Haylar necə "Erməni" Oldular - Prof. Dr. Firudın AĞASIOĞLU - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Haylar necə "Erməni" Oldular - Prof. Dr. Firudın AĞASIOĞLU
Tarih: 25.08.2010 > Kaç kez okundu? 3657

Paylaş


1920-ci ilə qədərki tarixdən yazanların bu iki xoronimi sinonim ad kimi işlətməsi böyük qəbahətdir



Çünki bunlar ayrı-ayrı coğrafi anlam tutumu ilə müxtəlif çağlarda yaranmış və deyilən tarixə qədər ayrı-ayrı bölgələrin adı kimi işlənmişdir. Hər iki ad etnotoponimdir, lakin biri qədim türk etnonimi olan ermən boyadı ilə, o birisi isə hindavropa dilli boylardan olan hayların adı ilə bağlı ortaya çıxmışdır. Öncə türk toplumu içində ermen/arman boyadı ilə yaranan toponimlərdən bir neçəsini göz önünə gətirib, onların hansı türk ellərində yayıldığını izləyək (1):



- Ermen dağı (Qazax eli - Əbdıraxmanov 1975, 90)



Ermentau şəhəri (Qazax eli - QGS, 1987,126)



Eriman (Qazax eli, Ağadır bölgəsində toponim - OKJSA, 232)



Erman qışlağı (=Xazarak, Özbək eli, Sariosiye ray. - Nafasov 1988, 222)



Ermen-deli obası (Türkmən eli, Yılanlı rayonu - Ataniəzov 1980, 327)



Ermen-deli (Türkmən eli, qaradaşlı boyunda tirə - Ataniəzov 1988, 138)



Ermeniqum (Türkmən eli, toponim - Ataniəzov 1988, 138)



Arman-qala (Aşqabad yaxınlığında qədim qala - Ataniəzov, 1980, 43)



Arman (Eyni yerdə toponim, 1818-də adı çəkilir - MİTT, II, 413)



Arman toponimi (Başqord eli, Baymak rayonu)



Örnəklərdən də göründüyü kimi, Ermən adı müxtəlif fonetik variantlarla Qazax, Özbək, Türkmən, Başqord ellərində işlənir. Ermen adının boyadı kimi işlənməsi göstərir ki, yuxarıdakı yeradları etnotoponimlərdir. Qazax toponimistləri Ermen oronimini monqol (Ğ.Konkoşpaev), monqol-türk (A.Əbdıraxmanov) hibrid sözü kimi izah etmək istəmiş, hətta yerli xalq etimologiyası na üz tutmuşlar (2).

Lakin bu dağadı Qazax elindən uzaqda çox qədimdən formalaşmış ermen boyadı ilə bağlı olduğundan gerçək etimoloji yozum alınmamışdır, çünki Doğu türk ellərində Erimen/Ermen/ Erman/Arman tipli etnotoponimlərin ortaya çıxması antik qaynaqlarda adı daima qoşa çəkilən mitan-ermen boylarının Doğu Anadolu və Azərbaycandan Orta Asiya yönündə doğuya köçən mitan/müyten boybirləşmələri içindəki ermen boyu ilə bağlıdır.

Ermen və Arman şəklində yayılan etnotoponimin ortaya çıxmasına səbəb olan ermən adının etimoloji yozumunu, onun qədim Azərbaycan və ətraf bölgələrdə işlənmə tarixini izləmək üçün adın orta mərhələsini əks etdirən ermi variantını diqqətə almaq lazım gəlir. Xristianlığı qəbul etmiş ermi adlı bulqar boyuna aid bir bəlgədə yunan dilində ermi-aris şəklində keçən etnonim sonralar çuvaş-başqord mühitində yerli deyimə uyğun ermi/yermi/yurmi variantları ilə işlənmişdir (3). Anadoluda qədim Arme bölgəsinin adındakı arme etnonimindən bir az sonra danışacağıq, hələlik etnonimin hansı dildə yaranması məsələsini gözdən keçirək.

Yuxarıda aran (ərən) adından danışarkən onun *ar/ər sözü və -an şəkilçisi ilə yarandığını demişdik. Daha yuxarıda cəmlik, topluluq bildirən -an şəkilçisi ilə yanaşı, eyni funksiyanı daşıyan -bi/-mi şəkilçisinin də etnonim yaradıcılığında iştirak etdiyini (suv-bi, kam-bi, azər-bi, uru-mi, eli-pi, kas-pi və s.) göstərmişdik. Aran/ərən adında olduğu kimi, ermən adı da *ar/ər “kişi” sözündən *ar-me-an > arman / *er-me-an > ermen şəklində törəyib. İndiyəcən işlənən arme/erme formaları ilə yanaşı, hələ qədim çağlarda yaranmış -an şəkilçili arman/ermen variantı daha geniş yayılıb.

Son variantdakı -man/-men elementi sonralar kara-man, ku-man, türk-mən kimi etnonimlərin yaranmasında müstəqil iştirak etmişdir (4). Təkcə başqord boyları içində durman, törökman (türkmən), itemen, buşman kimi xeyli etnonim vardır (5). Tərkibində bu şəkilçi olan tirmen etnonimindən danışan Bizanslı Stefan (V əsr) tirmenlərin saqa (skit) boylarından olduğunu və bu adın saqa dilində “qovulmuş” mənası bildirdiyini vurğulayır (6). Doğrudan da, qədim türk dillərində olduğu kimi, azər dilində də işlənmiş it- (itələ-) feilindən düzələn itir- (kənar et-) sözü -men şəkilçisi ilə işlənəndə “qovulmuş” mənası verən itirmen >(i)tirmen etnonimi yaranır. Bu baxımdan, başqord boyadı itemen də diqqəti çəkir.

Beləliklə, Xəzər ətrafında dolaşan istər saqa, subar, bulqar, istərsə də azər və ya türkmən boyları içində arman, ermen, karaman, türkmən, tirmen tipli etnonimlərin yaranmasına imkan açan türk dili zəmini vardır.Belə etnotoponimlərə qədim Azərbaycanda rast gəlmək olur:



Arman (Kərkükdən aşağı Dəclə yaxasında dağadı, m.ö. XV-XII əsr)



Arman (Kassi dövrü Diala yuxarısında şəhər; Alman kimi də oxunur)



Armuna (Urmu quzeyində zəngi boylarının kəndi, m.ö.VIII əsr)



Armanqu (Qızıl-üzənin yuxarı axarında toponim, m.ö. VIII əsr)



Armait (Manada Ziviyə yaxınlığında qala, m.ö. VIII əsr)



Azərbaycan toponimlərini hələlik buraxıb, buradan batı tərəflərdə olan analoji coğrafi adlara baxaq.Öncə, elmi ədəbiyatda ermən adı ilə əlaqəsi olan adlar kimi verilən Arman, Arme toponimləri və aramey etnonimi üzərində dayanaq, çünki əksər alimlər “erməni” adının mənşəyindən danışarkən həmin sözlərə istinad edirlər (7). Arman və Armi yeradları m.ö. III minillikdən üzübəri işlənməkdədir. Arman toponiminə akkad çarı Naram-Suen (2236-2200 begin_of_the_skype_highlighting 2236-2200 end_of_the_skype_highlighting) və onun babası Ulu Sarqona aid yazıda rast gəlmək olur:



1) SAG.GİŞ.RA Ar-ma-nimki u Eb-laki



2) Ar-ma-namki u Eb-laki



Buradakı “Arman və Ebla” ölkələrindən birinin (Ebla) harada yerləşməsi məlum olsa da, digəri barədə konkret bəlgə yoxdur, ona görə də, yeni tapılan yazılarda adı keçən Arme toponimini həmin Arman ilə eyniləşdirən tədqiqatçılar vardır.Məncə, bunlar eyni reginda yerləşsə də, ayrı-ayrı yer adlarıdır. Belə ki, İtaliya arxeoloqları quzey-batı Suriyada Hələbdən güneydə qədim Ebla şəhər-dövlətinin arxivlərini tapdılar və şumer-akkad yazı sistemi ilə indiyəcən bəlli olmayan bir sami dialektində yazılmış bu gil lövhələrdə (tabletlərdə) çoxlu yer adları üzə çıxdı ki, bunların da xeyli hissəsi o dövr üçün məlum şumer, elam, sami, hurri və hindavropa dillərindən heç birinə aid deyil. Bu toponimlərdən biri də bəzi mətnlərdə təkrar olunan Arme adıdır (8):



dra-sa-ap ar-mi ki “Arme şəhərinin tanrısı Rasap”; 3 Ar-miki al-KU Gi-za-anki “Qizandakı üç Armili”; Eb-laki wa Ar-miki “Ebla və Armi”; 4 GİŞşilig 1 ninda ku-li en-en Ar-miki “Armi bəyinin dostları üçün 4 gişilig bir yemək (aş)”

Burada adı keçən Arme toponimi İkiçayarasının yuxarı axarındakı bölgənin adı olduğundan onu arameylərlə bağlamaq düzgün deyil, çünki arameylər həm bu adın işləndiyi tarixdən min il sonra həmin ərazilərə gəlmişlər, həm də Arme toponimi arameylərin yox, subar-hurri boylarının məskunlaşdığı bölgənin adı kimi işlənmişdir (9). Ebla yazılarında şəhər və ölkə adı kimi verilən Armenin Mitani ölkəsinin ortasında olması, mitan boyunun isə getdiyi ərazilərdə, yaşadığı torpaqlarda daima Arman, Ermən toponimlərinin, ermən etnoniminin ortaya çıxması faktlarını nəzərə alıb, mitan boyları haqqındakı bəlli bəlgələri gözdən keçirək, çünki haqqında danışdığımız “ermən” adı bu bölgədə işlənmişdir.

Tarixdən bu da bəllidir ki, Dəclənin yuxarı axarlarında urartulardan əvvəl görünən çoxsaylı hurri boyları armini adı ortaya çıxana qədər buradakı subarlarla ən azı min il iç-içə yaşamışlar (10). Təbii ki, bu durum müəyyən çağlarda müxtəlif dilli tayfaların konfederasiyası üçün təbii şərait yaratmışdır və görünür, hurrilər əsasən subar boylarından olan mitan tayfaları ilə qaynayıb-qarışmışlar, çünki hurrilərin qurduğu dövlət daha çox Mitani adı ilə tanınırdı.

Mitani çarı Tuşratta misir fironu III Amenxotepə (1455-1424 begin_of_the_skype_highlighting 1455-1424 end_of_the_skype_highlighting) yazdığı geniş mətnli məktubunda ölkəsinin adını hurricə Xurroxe, məktubun akkadca olan hissəsində isə Mitani adlandırmışdır (11).

Hurri-Mitan dövləti dağılandan sonra mitan boyları müxtəlif bölgələrdə ayrı-ayrı dərəbəyliklər şəklində yaşayan digər subar boyları kimi zaman-zaman bu və ya digər dövlətin nüfuz dairəsinə düşdülər; bir qismi İç Anadoluya, bir qismi də Urmu gölü hövzəsi ilə Orta Asiya tərəflərə köçdü, çünki sonrakı tarixlərdə mitan boyadı həmin ərazilərdə xatırlanır. Kumuşdakı özbəklərin içində moytan soyunu qeyd edən Çokan Valixanov özbəklərin minq, diaxli, barkut, qaraqalpaq, kataqan boyları sırasında mitan boyunun da adını çəkir (12). Mitan-Xarəzm əlaqəsindən yazan L.S.Tolstova qaraqalpaq-mü yten boyunun ulu dədəsi Tamin bəyin Kaptaw (Qafqaz) tərəflərə səfəri ilə bağlı əfsanəni qeydə almış, Orta Asiya, özəlliklə Buxara bölgəsində mitan boyları ilə əlaqəsi olan xeyli etnotoponim olduğunu və Mada-Mitan kimi toponimlərin X-XIII əsrlərdə xatırlandığını göstərib, bu boyların irandilli olduğunu söyləyənlərə qarşı çıxmışdır (13).

Mitan boylarının Anadolu və Azərbaycan bölgələrində yaşaması haqqında Herodot və Strabon dolğun məlumat verir və bu məlumatlar ən azı beş əsrlik bir dövrü (m.ö.V- m.s.I) əhatə edir. Qədim Azərbaycan ərazisində Dəclənin iki sol qolu olan “Böyük və Kiçik Zab çaylarının Matien ölkəsindən axdığını” yazan Herodot matien boylarının İç Anadoluda və Urmu gölü hövzəsində yaşadıqlarını qeyd edir:

“Yunanlılar kappadokiyalı lara suriyalı deyir. Bu suriyalılar pers hegemonluğuna qədər madalılara tabe idi, sonralar Kuruşa (tabe oldular). Mada və Lidia çarlıqları arasında sərhəd, əslində Halis çayıdır ki, bu Armen dağlarından başlayıb Kilikiyadan keçərək, sağında matien, solunda friq ölkələrini buraxandan sonra quzeyə dönərək kappadokiyalı suriyalılarla sol yaxasındakı paflaqoniyalı lar arasında təbii sərhədə çevrilir” (I.72); “Kuruş Babil üzərinə yürüş edərkən Gind (Diala) çayına çatdı. Qaynağını dağlıq yer olan Matien ölkəsindən alan bu çay dardanların torpağından keçib Dəclə çayına tökülür”(I.189); “Araz (Qızıl-üzən) çayının qaynağı isə Matien dağlarıdır, Kuruşun 360 kanala ayırdığı Gind çayı da bu dağlardan axır”( I.202); “Matien, saspir və alarodilərə 200 talant vergi qoyulmuşdu.Bu 18-ci dairə idi”( III.94); “Burada Kilikiyadan sonra armeni (ərazisi) gəlir, zəngin örüşləri var; armenilərdən sonra matienlərin bölgəsidir. Sonra kissilərin ölkəsi və burada Xoapsi çayı yaxasında böyük çarın oturduğu və xəzinəsi olduğu Sus şəhəri yerləşir” (V.49).

Qızıl-üzən çayını Araz adlandıran Herodotla razılaşmayan Strabon (XI.14.13) matien, armen, mada boylarının adından yaranmış etnotoponimlər haqqında bunları yazır:

“Ksanfın dediyinə görə, Artaksersin vaxtında elə möhkəm quraqlıq olub ki, çaylar, göllər və bulaqlar quruyub, onun özü dənizdən uzaq bir çox yerdə - Armeniya, Matien və Friqiyada balıqqulağı şəklində daşlar görüb” (I.3.4); “Mada əyaləti Matien…” (II.1.14); “Eyni şey Madada Matien bölgəsində və Armeniyada Sakasena və Araksena bölgələrində də mövcuddur” (XI.7.2); “Girkanların o biri tərəfində derbiklər yaşayır, kadusilər isə Paraxoafr dağının ətəyində mada və matienlər ilə qonşudur” (XI.8.8); “Bu ölkə (Atropatena) Armeniya və Matiandan doğuda, Böyük Madadan batıda və hər iki ölkədən quzeydə yerləşir; güneydən Girkan dənizinin aşağı çıxıntısına və Matiana yaxınlaşır” (XI. 13. 2); “Sonra deyirlər ki, əvvəllər kiçik ölkə olan Armeniya Artaksiy və Zariadrın apardığı müharibələr hesabına genişləndi” (XI. 14.5); “Armeniyada böyük göllər var. Biri Mantiana adlanır və tərcümədə göy (rəng) mənası verir. Belə deyirlər ki, bu göl Meotiddən sonra ən böyük duzlu göldür; Atropatiya qədər uzanır” (XI.14.8).

Mitan (matian, matien, moytan) boyları haqqında deyilənlərdən bu nəticəni əldə etmək olur ki, onlar m.ö. II minilin ortalarında İkiçayarısının quzey-batısında qafqazdilli hurrilərin dövlət qurmasına yardım etmiş və bu dövlət Mitani adı daşımışdır; Dövlətin etnik dayağı olan subar (mitan)-hurri boyları quzey-batı Suriyadan tutmuş doğuda (Kərkük bölgəsi) Dəclə yaxalarına qədər müxtəlif lokal məntəqələrdə məskunlaşmışlar; mitan-ermən boyları da saqa-qamər boyları kimi eyni xalqın daxili soybölgüsü olub, miladdan öncəki tarixi bəlgələrdə daima bir-birinə qonşu ərazidə qeydə alınmışlar; Mitan dövləti dağılandan sonra zaman-zaman onların bir qismi Kiçik Asiyaya, bir qismi Azərbaycan və Orta Asiyaya köçmüşdür; Artıq Herodotun dövrundə (m.ö.V əsr) mitan-ermən boyları İç və Döğu Anadoluda, Urmu gölünün dörd tərəfini əhatə edən hövzədə görünür, artıq Strabonun vaxtında (m.ö. I - m.s. I əsrlər) Armeniyanın doğusunda və Atropatenin batısındakı Matien bölgəsi Mada ölkəsinin əyaləti adlanır; Sonrakı minilliklərdə də mitan boyları özbək, qaraqalpaq, başqord xalqlarının bir boyu kimi xatırlanır.

Subar (mitan) boylarından bir tirənin adı olan ermən etnonimi təkcə qədim Anadolu və Azərbaycanda deyil, Qazax elindəki Erimen dağlarına qədər yayılmışdır. Ermən soylarından Güney Azərbaycan üzərindən Doğu tərəfə gedənlər olduğu kimi, Azərbaycanın quzeyindən də Qafqaz dağlarının o tərəfinə keçənlər olmuşdur. Azərbaycandan quzeyə Dar-Yol, Dəmir-Qapı keçidləri belə bəlgələrin izini Osetiyada Erman toponimində və Samur deltasında qədim Armen-kala adlı kiçik bir qalanın adında saxlayır. Bura qədər deyilənlərə bunu əlavə edək ki, I Dara Bisutunda həkk etdirdiyi üçdilli yazıda Arminiyə və Urartu ölkəadları sinonim işlənir.

Həmin yazıda Babildə üsyana başçılıq edən erməninin adı da Araka (Uraka) şəklində verilmişdir, bu da 1640-da gəlib kumuq bölgələrinə yerləşən noqayların xanı Uraka ilə adaşdır (14). Nəhayət, bugün də mitan və ermən (ermin) boylarının türk xalqları içində olması faktı qədim ermən xalqının mənşəyini açıq göstərir. Ona görə də, N.Gəncəvinin “Xosrov və Şirin” əsərində yaylağı Ermən dağları olan Şirini hay “ermən” qızı kimi təqdim edənlərə məsləhət görərdik ki, gerçək durumu Məhinbanunun “biz Əfrasiyab soyundanıq” deməsində və həmin poemada Şirinin özünü “türk qızı” adlandırmasında axtarsınlar (15).

Aran, alban, ağvan boylarına nisbətən ermən boyadı üzərində belə geniş dayanmağın əsl səbəbi budur ki, tarixi etnologiyadan xəbəri olmayanlar ermən və hay adlarını sinonim işlədib, bu adlardan yaranan Ermən və Hayastan xoronimlərini bərabər tutmaqla Azərbaycanın qədim tarixini baş-ayaq salır.

Beləliklə, bura qədər deyilənlər ermən adının qədim çağlarda türk dili modeli ilə türk boyadı kimi yarandığını, Anadoludan Baykal gölünə qədər, Urmu gölündən Azaq dənizinə qədər müxtəlif bölgələrdə ermən boylarının türk toplumu, özəlliklə mitanlar içində göründüyünü, bu boyların yayıldığı ərazilərdə Ermən/Arman etnotoponiminin ortaya çıxdığını aydın əks etdirir. III minildən üzübəri türk etnosu içində davam edən bu gələnəyin Ermən (Ermənistan) xoronimində istisna təşkil etməsi tarixin deyil, tarixçilərin “xidməti” olub, gerçək duruma tərs gəlir.

Mitan dövləti dağılandan sonra İkiçayarasının quzey bölgələrində ortaya çıxan ayrı-ayrı dərəbəyliklərdən biri də Arme bölgəsi idi. Miladdan öncə II minilin sonları və I minilin əvvəllərində yuxarı İkiçayarası ərasilərə aramey boylarının axını başlayır və indiki Suriyanın quzey bölgələrində yerləşən bu boylarla bağlı asur mənbələrində KURAreme, matArame, KURAramu kimi yeradları və aramaia axlamaia kimi etnonimlər işlək sözlərə çevrilir (16). Bu adların sami dilli arameylərə aid olması şübhə doğurmur, lakin bütün bu adlar o çağlarda Kaşiyar dağlarının ətəklərinəcən yayılsa da, Diyarbakır sınırına gəlib çatmır. Bizi maraqlandıran Arme bölgəsi isə Diyarbakırdan quzeydə, Murad-suyun güneyində və Subar bəyliyinin batısında yerləşirdi (17). Burada arameylər deyil, Mitanni dövründən qalmış subar, mitan-armi türk boyları və hurrilər yaşayırdı.Buradakı Armi bölgəsi də armi etnoniminə uyğun urartuca Arme, asurca Arime adlanırdı (18).

Vaxtaşırı asur-urartu hucumlarına məruz qalan Arme bölgəsi zəif olduğundan tədricən asurlara tabe olan əyalətə çevrildi. Lakin onların doğu tərəfində olan kiçik Subar bəyliyi m.ö. 673-cü ilə qədər müstəqilliyini qoruya bildi. Həmin tarixdən asurlar tərəfindən darmadağın edilən Subar bəyliyinin yerində asurların iki canişinliyi yarandı və Arme bölgəsi batı əyalətin tərkibinə salındı. Hər iki əyalət Dəclənən yuxarı axarında təxminən Muş-Bitlis-Diyarbakı r-Xəzər gölü arasındakı ərazini əhatə edirdi və o çağlarda burada əsasən subar, urmu, mitan, armi boyları, yuxarıda Bingöl tərəfdə qaşqaylar yaşayırdı. Bu türk boyları içində Mitan dövləti çağından hurri boyları da qalmışdı.

Buradan quzeyə çəkilən subar, mitan-armi və urmu tayfaları yeni axınla bölgəyə gəlmiş soydaşları saqa-qamərlərlə qovuşub yeni qüvvəyə çevrildi və əvvəllər Urartu əyaləti olan bu ərazidə, Fərat çayının yuxarı axarında VII əsrin sonunda kiçik Ermən (tarixi Ərməniyə) bölgəsi yarandı. Bu bölgənin döyüşçüləri Asur dövlətinə qarşı 615-də başlanan böyük müharibədə Mada ordusuna qoşuldu və Mada çarı Kiaksar Asur dövlətini dağıdandan sonra Ermən bölgəsini bəylik statusunda Mada vilayətinə çevirib saqa boyundan Parur bəyi bura hökmdar (canişin) təyin etdi (19). Beləliklə, haylara heç bir aidiyatı olmayan bu ilk “Ermən çarlığı” m.ö. 612-də əhalisi əsasən türk armi-mitan, urmu, qaşqay, subar, saqa-qamər və qafqazdilli hurri-urartu boylarından ibarət olan bu Mada əyalətində yarandı. Suriyanın quzey-batısından bu bölgəyə xristianlığın yarandığı çağlarda sızan azsaylı hay tayfalarının bölgə əhalisinə çevrilməsi olayı isə sonralar baş verdi.

Fərat çayının yuxarı axarıda Murad-suyun yaxaları ilə Van gölünün quzey-batı tərəfində yerləşən Ermən bölgəsi Mada dövlətindən sonra dalbadal Pers (Əhəməni), Makedoniya-Selevki, türkmən-ərsaq soylu Part, Rum-Bizans, İran (Sasani), ərəb Xilafəti, daha sonra Səlcuq və XX əsrin əvvəlinə qədər Osmanlı imperiyasının, sonra da bugünə qədər Türkiyə dövlətinin ərazisi olmuşdur. Adı çəkilən dövlət və imperiya hökmdarları bura təyin etdikləri satrap və ya canişinlərə bəzən qonşu bölgə və ölkələrin də idarəçiliyini verirdi.

Bu da müəyyən çağlarda Ermən ölkəsinin etnik baxımdan deyil, siyasi-inzibati ərazi baxımından geniş əraziləri əhatə edən ölkə (canişinlik) statusu ilə tanınmasına səbəb olurdu. Səid Nəfisi qeyd edir ki, “Xilafət zamanı ərəblər Aran torpağını Qafqazda fəth etdikləri başqa nahiyələrə birləşdirərək, ona Ərməniyə, yəni Ermənistan adı verdilər” (20). “Böyük Ərməniyə” ifadəsi də belə yaranmışdır. Beləliklə, Ermən ölkəsinin tarixini izləyə-izləyə gəlib Yeni eranın astanasında dayandıq. Bura qədər deyilənlərə kiçik xülasə verib, sonra Ermən ölkəsinin “haylaşma” məsələsinə qayıdaq:

1) Fərat çayının yuxarı axarında m.ö. III minildən X əsrə qədər subar-mitan, arada hurri-mitan, X-VIII əsrlərdə isə Urartu ərazisi olan və VII əsrdə saqa-qamər boylarının məskunlaşdığı Ermən ölkəsinin əhalisi əsasən türk (subar, armi-mitan, saqa-qamər) və hurri-urartu boyları idi. Bu ölkə VII əsrin sonundan Mada dövlətinin, VI əsrin ortalarından isə Əhəməni dövlətinin əyaləti idi. Selevkə qədər buranı zaman-zaman urartu, saqa, mada, sonra pers kökənli satraplar idarə etmişlər.

2) Makedoniyalı İskəndərin Ön Asiyaya yürüşündən sonra Əhəməni sülaləsinin hegemonluğuna son qoyuldu və artıq III əsrin başında Pers imperiyasının yerində Selevki hökmranlığı yarandı. Yalnız III Antioxun (m.ö.223-187) romalılara məğlubiyətindən sonra Ermən ölkəsi Romadan asılı iki vilayətə bölündü. Böyük Tiqranın vaxtında bu vilayətlər qısa müddətdə (20 il) vahid mərkəz - başkənd Tiqranakertdən idarə olunsa da, az sonra yenə də batıda romalılardan, doğuda ərsaqlardan asılı vassal bölgələrə çevrildi.

3) Miladdan sonra Səlcuqların gəlişinə qədər Ermən ölkəsi zaman-zaman Ərsaq, Sasani, Bizans, Ərəb (Xilafət) dövlətlərinin əyaləti olmuşdur. Bu çağlarda Ermən əyalətinə təyin edilən canişinə həvalə olunmuş fəaliyət məkanından asılı olaraq, ölkənin adı siyasi-inzibati ərazi kimi gah böyümüş, gah da kiçilmişdir. Herodotun vaxtında “Böyük Armeniya” uzunluğu 310 km olan bir ölkə idi, hətta onun doğu qonşusu olan Matien ərazisi uzunluğuna görə (750 km) ondan ikiqat artıq idi (Herodot, V. 52).

Göründüyü kimi, ermən adlı türk boyunun adından yaranan Ermən (Ərməniyə) xoronimi bu bölgədə etnik yox, inzibati-coğrafi anlamda olub zaman-zaman sınırları dəyişmişdir. Görünür, alban (ağvan) kimi, ermənlər də xristianlığı qəbul etmiş ilk türk boylarındandır, çünki erməni sözündə “xristian” mənası da yaranmışdı. Belə ki, Şəkinin Kiş kəndində “Erməni yeri” toponimi və “Erməni qəbristanlığı” vardır, halbuki heç vaxt burada haylar yaşamayıb. Tuna bulqarları içindəki ermi boyu da xristian idi (21).

Bugünkü hay-ermənilərin öz içində əsl soy adları olan hay etnonimi yaşadığı halda, gürcülər onlara somexi, kürdlər filə, biz də başqaları kimi erməni deyirik.Ancaq erməni etnonimi ilk dönəmlərdə bugünkü haylara deyil, tamamilə başqa dilə və kultura mənsub subar türklərinin ermen adlı boylarına aid olmuşdur. Haylar isə Ermən ölkəsinə gələndən xeyli sonra, xüsusilə xristanlığı qəbul edəndən sonra ətraf bölgələrə yayıldıqca bu yeni ekoetnonimlə adlanmışlar, çünki bəzi qonşu xalqlar, təbii olaraq onları artıq Ermən (Ərməniyə) əhalisi erməni kimi tanımışlar.

Haylar da həmin ərmən boylarının adını mənimsədikləri kimi, V əsrdə əlifba düzəldib özlərinə tarix yazanda qədim türk-ermən tarixini də özlərinə çıxmışlar. Ona görə də, erməni adının mənşəyindən danışarkən sonrakı psevdo-erməni haylar ilə əsl qədim ermənləri fərqləndirmək gərəkir. M.Xorenatsinin əsərinə şərh yazan hay alimi N.Emin qeyd edir ki, özlərini hay və “aram soyu”, ölkələrini hayots aşxar, hayots yerkir, Hayastan, Hayastan aşxar adlandıran haylar heç vaxt özlərinə armeni, ölkələrinə Armenia deməmişlər (22). Anadoluda arimoi (Homer), arme və ermen adlı subar-türk boylarının xristianlığa qədar yaşanmış tarixində hayların yeri yoxdur.

Balkandan Suriya torpaqlarına, oradan isə sonralar Ermən ölkəsinə gələn haylar həm antropoloji, həm də dil baxımdan yerli ermənlərdən fərqlənirdi. Daranın Susdakı heykəlinin postamentində müxtəlif xalqları təmsil edən rəsmlər və hər şəkilin də üstündə millətin yazılı adı vardır. Bunların sırasında armini rəsmi “hay-armenoid” yox, oradakı digər saqa tiplərinə aiddir (23). Bu fərqi müşahidə etmiş Strabon yazır ki, “ermənilər (haylar - F.A.) suriyalılar və ərəblər yaxın qonşuluqda yaşadıqları üçün təkcə dillərinə görə deyil, həyat tərzinə, bədən quruluşuna görə də bir-birinə bənzəyir” (24). Hər halda, hayların Ermən ölkəsinə gələnə qədər həmin ərazilərdə və sonralar Arme bölgəsində məskunlaşması hay tarixçilərinin öz yazıları və hay dilindəki aramey, hurr-urartu sözləri ilə ortaya çıxır. Beləliklə, “armenoid” haylar fizioloji tipinə görə Ermən ölkəsində avtoxton xalq deyil, daha doğrusu, yerli ermən əhalisi hay deyil. Hayların dili də qlottogenez baxımından hindavropa dillərinə aiddir və yaxınlıq dərəcəsinə görə belə sıralana bilər:



Hay-erməni <-> yunan <-> balto-slavyan <-> hind-iran



Bu sxem vaxtilə tarixçi Y.A.Manandyanı n irəli sürdüyü belə bir fikrə haqq qazandırır ki, proto-haylar Balkan yarımadasında illiriyalılar ilə makedoniyalılar arasındakı bölgədə yaşamışlar. Həmin alim qeyd edir ki, XIII-XII əsrlərdə Kiçik Asiyaya enən “ermənilər” (haylar) m.ö.VI əsrdə Fərat çayının yuxarı axarındakı Ermən ölkəsinə gəldikləri üçün adları Bisutun yazısına düşmüşdür. İ.M.Dyakonov isə bu tarixi VI əsrdən XII-X əsrlərə qədər qədimə çəkir, çünki o dövrdə asur yazılarında adı xatırlanan muşk tayfalarını hay hesab edir (25).

Əlbəttə, bu fikirlərlə o vaxt razılaşmaq olardı ki, həmin çağlara aid yazıda heç olmasa bircə dənə hay sözü olsun, ancaq nə bölgə onomastikasında, nə də yazılı qaynaqlarda belə bəlgə yoxdur.Məncə, Friqiya dövlətinin bir koloniyası olan haylar bu dövlət dağılandan sonra, VII əsrdə Suriyanın quzey-batı bölgələrinə, Urartu-Asur dövləti dağılandan sonra isə VI-III əsrlər arasında Diyarbakırdan xeyli yuxarıda olan qədim subarların Arme bölgəsinə sıza bilmişlər. Arme ilə Van gölü arası ərazidə hurri-urartu boylarının qalıqlarının proto-hay tayfalarına qarışması hay dilində əksini tapıb (26).

Hayların miqrasiya yolunu Balkan yarımadası -> Friqiya -> Quzey Suriya -> Arme və -> Arminiya istiqamətində olduğunu qədim tarixçilərin sözləri əsasında nəzəri baxımdan bərpa etmək olur, lakin bu miqrasiyanın tarixini dəqiq müəyyənləşdirmək bir az çətindir, çünki həmin miqrasiya çağlarında hayların öz dilinə aid bircə dənə işarə və ya söz yoxdur ki, heç olmasa, təxmini tarixə bələdçilik etsin. Ona görə də, hayların friqlərlə Kiçik Asiyaya XII əsrdə keçməsi o qədər də inandırıcı deyil. Belə ki, friqlərin Avropadan Asiyaya keçməsi proto-hayları n ən yaxın qohumu olan yunan əhalisi içindən çıxmış tarixçilərə görə, Turova (Troya) müharibəsindən sonrakı çağlarda baş vermişdir. Yunan tayfalarının özləri də Kiçik Asiyanın batı sahillərində VIII əsrdən sonra məskunlaşmağa başlamışdı (27).

Ermən ölkəsinin türk yurdu olmasını sübut edən faktlardan biri də hay dilindəki qədim türkizlərdir. Bu barədə sonrakı bölmədə söhbət edəcəyimizi nəzərə alıb, burada vurğulayaq ki, hələ səlcuqlar tarix səhnəsinə çıxmamışdan çox qabaq hay dilində türk sözləri vardı. İlk dəfə bu fikri hələ 1870-də alman alimi Mordman söyləmişdi. Hətta hay dilində elə türkizmlər var ki, onlar dilin arxaik qatını əks etdirir. Proto-haylar Ermən ölkəsinə gələndə onların dili türk sözləri ilə zənginləşdi, lakin bu dil bütövlükdə hind-avropa təbiətini saxlaya bildi, sonralar isə Xilafət dövründə Azər bölgələrinə yaxınlaşdıqca azər dilinin təsiri altına düşüb əvvəlki təbiətindən xeyli uzaqlaşdı. Belə ki, qrabar (yazılı hay dili) adlanan əski dil yazı və kilsə dili kimi bir müddət davam etsə də, hayların danışıq dili olan yeni aşxarabar artıq Xilafət çağından hay xalqının içində işlənirdi. Qrabarın sintaksisi indiki fransız və rus dillərinin sintaktik quruluşuna uyğun idisə, artıq aşxarabarda azər dilinin sintaktik quruluşu, uzlaşma və söz sırası təsiri altına düşmüş yeni hay-erməni dili əvvəlki təbiətindən xeyli uzaqlaşmışdır.

Lakin hay dili hindavropa dillərindən nə qədər uzaqlaşsa da, bütün bu zənginləşmə və dəyişmələrə baxmayaraq, yenə də dilçilik elmi onu hindavropa dilləri ailəsindən təcrid olunmuş dil hesab etmir. Hay dili yaxın qohumluq baxımından yunan dilinə, sonra slavyan, daha sonra iran dillərinə yaxınlaşır. Bu elmi qlottogenez meyarı hayların Ermən ölkəsinə gəlmə xalq olduğunu aksioma şəklində ortaya qoyur. Həm antropologiya, həm də dilçilik elmi tarixi Ermən ölkəsində hay etnosunun yerli xalq olmadığını təsdiq edir.

Arime//Arme adından bəhs edən akademik Q.Kapansyana görə, bu bölgənin xalqı öz dilinə və mədəniyətinə görə hurri-subar etnik boylarına aid idi və haylar m.ö.IV-III əsrlərdə tarixi Urartunu etnik-mədəni və siyasi cəhətdən mənimsəmiş, yerli əhali ilə bir-iki əsr davam edən konsolidasiya III əsrdə başa çatmışdır. Həmin yazar fikrinə davam edərək, hayların “erməniləşmə” faktını belə izah edir: “Baxmayaraq ki, suriyalılara, yunanlılara və başqalarına iranlılardan keçən armen adı Armina toponimindən törəmişdir, hər halda Urartu əhalisi kimi, subar-arimelərin də haylaşması prosesi başa çatdığı üçün biz artıq yunanca formalaşmış (armen-oi, Armen-ia) yeni, həm də mümkün qədər hay dili dominantı ilə armen adı altında yeni etnik keyfiyət düşünməliyik” (28).

Hay-erməni xalqının tarixi və dili üzrə mütəxəssis olan akademik Q.Kapansyanın bu fikri ilə bəzi kiçik düzəlişlərlə bütövlükdə razılaşmaq olar. Düzəlişlər isə əsasən hayların erməniləşmə tarixi ilə bağlıdır. Belə ki, hayların yeni ekoetnonimi tam mənimsəməsi miladdan əvvəl deyil, m.s. III-V əsrlərdə regionda gedən xristianlaşma dövrünə aiddir. Proto-haylar Arme-Subar bölgəsində yaşadıqları bir neçə əsr ərzində hurri-subar kulturu ilə formalaşıb, hay xalqına çevrildiyi çağlarda quzey qonşuluqdakı Ermən ölkəsi ilə də sıx əlaqə qura bilmişdilər. Görünür, saqa-qamər boyları Ermən ölkəsindən Azərbaycana çəkiləndə hayların bir hissəsi Ermən ölkəsinə keçib burada məskunlaşmışdır. Ona gərə də, sonrakı əsrlərdə buradakı haylar da erməni adlanmışlar. Ermən adının Urartu/Ararat adı ilə dolaşıq salınması isə Bibliyada RRT yazılışının yanlış oxunuşu ilə ortaya çıxmışdır: “Və vaqe oldu ki, öz tanrısı Nisrokun evində ibadət edərkən Adrammelek və Şaretsar onu qılıcla vurdular; və Ararat diyarına qaçdılar” (II Çarlar, bar.19, 37 və İsayi, bar.37, 38).

Bibliyanın bu hissələri yazıya köçürülən çağlarda Subar bəyliyinin dağılmasından bir əsr vaxt keçmişdi və artıq Urartu dövləti də yox idi, burada ölkənin adı gələnəksəl ədəbi priom kimi işlənmişdir. Belə ki, Ararat (Urartu), Aşkenaz (Saqa) və Minni (Mana) çarlıqlarının adı son dəfə Bibliyada 593-də çəkilir (Yeremiya, 51, 27) və bu çağda həmin ölkələr artıq Mada dövlətinin əyalətləri idi. Bundan da bir neçə əsr sonra (m.ö. III-II) Bibliyanı yunan dilinə çevirənlər buradakı Ararat (Urartu) adını Armeniya adı ilə əvəz etdikləri kimi, bundan da 7-8 əsr sonra “hay tarixinin atası” M.Xorenatsi də görünür iki müxtəlif mənbədən istifadə etdiyi üçün Sinaxxeribin Armeniyaya qaçan oğlanlarının adını bir yerdə Adramel və Sannasar, başqa bir yerdə Adramel və Arqamozan kimi verir və bəzi hay soyunun onlardan törədiyini yazır (29):

“O öz oğlanları Adramel və Sannasar tərəfindən öldürüldü, bundan sonra onlar Armeniyaya qaçdılar.Bizim ərdəmli soybabamız Skayordi onlardan birini - Sannasarı Asuriya sərhədinə yaxın bizim yurdun güney-doğusunada yerləşdirdi. Onun törəmələri çoxalıb Sim adlanan dağı bürüdü… Arqamozan isə həmin əpazidən güney-doğuda məskunlaşdı.Tarixçi deyir ki, Artsruni və Genuni soyu onun törəmələridir. Məhz bu səbəbdən biz burada Sennaxirim haqqında söhbət açdıq.Həmin tarixçi deyir ki, Anqeğ evi Haykın hansısa nəvəsi Paskamdan törəmişdir” (I. XXIII).

Göründüyü kimi, bu mənbələrdə bəzi hay boylarının Van hövzəsində məskunlaşması tarixi qaçqın asur şahzadələri ilə əlaqələndirilir. Hər halda, sonrakı çağlarda da tanınmış hay-erməni sülalələri (Mamikon, Arşak, Baqrat, Smbat və b.) doğudan gələn türk, ərsaq (part) soylu bəylərin və güney-batıdan gələn aramey, yəhudi nəslidir. Artıq V əsrdən hayların “böyük və qədim” tarixi axtarışı vüsət alır. Halbuki, elə həmin əsrdə M.Xorenatsi yazırdı ki, çox vaxt başqalarının hakimiyəti altında yaşamış haylar kiçik və assaylı xalqdır (30). Hovanes Drasxanakertsi (XI əsr) də Parura qədər Hayk ölkəsində yadellilərin hakim olduğunu deyir (31). Lakin Parur bəyin və ondan sonrakıların da hay soyundan olmadığını yuxarıda gördük.

Hayların öz soykökünü Ermen patroniminə bağlama səbəbini izah edən V.İ. Nikonov yazır ki, ilkin mənası çoxdan unudulmuş bəzi etnonimlər patronim təsəvvürü oyatdığı üçün onlar mifik “soybabası” adını törədir və bu hal, sadəcə, mənası bilinməyən adları mifik surətlərə çevirib izah etmək cəhtidir: “Bir xalqın iki - hay və armen - adından onun əfsanəvi soy başçıları Hayk və oğlu Armenak haqqında miflər yarandı” (32). Hayların mənşəyi haqqında müxtəlif əfsanələr vardır ki, bunlardan biri də Strabon tərəfindən yazıya alınmışdır.

Guya Yunan ərazisində olan Fessaliyadakı Armeniya şəhərinin sakini Armen Yason ilə Armeniya ölkəsinə gəlir və “İskəndərin yürüşündə iştirak etmiş Farsallı Kirsil və Larisalı Midiy təsdiq edirlər ki, Armeniya onun adı ilə adlanmışdır” (33). Əgər Yasonun səfər yoldaşının adı Armen olsaydı belə, Ərmən ölkəsinin onun adı ilə adlana bilməsi üçün tarixi səbəb yox idi, ancaq bu əfsanədə bir həqiqət varsa, o da hay-yunan əlaqəsinə dolayı işarədir.Strabon bir-iki belə əfsanəni xatırladandan sonra yazır:



“Bunlar keçmiş nağıllar idi. Daha yeni hekayə isə pers hökmranlığı dövründən başlayaraq, sonrakı çağları ta bizim dövrümüzə qədər olan olayları əhatə edir ki, bunu da qısaca belə söyləmək mümkündür. Armeniyaya öncə perslər və makedoniyalılar sahib oldu, bundan sonra Suriya və Madanı itaətdə saxlayanlar; Armeniyada son hökmdar 7 persdən biri olan Qidarnanın soyundan Oront idi. Sonra romalılarla döyüşən Böyük Antioxun alaybaşçıları Artaksi və Zariadri ölkəni iki hissəyə ayırdı.Çarın təyinatı ilə onlar ölkəni tdarə etdilər.Çar məğlubiyətə uğrayanda onlar romalılar tərəfinə keçdilər və çar elan edilib müstəqil oldular. Artaksiyanın xələfi Tiqran sözün əsl mənasında Armeniyaya hakim oldu” (XI.14.15). Strabon sonra Tiqranın müxtəlif ölkələrdən xeyl ərazilər zəbt etdiyini və Armeniya çoğrafi adının genişləndiyini əks etdirən faktlar sadalayır. Artaksi soyundan olub, Parfiyada (Ərsaqların ölkəsində) girov və ya əsir sifətilə saxlanan bu “erməni çarı” ərsaqların göməyi ilə Armeniyada hökmdar olur və onların qüvvəsi ilə ölkənin sınırlarını genişləndirir, lakin ərsaqlara dönük çıxdığı üçün doğu bölgələrdən qovulur.

Daha sonra “Lukul Tiqranı Suriya və Finikiyadan da qovdu” (XI.14.15). Onun xələfi Artavasd da Parfiya ilə müharibədə romalılara xəyanət etdiyindən Antoni onu öldürür. “Artavasdan sonra ölkə Sezar və romalıların hakimiyəti altında bir neçə çar tərəfindən idarə olundu; və bu ölkənin həmin formada idarə olunması indi də davam edir”(XI.14.15). Strabonun dediyi kimi “Armeniyaya hakim olan” Tiqran kimdir? Bu suala Sovet tarixşünaslığı belə şərh verir: “Belə çarların gerçək hakimiyəti Parfiyadakı ümumi siyasi durumdan asılı olurdu.Əsirlikdə olan erməni şahzadəsi Tiqran onu Armeniya taxtına qaytaracağı təqdirdə Atropaten ərazizindən “70 dərə” Parfiyaya verəcəyini vəd edərək II Mitridatı razı sala bildi, m.ö.95-də II Böyük Tiqran Armeniya çarı oldu” (34).

Ərsaqları aldatdığı üçün güney bölgələrdən qovulan Tiqran yuxarıda haqqında danışdığım Arme-Subar bölgəsində Tiqranakert şəhərini saldı və bura hay-ermənilərin başkəndi oldu. Tiqranın müstəqilliyi 20 il çəkdi və m.ö. 66-da romalılara tabe oldu. Oğlu II Artavazd (m.ö.55-34) da Roma imperiyasının vassalı idi. Onun vərəsələrinin hakimiyəti haqqında isə Strabonun yuxarıdakı məlumatı aydın təsəvvür yaradır. Bu barədə Strabondan bir əsr sonra yaşamış roma tarixçisi Korneli

Tasit deyir:

“Ermənilər həm də ikiüzlü və dəyişkəndirlər, (ölkələrinə) gah bu, gah da başqa ordunu dəvət edirdilər; yaşadığı yerlərə və oxşar xasiyətlərinə görə, nəhayət, çoxsaylı qarışıq evlənmə səbəbilə onlar parfiyalılara yaxındır və azadlıq nemətini dadmadan onlara tabe olmağa meyl edirdilər” (Annales, XIII, 34).

İlk hay tarixçiləri yerli zəmində soykökü axtarışına çıxanda daha çox Ərsaq sülaləsini gözaltı edir, hay tarixini Ərsaqların tarixi fonunda verməyə çalışırdılar.Doğrudur, Ərsaqlar Azərbaycanda olduğu kimi, Ermən ölkəsində də at oynadırdı, hətta burada ilk xristianlığı yayan Anak bəyin oğlu Saak da Türkmən elindən (Parfiyadan) gəlmişdi. Lakin ərsaqlar saqa türkü, haylar isə elə hay idi, baxmayaraq ki, M.Xorenatsi Bibliyadan oxuduqlarına hay ovqatı kökləyib, Adəmdən sonra 21-ci patriarx kimi verdiyi İbrahim peyğəmbərin şəcərəsində ərsaqlardan dolayı haylara yer verirdi (35). Görünür, hay yazarların ovqatından xəbərdar olan Prokopi 560-da yazdığı “De Aedificiis” (Tikintilər haqqında) əsərində özəlliklə vurğulayır: “Qoy heç kim düşünməsin ki, Arsaklar erməni (hay) soyludur” (Prokopiy, III.1.4).

Beləliklə, Dərbənddən Fəratın yuxarı axarına qədər gözdən keçirdiyimiz Alban (Ağvan), Aran və Ermən xoronimlərinin türk etnonimləri əsasında yarandığını gördük. Bunlardan ən mübahisəlisi Ermən idi ki, onu da Armi/Ermi, Arman/Ermən mərhələləri və türk ellərində yayılma dairəsi üzrə izlədik. Hayların da tarixi Ermən (Armeniya) bölgəsinə gələndən sonra “erməni” olduğunu gördük. Hayastan isə I-IV əsrlərdə Anadoluda V-XIX əsrlərdə Qafqazda lokal bölgələrə yayılıb, bölük-bölük məskunlaşan hayların hay kaloniyalarını n, xristian patriklərin “yurdu” anlamında işlənən qeyri-müəyən çoğrafi termindir və bu terminlə 1, 2, 3 və 99-cu Hayastan demək mümkündür, ta 1920-ci ilə qədər (36). Həmin ilə qədər isə Ermənistan (İrəvan xanlığı) tarix boyu azlar, ermən, saqa-qamər, oğuz və sair türk boylarının doğma yurdu olmuş, İslamaqədər onlardan bir qismi xristian dininə tapınmış, bu izi yaşadan çoxlu kilisə (vənglər) qalmışdır.

İbn Havqəlin “Yollar və ölkələr kitabı”nda (X əsr) Ermənistan, Azərbaycan və Aranın xəritəsi. Üzü köçürülən xəritədəki ərəb əlifbası ilə yazılmış adlar burada latın qrafikası ilə verilmişdir.

-

Ədəbiyyat və qeydlər



-



“Altay Buçi” dastanında Altay Buçi bahadırın bacısı da Ermen-Çeçen adı daşıyır ki, burada adın ikinci hissəsi çeçen “şirindil”, “ağıllı” anlamlı sözdür (Nikiforov 1915,14). Türk xalqlarında etnonimlərin şəxsadı kimi işlənməsi (Azər, Çərkəz və s.) bəlli olaydır.



Erman toponiminin monqol sözü kimi izah olunmasına etiraz edən A.Əbdıraxmanov onu türk-monqol (ere-eme-n) hibrid sözü kimi verir və tamam fərqli etimoloji yozumla yerli əhali içində yaşayan rəvayətin isə xalq etimologiyası olduğunu vurğulayır. Rəvayət isə belədir: güya qazax batırı ilə vuruşan kalmaq batırı yenilib atdan yıxılanda atı bu dağa qalxır: “Birak kalmak atı tau işinde erimen kaşıp ketip, eşkit üstay almantı. Sodan Erimen atalıpdı-mıs” (Əbdiraxmanov 1975, 90).



Erimen adını Urartu çarlarından biri, daha doğrusu, III Rusanın atası daşıyır. Urartuca İRusa İErimenaxi yazılışını “erməni Rusa” kimi oxumuş İ.İ.Meşaninovla razılaşmayan İ.M.Dyakonov və N.V.Harutyunyan bunu “Erimenin oğlu Rusa” şəklində oxumağı təklif edirlər (Arutönən 1970, 332). Nəzərə almaq lazımdır ki, urartu etnik-coğrafi hüdudlarından çox uzaqlara yayılan ermən sözü urartuca yox, türkcədir, çünki urartu dilində bu şəxsadı yalqızdır və bu dildə erimen/ermen sözləri yoxdur.



Etnonimin ilkin forması Vedidə Ərmik toponimində qaldığı kimi, qədim Tuna bulqarları və başqordların içində ermi boyunun adında vardır.Keçmişdə Kazan və Noqay yolu boyunca olan iki Yermi bölgəsinin (Эрминская волость) rus qaynaqlarında keçən adındakı -n- elementi ruscanın -insk şəkilçisinə aiddir (Kuzeev 1974, 60, 124-128).



Türk dillərində bu morfemlə əlamət bildirən qocaman, azman, şişman kimi sifətlər və türkmən modelli etnonimlər yaranır. Etnoformant statusu qazanan -men şəkilçisi zaman keçdikcə mən əvəzliyi anlamına köklənir, artıq qazaxlarda soyadı olan türkpen modeli ilə yaranan etnonim türkmən modelindən fərqlənmir. Həm də nəzərə alaq ki, proto-türk çağında mən əvəzliyinin özü də me+n modeli ilə formalaşmışdır.

Tarixdən bəllidir ki, güney Rusiya çöllərinə m.ö.VIII əsrdən saqa boyları ilə başlanıb, m.s. XII əsrə qədər davam edən hun, bulqar, subar, xəzər və kuman-qıpçaq boylarının köçü və burada zaman-zaman qurulan dövlətlərin tarixi aşağı-yuxarı 2 min illik bir dövrü əhatə edir. Azaq yaxasından indiki Bolqarıstana gedib dövlət quran Tuna bulqarlarıın bir boyu da ermi adlanırdı və oradakı Ermenli türk kəndinin adı 1934-ə qədər yaşadı, sonra Draqaş-voyvoda adı ilə dəyişdirildi.Tuna bulqarlarında olduğu kimi, saqa boyları içində də armini etnoniminə rast gəlmək olur.Buradakı saqa çarı Skilur öləndən sonra Olviya ətrafında oturmuş armeni boyundan olan döyüşçülər bu şəhərin köməyinə gəlir. “Armeni oxçuları” ifadəsi buradan tapılan yazıda da qalmışdır (Vinoqradov 1989, 253); Burada miladdan sonrakı ilk illərdə doğu german (ostqot) boylarından herusk tayfasının başçısı Arminiy adlanırdı, 375-də hunlar tərəfindən öldürülən Erman-arix də doğu-qot boyunun başçısı idi.Göründüyü kimi, Qara dənizin yuxarı yaxalarında türk və doğu-german boyları içində erman/ermen etnoniminin izi vardır.Vaxtilə, Stadberq, Saksonia və başqa bölgələrdə Ermen-Sёul adlı tapınaqda Ermen tanrıya ibadət edən german boyunun Persiyadan (Azərbaycandan) köçdüyü qeyd olunmuşdur (Boquş, 248). Ümumiyətlə, german-saqa kontaktı Doğu Avropada german-hun çağından xeyli əvvəl olmuş, bu tayfalar Krım tərəflərdə bir neçə əsr iç-içə və qonşu yaşamışlar. Ona görə də, bəzi söz və morfemlərin german və türk dillərində eyni formada işlənməsi və eyni mənanı daşıması təəccüblü görünməməlidir. Hər iki dildə işlənən -man şəkilçisi də belə morfemlərdəndir.



Кузеев 1974.



АИОСК, 174.



Капанцян 1947; Меликишвили 1954; Дьяконов 1985; Саркисян 1989; və başqaları.



Древняя Эбла, 223, 336, 284-285; Buradakı “Ebla və Arme” ifadəsi ilə akkad yazısındakı “Arman və Ebla” deyimi arasında yaxınlıq görüb, Arman toponimini Armi ilə eyniləşdirən tədqiqatçılar olduğu kimi, 5 min il yaşı olan Arme bölgəsinin hayların ulu yurdu olduğunu iddia edən hay-erməni alimləri də vardır. İ.M.Dyakonov haqlı olaraq, bu münasibətlə yazır: “В некоторых околонаучных кругах исключительный интерес вызвало название соседнего с Эблой сирийского города Арманум, а также нередко встречающегося в текстах топонима или етнонима ар-мики и возникла надежда - нельзя ли видеть здесь предков армян? …Миф об армянах, упоминаемых в эблаитских текстах, обречен растаять так же, как миф о библейских городах”.



Həmin müəllif fikrini davam etdirərək deyir ki, “erməni” adı hayların öz içində heç vaxt işlənməmişdir, bu adı onlara başqa xalqlar vermişlər və həm də göstərir ki, Armanum yeradı armi, arami etnonimləri ilə bağlı olub, “köçəri” (nomad) anlamı bildirən aramey boyunun adından yaranmışdır (Eyni qaynaq, 336-337). Müəllifin hay-armi məsələsi ilə bağlı fikirləri doğrudur, lakin Arman və Armi adlarının ikisini də arameylərə bağlaması o qədər də inandırıcı deyil, çünki çoxlu sait səsi olan türk dillərindəki sərbəst dəyişmədən fərqli olaraq, sami dillərində saitlər azdır və onların əvəzlənməsi qramatik yük daşıyır, burada sözlərin sonluğundakı fərqlər də şübhə doğurur. Bunu həmin adlar arasında paralellik axtaran Paul Garelli də “Ebla arxivindəki toponimlər haqqında qeydlər” adlı məqaləsində etiraf etmişdir (Drevnəə Gbla, 285).



Həmin mətnlərdə “4 kişilik xörək (aş)” kimi ifadələr bir yana qalsın, “Armili Dumur” və “Uti bəyi Tamur-lim” ifadələrindəki dəmir sözü, “Arimunun yaşadığı Abarsila ölkəsi” (Drevnəə Gbla, 251, 310) deyimində (a)barsil etnotoponimi (?) çətin ki, sami dilləri ilə izah oluna bilsin.



Boğazköy mətnlərində işlənən Armani toponimi əgər ermen adı ilə bağlıdırsa, onda bu tarix daha qədimə çəkilə bilər (Ertem, 16).



Меликишвили 1954, 93,95; Habur və Balıx çaylarının (Balıx hidronimi türkcədir) yuxarı yaxalarında batı hurri boylarının qurduğu dövlətin (XVI-XIII əsrlər) mərkəzi şəhəri Vaşşukanni idi və bütöv ölkə samicə Xaniqalbat, misir yazısında isə Naxarain - “İkiçay ölkəsi” adlanırdı.







QAYNAQ: http://dak.az/view.php?lang=az&menu=9&id=9173





Yorumlar









Aktif Ziyaretçi 51
Dün Tekil 1505
Bugün Tekil 1351
Toplam Tekil 4076132
IP 3.145.206.169






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.215 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu