Babəkin edam olunmasının ildönümü – Azərbaycanın özünəyadlaşma fəlakəti - Nurtekin ATALI - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Babəkin edam olunmasının ildönümü – Azərbaycanın özünəyadlaşma fəlakəti - Nurtekin ATALI
Tarih: 11.03.2010 > Kaç kez okundu? 3760

Paylaş


Fəlakətlərimizdən dərs götürək!



Azərbaycanın tarixi fəlakətləri əsasən onun yaratdığı milli-bəşəri dəyərlərin məhv edilməsi hesabına formalaşıb. Bu fəlakətlər isə bu vaxta qədər təhrif olunmuş biçimdə qiymətləndirilib...

Əslən Təbrizdən olan tədqiqatçı ziyalı Ağşın Ağkəmərli, Uluyurd prinsipləri ilə yükümlü Abil Ulusoy və Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı “Fəlakətlərimizdən dərs götürək” rubrikası altında milli-mənəvi açımdan II mövzu¬nu təqdim edirlər.





Babəkin edam olunmasının ildönümü –

Azərbaycanın özünəyadlaşma fəlakəti



Soylu Atalı: Ürəyinizdə Günəş olsun, istəkli soydaşlarımız!

Bu gün biz çox mühüm bir məsələdən bəhs edəcəyik. Elə bir məsələ ki, Azərbaycanın bu günü üçün də böyük önəm daşıyır. Azərbaycanın böyük fəxri, araşdırılmağa ciddi ehtiyacı olan, öyrənilməyə və öyrədilməyə layiq olan Babək Xürrəmidən bəhs edəcəyik. Bu gün biz bir millət olaraq Babəkimizin – Yenilməzlik mahiyyətimizin edam olunmasının növbəti ildönümü qarşısındayıq. 14 Günəş Ayı (mart) Babəkin parça-parça doğranmasının tarixidir. Əslində böyük faciələrimizdən birinin tarixidir. Ona görə biz çalışacağıq ki, Babəki öz milli baxışımızdan təqdim eləyək, həm də Babəkin timsalında Azərbaycanın faciəvi böyüklüyünü təqdim eləyək. Uydurmadan demək olar ki, Azərbaycan bəşəriyyətin faciəvi taleyidir. Çünki Bəşəriyyətə bənzərsiz dəyərlər verən bir xalq bu gün də öz böyüklüyündən aşağı dayanır, mahiyyətindən uzaqda saxlanılır. Azərbaycan – bəşəriyyətin parçalanmış və məhvə məhkum edilmiş bir taleyidir. Biz isə Azərbaycanı Babəklərdən kənarda təsəvvür edirik sanki və Babəklərdən kənarda təqdim edirik. Çox yetim təqdim olunuruq, çox balaca təqdim olunuruq. Ona görə də özümüzü tanımırıq, ona görə də özümüzə gələ bilmirik. Ona görə biz istəyirik ki, fəlakətimizi hadisə kimi sadalamayaq, onun köklü mahiyyətinə toxuna bilək. Azərbaycanı öz içindən təqdim eləmək lazımdır. Bunun üçün onun içini bilmək, dərk eləmək gərəkdir. Azərbaycanı təbiət hadisəsi kimi – iqlim ölkəsi kimi təqdim eləmək – onun bütövlüyündən, böyüklüyündən yan keçməkdir. Qəyyumların yanacaq, enerji bazası kimi tanınan, tanıdılan Azərbaycanı onun vətəndaşına sevdirmək çətindir. Yurd müqəddəsliyi Ruhani mahiyyət üstə yaranır. Hər kəs içəridən də, dışarıdan da Azərbaycana bugünün tələblərindən baxır, siyasi üstünlük qazanmış qüvvələrin şərtləri ilə yanaşır. Asif Ata deyir, Azərbaycana bugünün ağlı ilə yanaşmayın, bugünün gözüylə baxmayın. Onda Azərbaycanı çox balaca görəcəksiniz. Azərbaycana qədimliyin və sabahın gözüylə baxmaq lazımdır ki, Vətənini yarada biləsən. Bizim istəyimiz odur ki, siyasi dairələrə girməyək, zamanın diktəsi qarşısında gizlənpaç oynamayaq. Böyük problemləri açıq şəkildə üzə çıxarmağa çalışaq və onun həlli yollarını müəyyən edib soydaşlarımızla bölüşək.

Bizim üçün Babəkçilik hadisəsi bir neçə cəhətdən önəmlidir. Əvvəla, Asif Atanın “Azərbaycanımız – Azərbaycanlığımız” Dəyər Sistemində Babək Azərbaycanın Ruhani mahiyyətinin ifadəsidir. İkinci bir cəhət, hər kəsə bəllidir ki, bu gün Geney Azərbaycanda növbəti dəfə baş qaldıran bir oyanış var və bu oyanış getdikcə artan, inkişaf eləyən bir fəaliyyətə çevrilir. Bu fəaliyyət ideoloji zəmin kimi özünü Babəkə tapınmaqda göstərir. Bəzz Qalasına yürüş təsadüfi deyil. Əslində bu yürüşlər Güney Azərbaycandakı soydaşlarımızın Babəkdən Azadlıq istəməsidir. Başqa sözlə, öz ruhani mahiyyətinə üz tutaraq ümumxalq Azadlıq hərəkatına çevrilmək cəhdləridir. Bax, buna görə də məsələ ciddi önəm daşıyır. Babəkin döyüşü min il yol gələn Azadlıq uğrunda mübarizə örnəyidir. Ümumən bəşəriyyətin hərb tarixi çox keşməkeşli olub. Biz Babəkin döyüşünü bəşəriyyətin ümumi hərb tarixinin içinə daxil edə bilmərik, yəni o tarixin bir faktı kimi təqdim edə bilmərik. Çünki ayrı-ayrı hərb tarixləri ən çox istilalarla, qəsbkarlıqla, imperiyaların qurulmasıyla, ağalıq niyyətlərinin həyata keçməsiylə yüklü olub. Babəkdə bunların heç biri yox idi. Babək Azərbaycanın Ruhani Azadlığı uğrunda döyüşə qalxmışdı. Ona görə də Babək hadisəsi hətta ümumbəşər səviyyəsində ayrıca öyrənilməli olan bir məsələdir.

İstəyərdim hadisəni təqdim eləməyə birinci mərhələdən başlayaq, – qardaşımız Ağşın Ağkəmərlinin müdaxiləsi ilə.

Ağşın Ağkəmərli: Çox sağ olun. Mən sizin o sözünüzün üstünə qayıdıram – Babək təkcə Babək məsələsi deyildi, Azərbaycanın faciəsi idi, yəni onun məhv edilməsi. Bu faciəyə üç boyutdan baxmaq olar: birinci, Babəkin hadisə səviyyəsinə qalxmasına qədər; ikinci, Babəkin 22 il Azadlıq uğrunda döyüşdüyü mərhələ, yəni Babəkin Babək kimi yaranması dönəmi; üçüncü, Azərbaycanda Babəkə Babəkdən sonra baxmaq lazımdır.

Birinci mərhələdə Babək haqqında müxtəlif fikirlər, müxtəlif düşüncələr ortada var. Bizim üçün əhəmiyyəti olmasa da bəzi versiyaları ortaya qoymaqla şəxsiyyətləri tanıtmaq lazımdır. Babəkin atası guya Abdulla olmuş, o, yağ satan, oba-oba, kənd-kənd gəzən bir adam olmuş; guya Babəkin adı öncə Həsən olmuş; Babəkin atası hansısa quldurların basqılarına məruz qalaraq yaralanmış, sonra aldığı yaralardan həlak olmuş. Babək ailənin başında durmaq məcburiyyətində qalıb. Anası onu xanlara, bəylərə qul kimi verib. Müəyyən dövr çobanlıq edib. Sonra da müəyyən yaşa çatandan sonra karvanlara qoşulub, karvanlarla ora-bura gedərək bələdçilik edib. Bu faktlar düz də olsa, yanlış da olsa, burada bir məsələ ortaya çıxır – bu bir həqiqətdir ki, Babək Azərbaycanı tanımağa başlayır. Azərbaycanı qarış-qarış gəzir, öyrənir, sonra Təbrizə gəlir. Yetişmiş bir gənc Təbrizdə Xürrəmilərlə tanış olur. Aldığı təcrübədən dolayı, üstəgəl, Xürrəmilərlə tanışlığı Babəkin düşüncələrini genişləndirir, onun varlığına daxil olur. Sonra öz kəndinə – Bilalabada dönür. Bilalabad Qaradağ bölgəsində olan kəndlərdən biridir. Bəzz Qalasına yaxın bir ərazidədir. Burda bir tarixi hadisə baş verir – Xürrəmilərin başçısı olan Cavidan Bəzz Qalasında öz silahdaşları ilə yaşayıb ideyalarını həyata keçirirdi. Təsadüf nəticəsində çovğundan qorunmaq üçün Cavidan Bilalabada sığınır və burada Babəklə tanış olur. Babəkə ordusunun başçılığını təklif edir. Bunu ona görə edir ki, Babəki düşüncələrində yetkin və qəti olan bir əqidə adamı kimi tanıyır. Həm də Babəkin Azərbaycanı sevməsini üstün bir keyfiyyət olaraq qəbul edir. Babək bu təklifi qəbul eləmir. O dövrün bəzi anlaşılmazlıqları ucbatından baş verən qardaş savaşlarının birində Cavidan həlak olur. O vaxtlar Babəkin Bəzz Qalası ilə əlaqələri vardı. Bir haşiyə çıxmaq istəyirəm. Bildiyiniz kimi, Bəzz Qalası Babəkdən çox-çox əvvəl tikilmişdi. Coğrafi cəhətdən Kəleybərlə Ordubadın arasında yerləşir.

Cavidanın ölümündən sonra Babək yuxarıda sadaladığımız üstün keyfiyyətlərinə görə Bəzz Qalasının rəhbərliyinə keçir. Və o dövrdən Azərbaycandakı yadellilərə qarşı amansız savaş aparır. Eyni zamanda Babəkin yetkin iradəsiylə Xürrəmilik hərəkatı genişlənməyə başlayır. Bu hərəkatın genişlənməsi, başda ərəbçilik olmaqla, yadellilərə qarşı mübarizəni də güclü bir səviyyəyə gətirib çıxarır. Nəticə etibarilə Babək öz kimliyini ortaya qoyur, təkrar edirəm, Xürrəmilik – burada ön sırada gedir. Bu savaşın əsas qayəsi Azərbaycanı bütöv, müstəqil, azad görməkdən ibarət idi. Burada bir məsələyə də toxunmaq yerinə düşərdi: o dövrdə Azərbaycan iqtisadi cəhətdən xeyli inkişaf etmişdi. Karvan yolları Bərdədən Ərdəbilə, Ərdəbildən Təbrizə kimi, Təbrizdən Naxçıvana kimi, Naxçıvandan Orta Asiyaya, oradan Çinə qədər genişlənmişdi. Burada təkcə ekonomik məsələ deyil, həm də elmin inkişafı, təbiətin, sənətkarlığın, heykəltəraşlığın inkişafı özünü göstərirdi. Astroloji uğurları da əlavə eləsək, belə bir inkişaf Azərbaycanın başqa ölkələrlə əlaqələrini artırırdı. Babəkin məfkurəsində, ideyasında Azərbaycanı həm də bu cəhətdən qorumaq çabaları vardı.

Babəkin amansız qətlindən sonra Azərbaycanı düşünməli olsaq, görərik ki, Azərbaycan ideolojisiz qalır, yiyəsiz qalır. Barbar ərəb Azərbaycanın kimliyini aşağılamaq üzərində böyük bir sərvətə, xəzinəyə sahib çıxır. Özlərindəki elm, düşüncə geriliyi ucbatından Azərbaycanın inkişafının qarşısını alır. Azərbaycanın astroloji mərkəzlərindən biri olan Marağa rəsədxanasının inkişafını dayandırır. Urmiyənin musiqi sahəsindəki yüksək səviyyəli şəxsiyyətlərinin inkişafını dayandırır. Heykəltəraşlığa, rəssamlığa qadağa qoyulur, musiqiyə qadağa qoyulur. Ümumiyyətlə, həyatımızın bütün sahələrindəki inkişaf prosesinin qarşısını alır. Günü bu gün də həmin pozuntuların, qadağaların etkisi (təsiri) altındayıq. Və mən xüsusi vurğulamaq istəyirəm ki, İsfahanın, Təbrizin, Ərdəbilin o dönəmlərdə hamamları uzun zamanlar Azərbaycanın kitab xəzinəsi ilə qızdırılırmış odun əvəzinə. Yəni demək istəyirəm ki, Babəkin faciəsi təkcə bir şəxsiyyətə vurulan zərbə deyildi. Babəkin ideyası, düşüncəsi dayanırdı və burada Azərbaycanın faciəsi başlayırdı. Bu faciənin nəticəsidir ki, günü bu günə qədər biz itirə-itirə gəlirik.

Soylu Atalı: Təşəkkür edirəm. Bilirsiniz, əgər fikir versək görərik ki, Azərbaycanda dərin problemlərlə bağlı ciddi reaksiya yoxdur, açıq münasibət bildirilmir. Hər şey siyasətə hesablanır. Bütün fəlakətlərimiz üzdən deyilir, müəyyən həddə qədər deyilir. Ona görə fəlakətlərimiz daxil olmur öz ağrısıyla, acısıyla, üzdən yaşanır. Nəticə etibarilə elə bil heç bir problem həllinə doğru yerindən tərpənmir. Bu səbəbdən də biz bu söhbətimizi siyasi qəliblərə uyğunlaşdırmayacağıq. Ağlımız hara qədər işləyirsə, ora qədər hər şeyi açıq şəkildə deməliyik ki, çıxış yolları görünsün, bilinsin. Əks halda heç bir problemə çıxış yolu tapa bilmərik.

Babək edam edildi, nə baş verdi, bu Azərbaycan üçün nə demək idi?! İndi bu məsələyə toxunaq. Abil bəyi dinləyək.

Abil Ulusoy: Babək türk olduğu qədər də, əslində Babəkilik millilikdən kənara çıxmışdı, bəşəri hadisə səviyyəsinə qalxmışdı. Burada Babək bir fərd olaraq, yaxud bir türk olaraq doğrandı, məhv edildi. Sonra da xatirəsini məhv elədilər. Bu proses bu gün də davam edir. Ancaq Azadlıq məhv olmadı. Çünki, Azadlıq Ruhani hadisədir. Və həmin dövrdə Azərbaycan xalqının iradəsinin təmsilçisi kimi ortada idi Babək. Azadlığımız o dövrdə gərək olduğu dərəcədə bu gün də gərəkdir. Həmin dövrdə yadellilərə, istilaçılara qarşı ayağa qalxmışdıq və onların istilalarından, qarətlərindən qurtarmaq üçün azadlıq istəyirdik. İndiki dövrdə isə Azadlığımız həm də bir coğrafi məna da kəsb edir ki, Azərbaycan əslində Babəkin dövründəki coğrafi ərazi sayılmır.

Babək həm də bizim böyüklüyümüzə xidmət edirdi. Azadlıq bizim böyüklüyümüz üçün idi. İndi 21-ci yüzildən 9-cu yüzilə baxanda görürük ki, Babək bizim böyüklüyümüzün rəmzi idi. Babəkin haqqında danışanda adətən deyirlər ki, bir milyon müsəlmanı qırıb. Əslində bir sual ortaya gəlir ki, müsəlman deyəndə kimləri nəzərdə tuturdular, Babək farsımı qırırdı, türkümü qırırdı?! Harda baş verdi bu hadisələr?! – Axı Babək Azərbaycanın sərhədlərindən kənara çıxmadı. Onun mübarizəsi Azərbaycanın içərisində idi. Onun bir ədalətli haqqı vardı ki, öz yurdunu qoruyurdu. O, öz yurdunu qoruyarkən həmin qəsbkarlar öldürülürdü. Onların dini baxımından kim olduğu önəmli deyildi, gələn düşmən idi. Düşmənə qarşı mübarizənin başında durmuşdu Babək. O, bunu eləməliydi. Yurdunun Azadlığı üçün döyüşürdü. Azərbaycanı müdafiə edirdi, o, intiqamçı mövqe tutmamışdı. Əsasən ərəb mənbələrində yazırlar ki, Babək qəsbkarlıq edirdi, arvadları öldürürdü, uşaqları öldürürdü. Onun cəlladlarından biri deyir ki, mən 20 min baş kəsmişəm, biri deyir mən 30 min öldürmüşəm. Bu deyilənlər Babəkin xatirəsinə qarşı atılan çamurdan başqa bir şey deyildi. Həmin edam səhnəsi də azadlığa qarşı atılan antiinsani bir addım idi. Bütün bu münasibətlərin hamısı əslində Babəkin böyüklüyünü göstərirdi. “Başı Bağdadda, ayağı Hindistanda olan” (Asif Ata) Xilafətə qarşı döyüşən başqa millətlər də vardı, xilafətdən əziyyət çəkənlər də var idi. Ayağa qalxan isə türk idi, Babək ayağa qalxmışdı. Xilafət də bununla barışa bilmirdi ki, onun hökmranlığı altında olan böyük bir ərazidə yalnız Babək ona qarşı qalxmışdı və 22 il ardı arası kəsilmədən mübarizə edirdi. Bu 22 ildə Xilafət nə qədər sərkərdələrini, ordu başçılarını itirmişdi. Nə qədər hücumlar olmuşdu və hər bir hücumda Babəkin azadlıq istəyi, mübarizəsi qalib gəlirdi. Ona görə də ona qarşı bu cür dəhşətli, bəşər tarixində bənzəri olmayan bir cinayət işləndi. Bu münasibət ərəb nifrətinin, kininin bir kulminasiyası idi o dövrdə. Onların azadlığa olan münasibətləri Babəkə qarşı davranışda özünü göstərdi.

Bir məsələyə də toxunaq. Ağşın bəy düzgün qeyd elədi ki, azad, abad, öz tükü üstə yaşayan bir Azərbaycan vardı. Ərəblərin gəlişi ilə Azərbaycanın neçə şəhəri Yer üzündən silindi. Azərbaycanı iqtisadi, mədəni cəhətdən geriyə saldı. Azərbaycanın bu vəziyyəti bəşərin itkisi idi. Bəşər bir xalqdan, bir dövlətdən, bir xilafətdən ibarət deyildi. Həm də nəsə itirsə bəşərə zərbədir.

Babəki bu vaxta qədər biz ayrı-ayrı epizodlarda görürük. İstər onun haqqında yazılmış əsərlər olsun, istər çəkilmiş filmlər olsun, – heç birində Babəki biz tam görmürük. Babəkin ayrı-ayrı nişanələri gəlib bizə çatıb. Biz isə Babəki bütöv görmək istəyirdik. Azərbaycanın indiki durumu hər birimizə bəllidir. Hər il Güney Azərbaycanda Bəzz Qalasına yürüşlərə cəhd olunur. O da bəzən baş tutur, bəzən baş tutmur. Bəs bu insanlar cismani cəhətdən olmayan Babəkdən nə istəyirlər?! Bilirlər ki, onları təqiblər gözləyir, həbslər gözləyir. Ancaq buna baxmayaraq, həmin gün (Babəkin doğum günü) minlərlə insan axıb gəlir ora. Əslində insanlar oraya dağı, daşı ziyarət eləməyə getmirlər. Azərbaycan xalqı istiqlala doğru yüyürür. Burada onun ruhuna Babəkin Azadlıq ruhu calanır. Yəni bu ziyarətlə Babəkin Azadlıq Ruhuna pənah aparılır.

Ağşın Ağkəmərli: Çox maraqlı bir məsələyə toxunuldu. Babək heç vaxt heç bir millətin ölkəsini işğal eləməmişdi. Əgər kimsə qırılıbsa da, bəli, Babəkin müdafiəsinin nəticəsində olub. Mən sizinlə razıyam.

Vəli, ancaq ortada bir boşluq vardı. Ərəblər gördülər ki, torpağı işğal eləməklə bu millət məhv olmayacaq, gördülər ki, şəxsiyyətləri öldürməklə bu milləti məhv edə bilməyəcəklər. Ona görə də başladılar millətin düşüncəsini işğal eləməyə, beynini təmizləməyə. Babəkin düşüncəsində yaranan o Azərbaycanı cılızlaşdırmağa başladılar. Bəli, mən razıyam ki, Bəzz Qalasına yürüş – mənəvi anlam daşıyır, itirilmişləri bərpa eləmək məqsədi güdülür. Babəkin mənəvi varlığına sığınmaq, ideyasına, düşüncəsinə sığınmaq məsələsi var. Bununla yeni şəxsiyyətlər meydana çıxır. Məsələ həllini tapmadığına görə yeni babəklər meydana çıxır.

Soylu Atalı: Burada vurğulandı ki, ərəblərin gəlişi ilə Azərbaycan geri düşdü. Niyə geri düşdü?! Burada biz açıq deməliyik ki, ərəb xilafəti Azərbaycanın iqliminə gəlməmişdi. Ərəb xilafəti Azərbaycana İslam gətirmişdi. Azərbaycanı ərəb İslamla məhv elədi. İslamı zorla Azərbaycana yeridəndən sonra Azərbaycan hərtərəfli geriləməyə başladı. Çünki İslamın əsas prinsipləri var. İnsana yeridilən qismətçilik (fatalizm deyirlər buna), itaətçilik, xarici iradə ilə idarə olunmaq, əlbəttə, türk ruhuna, psixologiyasına heç bir cəhətdən uyğun deyil. Bu tip yalançı ideyalarla insan həyatının bütün imkanları qaranlığa gömülürsə, əlbəttə, geriləmə baş verəcək, burada ciddi inkişafdan danışmaq mümkün deyil. Əgər ağıl, düşüncə inkişafdan qalırsa, zorla avamlığa pərçimlənirsə, hansısa tərəqqidən bəhs etmək mənasızdır.

Bir də qardaşımız vurğuladı ki, Babək tam görünməyib. Bilirsiniz, Babək yalnız döyüş qəhrəmanı deyildi. O, qoldan, qılıncdan ibarət götürülməməlidir. Babək həm də təfəkkür sahibi idi. Din yiyəsi idi, başqa sözlə, özünün İnancı vardı. Babəkin öz Allahı vardı – Şirvin adında. O Allah ki, o, Babəkin başının üstündə qara-qorxu kimi dayanmamışdı. O Allah Babəkin içindəydi. Ona güc verirdi, qüdrət verirdi. Babək içində Şirvinlə meydana çıxmışdı, ərəb xilafətinin üstünə belə bir qüdrətlə yeriyirdi. Özünə inamı yerə-göyə sığmırdı. Bu inam olmasaydı, özündən qat-qat çox olan, güclü olan bir xilafətlə 23 il döyüşə bilməzdi. Bəzi mənbələrdə 23 il deyilir, siz 22 il deyirsiniz. Bir il aşağı-yuxarı olmasının heç bir önəmi yoxdu. Hər halda bu qədər uzun müddətli döyüşə bilməyin əsasında Babəkin İnancı dayanırdı. Qəhrəmanlıq o inamdan güc alırdı. Həm də burada idrakilik vardı. İdraki səviyyədə aparılmayan döyüş qalibiyyət yarada bilməz, qəhrəmanlıq adlana bilməz. Düşünə-düşünə döyüşürdü. Hər gün ölümün üstünə gedən adamda hansı səviyyədə inam olmalıdır ki, usanmasın, sarsılmasın, əl çəkməsin inadından, əqidəsindən. Bəli, qəhrəmanlıq elə-belə yaranmır. Qəhrəmanlıq – ölümlə ünsiyyətdə yaranır. Babəkimiz ölümlə öcəşmişdi. Onun ölümlə öcəşməsinin anlamı Azadlıq ideyasına bağlı idi. Babək Azadlığı yalnız özü üçün istəmirdi, öz xalqına istəyirdi. Azərbaycanın azadlığını yaratmaq onun Amalı idi. Ona görə də Babəkçilik Azərbaycan demək idi. Onun bütövlüyünü yaratmışdı. Azərbaycanın hər yerindən gəlirdilər Babəkə qoşulurdular – Naxçıvandan gəlirdilər, Şirvandan gəlirdilər, Ərdəbildən gəlirdilər. Hər yerdən gəlirdilər öz Böyüklərinə tapınırdılar, öz Böyüklərinə qoşulurdular ki, Azərbaycan onun üstünə gələn həmin yad baxışlardan, yad düşüncələrdən, yad basqılardan azad olsun. Bəli, Azərbaycan Babəkin başçılığı altında ərəblərin gətirdiyi ruhani köləliyə qarşıydı. Yad dünyagörüş istəmirdi, yad kitab istəmirdi. Bax, Babək bu kontekstdən öyrənilməlidir. Əslində Babək məhz bu kontekstdən də vurulur. Fikir verin, bu gün Azərbaycanda bizim bütün dəyərlərimizi İslamın kölgəsinə itələyirlər, onun kölgəsində təqdim edirlər. İslamın bizə bir hədiyyəsi kimi qiymətləndirirlər. Mənə elə gəlir ki, bu məsələnin arxasında hardasa İran rejimi durur, hardasa içimizdəki İran əlaltıları durur. Elə təbliğat qurulub ki, Babəki zorla müsəlmanlaşdırmağa çalışırlar. Əslində Babəki yenə də gözlərimizin qarşısında böhtanlayırlar. Babək necə müsəlman idi ki, onu sümük-sümük doğradılar müsəlmanlığın başında duranlar. Babək müsəlman olsaydı, heç döyüşməzdi. Müsəlmanlığı qəbul eləsəydi, ərəb xəlifəsinin tabeliyində Azərbaycanın satrapı olardı. Bununla da cah-cəlalın içində eyş-işrətlə məşğul olardı, firavan yaşayardı. Axı bu necə müsəlman ola bilərdi ki, onun içində Şirvin vardı, o necə müsəlman ola bilərdi ki, başının üstündə heç bir hədəli-qorxulu Allahı qəbul eləmirdi. O deyirdi mənim öz dünyabaxışım var. Diqqət yetirin, Babəkin öz dünyabaxışının olmasını ardıcıl inkar eləyənlər var. Çünki Babəkin öz dünyabaxışının olmasını qəbul edirsənsə, onda min ildi Azərbaycanın mənliyinə hakim kəsilmiş qaranlıq bir dünyabaxışla üz-üzə dayanan Yenilməzlik ən azı düşüncələrə qayıdacaq. Və hər bir şüurlu adam düşünəcək ki, mənim özümünkü olub və yadlıq qılınc zoruna onu yenib içimə dolub. İstənilən normal adam bu iki baxışı qarşı-qarşıya qoyacaq. Bunun üçün də əllərindən gələni edirlər ki, Babəki yalnız istilaçılara qarşı döyüş qəhrəmanı kimi təqdim eləsinlər. Əllərində imkan olsaydı onun qəhrəmanlığını da yaddaşlardan silərdilər.

Asif Ata özünün “Azərbaycanımız – Azərbaycanlığımız” adlandırdığı düşüncə sistemində ardıcıl vurğulayırdı ki, Babəkin öz fəlsəfəsi olub. Onu ərəblər yandırıblar. Asif Ata deyirdi ki, bunu mən fəhmlə deyirəm və mənim fəhmim məni aldatmır. Hər kəs deyə bilər ki, bu, Asif Atanın öz fəhmidir, özü bilər. Ancaq gəlin baxaq. Dünən də, bugün də yaranan istənilən bir təşkilatın özünün nizamnaməsi, proqramı olub. Və necə ola bilər ki, Xürrəmilik kimi böyük bir hadisənin fəlsəfəsi olmasın. O Xürrəmilik ki, onun mənası, məzmunu Fərəhçilik idi. Ərəb-fars mənbələri qəsdən Xürrəmiliyi keflə, eyş-işrətlə eyniləşdirirlər. Bununla da Babəki ləkələməyə çalışırlar ki, o kef adamı olub, nəşəxor olub. Asif Ata ərəb kefcilliyinin Babəkə yad olduğunu ciddi məntiqə dayayır və Xürrəmiliyin Fərəhçilik olduğunu Azərbaycanın Zərdüştdən başlayan İşıqçılıq mənasına bağlayaraq bunu əsaslandırır.

Bəli, Ağşın bəy vurğuladı ki, Xürrəmilik Babəkə qədər yaranmışdı. Görürsünüzmü, mahiyyətimizi necə ləkələməyə çalışırlar. Babək guya gəlib kefcillərə qoşulub və sonra da kefcilliyin başına keçib. Yenə Asif Atanın harayını xatırladıram. O deyir ki, eyş-işrət adamı 23 il döyüşməzdi, ölümlə öcəşməzdi – min il yaşamazdı.

Ağşın Ağkəmərli: Heç onda faciəvi şəkildə öldürülməzdi də. Bir güzəştə getsəydi, təslim olsaydı, boyun əysəydi, sizin dediyiniz kimi firavan yaşayardı.

Abil Ulusoy: Soylu bəyin fikrinin davamı kimi bir məsələyə toxunmaq istəyirəm. Biz bilirik ki, Babək – Əfşin qarşıdurması olub. Həmin münasibətlər çözülə bilmədi. Yəni əslində Babəkin istəyindən asılı olaraq bu münasibətlər çözülmədi. Əfşin əslində nə istəyirdi?! Çox təəssüf ki, bizim tariximizin belə məqamları da var. Atropat adlı Azərbaycanın başında duran bir satrap olub. Atropatçılıq çox sonralar da davam eləyib. Yəni biz Quzey Azərbaycanın timsalında gördük. Rusiya imperiyası öz satrapını burda təyin edirdi. Əslində satrapların əliylə Azərbaycan idarə olunurdu. O satraplar təltiflənirdi, mükafatlandırılırdı və Azərbaycanın başına oyunlar gətirilirdi. Babəklə Əfşinin münasibətlərinin həll olunmasına da bu yöndən yanaşmaq olar. Əfşin hakimiyyət istəyirdi, Babək hakimiyyətçi deyildi, azadlıq istəyirdi. Çox düzgün qeyd olundu ki, Babəkin tanrısı Azadlıq idi, ona görə biz ona Azadlıq peyğəmbəri deyirik.

Bir məsələni də vurğulamaq istəyirəm: bu gün İranı öz coğrafiyası sayanlar (hakimiyyətdə olanlar, hakimiyyətə gəlmək istəyənlər), türkü oraya gəlmə sayanlar o vaxtlar harda idilər görəsən?! Bu yurda yadellilər basqın edəndə onlar harada idilər?! Sonrakı İran adlanan ərazidə Səfəvilər vaxtında, Əfşarlar vaxtında, Qacarlar vaxtında farsların rolu nədən ibarət idi?! Türk orada olmasaydı, türkün yaratdığı dövlətlər olmasaydı, o coğrafiya parça-parça olub onun-bunun əlinə keçəcəkdi. Bugünkü İran İran olmayacaqdı, bəlkə də ondan əsər-əlamət qalmayacaqdı.

Babək və Əfşin münasibətləri də bizim üçün bir dərsdir. Əfşin imperiya tabeliyində bu yurda başçılıq eləməyə razılıq vermişdi – azad olmayan, müstəmləkəyə çevrilən bir yurda başçılıq. Babək buna razı olmamışdı, o, müstəmləkə istəmirdi.

Vurğuladığımız kimi, martın 14-də Babəki edam elədilər. Sonra nə baş verdi, ərəblərə qarşı dirəniş səngidimi?! Azərbaycan tarixini araşdıranda görürsən ki, Azərbaycanın istər Güneyində, istər Quzeyində ayrı-ayrı xürrəmilər mərkəzi var idi. Onlar Babəkin o işini davam etdirirdilər. Səviyyə həmin səviyyə deyildi. Amma yenə də dirəniş var idi. Yəni Babəkin ölümündən sonra da Azərbaycan xalqı öz Azadlıq istəyindən əl çəkmirdi. Sonradan ərəblər getdilər, ancaq çox təəssüf ki, yurdumuzda ərəbçilik qaldı. Bununla belə, əgər bu gün 21-ci yüzildə soydaşlarımız azadlıq uğrunda ayağa durarkən yenə Babəkə üz tuturlarsa, Babəkin azadlıq döyüşünün İnsanlıq tarixində xüsusi yeri var. Şəxsiyyətlər var ki, illərdən sonra, bir əsrdən sonra unudulur, ancaq min il keçir, biz yenə Babəkə üz tuturuq. Əminəm ki, Azərbaycan azadlığına qovuşandan sonra da Babəkin Azadlıq ruhuna üz tutacaq. Çünki azadlıq ruhani haldır, insan heç vaxt bundan əl çəkə bilmir.

Ağşın Ağkəmərli: Babəkin edamından sonra, onun ideyası aradan qaldırılandan sonra yaranan ideoloji boşluğun nəticəsidir ki, bu gün biz parçalanmaqda davam edirik. Doğru vurğuladınız ki, Azərbaycanın faciəsi bəşəriyyətin faciəsi idi. Azərbaycanın hər cəhətdən geriləməsi Orta Asiyanın geriləməsinə səbəb oldu. O əlaqələr qırıldı, böyük bir boşluq yarandı. Ərəblərin gəlişinə qədər Azərbaycanda yaranan o inkişaf xəttini çox sonralar heç bir haqq, hüquq tanımayan Avropa götürdü. Avropa özünü çox yüksək pillədə göstərməsinə baxmayaraq, ondakı yaxşı cəhətlər bizdə Babək dövründə hakim idi.

Babəkdən sonra da babəklər oldu. Məncə, Səttarxan da bir Babək idi, Bağırxan da bir Babək idi, hətta Pişəvəri, Xiyabani də. Babəkin ayrı-ayrı nişanələrini Şah İsmayılda görmək olur. Nəsimidə canlanır. Ancaq o böyük boşluqdan çıxa bilmirik. Bizi torpaqlarımızın işğalı sarsıtmadı, düşüncələrimizin, məfkurəmizin işğalı sarsıtdı.

Soylu Atalı: Bir az aydınlaşsın deyə bəzi fikirləri inkişaf etdirmək istəyərdim. Bəli, Babəkin məhvi ilə bizim kəndimiz, meşəmiz deyil, ruhumuz istila olundu. Biz ərəblər tərəfindən ruhani işğal olunduq. Ruhani soyqırıma məruz qalmışıq. Ona görə də Azərbaycanın sonrakı parçalanmalarının, fəlakətlərinin həmin ruhani işğala bağlı olduğunu gizləyənləri ifşa eləmək gərəkdir. Bizim ruhani mahiyyətimiz danıla-danıla bizi heçə çevirirlər.

Asif Ata deyir ki, Babəkin içində gəzdirdiyi Şirvin, yəni bu ideya Ənəlhəqq ideyası idi əslində. Ənəlhəqq ideyasını 10-cu yüzildə Mənsur Həllac və sonralar bizim Hürufilərimiz demişdi. Ancaq bunlardan öncə Babəkdə ifadə olunmuşdu. İçimdə Şirvin gəzdirirəm – əslində “Həqq məndədir” deməkdir.

Bax, bizim insanlarımızı ərəbçiliyi müdafiə eləyənlər çaşdırırlar. Deyirlər, guya biz türk olaraq İslamı döyüşsüz qəbul etmişik. Təkallahlıq Tanrıçılığa uyğun olduğu üçün guya dərhal qəbul eləmişik. Və burada Babəkin illərlə İslama qarşı döyüşü gözardı edilir. Lap tutalım ki, Babək coğrafi istilaya məruz qalıb. Necə sən İslamı döyüşsüz qəbul eləmisən ki, sənin xalqının ağlında oturuşmuş bir fikir var – biz qılınc müsəlmanıyıq. Yəni qılıncla veriblər sənə müsəlmanlığı, sonra da həmin qılıncın zəhmi, zərbəsi ilə Babəkin ruhani keyfiyyətlərini sənə unutdurmağa çalışıblar.

Ağşın Ağkəmərli: Bəs 23 il kiminlə savaş aparmısan? Əgər döyüşsüz müsəlman olmusansa, 23 illik savaşın kimə qarşı idi?!

Soylu Atalı: Türkün bir sıra xüsusiyyətləri Babəkdə təcəlla tapmışdı. Babək güclü inamçı idi, vüqarlı idi və döyüşkən idi. Bax, bu üç keyfiyyət Babəkin simasını bəlli edir. Babək bu sifətlərlə meydana çıxıb döyüşürdü. Babəkin azadlıq ideyasının fəlsəfəsi Fərəhçiliyə əsaslanırdı. Asif Atanın Babəkçilikdə müəyyən etdiyi əsas keyfiyyət o idi ki, gərək fərəhçiliyə əsaslanıb yaşayasan. Döyüşəndə də fərəhçilik üstə döyüşəsən, öləndə də. Bu, ciddi bir nikbinlik məktəbidir. Hardadır İslamda belə bir yüksək hal, yüksək insani təsdiq.

Bizim böyüklərimizi gözümüzdən salmaq üçün həmişə çaşqınlıqlar yaradırlar. Bu çaşqınlıqların içərisində də pis mənada o qədər küçə əlvanlığı ortaya çıxır ki, insanlarımız bilmir ki, bunların hansı doğrudur. Tarix o qədər saxtalaşdırılır, o qədər təhrif olunur, o qədər çeşidli tarixlər yazılır ki, bunun içərisində böyüklərimizə, şəxsiyyətlərimizə münasibət itib aradan gedir. Həm də şəxsiyyətin özünü vurmaq, itirmək ayrıca xətt kimi həyata keçirilir. Bu gün də Avropa demokratiyasının əsas prinsiplərindən biri sürü halı yaratmaqdır. Hüquqi cəmiyyət yaradır. Hüquqi cəmiyyət nə deməkdir – yəni burada şəxsiyyət yoxdur, onun ruhuna söykənmək olmaz. Əgər şəxsiyyət aradan gedəcəksə, onda azadlıq yetirilməyəcək, heç kim bununla məşğul olmayacaq. Hüquq azadlıq demək deyil. Hüquq ən yaxşı halda cismani təminatdır. Azadlıq isə ruhani tələbatdır. Azadlığı da yetirən şəxsiyyətdir – şəxsiyyətin düşüncəsidir, şəxsiyyətin qətiyyətidir, qüdrətidir. O, Azadlıq üçün bütün özünəməxsusluğuyla ortaya çıxır. Demokratiya deyir, hüququ mən sənə verirəm, azadlığı mən sənə verirəm. Şəxsiyyət isə deyir ki, azadlığın üçün mən səni böyüdürəm, yetirirəm, ayağa qaldırıram. Və sən özün öz azadlığına qovuşursan, sən özün özünə yiyə durursan. Xalq şəxsiyyətə tapınanda özü yaradır öz azadlığını. Azadlığı ona dilənçi payı kimi vermək olmaz. Ona görə də burada şəxsiyyətin rolu xüsusi dərk olunmalıdır və təqdim olunmalıdır. Təsadüfi deyil ki, Güney Azərbaycandan olan soydaşlarımız Babəkin adına doğru yüyürürlər – Bəzz Qalasına gediş bu deməkdir. Şəxsiyyətin rolu danılmazdır. Min dənə demokratik təsisat yarat, şəxsiyyəti əvəz eləyə bilməz. Biz şəxsiyyətlərimizi düzgün tanımalıyıq və tanıtmalıyıq. Ona yiyəlik edilməlidir ki, hərə onu bir səmtə yönəltməsin. SSRİ dönəmində Babək qəhrəman kimi qabardılırdı. Bu o demək deyil ki, Babəkin SSRİ-yə dəxli vardı. Çünki Babək İslamla döyüşürdü. Sovet ideolojisi olan ateizmə bu lazım idi. Ancaq ateizmə Babəkin İslamla ideoloji döyüşü, yəni milli-ruhani keyfiyyətlərlə dirənişi lazım deyildi. Onda ateizm kimi bir cəfəngiyyatın özü də dirənişə məruz qalacaqdı. Ona görə filmə çəkdilər döyüş qəhrəmanı kimi, Xürrəmiliyin nə olduğu qabardılmadı. Bir sözlə, hər kəs bilir ki, Babək İslamla döyüşürdü, ancaq bizim içimizdə özümüzə yadlaşanlarımız deyirlər ki, yox, Babək müsəlman idi. Bu məsələni çox təəssüflər olsun ki, M.Ə.Rəsulzadə də düzgün qiymətləndir¬məmişdi. Babək neyləməliydi ki, ondan sonralar ateizm özü üçün yararlanacaqdı. Babəkə yiyəlik olunsa, o, düzgün istiqamətdə dərk olunar və istifadəçilərin yarağı kimi görünməz. Ona görə Babəkə nə ateizm nöqteyi-nəzərindən, nə də başqa cəhətlərdən yanaşmaq doğru deyil. Babəkə demokratiyanın indiki tələblərindən baxmaq da doğru deyil.

Sonra Səttarxanlar, Pişəvərilər, Xiyabanilər də bir Babək idi, dediniz. Əlbəttə, bütün dövrlərdə xalq öz azadlığının dalınca gedir və bunun üçün içindən şəxsiyyətlər qabağa çıxarır. Söz yox ki, onların fədakarlıqları, ləyaqətləri Babəkə doğma idi. Ancaq həm də aralarında çox böyük fərqlər vardı. Yuxarıda adlarını çəkdiyimiz şəxsiyyətlərimiz inqilabçı idilər, Babək inqilabçı deyildi. Babək üsyançı da deyildi. Babəkin döyüşü çox fərqli idi. Babək inqilabçılıq sərhədlərinə sığmırdı. Burada vurğuladıq ki, Babəkin ölümü bəşəri faciə idi – özünün insanlığa uyğun olmayan edamıyla, dünyabaxışının aradan getməsiylə, fəlsəfəsinin yandırılmasıyla. Çünki hər bir dünyabaxış, fəlsəfə bəşəriyyətin min illər axtarışından irəli gəlir. Onu məhv eləmək bəşəriyyətin keçdiyi yola xəyanətdir.

Asif Ata deyirdi ki, Babəkin edamı ilə Azərbaycanın yenilməzliyi məhv edildi. Və bu gün Babəkə üz tutmaq Yenilməzliyə üz tutmaq anlamı daşıyır. Çərçivələrdə yenilməzlik yaranmır.

Babəkdən sonra da bəşəri səviyyədə bizim şəxsiyyətlərimiz yarandı, – o cümlədən hürufilərimiz. Hürufilərimiz – Nəimimiz, Nəsimimiz İslam çərçivəsindən qırağa çıxanda yarandılar, onun içində yaranmadılar, ona qarşı çıxdılar və yarandılar. Şəxsiyyət o vaxt bəşəri səviyyəyə qalxır ki, o, çərçivələri aşır, dairələri yırtır.

Nə qədər ki, İslam Azərbaycana gəlib, o, Azərbaycanın başının üstündə qara bulud kimi dolanır, onun altında, o ruhani basqının altında şəxsiyyətlər yarada bilməmişik. Böyük hadisə yarada bilməmişik. Böyük dəyər yarada bilməmişik. Yalnız onun səddindən qırağa çıxanda yaratmışıq.

Bax, bu gün də biz Azərbaycan olaraq yenə də yad baxışları, yad düşüncələri, yad təsirləri cırıb qırağa çıxanda yaranacağıq. Amma təəssüflər olsun ki, istər Güney Azərbaycanda, istər Quzey Azərbaycanda yenə biz dairələrin içərisində özümüzə azadlıq axtarırıq, dəyər axtarırıq. Nəinki axtarırıq, o dairələrin içərisində biz səxavət gözləyirik, imdad diləyirik. Nə addım atırıqsa həmin dairələri nəzərə alırıq. Birdən dediyimiz söz, atdığımız addım bu dairələrin şərtlərinə, tələblərinə uyğun gəlməz, xətirlərinə dəyə bilərik...

İndi qayıdıram mövzunun o cəhətinə ki, orada çıxış nöqtəsi arayırıq. Biz Babəki necə xilas edə bilərik və Babək bizi hara çıxarda bilər?! Biz Babəkə üz tutanda yenilməzliyə üz tuturuq, Azadlıq istəyimizi ortaya qoyuruq, onun təfəkkür gücünə söykənmək istəyirik. Ancaq biz istəsək də, istəməsək də Babək bir tarixdir artıq. Onun düşüncə sistemi, vurğuladığımız kimi, məhv edilib. Bu tarixi olduğu kimi bu günə çəkib gətirmək mümkün deyil. Azərbaycan yenidən Xürrəmilər hərəkatına başlaya bilməz. Ona görə də biz Babəkdə olan milli-insani keyfiyyətləri Yeni bir Dünyabaxışın – Mütləqə İnamın mayasına qatılan, onun cövhərində olan bir hadisə kimi dərk eləsək və qəbul eləsək, biz Azərbaycan olaraq öz yönümüzü tapa bilərik.

Ağşın Ağkəmərli: Təbiidir ki, bu cür tarixi şəxsiyyətlərimizə sığınmağımızın əsas səbəbi içimizdə olan bir boşluqdur. O boşluğu doldurmaq üçün şəxsiyyətlərimizə üz tuturuq. İndiyə qədər o boşluğun nəticəsindədir ki, biz ora-bura tapınmışıq. İndi özümüzü tapmağımız, ideolojimizi yaradıb ortaya qoymağımız gərəkdir. Əgər biz öz şəxsiyyətlərimizdə kimliyimizi tapıb ortaya qoya bilməsək, gələcəkdə yenə itirəcəyik. Yenə özümüz özümüzü baltalayacağıq. Buna görə də fikirləşirəm ki, ideoloji məsələ, milli düşüncə məsələsi Azərbaycan üçün bu gün çox böyük önəm daşıyır. Əslində Babəki Babək eləyən də ideoloji olubdur, Xürrəmilik baxışı olubdur. Nəsimini Nəsimi eləyən, Nəimini Nəimi eləyən Hürufilik olubdur. Söz yox, bunların kökündə də Zərdüştdən başlayan İşıqçılıq ənənəsi var. Bunlar da insanın öz daxilindən başlayır, kənardan verilmir. Daxilimizdən başlayan kimliyimizi bildirir.

Abil Ulusoy: Babəkin dönəmində qeyd elədiyimiz kimi möhtəşəm bir xilafət vardı. Bütün imperiyalarda olduğu kimi, xilafətin daxilində də oyunlar gedirdi. Bu oyunlar ərəblərə məxsus idi. O dövrdə bilirsiniz ki, hakimiyyətdə Abbasilər idi. Kimliyindən asılı olmayaraq, Xilafətin Azərbaycana münasibəti dəyişmirdi. Azərbaycanı işğal eləmişdilər, öz dinlərini gətirmişdilər bura. Bir də var xilafətin öz daxilinə yönəlik siyasəti. Artıq ayrı-ayrı tayfaların, fərdlərin arasında mübarizə gedirdi. Təəssüf ki, Babəki, lap elə o dövrün tarixini öyrənənlər Xilafətin daxilindəki durumla Azərbaycana münasibətini bir çox hallarda eyniləşdirirlər. Bu da özünü onda göstərir ki, məsələn, dinin başladığı ilkin dövrlərdə bəllidir ki, daxili çəkişmələr nəticəsində Əlini, Hüseyni öldürmüşdülər. İndi Babəkin öldürülməsini də o hadisələrlə mənaca eyniləşdirməyə çalışırlar. Axı məqsədlər başqa idi, fərq kifayət qədər qabarıqdır. İmamlar öz vərəsəlik istəklərini həyata keçirirdilər, Babək isə öz xalqına Azadlıq istəyirdi. Ona görə vurğuladığım hadisələri eyniləşdirmək Babəkin böyük amalını inkar eləməkdən başqa bir şey deyil.

...Bu gün mənim arzum odur ki, Babəkin yurdunda türk millətinin özünün bir Azadlıq fəlsəfəsi yaransın. Üstündən əsrlər keçsə də Babək fəlsəfəsini yenidən canlandıran, inkişaf etdirən bir Azadlıq fəlsəfəsi təkcə Azərbaycan üçün deyil, bütün bəşəriyyətə lazımdır.

Ağşın Ağkəmərli: Bəli, Babək fəlsəfəsinin, ideolojisinin ümummilli, ümumbəşəri məzmunundan irəli gəlir ki, döyüş vaxtı onun öz oğluna münasibəti də ailə çərçivəsinə sığmırdı.

Bir haşiyə çıxım: o dövrdə döyüş təkcə Bəzz Qalasında getmirdi. Gürcüstandan tutmuş Həmədana qədər Azərbaycanı bürümüşdü. Diakonovun mart tarixində gətirdiyi bir fakt var ki, ərəblərə qarşı Azərbaycanda 110 qalada döyüş gedirdi. Onların hamısının arxasında bir ideya, bir düşüncə vardı. Bu gün sadəcə olaraq Bəzz Qalası bizim üçün mərkəzləşmiş, rəmzləşmiş bir ünvandır. Bir daha vurğulamaq istəyirəm ki, bizim içərimizdə yaranan boşluq Babəkin çökdüyü dönəmdən başlayıb, indi də davam edir. Nəimidə təbii olaraq başqa çalarlar da var idi, Babəkdəki kimi bütöv deyildi. Və sonrakı baxışlarımızı zəiflədən məhz Babəki edam edən ideoloji idi. Bu ideolojinin etkisi altında biz öz kimliyimizi tapa bilmirik. Dağıla-dağıla, parçalana-parçalana gəlirik.

Abil Ulusoy: Ona görə də o boşluqları doldurmaq üçün Milli İnam, Milli Azadlıq məsələsini önə çəkməliyik.

Soylu Atalı: Milli İnamımız var (bu həm də bəşəri İnamdır), indi bunun əsasında milli ideologiya yaranmalıdır ki, göstərilən çabalar, deyilən fikirlər gerçək gücünü itirməsin, böyük hadisələrimiz bir-birinin ardınca tarixin boxçasına yığılmasın.

Asif Atanın Mütləqə İnam Dünyabaxışı Babəkləri öz içinə alıb. Onları təhriflərdən arındırıb, dairələrdən çıxarıb, yiyəsizlikdən qurtarıb. Başqa sözlə, Azərbaycanın bağrından qopan böyük hadisələri öz mayasına qatıb onları yenidən yaradır, yenidən canlandırır. Bunun sayəsində Azərbaycanın tarixi obrazını ümumiləşdirib gələcəyimizin dayağı kimi təqdim edir. Qədimlikdən başlayan böyüklüyü xalqa qaytarır. Və onları xalqa qaytarmaqla yetərlənmir, xalqın gələcəyinin İnamını və fəlsəfəsini yaradır. Qədimliklə gələcəyin vəhdətini qurur. Biz bunu xalqımıza verməklə Azadlığın fəlsəfəsini də, döyüşünü də yetirə bilərik. Mütləqə İnam elə Azadlıq fəlsəfəsidir. Bizim içimizdə yaranan ayrı-ayrı dəyərlər ayrı-ayrılıqda hər biri bir elementdir. Mütləqə İnam bir bütöv olaraq bu elementləri özündə birləşdirir və ali bir dəyər, ali bir yenilik kimi ortaya çıxır. Biz Mütləqə İnam Ocağı olaraq bu işin arxasındayıq. Onun yayılması, yaşaması üçün ruhani mübarizə aparırıq. Mütləqə İnam din deyil, – dinlər İnam ola bilmədiyi üçün yaranıb.

Buradan soydaşlarımıza üzümü tutub deyirəm, – bizim qoltuqlardan çıxmağımızın, əsarətdən qurtarmağımızın yolu öz içimizdə yaranan dəyərə tapınmağımızdan – öz içimizə dönməyimizdən keçir. Biz bu yöndə maariflənməliyik. Biz bu yöndə maariflənə-maariflənə əsl bir millətçilik mərhələsinə gəlib çıxmalıyıq. Əsl bir mübarizə məsələsinə gəlib çıxmalıyıq.

Ağşın Ağkəmərli: Bu günə qədər biz tarixmizə, şəxsiyyətlərimizə yaratdığımız kontekstdən yanaşmamışıq, yazmamışıq. Özgənin baxışından, özgənin eynəyindən öz məsələlərimizə baxmışıq. İndi Asif Atanın bu dünyabaxışı əsasında şəxsiyyətimizi, dəyərimizi öz açımımızdan öyrənməyə və öyrətməyə çalışacağıq. Şübhəsiz ki, gələcəkdə yeni səhvlərə yol verməməyimiz üçün bu dediklərimiz çox böyük bir irəliləyiş ola bilər.

Abil Ulusoy: Elə bu istəklərimizlə, bu çağırışlarımızla bugünkü söhbətimizi yekunlaşdırırıq. Güneyli soydaşlarımız azadlıq istəklərindən dönməzdirlər, dönməz olsunlar. Bu ruh bizə gərəkdir. Özümləşməyimiz uğrunda mübarizəmiz üçün ciddi zəmin yaranıb, döyüşkən ruhumuz bu zəmin üzərində yaşamalıdır!

Soylu Atalı: Bununla da istəkli soydaşlarımız, biz sizinlə ikinci bir təmasımızı başa çatdırırıq. Arzumuz odur ki, bizim bu söhbətlərimizi dərindən araşdırıb çözəsiniz. Bir yerdə ciddi nəticələr çıxaraq. Söz yox ki, bizim dediklərimizə də fərqli baxışlar çox olacaq. Ancaq biz dərdlərimizə öz meyarımızla yanaşmağa çalışaq. Ağşın bəy dediyi kimi, öz açımımızdan baxmağı öyrənək. Onda biz öz dəyərlərimiz üzərində zəmin tapa biləcəyik.



Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!

Atamız var Olsun!



14-18 Köçəri Ayı, 31-il.

(fevral, 2010).





Yorumlar









Aktif Ziyaretçi 35
Dün Tekil 1238
Bugün Tekil 1798
Toplam Tekil 4066005
IP 3.149.214.32






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























9 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Saraylarda s remem da larda s rd m , Bin cihana de i mem u ks z T rkl m .
(H seyin Nihal ATSIZ)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.287 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu