiyə qədər görmüşük ki, ayrı-ayrı kənar dəyərlər ətrafında birləşmək heç bir xalqa, o cümlədən türk xalqına xeyir gətirmir. Məsələn, bu gün əgər Türkiyə ictimai fikrində ərəb dövlətlərinə himayədarlıq, hamilik, keçmiş Osmanlı İmperiyasının mənəvi baxımdan bərpası ideyaları hakim mövqedədirsə, bu çox yanlış məsələdir. Çünki ərəblər tarix boyu türklərə arxadan zərbə vurublar. İstənilən dövrdə bölgəyə gələn güclərə türk dövlətini satıblar. Baxmayaraq ki, türk dövləti həmişə ərəblərə qucaq açıb. Hesab eləyirəm ki, gec–tez Türkiyə cəmiyyəti də, Azərbaycan cəmiyyəti də ayılacaq və öz dəyərlərinə dönəcəklər.







Soylu Atalı: Beləliklə, düşüncələrimizi az və çox mənada dilə gətirdik. İstəyirik oyunlar deyil, ağrılar dilə gətirilsin. Deyilsin və onun arxasınca gedilsin. Elə-belə deyilməsin və o ağrılar unudulmasın. Doğrudan da o taleyə çevrilsin, yaşansın. Fərqli düşünmək, fərqli yanaşmaq lazımdır. Nəyinsə xatirinə məsələnin birini deyib, o birini gizləmək doğru deyil. Açıq döyüşmək ənənəsi başlamalıdır...





Yorumlar









Aktif Ziyaretçi 50
Dün Tekil 1349
Bugün Tekil 828
Toplam Tekil 4074104
IP 18.116.239.195






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























15 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Asil yetimler anadan babadan de il, ilim ve ahlaktan yoksun olanlard r. (HZ. AL )


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.096 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu