BİZ ÇOX DANIŞANLARLA DEYİL, ÇOX ÇALİŞANLARLA İŞLƏYİRİK - DAK, Nərmin MƏMMƏDLİ - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









BİZ ÇOX DANIŞANLARLA DEYİL, ÇOX ÇALİŞANLARLA İŞLƏYİRİK - DAK, Nərmin MƏMMƏDLİ
Tarih: 07.04.2010 > Kaç kez okundu? 3063

Paylaş




Hüseyin GÜNƏŞLİ: “Biz yaxşı bilirik ki, hər bir məsələdə yalnız özümüzə güvənməliyik, kimdənsə kömək gözləmək olmaz”

Müsahibimiz Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının sədr müavini Hüseyin Günəşlidir.

-DAK Gənclər Təşkilatının müavini kimi fəaliyyətinizi necə qiymətləndirirsiniz?

Bildiyiniz kimi, Dünya Azərbaycanlıları Konqresi harada yaşamasından asılı olmayaraq bütün Azərbaycanlıları bir ad altında toplayan yeganə təşkilatımızdır. Tələbəlik illərimizdə biz də hər bir vətənpərvər gənc kimi bu Konqresin Gənclər Təşkilatının fəaliyyətini izləyirdik. Amma bu təşkilatla ilkin münasibətlərimiz hərbi xidmətdən qayıtdıqdan sonrakı dövrdə yarandı. Hal-hazırda DAK Gənclər Təşkilatının başqanı vəzifəsində çalışan Seymur Həsənlinin dəvəti ilə bu təşkilata gəldik. Seymur bəy də DAK-ın fəxri sədri prof.. Qulamrza Səbri Təbrizinin dəvəti ilə orada fəaliyyətə yeni başlamışdı. İlk işimiz seçki yolu ilə DAK Gənclər Təşkilatının yeni başqanını seçmək oldu. Bizdən daha öncə də bu təşkilatda fəaliyyət göstərən bütün gənclər bu seçkilərə dəvət olunmuşdu. Seçki nəticəsinə əsasən, Seymur Həsənli təşkilatın yeni başqanı oldu və ilk iş olaraq yeni idarə heyyəti formalaşdı. Mən də sədr müavini vəzifəsinə təyin olundum. Sadəcə bir fikrimiz var idi - danışmaq yox, çalışmaq və belə də etdik. Gördüyümüz işlər buna nümunədir. Bir çox Güneyli şairlərimizin yaradıcılıq gecələrinin keçirilməsi, Pişəvəri ilə bağlı keçirdiyimiz tədbir, Qarabağ məsələsinin həlli yollarının gənclərin və ziyalıların iştirakı ilə müzakirəyə çıxarılması, bir qrup könüllü gənclə Ramil Səfərovun ailəsini ziyarət, Rəsulzadənin büstünü ziyarət, Azərbaycanımızın dövlətçiliyinə qarşı təxribat törədən Səhər telekanalına Azərbaycan üzrə yayımının dayandırılması ilə bağlı keçirdiyimiz mətbuat konfransı və başladılan imza kompaniyası, bütün Türk dünyasına səs salan ƏRGƏNƏKON Törəni gördüyümüz işlərə nümunə ola bilər.

-Həqiqətən də, Ərgənəkon Törəni çox səs gətirdi, mümkünsə, bu törənin ərsəyə gəlməsi və ya Ərgənəkona aparan yol barədə məlumat verərdiniz

Ərgənəkon Türk millətinə xas milli bir bayramdır və dünyanın harasında yaşamağından asılı olmayaraq, bütün türklər tərəfindən qeyd olunur. Amma bu milli bayramımıza da fars damğası vurulub və bu bayramın Novruz adı ilə sonradan əlavə olunan bir sıra bizlərə xas olmayan adətlərlə keçirilməsi adi hal alıb. Çox təəssüf ki, bizdə də bəzi özünü türk millətçisi kimi qələmə verən savadsızlar bu hallara yol verirlər. Bizim də bu törəni keçirməkdə məqsədimiz nümunə olmaqdı, bu insanlara doğru yolu, doğru yeri göstərməkdi. Törən Azərbaycanda bu səviyyədə ilk dəfə idi ki, təşkil olunmuşdu, özü də milli adətlərimiz əsasında. Törən bir sıra önəmli təşkilat rəhbərləri, müəllimlər, politoloqlar və ən əsası gənclərin iştirakı ilə keçirildi. Doğrudur, tədbir öncəsi bir sıra çətinliklər oldu, bu da normal idi, çünki bizim də nümunə götürə biləcəyimiz belə bir törən keçirilməmişdi bugünə kimi. Bu bir ilk idi və biz yaxşı bilirdik ki, hər bir məsələdə yalnız özümüzə güvənməliyik, kimdənsə kömək gözləmək olmaz, çünki Rəsulzadənin büstünü ziyarət etdiyimizdə bizə söz verən çox olmuşdu, amma son anda hərəsi bir tərəfə qaçdı. Nə isə, Tanrıya çox şükür olsun ki, biz bu törəni keçirdik, bu işdən də alnıaçıq çıxdıq. Bizdən sonra belə bir törən keçirəcək olanlar üçün gözəl nümunə olduğumuza inanıram.

-Az öncə özünü millətçi kimi qələmə verən insanlardan söz düşdü, bu qüvvələrin sizin fəaliyyətinizə münasibəti necədir?

Bizim belələri ilə işimiz olmaz. Az öncə də qeyd etdim, biz çalışmağa üstünlük veririk və çox danışanlarla yox, çox çalışanlarla işləyirik. İctimaiyyət də belələrini çox yaxşı tanıyır. Adamlar haradan gəldiyi məlum olmayan pullarla tədbirlər keçirirlər, özlərini millətçi adlandırırlar. Güney Azərbaycanda baş verən hadisələrdən danışanda deyir, yox, bu hərəkat səhvdir, Güney Azərbaycan ayrıla bilməz, əksinə biz İrana birləşməliyik. Özləri bir tərəfə, ətraflarına topladıqları gəncləri də belə yanlışlıqlarla zəhərləyirlər. Başqa bir təşkilat da 3-5 nəfərdilər, hamısı da departament rəhbəri, gördükləri bir iş də yoxdur, sadəcə reklam xatirinə, ad xatirinə, özünü kiməsə göstərmək xatirinə 3-5 nəfərlə piket keçirirlər, əldə etdikləri bir nəticə də yoxdur. Başqa bir təşkilat, özlərini diaspora təşkilatı adlandırır, guya bu istiqamətdə fəaliyyət göstərirlər, amma özləri də yaxşı bilir ki, diaspor siyasətə alət ola bilməz və bunu bilsə də, hansısa siyasi partiya rəhbəri özünü diaspor təşkilatının rəhbəri kimi qələmə verir. Yaxşı o cahildir, bəs onun yanindakılar? Onlar da bilmir? Xeyr, hamısı yaxşı bilir, sadəcə onlar bu yolla yaxşı mənfəət əldə edirlər. Hər biri öz mənfəətini güdən insanlardır çünki.

Çox təəssüf ki, belələri özünü millətçi adlandırır. Bunlar türk millətçiliyi adı altında gizlənib bu ideyaya zərbə vurmaq istəyənlərdir. Adını Turan qoyub, Turançılığa zərbə vuranlardır. Hələ biri də var. Bir təşkilatın ofisindən çıxıb digərinə səfər edir. Adını da qoyub millətçi-kəşfiyyatçı. Yuxarıda da qeyd etdim, bizim belələri ilə işimiz olmaz. Əsas odur kimin kim olduğunu yaxşı bilirik. Sadəcə danışmırıq ki, zamanımız dəyərsiz məsələlərə sərf olunmasın. O ki qaldı, onların bizim işimizə münasibəti, inanın bu bizə maraqlı deyil.

-Bəlkə onların da sizin səhv yolda olduğunuz haqqında nəsə fikirləri var?

Ola bilər. Bilirsinizmi, biz kiminsə arxasınca iş görmürük və ya orda-burda kimlərisə ittiham etmirik. Hamı ilə açığıq, kimin nə olduğunu həmin adamın üzünə deyirik. Elə bu qoçağlığımızın nəticəsidir ki, dostumuz çoxdur, amma bizə qarşı düşmən münasibət bəsləyənlər də var. Ancaq onu da qeyd edim ki, bizə qarşı belə davranılmır. Kimsə önümüzə çıxıb nəsə səhvimiz olduğunu demir, əksinə, arxamızdan iş görür, yalan məlumat yayır, hətta, internet səhifələrimizə xakker hücumları etdirir.

Mən az öncə qeyd etdim, düşmən münasibət bəsləyənlər var. Əgər birinin bizim səhv iş gördüyümüz haqqında bir fikri, məlumatı və ən əsası tutarlı bir sübutu varsa və bunu hər kəsə açıqlamırsa, bu bizə qarşı düşmən münasibətdir.

-Gələcək fəaliyyətinizlə bağlı yeni planlarınız nələrdir?

Artıq yeni planlarımızın icrasına başlamışıq. Ərgənəkon törəni sadəcə başlanğıc idi. Ardınca 31 Mart Azərbaycanlıların Soyqırımı günü təşkil etdiyimiz foto sərgi və keçirdiyimiz tədbir. Planlı və proqramlı bir şəkildə işləyirik. Orta məktəblərdə, şagirdlərdə milli ruhun yüksəldilməsi ilə bağlı yeni tədbirlərimiz var və artıq bir neçə məktəb direktoru ilə danışılıb. Aprel ayında milli musiqilərimizin səslənəcəyi böyük bir konsert planlaşdırırıq və bununla bağlı da artıq bir sıra işlər görülüb. Bundan başqa, regionlara səfərlər planlaşdırılır. Regionlarda da hal-hazırda əlaqədə olduğumuz çox savadlı vətəninə, millətinə bağlı gənc qardaşlarımız, bacılarımız var və onlarla görüşmək də bizim borcumuzdur. Ən əsas bir layihəmiz var onun üzərində çalışırıq. Bilirsiniz ki, 2011-ci il üçün bir ilk daha olacaq - Ankarada ilk Turan qurultayı çağırılacaq. Bu qurultayın əsas təşkilatçıları sırasında Türkiyədən MHP ilə yanaşı Azərbaycan tərəfindən DAK Gənclər Təşkilatının başqanı cənab Seymur Həsənli də var. Hal-hazırda əsas iş kimi bu qurultay öncəsi vəziyyətlə bağlı bir sıra çalışmalarımız var. Əminliklə deyə bilərəm ki, Tanrının da köməyi ilə bu Turan qurultayını çox gözəl bir şəkildə keçirəcəyik və bütün türk dünyası olaraq daha mətin addımlarla irəli gedəcəyik.

Nərmin MƏMMƏDLİ