Ceyhun Bayramlı ile Müsahibe - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Ceyhun Bayramlı ile Müsahibe - Elnur ELTÜRK
Tarih: 29.01.2010 > Kaç kez okundu? 3164

Paylaş


Ceyhun Bayramlı ”İran bölgəsində türklərin proseslərdən kənarda qoyulması da bu günün məsələsi deyil.”



İranın ilk dövlətçilik tarixinin əsasını qoyan türklər hansı tarixi səbəblərə görə ölkənin siyasi-içtimai və sosial-mədəni proseslərdən kənarlaşdırıblar, Səfəvilər dövlətinin tarixi funksiyası nədən ibarət olub, bu dövlətin əsas sütunu olan qızılbaşlığ nə deməkdir, bu, haqda suallarımızın cavabını almaq üçün müstəqil araşdırmaçı Ceyhun Bayramlının Gunaz.TV Mətbuat Xidmətinə verdiyi müsahibəsini tədqim edirik.



- Ceyhun bəy, bildiyiniz kimi İranda yaşayan milyonlarla türk toplumu tarix boyu ölkənin içtimai-siyasi və sosial-mədəni mühitini formalaşdırıblar. İlk dövlətçiliyin əsasını qoyublar. Bəs hansı tarixi hadisələr baş verdi ki, türklər proseslərdən kənarlaşdırıldılar.



- İranın son 2000 illik tarixində perslər yalnız iki dəfə - 400 ildən bir qədər artıq Sasanilərin və XX əsrdə də 1925-1979-cu illər ərzində Pəhləvilərin hakimiyyəti dönəmində bu ərazilərin aşkar sahibləri olmağa çalışıblar. Monqol yürüşlərini və ərəb istilasının ilk dönəmlərini çıxmaq şərtilə, yerdə qalan bütün dönəmlərdə bu nəhəng bölgədə əsasən Türk soyunun mənsubları hökmranlıq ediblər. Ta qədimdən türk soyu döyüşçü-hərbçi sisteminə malik olduğuna görə və bu sistemlə zaman-zaman bir dünya düzəni qurduğuna görə hər zaman saraya can atan, saray sisteminə bələd olan perslərlə qarşı-qarşıya qoyulub. Bilirsiniz, öncə tarixə baxışlarda dəyişiklik etməliyik, daşlaşmış, qəlibə salınmış tarixin yanında diqqətimizdən kənar qalmış bir tarix də var, əsl tarix o tarixdir. Yəni kitablarda yazılan tarix gerçək tarixin kiçik bir damlasıdır və gerçəkləri bilmək istəyiriksə, tarixi hadisələrin yazılmayan tərəfinə daha çox nəzər salmağa çalışmalıyıq. Ümumən ön Asiya və İran yaylasını əhatə edən bölgədə baş verən tarixi prosesləri şablon tarixi konsepsiyalardan kənar baxışla, intuitiv tarixə nəzər salmaqla incələdikdə sezmək olar ki, bu gün erməni-haylar necə düşmən kimi türklərin qarşısına çıxacaq səviyyəyə qaldırılıbsa, cəmi 300 il öncə geridə qalmış Rusiyanı hansı gizli qüvvə dünya nəhənginə çevirib həm Avropaya, həm də türk dünyasına qənim yetişdirməyə qərar veribsə, pers toplumunu da həmin gizli qüvvənin sələfləri tarixin əski dönəmlərində türk soyuna qarşı çıxmağa təhrik edib. Erməni-hayların məsələsi bizə aydındır. Amma gəlin ruslara baxaq, elə bilirsiniz Rusiya 300 il əvvəl öz-özünə qüdrətlənərək Avropanı və türk dünyasını üstələyib? Axı buna qədər rus tarixində hətta regional xarakterli yüksək tərəqqi və inkişaf da gözə dəyməyib. İran bölgəsində türklərin proseslərdən kənarda qoyulması da bu günün məsələsi deyil. Söhbət hələ e.ə. VI əsrin ortalarında Azərbaycan qamlarının ruhani düşüncə sisteminə əsaslanan Maday dövlətində perslərin hakimiyyətə gətirilməsindən, bölgənin sonrakı 3000 illik tarixinə hind qəlibindən çıxmış pers nütfəsinin calaq edilməsindən gedir. Yəni mən türk soyunun bölgədəki bugünkü durumunun hansısa 150-200 illik eksperimentin nəticəsi olması fikrinə şübhə ilə yanaşıram və bu şübhələrə haqq qazandıran yetərincə ciddi əsaslar var. Perslərin milli psixologiyası saray sisteminə uyğun olduğundan hərbçi təfəkkürə malik açıq düşüncəli türk soyu mənsubları əksər hallarda qaranlıq saray dəhlizlərində perslərə məğlub duruma salınıb. Adicə 85 il öncə gənc şahımız Əhməd şah Qacarın aqibətini xatırlamaq yetər. XX yüzil türk soyunun dövlətçilik tarixində dərin yaralar açıb: türkün qurmuş olduğu 3 nəhəng imperiya – Osmanlı, Qacarlar və Moğollar indiyədək çoxlarına aydın olmayan planlarla çökdürülüb. Ancaq tarixdə türklərin persləri saray savaşında yendiyi dönəmlər də olub, bunu inkar etmək olmaz.



-Səfəvilər dövləti Azərbaycan türklərinin tarixində hansı rolu oynayıb? Bu, haqda oxucularımıza məlumat vermənizi istərdik.



- Bu haqda uzun-uzadı fikir söyləmək olar. Əlbəttə ki, söhbət Səfəvilər dövlətinin yüksəliş dövründən gedirsə, bu dövlət ilk növbədə Azərbaycan türkünün min illərdən gələn adət-ənənələrinə önəm verən bir dövlət idi. Bu dövlət Azərbaycan türkünə o zamanın ən nəhəng türk imperiyasını bəxş edib, Qızılbaşlıq ideyasına tapınan oğuz-türkman elatlarını 2.300.000 kv.km-dən çox bir ərazinin şəriksiz sahibinə çevirib. Yad mənbələrdə bu dövlətin adının “Qızılbaş Midiya dövləti” adlandırılması heç də təsadüfi deyil. Bu dövlət Azərbaycan türkünün dəyərlərini məhv olmaqdan qoruyub. Azərbaycan türkcəsini Dərbənddən Tiflisə, Qarsdan, Ərzincandan Kəngər körfəzinə, Sistana və Bəlucistana, Mosuldan, Kərkükdən Əfqanıstanın Bəlx vilayətinə və Heratadək ərazilərdə ən işlək ünsiyyət vasitəsinə çevirməklə dünyaya tanıdıb. O vaxtadək Ağqoyunlu varisləri tərəfindən güneydə 3 yerə və quzeydə də Şirvanşahlara bölünmüş, parça-tikə edilmiş tarixi Azərbaycan torpaqlarını başkəndi Təbriz olmaqla birləşdirib. Azərbaycan türkünün orta əsrlərdəki intibah dövrü kimi məhz Səfəvilər dövlətinin təşəkkül tapdığı dönəm qeyd olunmalıdır. Şeirin, sənətin, elmin, miniatür sənətinin, memarlığın, nəqqaşlığın və s. davamlı inkişafı bu dövlətin təşəkkülü ilə bağlıdır. Ən əsası isə bu dövlətin yaranması ilə Azərbaycan türkü özünü Tanrı əsgəri kimi təsdiq etmiş oldu, sünnilik və şiəlik məzhəblərinin fövqündə dayanan Qızılbaşlıq ideyasına söykəndi, özünün İlahi qanunlarla yaşamaq və şeytani qanunlarla savaşmaq istəyini ortaya qoydu. Diqqət yetirsək, görərik ki, Azərbaycan Səfəvilər dövlətinin qurulması ilə o zamana qədər cəmiyyətdə hegemon mövqedə olan və şəriət mollalarının istinad etdikləri kahin sistemi öz yerini Ruhani düşüncə və dəyərlər sisteminə vermişdir. Qısacası, Azər türklərinin yenidən təşəkkülü və milli tərəqqisində Səfəvilər adlandırdığımız Qızılbaş dövlətinin rolu əvəzedilməzdir. Əgər bizlərin bütün tarixini silib təkcə Səfəvilər dönəmini saxlasaydılar, elə bu dövlətin bizlərə yenidən bəxş etdiyi dəyərlərlə bizlər dünyanın ən qədim, ən kökünə sadiq, ən inkişaf etmiş və Tanrıya ən yaxın etnosu kimi tanınardıq.



- Bəzi araşdırmaçılar Şah İsmayıl Xətaini Azərbaycan tarixində dini məzhəblərarası münasibətləri qızışdıran şəxs kimi xarakterizə edirlər. Bu fikirlərə münasibətinizi bilmək istərdik.



- Həmin araşdırmaçılardan soruşmaq lazımdır ki, məgər Şah İsmayıl Xətaidən öncə İslam məzhəbləri bir-birinə qucaq açmış durumda idilər? Məzhəb savaşının ilk rüşeymləri Hz.Muhəmməd (s)-in vəfatından sonra müşahidə olunub, Şah Xətaiyədək 900 il ərzində sünniməzhəb xilafət sarayı ilə əsasən şiəməzhəb xalq kütlələri arasında konfliktlər yaşanıb, sarayın siyasətinə qarşı müsəlman xürrəmilər də daxil olmaqla müxtəlif üsyanlar olub, Kərbəla müsibəti faktı var ortada, bunlar olduğu halda necə demək olar ki, Şah İsmayıl dini təfriqəyə yol açıb? İndi kimlərsə durub Şah İsmayılı onda ittiham edir ki, guya o şiəliyi dövlət məzhəbi seçməklə səhvə yol verib, halbuki İslamın Xətaiyə qədərki tarixinin 95%-indən çoxunda məhz sünnilik saray məzhəbi olub, və o zamankı qərbi Azərbaycanın, doğu Anadolunun saysız-hesabsız türkman kütləsi Əhli-Beyt sevdalısı olduğuna görə min bir zülmə məruz qalıb və Azərbaycana üz tutub. Xilafət sarayında yüz illər boyu İslamın cəfərilik qolu bir məzhəb kimi tanınmayıb, və bu dözümsüz münasibət Əməvilər sülaləsinin hakimiyyətindən qalma idi. Doğu Anadoluda on illər ərzində peyğəmbər Əhli-beytinə dərin hörmət və ehtiramda bulunanlara “rafizi” damğasının vurulması, onlara çeşidli zülmlər edilməsinin özü elə məzhəblərarası münasibətləri qızışdırmaq kimi qəbul olunmalıdır. Məzhəblər və təriqətlər arasında ortaq dəyərləri qabardan və İslami birlik şüarına söykənənləri da eyni şəkildə damğalayıblar. Yəni bütün bunları XVI əsrin Şah İsmayıl Xətaisi ilə bağlamaq gülünc müddəadır.

- Eyni zamanda şiəlik məzhəbini perslərlə əlaqələndirənlər də hadisələrə bu günün gözüylə baxanlardır. Mənbələrin məlumatlarına istinad etsək, perslər bir qövm olaraq məhz 1515-ci ildə şiəliyi qəbul ediblər, o vaxtadək əksərən sünniməzhəb idilər. Əyani nümunə pers mənşəli Nizamülmülkdür. Dərindən düşünəndə də görmək olar ki, perslər hər zaman saray eşqilə alışıb-yandıqlarına görə onlar heç vaxt yeni qəbul etdikləri İslam dininin sadə xalq arasında yayılmış şiəlik qoluna meyl etmək istəməyiblər. Onları sünniməzhəb xilafət sarayının dəhlizləri çəkirdi, çünki məhz bu sarayda onların İlahi dəyərlərdən uzaq milli dövlətçiliyini – Sasaniləri məhv etmək məqsədilə fərmanlar verilmişdi. Bu mənada perslərin güclünün yanında yer almaq istəməsi anlaşılandır. Əhli-Beyt sevdasının arxasında isə əvvəldən məhz Bəni-Qantura övladları yəni türkmanlar dayanıb.



- Səfəvilər dövlətinin əsas sütunu olan Qızılbaşlığın fəlsəfi-ideoloji mahiyyətində hansı amillər dururdu? Xüsusi ilə bu, hərəkat idimi, yoxsa dini cərəyan idi?



- Qızılbaşlıq babalarımızın bəşər tarixinin yaranışından gələn İlahi ideya zəncirinin növbəti həlqəsi hesab olunmalıdır. Qızılbaşlıq – ilk növbədə Tanrı əsgəri olmaq deməkdir. Babalarımızın istinad etdikləri İlahi ideya zəncirinin kökləri Nuh oğlu Yafətin dönəminə gedib çıxır. Oğuz Xaqanın Təktanrıçılıq savaşında möhkəmlənmiş bu ideya bəşəriyyətin ilahi qanunlarla idarə olunmasını özündə ehtiva edir. Qam düşüncə sistemi bu ideya zəncirinin bizlərə məlum olan ən qədim həlqəsidir. Bəzən gizlinə çəkilmiş, bəzən açıq şəkildə hansısa ad altında üzə çıxmış bu ideya hər hansı bir məzhəb və ya təriqətlə məhdudlaşmayıb. Bizim qəti inamımıza görə, Alpərənlik də, Qamlıq da, Batiniyyə də, Hürrəmlik də, Sufilik də, Əxilik də, Abdallıq da, Hürufilik də, Qızılbaşlıq da eyni İlahi düşüncə sisteminin müxtəlif dövrlərdə ortaya qoyulan cərəyanlarıdır. Diqqət yetirsəniz, görə bilərsiniz ki, Şah İsmayıl Xətai düşüncəsi Seyyid İmadəddin Nəsimi düşüncəsi ilə, Nəsimi ideyaları isə Babək hərəkatının ideoloji tərəfləri ilə çulğalaşır. Qızılbaş Şah İsmayılın dövləti yad mənbələrdə Qam düşüncəsinin hakim olduğu qədim Maday dövləti ilə eyniləşdirilir. Müxtəlif zaman kəsimləri bu ideya cərəyanlarını ilk baxışdan fərqli göstərsə də, əslində ana xətt eynidir. Bir müsahibə daxilində Qızılbaşlığın mahiyyətini açıqlamaq, əlbəttə ki qeyri-mümkündür. Burada həm qədim türk törəsinə əsaslanan və dünya xalqlarına zaman-zaman açıq şəkildə təlqin olunmuş yaşam tərzi normaları, həm də batini həqiqətlər vardır. Burda İlahi kəlam da, vəhdəti-vücud da, irfan da, təsəvvüf də vardır. Qızılbaşlığın fəlsəfi-ideoloji mahiyyətinə daha dərindən varmaq üçün ən azı Şah Xətainin, Nəsiminin dərin məna çalarlarına malik əsərlərinə baş vurmaq lazımdır. Dayaz ideyalar zamanın sınağına tab gətirə bilməz, çünki özülsüzdür, İlahi təqdirin yox, sırf yer düşüncəsinə əsaslanan insan beyninin məhsuludur. Hər iki dünya ilə yaşamayan kəslər Qızılbaşlığı, Ruhaniyyəti, İlahi düşüncə sistemini anlaya bilməzlər. İnsanların baxış müxtəlifliyindən irəli gələrək eyni ideya cərəyanının mahiyyəti də müxtəlif rakurslardan baxdıqda fərqli görünəcək.

- İslamda Hz.Əli (ə) əhli-sünnə baxışlarında 4-cü Raşidi xəlifəsi kimi (xilafət düşüncəsi), əhli-şiə inancında ilk İmam kimi (imamət düşüncəsi) görünür, amma əsl həqiqətdə Hz.Əli (ə) bu iki mövqedən daha üstün olan Ruhaniyyət yolçusu idi. Maraqlıdır ki, sünni məktəbində olduğu kimi, şiə məktəbində də Hz.Əli dühası olduğu kimi görünmür. Əhli-sünnəni də, sıravi şiə əhlini də bir tərəfə qoyaq, bu gün hansı şiə din xadimi, müsəlmanlara örnək olmalı olan adam Hz.Əli (ə)-ın etdiyi kimi, öz övladına Əbubəkr, Ömər, Osman adlarını verir? Mən belə bir faktla üzləşməmişəm. Halbuki Hz.Əli (ə) məhz belə etmişdi. Və yaxud Nəsiminin qətlinə fitva verənlər arasında həm sünni, həm də şiə mollaları var idi, amma hər biri Nəsimini digər cərəyana aid etməklə o insanın “günahlarını” qarşı tərəfə yükləmək niyyəti güdürdü. Halbuki gerçəklikdə Nəsimi yolçuluğu Hz.Əli (ə) yolçuluğunun davamı idi, bu yolçuluq cılız şiə-sünni qovğalarından çox yüksəkdə dayanırdı. Hacı Bektaşi Vəli də, Miskin Abdal da, Şeyx Səfiəddin ocağı da, Pir Sultan Abdal düşüncəsi də eyni yolun həqiqətlərini özündə birləşdirir. Eynilə bu cür, əhli-sünni məktəbinə görə Qızılbaşlıq ya şiəliyin ifrat forması olmaqla “rafizilik”dir, ya da Anadolunun sünni türkman insanlarının şiəlikdən bəhrələnərək yaratdıqları yeni bir təriqətdir. Şiə məktəbinə görə isə Qızılbaşlıq sırf şiəlikdir, vəssalam. Əslində isə Qızılbaş inanc sistemi sadəcə şəriət mərtəbəsində Cəfəriliyə yaxın sayılır ki, bu da əsasən Ruhaniyyət yolçusu olmuş Hz.Əli (ə)-ın şiəlikdə üstün mövqeyi ilə əlaqədardır. Qızılbaşlıq əsl həqiqətdə Ulu Tanrının bəşəriyyətə təqdim etdiyi ilahi düşüncə, idarəçilik və yaşam tərzidir.

- Bu yaxında Mehdiçiliyin əsasları üzrə araşdırmalar aparan bir ziyalı dostumla söhbət zamanı belə bir fikir eşitdim ki, 12-ci İmam Mehdi Sahibi-Zaman (ə) zühur etdiyi dönəmdə ona qarşı çıxan qüvvələr arasında indiki İranın şiə üləması və rəhbərliyi də olacaqdır. Dostum fikrini yetərincə güclü məntiqi əsaslarla söylədiyindən mən onun baxış bucağını incələmək qərarına gəldim. Deyilənlərdə həqiqət payı hər halda vardır.

- Sualın ikinci hissəsinə gəlincə isə onu deyə bilərəm ki, müqəddəs Qurani-Kərim bütün insanlar tərəfindən eyni səviyyədə dərk oluna bilməz, çünki insanlar özü eyni idraka, eyni düşüncə xəttinə sahib deyil. Qızılbaşlıq ideyası da öz növbəsində hamı tərəfindən eyni dərk edilə bilməz, kimisi bu ideyanı bir dini cərəyan olaraq görür, kimisi təriqət kimi, kimsə milli-dirçəliş hərəkatının ideoloji xətti kimi, kimisi isə... Qızılbaşlıq ideyası bu gün də var, bu ideyanın cövhəri yer üzündə qiyamətə qədər qalacaqdır. Önəmli olan budur ki, bu gün Qızılbaşlığı dərk edib bilmək istəyən insan sözügedən ideyanın məzhəbçilik prinsiplərinin fövqündə dayandığını anlasın, nə sünnilik nə şiəlik açısından Qızılbaşlığa yanaşmasın. O zaman hər bir kəs İlahi həqiqətlərin göz önündə necə açıldığının fərqinə vara bilər. Allah qismət edərsə, nə vaxtsa Qızılbaşlığın ilahi mahiyyəti tam şəkildə açılacaq və cahan bu açıqlamalardan sarsılıb özünü itirəcək. Hər şey İlahi təqdirə bağlıdır.



Söhbətləşdi: Elnur Eltürk





Yorumlar









Aktif Ziyaretçi 39
Dün Tekil 1505
Bugün Tekil 304
Toplam Tekil 4075085
IP 18.216.121.55






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.215 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu