MÜASİR DÖVRDƏ TÜRKDİLLİ DÖVLƏTLƏR ARASINDA İNTEQRASİYANIN STRUKTURLAŞMASI - FƏRİD MƏMMƏDOV - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









MÜASİR DÖVRDƏ TÜRKDİLLİ DÖVLƏTLƏR ARASINDA İNTEQRASİYANIN STRUKTURLAŞMASI - FƏRİD MƏMMƏDOV
Tarih: 21.06.2010 > Kaç kez okundu? 2820

Paylaş


XXI əsr tarixə qloballaşma əsri kimi daxil olmuşdur. Texnologiyada sürətli dəyişmə, beynəlxalq mal ticarətində və sərmayə axınlarında sərbəstləşmə, iqtisadiyyatda bazar sisteminin qaydaları əsasında yenidən formalaşmalar, cəmiyyətdə neoliberal görüşlərin qalib gəlməsi, demokratiyaya istiqamətli açılımlar və ictimai təşkilatlanma modellərində yeni meyllər dərin və əhatəli bir təkamül mərhələsi xüsusiyyəti qazanmışdır. Qlobal proseslərin inkişafı din və mədəniyyətdə, tarixi ənənəviliklərdə olan fərqlərə baxmayaraq, dünya ölkələrinin və xalqlarının bir-birindən asılılığını dayanmadan artırır.

Böyük həcmli elmi və texnoloji inqilablar dünyanın başa düşülməsi, yenidən formalaşdırılması, təbiətlə cəmiyyət arasındakı və cəmiyyətin öz layları arasındakı əlaqələr baxımından yeni bir dövr başlatdı. Dünyanı bir-birindən ayrılmış, təcrid edilmiş parçalardan ibarət olaraq görən anlayışlar tarixə basdırıldı. Elmi və texnoloji sıçramalarla birlikdə dünya xalqları arasında iqtisadi, siyasi, ictimai və mədəni əlaqələrin gedərək dərinləşməsini əks etdirən inteqrasya və qloballaşma şəraiti, içərisində ziddiyyətlər də daşımaqla yanaşı, dünya inkişafının mühərriki oldu. Dünya iqtisadiyyatı, bu müddət ərzində inteqrasiya olunmuş bir avtosistemə çevrildi.

Qloballaşma şəraitinin ilk mərhələsini və əhəmiyyətli bir istiqamətini meydana gətirən regional əməkdaşlıq, XXI əsrdə də əhəmiyyətini itirməməkdə, tam əksinə əhəmiyyətini daha da artırmaqdadır. Belə ki, XX əsrin 90-cı illərində NAFTA (Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı), MERKOSUR (Argentina, Braziliya, Bolivya, Paraqvay, Uruqvay, Çili) və Karib Dövlətləri Təşkilatı strukturlaşaraq daha da güclənmişdir. Regional iqtisadi işbirliyinin qabaqcılı olan Avropa Birliyi (AB) yeni bir mərhələyə keçmişdir.

Qlobal dəyişikliklər bir istiqamətdən milli və millətdən aşağı səviyyələrdə yeni inkişaf modellərini zəruri edərkən, digər istiqamətdən ölkələrin millətüstü səviyyədə diqqətə gələn və qoruyan təşkilatlanmalarını ön plana çıxarmışdır. Təbii olaraq, bütün dünyada davam edən qloballaşma və regionallaşma, zəngin tarixiylə dünya mədəniyyətinə böyük qatqıları olmuş türk respublikalarını da sahəsi xaricində buraxmamaqdadır.

Qloballaşmanın gətirdiyi yeni hərəkətlər, əsrlər boyunca tarixi çətinliklərin təsiriylə parçalanmış, bir-birindən ayrı salınmış Türk Dünyası qarşısında da yeni imkanlar meydana çıxarmışdır. Qloballaşmanın daha əhəmiyyətli istiqaməti regionallaşmadır. Türk Dünyasının regionallaşmağını yeni mərhələyə ucaltmaq üçün böyük imkanlar yaranmışdır.

Türkdilli dövlətlər arasında siyasi, iqtisadi və mədəni əlaqələr SSRİ-nin dağılmasından sonra 1991-ci ildən yaranmağa başlamışdır. Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan kimi yeni müstəqillik qazanmış türk respublikaları ilə Türkiyə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə inteqrasiyaya nail olmaq üçün dövlət başçıları səviyyəsində siyasi-diplomatik münasibətlərin formalaşmasına və əlaqələrin intensivləşməsinə ehtiyac var idi. Məhz bu zərurətdən qaynaqlanan istəyin reallaşması qarşılıqlı əlaqələrin prioritet istiqamətini təşkil edirdi. Türkiyənin o zamankı baş naziri Süleyman Dəmirəl 1992-ci ilin may ayında Azərbaycan və Orta Asiya respublikalarına səfəri zamanı həmin ölkələrin rəhbərlərinin iştirakı ilə zirvə toplantısı keçirmək təşəbbüsünü irəli sürmüşdü.

Uzun müddət Sovet İttifaqının tərkibində olan türkdilli respublikalarla Türkiyə arasında “dəmir pərdə” yaradıldığından yenicə formalaşmaqda olan əlaqələri intensivləşdirmək, həyat qabiliyyətini artırmaq heç də asan deyildi. Bu ölkələrin siyasi rəhbərlərinin birgə zirvə toplantısını keçirmək MDB-nin təşkilatlanma mərhələsinə təsadüf etdiyindən Rusiya tərəfindən xüsusi qısqanclıqla qarşılanırdı. Cənubi Qafqaza nisbətən Mərkəzi Asiyada Rusiyanın təsir dairəsinin daha güclü olması Türkiyənin regionda fəal siyasət yürütməsini mürəkkəbləşdirirdi. Lakin, bütün çətinliklərə baxmayaraq türkdilli dövlətlər arasında əsasən siyasi, iqtisadi və mədəni sahədə inteqrasiyanı təmin etməyi qarşıya məqsəd qoyan türkdilli dövlət başçılarının birinci zirvə görüşü 30-31 oktyabr 1992-ci ildə Türkiyənin paytaxtı Ankarada gerçəkləşdirildi.

Ankarada gerçəkləşən birinci zirvə toplantısı tarixi bir günə - Türkiyə Cümhuriyyətinin 69-cu ildönümünə təsadüf etmişdi. Bütün türkdilli dövlət başçılarının qatıldığı tədbirdə prezident Turqut Özal vurğulamışdı ki, “Sovetlər Birliyi dağıldıqdan sonra sizin müstəqilliyinizi hamıdan tez tanıyan və ölkələrinizlə birinci olaraq diplomatik əlaqə yaradan Türkiyə dövləti olmuşdur. Xalqlarımızı bir-birinə ümumi dinimiz, dilimiz, kökümüz və mədəniyyətimiz bağlayır. Biz əl-ələ verib bu imkanlardan istifadə edərək, onları xalqımızın rifahına yönəltməliyik”. Birinci zirvə toplantısının sonunda imzalanmış Ankara Bəyannaməsində bundan sonra belə görüşlərin müntəzəm olaraq keçirilməsi, müstəqilliyin qorunub saxlanması və daha da möhkəmləndirilməsi yönündə qarşılıqlı əlaqələri intensivləşdirməyin zəruri olması xüsusi vurğulanmışdır. Birinci zirvə toplantısı, mahiyyət etibarilə, tanışlıq xarakteri daşıdığından gələcək əməkdaşlığın konturlarını şərtləndirən konkret məsələlərə toxunulmamışdı. Lakin Ankara Bəyannaməsində təsbit olunduğu kimi, ideya artıq reallığa çevrilmişdi. Yüksək səviyyədə təşkil olunan sammitlər Türkiyə mətbuatının daim diqqət mərkəzində olmuşdur.

Türkdilli ölkələr arasında əlaqələrin inkişafının sürətlənməsi, ona əks mövqeydə dayanan qüvvələri də hərəkətə gətirdi. Bakıda keçirilməsi planlaşdırılan ikinci zirvə görüşü, MDB zirvəsi ilə eyni günlərə təsadüf etməsi səbəbindən təxirə salındı və daha sonra 1994-cü il oktyabrın 18-də İstanbulda keçirildi. İstanbulda keçirilən ikinci zirvədə də liderlər, “zirvənin bir başqa ölkəyə qarşı olmadığını” dilə gətirdilər.

Türkdilli ölkələrin dövlət başçılarının üçüncü zirvə görüşü 1995-ci il avqustun 28-də Qırğızıstanın paytaxtı Bişkekdə, dördüncü zirvə görüşü isə 1996-cı il oktyabrın 21-də Özbəkistanın paytaxtı Daşkənddə keçirilməsi və müvafiq olaraq qırğızların Manas dastanının 1000 illiyi və Əmir Teymurun 660 illiyi ilə əlaqədar tədbirlərlə əlaqələndirilməsi “zirvələrin arxa plana keçməsi” fikirlərinin yaranmasına səbəb olurdu. Bundan sonrakı zirvələrin beşincisi 1998-ci ilin iyunun 9-da Qazaxıstanın paytaxtı Astanada, altıncısı 2000-ci ildə Bakıda təşkil edildi.

Dördüncü Daşkənd zirvəsinə qədər bu zirvə görüşləri rəsmi olaraq Türk Zirvəsi adlanırdısa, Daşkənd zirvəsində adı dəyişdirilərək Türk Respublikalarının Dövlət Başçılarının Zirvəsi adlandırıldı. Altıncı zirvə görüşündən sonra isə Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvəsi olaraq dəyişdirildi. Zirvə görüşlərində qəbul edilən sənədlər və bəyannamələr türk və rus dillərində iki nüsxədə çıxarılırdı.

Bakıda keçirilən altıncı zirvə görüşündən etibarən Türkmənistan və Özbəkistan zirvə görüşlərinə soyuq münasibət bəsləməyə başlamışdır. 2000-ci ildəki bütün zirvələrdə 6 türk dövlətinin hamısı dövlət başçısı səviyyəsində təmsil olunurdular. Bakıdakı zirvə görüşündə isə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan dövlət başçıları səviyyəsində təmsil olunsa da, Türkmənistan və Özbəkistan parlament sədrləri səviyyəsində təmsil olunmuşdular. 2001-ci aprelin 26-da keçirilən yeddinci İstanbul zirvəsində Türkmənistan səfir səviyyəsində, digər dövlətlər isə dövlət başçıları səviyyəsində təmsil olunmuşdular.

2006-cı il noyabrın 17-də Türkiyənin Antalya şəhərində keçirilən səkkizinci zirvədə Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan dövlət başçıları səviyyəsində, Türkmənistan səfir səviyyəsində təmsil olunsa da, Özbəkistan ümumiyyətlə zirvə görüşündə iştirak etməmişdi.

2008-ci ildə türkdilli dövlətlər arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə inteqrasiya proseslərinin strukturlaşmasında mühüm hadisə baş verdi. Belə ki, hələ 2006-ci ildə keçirilən zirvə görüşündə Qazaxıstan prezidenti N.Nazarbayev parlamentlərarası bir birlik yaratmaq təklifini irəli sürmüşdü. Nəticədə 2008-ci ilin oktyabrın 21-də İstanbulda Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) yaradılması haqqında İstanbul anlaşması imzalandı. İstanbuldakı imzalanma mərasimində TBMM-nin sədri Köksal Toptan bu tarixi hadisəni belə şərh etmişdi: “Bu gün güclü və sarsılmaz bağlarla bir-birinə bağlı qardaş xalqlar üçün çox anlamlı bir gün yaşanmaqdadır. Eyni mədəniyyəti və tarixi paylaşan, fərqli ləhçələrdə də olsa eyni dili danışan qardaş ölkələrin parlament başçılarını görüşdürəcək bu toplantını tarixi bir addım olaraq qiymətləndirirəm. TÜRKPA köklərini dərin tarixi və insani bağlardan alan qardaşlığın konkret bir əksi olacaqdır. Qardaşlıq əsasına dayanan bağlarımızı canlandırmaq, əlaqələrimizə və əməkdaşlığımıza dinamizm qazandırmaq, xalqlarımız arasındakı yaxınlığı gücləndirmək dünyamızın içindən keçməkdə olduğu yeni təhdidlərlə dolu keçid dövründə həyati əhəmiyyət daşımaqdadır. Geniş bir coğrafiyada yaşayan Türk Dünyası eyni kökdən bəslənən, güc və qüdrət alan ulu bir çinara bənzəməkdədir, bu coğrafiyadakı ölkələri bir-birinə bağlayan ən önəmli ortaq dəyərlərin başında Türk dili gəlir. Ölkələrimizin zəngin potensialının dəyərləndirilməsi və hər sahədəki əməkdaşlığımızın gücləndirilməsi halında, içində yaşadığımız min ildə qlobal bir güc olaraq yüksələcəyi də çox açıqdır. Parlament Assambleyasının yaradılmasıyla qardaş xalqlarımız arasında əlaqə və əməkdaşlığı inkişaf etdirmək baxımından tarixi bir addım atmış olduq.”

TÜRKPA-nın 29-30 sentyabr 2009-cu ildə Bakıda keçirilən birinci toplantısında Assambleyanın təşkilatlanması yönündə konkret qərarlar qəbul edilərək baş katiblik yaradıldı və büdcə müəyyənləşdirildi. Təşkilat çərçivəsində əməkdaşlıq siyasi, iqtisadi, mədəni və digər sahələrdə dövlətlərarası qarşılıqlı əlaqələrin dərinləşməsində, TürkPa üzvü halqlarının da yaxınlaşmasında önəmli bir vasitə olaraq görülmüşdür. Bakıda qəbul edilən bəyannamədə göstərilir ki, Türkdilli Dövlətlərin Parlament Assambelyasının fəaliyyəti qardaş xalqlarımızın gələcək inkişafı naminə iştirakçı dövlətlərin tarixi, dili və mədəniyyətinin ümumiliyi ilə təqdim olunan imkanlardan istifadəyə əsaslanıb. Türkdilli Dövlətlərin Parlament Assambleyası region dövlətlərinin qarşılıqlı səmərəli və bərabərhüquqlu əməkdaşlığına yeni stimul verəcək. Türkdilli Dövlətlərin Parlament Assambleyası parlamentlərarası əməkdaşlığın - parlament diplomatiyasının yeni pilləsi vasitəsilə dövlətlər arasında siyasi dialoqun daha çox inkişafına yardım göstərilməsi və regionumuzun təhlükəsizlik və rifah zonasına çevrilməsi məqsədlərinə xidmət edən müxtəlif təşəbbüslərin hazırlanması və həyata keçirilməsi üçün əlverişli siyasi məkan yaratmaq niyyətindədir.

TürkPa-nın ilk toplantısında eyni zamanda assambleyanın nizamnaməsi və katibliyin əsasnaməsi qəbul olundu. Assambleyanın Nizamnaməsinə 26 bənd daxildir. TürkPA-nın Katibliyinin Əsasnaməsində isə məqsədlər, funksiyalar və fəaliyyət istiqamətləri əks olunub. Əsasnamədə həmçinin baş katibin və onun köməkçisinin səlahiyyətləri göstərilib və onlar dörd ildən bir seçiləcək. Katibliyin büdcəsi 15 komponentdən yaradılacaq. Büdcənin səkkiz hissəsi Türkiyə, dördü Qazaxıstan, ikisi Azərbaycan, bir hissəsi isə Qırğızıstan tərəfindən maliyyələşdiriləcək. Bu hissələr hər bir ölkənin mədaxilinə müvafiq olaraq müəyyən ediləcək.

TürkPA-nın Baş Katibliyi yanında isə üç komissiya fəaliyyət göstərəcək. Birinci komissiya dil, mədəniyyət və təhsil sahələrini əhatə edəcək, ikinci komissiya ölkələrin qanunvericiliklərinin uyğunlaşdırılması və beynəlxalq münasibətlərin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərəcək, üçüncü komissiya isə iqtisadi sahəyə aid olacaq. TürkPA-nın ilk baş katibi isə Yeni Azərbaycan Partiyasının gənclər təşkilatının sədri Ramil Həsənov seçilmişdir.

TürkPA-nın Baş Katibliyinin əsas fəaliyyət istiqamətləri türkdilli dövlətlərin parlamentlərarası əlaqələrinin inkişafı və təcrübə mübadiləsi, ümumi problemlərin həlli üçün birgə təkliflərin müzakirəsi və eləcə də TürkPA-ya digər türkdilli dövlətlərin cəlb edilməsi olacaq.

TürkPa-nın Bakıda keçirilən birinci toplantısından bir neçə gün sonra Türk dünyasının siyasi, iqtisadi, mədəni və digər sahələrdə inteqrasiyasının strukturlaşmasını yeni mərhələyə daşıyacaq çox mühüm tarixi hadisə baş verdi. Bələ ki, 2-3 oktyabr 2009-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında tarixi qərarın qəbul edilməsi ilə yadda qalan Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü keçirildi. Beləliklə, son 17 ildə zirvə toplantıları şəklində keçirilən Türkdilli ölkələrin dövlət başçılarının zirvəsi yeni bir təşkilatlanma yoluna qədəm qoydu.

Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Abdullah Gül, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev və Türkmənistanın nazirlər kabinetinin sədr müavini Xıdır Saparliyev iştirak emişdilər. Tədbiri açıq elan edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zirvə görüşündə iştirak edən dövlət başçılarını salamlamış və onları Naxçıvanda görməkdən məmnun olduğunu ifadə etmişdir. İkitərəfli formatda əlaqələrimizin yüksək səviyyədə olduğunu deyən Dövlət başçısı beynəlxalq təşkilatlarda da ölkələrimizin yaxşı əməkdaşlıq etdiyini vurğulayaraq bu görüşün birliyimizi daha da genişləndirəcəyini qeyd etmişdir. Prezident İlham Əliyev bizi birləşdirən dəyərlərin mühüm olduğunu, bu sırada müştərək tarixin, zəngin mədəniyyətin mühüm əhəmiyyət daşıdığını bildirmişdir. Dövlət başçısı türkdilli ölkələrin birliyini regional əməkdaşlığın vacib amili kimi xarakterizə etmiş və iqtisadiyyatlarımızın bir-birini tamamladığına diqqəti cəlb etmişdir. Azərbaycanın qarşılıqlı investisiyaların həyata keçirilməsində və humanitar sahədə layihələrin icrasında maraqlı olduğunu deyən dövlət başçısı TÜRKSOY təşkilatının fəaliyyətinin genişləndirilməsi ilə bağlı TÜRKSOY Fondunun yaradılmasını təklif etmişdir. Təklif edilmişdir ki, TÜRKSOY Fondunun maliyyə təminatı təşkil edilsin və bu Fond bütün türk dövlətlərində və eyni zamanda bütün türk diyarlarında tarixi abidələrin bərpası, mədəniyyətlərarası əlaqələrin inkişafı ilə məşğul olsun.

Enerji və nəqliyyat sahəsində ölkələrimizin yaxşı əməkdaşlıq qurduğunu deyən Prezident İlham Əliyev bu sahədə Azərbaycan, Türkiyə və Qazaxıstanın səmərəli əməkdaşlıq etdiklərini qeyd etmişdir.

Prezident İlham Əliyev Bakıda türkdilli ölkələrin Parlament Assambleyasının toplantısının keçirilməsinin əhəmiyyətini vurğulayaraq bunun qanunverici orqanlarımız arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini bildirmişdir. Dövlət başçısı türkdilli ölkələrin həmrəyliyinin vacib olduğunu bir daha diqqətə çatdıraraq qeyd etmişdir ki, "Bizim bir yerdə olmağımız, qədim Azərbaycan torpağı olan Naxçıvanda yığışmağımız, ikitərəfli formatda aparılan danışıqlar, bugünkü zirvə görüşü və zirvə görüşünün nəticəsi olaraq imzalanacaq vacib sənədlər bizim birliyimizi daha da gücləndirəcəkdir".

Qazaxıstan Prezidenti N.Nazarbayev sammitin Naxçıvanda keçirilməsini tədbirin əsas özəlliyi kimi xarakterizə etmişdir. O, Dahi şəxsiyyətlər - Heydər Əliyevin və M.K.Atatürkün türkdilli xalqların birliyi barədə arzularını xatırladaraq vurğulamışdır ki, Qazaxıstan bu ideyanın reallaşdırılması mövqeyindən çıxış edir. Bu səbəbdən də türk dövlətləri arasında siyasi əlaqələr zamanın tələblərinə uyğun olaraq yeni mərhələyə qədəm qoymalıdır. 2008-ci ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlament rəhbərləri arasında imzalanmış Türkdilli Dövlətlərin Parlament Assambleyasının artıq reallaşdığını deyən N.Nazarbayev türk xalqlarının birliyinin gücləndirilməsinə xidmət edəcək Ağsaqqallar Şurasının yaradılması təşəbbüsünün gerçəkləşməsi vaxtının çatdığını bildirmişdir. Türk dövlətləri arasında iqtisadi sahədə əməkdaşlığın vacibliyinə toxunan Qazaxıstan Prezidenti dünyada hökm sürən maliyyə böhranına qarşı mübarizədə türk respublikalarının birgə əməkdaşlığının əhəmiyyət kəsb etdiyini qeyd etmişdir. Türkdilli dövlətlər arasında mədəni-humanitar əməkdaşlığın TÜRKSOY təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əsaslarla inkişaf etdirilməsinin mühümlüyünü bildirərək Azərbaycan Prezidenti İlham Əliyevin təklifinə tam dəstək vermiş və yaradılacaq TÜRKSOY Fondu çərçivəsində türkdilli xalqların, türk dilinin, türk mədəniyyətinin araşdırılması və öyrənilməsi ilə məşğul olacaq bir akademiya təsis olunmasını təklif etmişdir.

Qırğızıstan Prezidenti K.Bakiyev türkdilli ölkələr arasında həll olunmayan məsələlərin olmadığını vurğulayaraq bildirmişdir ki, türkdilli ölkələrin əməkdaşlıq şurasının yaradılması haqqında saziş türkdilli dövlətlərin birləşməsi üçün unikal şans verir. Türk dünyası beynəlxalq siyasətdə böyük rol oynamalıdır. Bakıda türkdilli ölkələrin parlament assambleyasının 1-ci iclasının keçirildiyini deyən Qırğızıstan prezidenti parlamentlərarası əlaqələrin də möhkəmləndiyini söyləmişdir. Ticari-iqtisadi əlaqələrin genişlənməsi üçün tədbirlərin görülməsinin zəruriliyini bildirən K.Bakiyev energetika, turizm sahəsində ümumi layihələrin icra edilməsinin türkdilli ölkələrin ümumi ticari dövriyyəsinin artacağı, investisiya imkanlarının bir araya gələcəyinə şərait yaradacağını qeyd etmişdir. Ölkələrimizin ümumi tarixi köklərə malik olduğunu qeyd edən K.Bakiyev türk mədəniyyətinin inkişafında TÜRKSOY təşkilatının rolunu müsbət qiymətləndirmişdir. Qırğızıstan prezidenti çıxışının sonunda, Azərbaycanda keçirilən bu zirvə görüşünün isə səmərəli nəticələr verəcəyinə və türkdilli ölkələr arasında əməkdaşlığın daha da artacağına əminliyini bildirmişdir.

Türkiyə Prezidenti A.Gül türkdilli ölkələrin dövlət başçılarının 9-cu zirvə toplantısını Naxçıvanda yüksək səviyyədə təşkil etdiyinə görə, Prezident İlham Əliyevə təşəkkür etmiş, Naxçıvanın Azərbaycan qədər Türkiyə üçün də əziz və doğma olduğunu vurğulamışdır. Türkiyə Prezidenti dünyada yaşanan olayların Avrasiya regionundan da yan keçmədiyini və bu hadisələrin Qafqaz regionunu da əhatə etdiyini qeyd edərək yaranan problemlərin aradan qaldırılması üçün qardaş ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsinin vacib olduğunu bildirmişdir. A.Gül zirvə toplantısının yekununda imzalanacaq Naxçıvan bəyannaməsinin tarixi əhəmiyyət daşıdığını, gələcək nəsillərə ərmağan olunan önəmli miras olduğunu söyləmişdir. Ölkələrimiz arasında həyata keçirilən əməkdaşlığın hər hansı bir tərəfə yönəlmədiyini vurğulayan Türkiyə Prezidenti ölkəsinin türkdilli dövlətlər arasında iqtisadi işbirliyinə daha çox önəm verdiyini, təcrübə mübadiləsinin aparılmasını, qarşılıqlı investisiyaların həyata keçirilməsinin vacibliyini diqqətə çatdırmışdır.

Türkmənistan nazirlər kabinetinin sədr müavini X.Saparaliyev türkdilli dövlət başçılarının 9-cu sammiti münasibətilə Türkmənistan prezidentinin salamlarını çatdırmışdır. O, bu görüşün türkdilli xalqların yeni tarixində mühüm yer tutacağını qeyd etmişdir. Xalqlarımızın bir çox amillərlə sıx bağlılığını bildirən X.Saparaliyev türkdilli ölkələrin beynəlxalq siyasətdə mühüm yer tutduğunu, iqtisadi və mədəniyyət sahəsində əməkdaşlıq etdiklərini söyləmişdir. O, türkdilli ölkələrin elm və təhsil sahəsində əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə qalxdığını vurğulayaraq, türkmən gənclərinin Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistanın təhsil ocaqlarında təhsil aldıqlarını bildirmişdir. X.Saparaliyev türk dünyasının Avrasiyanın böyük məkanında yerləşdiyini, türkdilli xalqların digər xalqların mədəniyyətinə təsir göstərdiyini demişdir. Türkdilli dövlətlərin dövlət başçılarının dostluq və qarşılıqlı anlaşma şəraitində keçirilən görüşlər və danışıqları əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.

Prezident İlham Əliyev yekun çıxışında dövlət başçılarına bir daha təşəkkürünü bildirərək qeyd etmişdir ki, zirvə toplantısının yekunu olaraq qəbul edilən Naxçıvan bəyannaməsi gələcək əməkdaşlıqda mühüm mərhələni təşkil edəcək və bu gələcək fəaliyyətimizin əlaqələndirilməsi baxımından mühüm sənəd olacaqdır. Prezident İlham Əliyev Naxçıvanın türk dünyasının tarixindəki önəminə də diqqət çəkmişdir. "Bu gün Azərbaycan müstəqil ölkə kimi yaşayır və inkişaf edir" deyən Prezident İlham Əliyev bildirmişdir ki, Naxçıvan Türkiyə ilə birləşən yeganə sərhəd bölgəmizdir. Ötən əsrin əvvəllərində tarixi Azərbaycan torpaqları olan Zəngəzurun Ermənistana birləşdirilməsi ilə türk dünyası coğrafi baxımından parçalanmışdır. Buna baxmayaraq, toplantının yekununda qəbul ediləcək qərarlar bağlantılarımızı daha da gücləndirəcəkdir. Prezident İlham Əliyev 10-cu zirvə toplantısının 2010-cu ilin avqustunda Qırğızıstanda keçiriləcəyini bildirmişdir.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti N.Nazarbayev, Qırğızıstan Prezidenti K.Bakiyev və Türkiyə Prezidenti A.Gül Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının ( TÖƏŞ ) yaradılması haqqında Naxçıvan Sazişini və türkdilli ölkələrin dövlət başçılarının 9-cu zirvə toplantısının yekunu olaraq Naxçıvan bəyannaməsini imzalamışdılar.

Mühüm tarixi hadisə olan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişinin elə ilk sətirlərində Türk soylu xalqlar arasındakı tarixi bağlar, ortaq dil, mədəniyyət və ənənələr vurğulanır, beynəlxalq sülh və təhlükəsizlik, yaxın qonşuluq və dostluq əlaqələrinin qurulmasının əsas məqsəd olduğu bildirilir.

Sazişlə Türkdilli ölkələrin xalqları arasındakı tarixi bağları, ortaq dil, mədəniyyət və ənənələri əsas alaraq; genişmiqyaslı əməkdaşlığın daha da dərinləşdirilməsini arzu edərək; siyasi çox qütblülük ilə iqtisadiyyat və elmin qloballaşması dövründə bölgədə sülhün gücləndirilməsinə, təhlükəsizlik və sabitliyin təmininə ortaq şəkildə yardım etməyi arzu edərək; müştərək bir qurum içərisində fəaliyyətin, yaxın qonşuluq, birlik və dövlətlər ilə xalqlar arasındakı işbirliyi baxımından mövcud olan geniş potensialın ortaya çıxmasını asanlaşdırdığını göz önündə tutaraq; qarşılıqlı güvən, ortaq mənafe, bərabərlik, qarşılıqlı məsləhətləşmələr, mədəni fərqliliklərə hörmət və Türkdilli ölkələrin dövlət başçılarının zirvələrində təsis edilən müştərək inkişaf istəyi ruhunda hərəkət edərək; BMT şərtinin məqsəd və prinsipləri ilə beynəlxalq sülh və təhlükəsizlik, yaxın qonşuluq və dostluq əlaqələri qurulmasını və dövlətlər arasında işbirliyini hədəfləyən hakim bərabərlik, torpaqların bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı daxil olmaq üzərə, beynəlxalq hüququn prinsip və normalarına bağlılıqlarını təsdiq edərək, tərəflərin Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası adıyla yeni beynəlxalq bir təşkilatı yaratdıqları bəyan edilir.

Əlbəttə, bu saziş yalnız dil, ədəbiyyat, tarix, sənət və mədəniyyət sahələrini əhatə etmir, eyni zamanda bölgədə və dünyada sülhün təmin edilməsi, təhlükəsizliyin gücləndirilməsi, xarici siyasət məsələlərində ortaq mövqeydən çıxış edilməsi, beynəlxalq terorizm və separatçılıq, insan alveri, qeyri-qanuni narkotika ticarəti ilə narkotik və psikotropik maddələrə qarşı beynəlxalq mübarizədə birgə fəaliyyət göstərilməsi, siyasi, ticari və iqtisadi məsələlərdə qanunçuluq, mədəni, elmi-texniki, hərbi-texniki, təhsil, enerji, nəqliyyat, kredit və maliyyə sahəsində təsirli regional və ikitərəfli əməkdaşlığın təmin edilməsi, elm və texnologiya, təhsil, səhiyə, mədəniyyət, idman və turizm sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsi kimi bir çox məsələləri əhatə edir.

Ancaq bu maddələr içərisində də ortaq tarix və mədəni mirasımıza əsaslanaraq, Türk xalqlarının sahib olduğu zəngin mədəni və tarixi mirasın dəyərləndirilməsi, tanıdılması və yayılmasında türkdilli ölkələrin mətbuatlarının qarışıqlı fəaliyyəti vacibliyi xüsusi vurğulanılır. Bu məqsəd və vəzifələri yerinə yetirmək üçün Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Təcrübəli Məmurlar Komitəsi, Ağsaqqallar Şurası və Baş Katiblikdən ibarət təşkilatın yaradılması vacib hesab edilir.

İldə bir dəfə yığışacaq olan Dövlət Başçıları Şurası aktual beynəlxalq problemlərin həlli ilə bağlı olaraq tərəflər arasındakı qarşılıqlı fəaliyyətin dəyərləndirilməsi, TÖƏŞ çərçivəsində əsas əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi və TÖƏŞ-in fəaliyyətinin qiymətləndirilməsi işi ilə məşğul olacaqdır.

Xarici İşlər Nazirləri Şurası TÖƏŞ-nin gündəliyindəki məsələləri müzakirə etmək, Xarici İşlər Nazirləri Şurasının toplantılarında baxılacaq beynəlxalq aktual problemləri müəyənləşdirmək kimi vəzifələri yerinə yetirəcək. Xarici İşlər Nazirləri Şurası , TÖƏŞ-in adından bəyanat vermək səlahiyyətinə də malikdir. Ağsaqqallar Şurası isə TÖƏŞ-in himayəsində fəaliyyət göstərəcək bir məsləhət qurumu olacaq. Katiblik isə TÖƏŞ-in məqsəd və vəzifələrinin yerinə yetirilməsində yardımcı olacaq daimi icraedici orqandır. Katiblik Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası və Təcrübəli Məmurlar Qurumunun toplantıları ilə TÖƏŞ-in nəzdində gerçəkləşdiriləcək toplantıların təşkil edilməsi üçün idari, təşkilati və s. işləri həyata keçirəcək, layihə sənədlərinin hazırlanması, sənədlərin təsnifi və arxivləşdirilməsi kimi vəzifələri yerinə yetirəcəkdir. Katibliyin mərkəzinin İstanbulda yerləşməsi sazişdə xüsusi hökmlə göstərilir. Baş katib üç il müddətinə şeçilir.

İmzalanan Naxçıvan Sazişi ilə artıq tariximizdə yeni bir dövr başlayır. Bəzən baxış və yanaşmalarla bağlı ölkələr arasında bir sıra problemlər yaşansa da, bu gün münasibətlər Türk dilinin əsasında, kökləri tarixdən gələn ortaq mədəniyyət dəyərləri ilə bəslənən, hər sahədə əməkdaşlığa yönələn təşkilata qovuşmuşdur.

Naxçıvana səfərindən əvvəlki çıxışında Türkdilli ölkələr arasındakı əlaqələrin ilk dəfə bir təşkilati quruma çeviriləcəyi müjdəsini verən Türkiyə Prezidenti Abdullah Gül, “Necə Avropa Şurası, necə Latın Amerikası ölkələri arasında şuralar var, burada da Türkdilli ölkələr arasında belə bir təşkilat yaradılacaqdır” demişdi. Navçıvan zirvəsindən sonra isə prezident zirvənin tarixi bir toplantı olduğunu bildirmişdi: “ Bu zirvənin tarixi bir zirvə olmasının səbəbi bu zirvə nəticəsində Türk Şurası adı altında yeni bir beynəlxalq təşkilatın yaradılmasıdır. Bu təşkilatın nizamnaməsi təsdiqlənmiş, bütün dövlət başçıları tərəfindən imzalanmış, katibliyi və alt qurumları yaradılmışdır. Bu Şura beynəlxalq təşkilatlar arasında ayrı bir təşkilat kimi öz yerini almışdır. Əlbəttə, biz buna çox sevinirik. Çünki 1992-ci ildən başlayan bu zirvələr sadəcə görüşlər şəklində davam edirdisə, xüsusilə son iki il ərzində gördüyümüz işlər nəticəsində bunu bir təşkilata çevirməyə nail olduq. Bunun adı da Türk Şurası oldu. Türk Şurasına müxtəlif qurumlar daxildir. Bunlardan biri 2008-ci ildə yaradılan Parlament Assambleyasıdır. Eyni zamanda mədəni fəaliyyətləri təşkil edən TÜRKSOY da buraya daxildir. Həmçinin qəbul edilən yeni qərara görə Türk Akademiyası yaradılacaq və mərkəzi də Qazaxıstanda olacaqdır. 1992-ci ildən başlayan röya bu gün gerçəkləşmişdir.”

Zirvənin ən vacib qərarlarından biri də Türk Akademiyasının yaradılması qərarıdır. Beləliklə, Türk respublikaları arasında ortaq elmi, mədəni və texnoloji fəaliyyət, tədqiqatlar, layihələr həyata keçiriləcək, ortaq ugurlara imza atılacaq.

Təşkilat dil məsələsində də yeni imkanlar yaradacaq. Şuraya üzv ölkələrdə ortaq əlifba yaradılması, terminlərdə birliyin təmin edilməsi üçün fəaliyyət, Türk yazı dillərinin və ləhçələrinin söz varlıqlarının, ədəbi məhsulların komputer texnologiyasına köçürülməsi, dil tədqiqatları və s. həyata keçirilə bilər.

Bitərəflik prinsipini əsas göstərərək Naxçıvan Sazişini imzalamayan Türkmənistan ilə zirvədə iştirak etməyən Özbəkistanın da yaxın zamanda Türk Şurasına qoşulması arzu ediləndir. Türk dünyasında ortaq ünsiyyət dilinin inkişafına və yayılmasına böyük kömək göstərəcək Türk Şurasının yaradılması həqiqətən də böyük tarixi hadisədir.







FƏRİD MƏMMƏDOV, BSU















Yorumlar








Aktif Ziyaretçi 17
Dün Tekil 880
Bugün Tekil 762
Toplam Tekil 1641997
IP 54.204.108.121






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































10 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Yüksel Türk; senin için Yüksekliğin Hududu Yoktur. (Mustafa Kemal ATATÜRK)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.692 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu