Düşündürmək imkanları tükənməyən poeziya - Prof. Dr. Bəhmən SULTANLI - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Düşündürmək imkanları tükənməyən poeziya - Prof. Dr. Bəhmən SULTANLI
Tarih: 10.04.2017 > Kaç kez okundu? 1460

Paylaş


Ötən yüzilin altmışıncı illərində xalq şairi Rəsul Rzanın yaradıcılığı, xüsusilə də onun “Rənglər” şeirlər silsiləsi ən çox müzakirə, mübahisə, ittiham hədəfinə çevrilmişdi. Bəziləri bu şeirləri hətta “tapmaca” adlandırırdı. Rəsul Rza yaradıcılığında xalq düşüncə tərzinə yabançı olan çalarlar axtaranlar da tapılırdı. Bir çox iddiaların özülündə həsəd, paxıllıq hissləri, bəzilərində anlamamaq cəhətləri aydın sezilməkdə idi. Ancaq nə etməli belə hisslər də bir cür insan xislətidir...

O çağlar R.Rza kimi qüdrətli bir sənətçinin boş-boşuna söz deməsinə şübhə ilə yanaşdım. Öz xalqına varlığı ilə bağlı olan, onunla fəxr edən şairin ona yabançı olan bir yaradıcılıq yolu seçmiş olduğu iddiasını məqbul saymadım. Mübahisələr, ittihamlar məni ötən yüzilin 1963-cü ilindən başlayaraq “Rənglər” şeirlərini dönə-dönə oxumağa sövq etdi. Oxudum, deyilənlərə nəzər saldım. “Tənqidçilər”in bir çoxunun “Rənglər”i anlamadıqları, öz “incələmələri”ndə yanlışlıqlara yol verdikləri, bir başqalarının oxucunu çaşdırmaq məqsədi güddükləri diqqətimdən yayınmadı. Bunları görüb “Rənglər” silsiləsini araşdırmaq, incələmək, ona aid öz münasibətimi bildirmək qərarına gəldim. İlk kərə 1963-cü ildə “Ədəbiyyat və İncəsənət” qəzetinə öz münasibətimi çatdırdım. 1972-ci ildə isə, Azərbaycan radiosunun mərhum vətənsevər, istedadlı jurnalist Əhməd Xaspoladovun rəhbərlik etdiyi redaksiyasının hazırladığı proqramda “Rənglərin rəngi” mövzusunda çıxış etdim. Çıxış sonralar “Rənglər” ətafında müəyyən “sakitlik” yarada bilmişdi. Rəsul müəllim gözləmədiyi bu çıxışı özü də dinləmişdi...

Bunları yada salmaqla R.Rzanın dünya poeziyasında olay sayıla bilən “Rənglər” şeirləri haqqında indiyədək obyektiv fikir söylənmədiyini demək fikrində deyiləm. Ancaq, “Rənglər” haqqında söz deyənlərin “Rənglər”in ictimai anlamını diqqətə çəkdiklərini, ayrı-ayrı şeirləri geniş incələmədən, ümumi fikir söylədiklərini də vurğulamaya bilmədim. Bu baxımdan, mərhum Akademik Məmməd Arifin “Rənglər” şeirlər silsiləsi ilə bağlı fikirlərinə diqqət yetirək. O, yazır: “Rənglər tədayi-əfkar, assosiasiya vasitəsilə xatirələr, duyğular oyatmaq, onu düşündürmək yolu ilə həyatı və insanları yaxşı öyrənmək, dərindən dərk etmək məqsədilə yazılmışdır”. Lakin bu fikir “Rənglər”in ümumi səciyyəsindən irəli gəlsə də, şeirlər ayrı-ayrılıqda, həm də ümumi məziyyətləri, “Rənglər”i yazmaqda şairin məqsədi nəzərə alınmaqla izlənməmiş, ümumilikdə, R.Rza yaradıcılığı ilə əlaqəli şəkildə araşdırılmamışdır. Bununla da görkəmli alimin fikirləri “Rənglər”in üvertürasından alınan nəticə ilə, ümumi mülahizələrlə, alimin özünə məxsus mülahizələrlə məhdudlaşmışdır.

İndi də “Rənglər”in hər bir şeirinin geniş araşdırmalara, incələmələrə möhtac olduğu qənaətindəyəm. Məncə, “Rənglər” şeirlərini səciyyələndirən cəhətlərin araşdırılması, incələnməsi R.Rza əsərlərinin ümumi ideya yönümünü, ictimai-fəlsəfi, didaktik mahiyyətini, xalq yaradıcılığı ilə bağlılığını, xalqın istəklərinə uyarlığu nəzərə almaqla obyektiv sonuca gətirə bilər. “Rənglər” şeirlər silsiləsi haqqında söz demək, mühakimə yürütmək üçün bu məziyyətlərin nəzərə alınmasını vacib saydım.

Bilindiyi kimi, fizikada, riyaziyyatda, kimyada... müəyyən bir hadisəni yığcam, anlaşıqlı, qanun biçimində deyimləmək, demək üçün düsturlardan istifadə olunur. Fizikada Nyüton, Kulon qanunlarını, riyaziyyatda “Toplananların yerdəyişmə qanunu”nu yada salaq. Qurulan düsturlarda hər hansı bir işarəni başqası ilə əvəz etdikdə, o, öz öncəki anlamını itirir. R.Rza şeirlərində də fikirlər elə bil, “düsturlaşdırılmış”dır. “Rənglər” şeirlər silsiləsi bu cəhətdən diqqəti daha çox çəkir. Şair öz fikrini ifadə etmək üçün sözləri anlamdaşıma imkanlarına görə o dərəcə dəqiq, düzgün seçir, sıralayır, düzür, sözlər sanki riyazi hesablamalar vasitəsilə, kompüter seçimi ilə öz yerlərində qərarlaşır. Bu şeirlərdə hər hansı bir söz başqa sözlə əvəzlənəndə, ya da sözlərin yerini dəyişəndə, anlam başqalaşır. “Rənglər” silsiləsinin şeirləri daşıdığı anlam səciyyəsinə, fikir yükünə, fikir tutumuna görə adiliksiz yığcamlığa malikdir.

Əyanilik üçün “Rənglər” silsiləsinin ilk şeiri olan “Ağ rəng”ə diqqət yetirək:

Yuxulu körpənin təbəssümü.

Ümid.

Təmənnasız yaxşılıq.

“Sizdə xərçəng yoxdur!”

sözlərinin deyildiyi dəqiqə.

İnsan sədaqətinə səbəb olan

hər şey...

hətta, təsəlli üçün deyilmiş yalan.

Bir də

insan ülfəti.

Ağ rəng təmizlik, saflıq rəmzi sayılır. Şairin ağ rəngə aid etdiyi “Yuxulu körpənin təbəssümü” qədər “mütləq təmiz”, “mütləq saf” heç nə yoxdur. Çünki bu təbəssümdə nə hiylə var, nə kələk; nə yaltaqlıq var, nə məddahlıq; nə şər var, nə böhtan; nə təmənna var, nə nəfs; nə talançılıq var, nə soyğunçuq; nə qəddarlıq var, nə quldurluq... Bu anlatmaları “Ümid”, “Təmənnasız yaxşılıq”... kimi deyimlərə də şamil etmək olar. İnsanın ümidləri də sonucundan asılı olmadan təmiz olur. İnsan nəyəsə ümid bağlayır, nəyinsə olmağını istəyir. Burada da qartək ağlıq, qartək təmizlik, saflıq var. Bu ümid bağlanan anda onun yiyəsinin səadətinə nədən olur, hətta təsəlli üçün deyilmiş yalan da.

Şeir həcmcə kiçik ola bilər, daşıdığı fikir yükünə görə isə, həcmli görünə bilər, ya da əksinə. “Rənglər” şeirlərinin hər biri yığcamdır, onların sətirlərinin fikir tutumu böyükdür, fikiraşılama imkanları genişdir. Ona görə, “Rənglər” şeirləri insanı düşündürdükcə düşündürür, düşündürdükcə də mənəvi cəhətdən zənginləşdirir, onun ağlını kamilləşdirir, zəkasının hüdudsuzluğunu ortaya çıxardır. “Rənglər” şeirlər silsiləsinin üvertürasında ilk andaca bu deyilənlər diqqətdən yayınmır. Burada rənglərin insan psixologiyasına təsiri, insanda yaratdığı ovqat, assosiasiyalar, yığcam, həm də anlaşıqlı biçimdə deyilmişdir.

Rənglərin təsiri, yaratdığı assosiasiyalar onların müşahidə olunduğu mühitin xüsusiyyətlərindən də asılıdır. Bu baxımdan, rənglər insan şüurunun, insanın istəklərinin, arzularının formalaşmasında, təfəkkür imkanlarının artmasında mühüm amilə çevrilir, “görünməzlər”i görür, insanın mübarizə əzmini tənzimləyir, özünə, həyata, gələcəyə ümidini, inamını artırır...

Böyük şairimiz “Rənglər”in üvertürasında rənglərin doğurduğu assosiasiyaları nəzərə çatdırdıqdan sonra öz fikrini aşağıdakı kimi ümumiləşdirir:

Gördüyümüzdən artıq görmək istəməsək-

hər rəng adicə boyadır.

Rənglərin də musiqi kim ahəngi var.

Ağrının, sevincin, ümidin də

rəngi var.

Düşündükcə açılır

əlvan səhifələri rənglərin.

Canlanır gözümüzdə rəngi

ömrün, mübarizənin,

qəlbin, nifrətin,

gecənin, səhərin

və insan taleyinin.

Rənglərin təbiətini, tərkibini öyrənmədən onların xassələri haqqında geniş, dəqiq məlumat əldə etmək mümkünsüzdür. Bu, ictimai anlamda da belədir. Vaxtilə sovet rejimi insanların kommunizmdə yaşayacağını vəd edirdi. O zamznlar bu fikrə inananlar da tapılırdı. Onlar kommunizmin görmək ümidi ilə yaşayırdılar. Nikita Xruşşov hətta kommunizmin “zühur edəcəyi” tarixi də bəyan etmişdi. Ancaq elm inkişafda idi, insanların şüuru yüksəlirdi, gözü açılırdı, hadisələrə baxışı dəyişirdi. Zaman keçdikcə onlar kommunizmin mahiyətini, bu ideyanın gerçəkləşmə imkanlarını “quruda balıq sövdası”na bənzədərək həqiqəti dərk etməyə başladılar. Doğrudan da, “düşündükcə açıldı əlvan səhifələri...” kommunizmin! Zaman keçdi, təfəkkür təzələndi, dünyagörüş artdı, bilik yüksəldi, kommunizm ideyasını mahiyətcə dərk edənlərin sayı çoxaldı, onun aldadıcı mahiyəti ortaya çıxdı. Belə olduqda həmin ideyadan üz döndərənlərin də sayı artdı. Sonucda mifə bənzəyən, Allahın iradəsini, təbiət, cəmiyyət qanunauyğunluqlarını nəzərə almayan, hiylə, kələk, məkir, zülüm, işgəncə ortadan çəkilmədi, özülsüz kommunizm rejimi çökdü...

Rənglər tərkibinə görə mürəkkəb olduğu kimi, təbiətinə görə də mürəkkəbdir. Ağ işığın müxtəlif rəngdə olan şüaların qarışığından törəndiyini nəzərə alaraq bunu ağ işıq misalında izah etməyə çalışaq. Fizika qanunlarına görə, ağ işıq öz dalğa uzunluğuna, tezliklyinə uyğun enerji daşıyan, dalğa şəkilində yayılan hissəciklərdən ibarətdir. Ayrı-ayrı şüa hissəciklərinin enerjiləri bir-birindən qiymətcə fərqlənir. Bu hissəciklər duyğu orqanlarımıza təsir edərək onu oyandırır. Ona görə də rənglərdən hər biri insana bir cür təsir göstərir, hər bir rəng insanda bir cür ovqat oyadır, assosiasiya doğurur. Rənglər yalnız bizim gördüyümüz rənglərdən ibarət deyildir, bizim görmədiyimiz, duya bilmədiyimiz sayagəlməz rənglər və rəng çalarları mövcuddur.

Rənglər insan psixologiyasına təsir edən, insan ovqatında dəyişiklik yaradan amillərdən olduğuna görə, uzaq keçmişdən insanlar, xalqlar arasında həm də rəmzi məna daşımışdır. Bu keyfiyət səslərdə də mövcuddur. Rənglər kimi, səslərin də təsiri onların dalğa uzunluğundan, enerjisindən asılıdır. Rənglərdə də səslər kimi insana sevinc gətirən, onu ruhlandıran, kədərləndirən xassələr vardır.

R.Rzanın “Düşündükcə açılır əlvan səhifələri rənglərin” deyimi rənglərin təbiətinə, tərkibinə, təsirinə aid fizika elminin aşkarladığı qanunlarla səsləşir. “Rənglər”in üvertürasında “Rənglərin musiqi kimi ahəngi”nin olması vurğulanır. Başqa yandan, rənglər də cisimə toxunub qayıdır (udulur), səslər də. Rənglər də duyğular yaradır, səslər də. Rənglərdə də siqnallar var və onlar dalğalar vasitəsilə ötürülür, səslərdə də belədir. Rənglər kimi səslər də qayıtma, sınma, səpilmə qanunlarına tabedir. Rənglər kimi səslərin də dalğa uzunluğu, təzyiqi, tezliyi, enerjisi var. Bununla, rənglərlə səslərdəki bənzərlik özünü göstərir. Bu bənzərliyə görə səslərdən rənglər kimi müxtəlif məqsədlərlə istifadə edilməsi mümkün olmuşdur. “Rənglərin də musiqi kim ahəngi var” fikri rənglərlə səslərin bənzər cəhətləri olduğunu nəzərə çatdırır. Bu bənzərlik cisimlərin yerinin, maddənin quruluşunun, bərkliyinin, özlülüyünün, bir sıra başqa fiziki, eləcə də kimyəvi, tibbi, bioloji... xassələrinin öyrənilməsi üçün onların hər ikisindən istifadə edilməsinə imkan verir. Hazırda rənglərlə eşidilməyən səslər tibbdə də eyni məqsədlərlə (əsəb xəstəliklərini, ürək və böyrək çatışmazlıqlarını, yaman şişləri...) istifadə edirlər. Ancaq rənglərdən və səslərdən hansının harada işlədilməsi onların işlədilmə əlverişliyindən birbaşa asılıdır. Müxtəlif xalqlarda həm rənglərə, həm də səslərə münasibət də müxtəlifdir. Bu da həm rənglərin, həm də səslərin dalğa uzunluğundan asılı olaraq hüceyrələri oyandırmaq qabiliyyəti ilə bağlıdır. İnsanların hüceyrələrinin rənglərə həssaslığı onun səslərə həsaslığı kimidir.

Bu şüaların xassələri cismi əmələ gətirən atomların, molekulların xassələrindən doğulur. Rənglərin sonsuz çalara malik olması, atomların, molekulların sonsuz kombinasiyalı təsirləri, bu təsirlərin sonsuz xassəyə malik olması ilə bağlıdır. Bu hal rənglərin insanda müəyyən duyğular, ovqatlar yaratmasına səbəb olur. İnsan orqanizminin bioloji funksiyalarına rənglərin, səslərin təsirinin öyrənilməsi çağdaş elm qarşısnda duran başlıca məsələlərdən sayılır. Çünki adı çəkilən funksiyalar insanın hüceyrə quruluşu ilə, orqanizmdə qan dövranı ilə bağlıdır. Müxtəlif insanda bu keyfiyətlər müxtəlif olduğuna görə rənglərə, səslərə həssaslıq da müxtəlifdir.

Sevimli şairimiz “mən şairəm, fizikaya aid şeir yazmaq fikrində olmamışam. Şeirlərimdə fizika qanunları ilə səsləşən məqam varsa, bu, mənim üçün xoşdur” deyə əlavə eləmişdi.

“Gördüyümüzdən artıq görmək istəməsək hər rəng adicə boyadır” deyimi anlamca yalnız rənglərə aid edilərək məhdudlaşdırıla bilməz. Bu deyim əslində, hər bir elm, bilik sahəsini əhatə edən fəlsəfi fikirdir. Başqa cür desək, insanın bildikləri onun bilmək, öyrənmək imkanlarının sonsuz kiçik hissəsidir. Hər bir öyrənilənin öyrənilməmiş hissəsinin varlığı, hər bir baş verəndə yenə də başvermə imkanlarının olması qaçılmazdır, mütləqdir. İnsan hər bir fəaliyyətində bu halı nəzərə almalı, “gördüyündən artıq görməyə” çalışmalıdır...

Elmin həm çağdaş, həm də gələcək imkanlarını ortaya çıxaran qüdrətli alimimiz professor Lütfi Ələsgərzadənin (Lütfi Zadə) fikirləri də onun mənəvi qardaşı xalq şairi R.Rzanın yuxarıdakı fikriylə adi görünməyən dərəcədə səsləşir. Lütfi Zadənin “Qeyri-səlis məntiq” nəzəriyyəsində mütləq ağ rənglə mütləq qara rəng arasında sonsuz sayda rənglərin, rəng çalarlarının mövcudluğu nəzəri olaraq ilk dəfə müəyyənləşdirilmişdir. Bu nəzəriyyəyə görə, ağ rənglə ağımtıl, qırmızı rənglə qırmızımtıl, sarı rənglə sarımtıl... rəng bir-birindən nəinki mütləq şəkildə sınırlanmır, təcrid olunmur, ayrılmır, eyni zamanda onlar arasında aramsız keçid mümkündür...

Rəsul Rza Lütfi Zadədən asılı olmadan (60-cı illərdə Lütfi Zadənin nəzəriyəsi hələ geniş yayılmamışdı) 30-ya yaxın rəng və rəng çalarından bəhs etmişdir. Bu rəng və rəng çalarlarını ortaya çıxartmaq, onlara dürüst adlar qoymaq da Rəsul Rzanın xidmətlərindən biridir. Çünki rənglərlə məşğul olanlardan soruşulsa, bəlkə də onlar ya bu rəngləri tanımazlar, ya da öz dilimizdə onların adını bilməzlər.

Azərbaycanda, onun paytaxtı Bakı şəhərində yaşayan xalq şairi Rəsul Rzanın “Rənglər” şeirlərinin 62-ci illərdə yazılması, ABŞ-da yaşayan professor Lütfi Zadə nəzəriyyəsinin də 62-ci ildə ortaya gətirilməsi elmi, məntiqi maraq doğurmaya bilmir. Bu paralelliyin araşdırılmasına elmi maraq, bir də milli-mənəvi ehtiyacımız göz önündədir.

Müəllifin vaxtilə geniş mübahisələrə, müzakirələrə səbəb olmuş, ittiham olunmasına “əsas vermiş” “Kürən” şeirinin elm müstəvisində incələnməsi barədə ixtisasca fizik olaraq öz mühakimələrimizi oxucu ilə bölüşdürmək fikrindəyik. Şeir belədir:

Arxadan vurulmuş bıçaq,

Bahalı buxov qolbaq.

Tünd mavidə gizlənmiş yaşıl:

Kiçiyin ögey qardaşı.

Günəş boyalı saçlar.

Gənublu ağaclar.

Suda boğulanın

pənah gətirdiyi saman.

Tək-tək insan.

Şeir cəmi 9 sətirə sığışdırılmışdır, fikir yükü isə bəlkə də bütöv bir kitaba sığa biləcək qədər böyükdür. Kürən rəng el arasında namərdlik, etibarsızlıq rəmzi sayılır. Arxadan bıçaq vuranı həmişə namərd adlandırırlar. Bəzən namərd adam haqqında deyirlər: “Filənkəsə etibar etmə, o, namərddir, arxadan bıçaq vuran adamdır”. Kürən adama da bel bağlamazlar, etibar etməzlər, deyərlər “kürən adamdan düz iş çıxmaz”. Böyük şairimiz bu fikri təsdiqləmiş, yazının müəllifinə el arasında “kürən atın arxasına keçmə” deyimini misal gətirmişdi. Əlbəttə, şeirin qalan hər bir bəndi də namərdlik rəmzinin ifadəsidir. R.Rza yaradıcılığında, xüsusilə də, onun “Rənglər”ində xalq deyimlərindən, xalq təfəkküründən güc alan məqamlar çoxdur.

“Tünd mavidə gizlənmiş yaşıl: Kiçiyin ögey qardaşı” deyiminə vaxtilə yanlış ictimai anlam verilmişdi, xalq şairi çoxsaylı əsassız, ağlasığmaz ittihamlara məruz qalmışdı. Həmin deyimi bəzi qərəzli “araşdırıcılar” hətta “böyük qardaş” adlandırılan xalqın “gözünün təsviri” kimi yozmuşdular. Onlara görə, xalq şairi “kiçiyin ögey qardaşı” deyəndə bizi kiçik kimi götürmüş, “böyük” adlandırılan “qardaşımız”ı isə ögey qardaş kimi göstərmişdir. Belə sayıqlamalar böyük şairin vecinə deyildi. Çünki nə dediyini o, özü yaxşı bilirdi, dediyinin də arxasında durmaq qüdrətində idi. Əslində R.Rzanın həmin ifadəsi onun fəlsəfi təfəkkürünün, elmi düşüncələrinin məhsuludur. Azın çoxda gizlənə bildiyini yada salmaqla, vurğulanan deyimi qavramağa, incələməyə çalışsaq, burada kürən rəngi törədən mavi ilə yaşılın nisbətindən söhbət getdiyini görərik, şairin qüdrətini duyarıq. “Tünd mavidə gizlənmiş yaşıl”a bu anlamda yanaşsaq, mavi rənglə yaşıl rəngin hansının çox, hansının az nisbətdə götürülməsinin kürən rəngi verəcəyini təsəvvür edə bilərik. Bu, sırf elmi anlayışdır, fizika qanunları ilə səsləşən, tənzimlərən fəlsəfi fikirdir. Şeirdə “Günəş boyalı saçlar” deyimi namərdlik rəmzi anlamında deyil, kürən rəngə misaldır, bu rəngin gözlə duyulan gerçək təsviridir, görümüdür, bənzəyişinin ifadəsidir. Deyə bilərlər, kürən rəngə başqa misal da göstərmək olardı. Bu, doğrudan da belədir. Ancaq, başqa rəngin dəyişə bilmək xüsusiyyətləri ola bilər. Günəş isə, əbədidir, saçlar da geniş anlamda insan ömrü qədər əbədidir. Bu baxımdan, şairin bənzətməsi kürən rəngi nə qədər günəş var, nə qədər insan var, o qədər təsəvvür etməyə imkan yaradır.

“Rənglər” silsiləsinin şeirləri təkcə şeirlərin anlam yükünə söykənmir. “Rənglər” öz qaynağını onların insanlar arasında şeylərə keyfiyətlərinə görə ad verilməsi, insanların əməllərinə görə rənglərlə adlandırılması başlıca yer tutur. Rənglərin Rəsul Rza yozumları fəlsəfi, psixoloji araşdırmalardır. Onların içində olan hər bir şeirin öz anlamı, öz ad tarixi var. Qara rəngi çoxları matəm rəngi kimi xatırlayır. “Günüqara”, “baxtıqara”, yaxın adam öləndə “qara geyinmək”, “qarabasma”,“qarabaqara”, “qranəfəs”, “qara nəfəs”,”qara doğramaq”, “qaraxəbər”, “ağa qara“ demək, “qaraqabaq”,”kölgəyə sığınmaq”, “qaran ”günüqara”, “adamı qaralama” (göz altıına alma anlamında).

Görək “Qara” rəng Rəsul Rza anlamında necə səciyələnib.

Namərd düşmən.

Şüurdan gizlənmiş qorxu.

Əbədi ayrılığın ağrısı.

Yaşamaq üçün sürünənlərin çoxu.

(Şikəst olub sürünənlər xaric).

Ağ yalan.

Dodaqları yandıran ah.

Edam gününə açılan sabah.

Ləkəli sözlər.

Gözlərin alovu.

Saçlar, qaşlar.

Qaranəfəs olmuş ceyran əti.

Bir də

bəzi insan niyəti.

Deyilənlər, Rəsul Rza yaradıcılığı, xüsusilə də, onun “Rənglər” şeirləri öyrənildikcə, araşdırıldıqca, öyrənilməyə, araşdırmaya ehtiyacın itməyəcəyindən soraq verir. Bu deyilənlər müstəvisində R.Rza yaradıcılığında “Gördüyümüzdən artıq görmək istəsək”, onda, hər bir Rəsul şeirinin adicə şeir olmadığı, fəlsəfi-estetik düşüncələr qaynağı olduğu qənaətinə gələrik.

R.Rzanın “Rənglər”i, bunun kimi də “Rəngli yuxular”ı bədii əsərlərdə təbiət elmlərinə aid yeni fikir, yeni ideyalar axtarıb tapmaq yolunu göstərir, bunun mümkünlüyünə ümid yaradır.

Bəzən “Rənglər” şeirlərində mücərrəd fikirlər, mücərrəd deyimlər olduğunu iddia edənlər də tapılır. Ancaq, bizcə, “Rənglər”də konkretlik var, hər bir fikir konkretdir, məntiqlidir, elmi özüllüdür. “Rənglər”də mücərrədlik axtaranlar, öncə, hər bir rəngdə başqa bir cəhət görənlərdir. Bu, təbiidir, ancaq belələri R.Rzanın fikirlərinin gücünü də inkar edə bilmirlər. Elə bunun özü, Rəsul Rza fikirlərinin konkretliyindən soraq verir. Bunu dərk etmək üçün hər bir şeiri diqqətlə incələmək, araşdırmaq tələb olunur.

Rəsul Rzanın “Rənglər”, bunun kimi də “Rəngli yuxular” şeirlərinin oxucusu xış-kotan yüzilinin oxucusu deyil, kosmik uçuşlar, kibernetika hesablamaları, kompüter seçimləri yüzilinin insanlarıdır. Başqa bədii əsərlərdə olduğu kimi, adı çəkilən şeirlərdə də ilk öncə ictimai anlam, etik, estetik, fəlsəfi-didaktik fikir axtarılır. “Gördüyümüzdən artıq görmək istəməsək hər rəng adicə boyadır” deyiminə bu baxımdan yanaşdıqda, “Rənglər” şeirləri insanları həyatı, təbiəti, cəmiyyəti, ayrı-ayrı insan fərdlərini öyrənməyə, biliklərə yenidən nəzər salmağa, onlara dönə-dönə baş vurmağa, mütaliəyə, geniş biliyə, əhatəli dünyagörüşə malik olmağa səsləyir. Daha geniş anlamda, “Rənglər” insanın həm də özünün kimliyini, nəyi bildiyini, nəyi bilmədiyini, nəyə qadir olduğunu ortaya çıxardan güclü bir meyar vəzifəsi daşıyır.

“R.Rzanı “Rənglər” yazmağa vadar edən amil nə idi?” sualına cavab tapılsa, onda “Rənglər”i, “Rəngli yuxular”ı öyrənmək, obyektiv araşdırmaq daha da asanlaşar.





Yorumlar









Aktif Ziyaretçi 20
Dün Tekil 1097
Bugün Tekil 857
Toplam Tekil 4072784
IP 3.16.81.94






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























14 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


K peklerin dudaklar de di diye deniz kirlenmez.
(MEVLANA)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.502 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu